Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-688/2024 08.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyətli Cəmiyyəti və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması, dəbbə pulu) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеhlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlərdən DCL00413727-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 (bir yüz min) manat əsas borc, 1416,67 (bir min dörd yüz on altı manat altmış yeddi qəpik) manat faiz borcu, 11372,17 (on bir min üç yüz yetmiş iki manat on yeddi qəpik) manat cərimə olmaqla, cəmi 112788,84 (bir yüz on iki min yeddi yüz səksən səkkiz manat səksən dörd qəpik) manat borc, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 3 (üç) manat dövlət rüsumunun birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “bank”) ilə Cavabdeh1 MMC (bundan sonra “borcalan”) arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-06582LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DCL00413727-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100000 (bir yüz min) manat əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır. Bank ilə borcalan Cavabdeh1 MMC arasında bağlanmış DCL00413727-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********118 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 130 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəliyi DCL00413727-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 (bir yüz min) manat əsas borc, 1416,67 (bir min dörd yüz on altı manat altmış yeddi qəpik) manat faiz borcu, 11372,17 (on bir min üç yüz yetmiş iki manat on yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 112788,84 (bir yüz on iki min yeddi yüz səksən səkkiz manat səksən dörd qəpik) manat təşkil edir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. X2 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X2 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X3 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixli, OnGTC- 06582LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır.
7. X2 “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə müştərinin özü və/və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur (bundan sonra “ərizə” dedikdə hər iki qaydada təqdim olunmuş sifariş nəzərdə tutulacaq). Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. Müştəriyə yalnız sifariş edilən və ərizədə qeyd edilən xidmət təqdim olunacaq. Ərizə bankın və müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda bank tərəfindən icraya qəbul ediləcək. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi ərizədə öz əksini tapacaq. Bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq ərizə ilə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək. Tərəflər arasında bu müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin şərtlərinin müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu müqavilə şərtləri tətbiq olunur.
8. xx.xx.2022-ci il tarixli DCL00413727-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 19.62%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) 100000 (yüz min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə birdəfəlik kredit verilmişdir.
9. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanan xx.xx.2022-ci il tarixli, DG**********118 saylı zaminlik müqaviləsinə əsasən zamin – Qanuni nümayəndə borc alan bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
10. xx.xx.2023-cü il tarixli, PB/BPŞ-OUT-01495-2023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCL00413727-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 (bir yüz min) manat əsas borc, 1416,67 (bir min dörd yüz on altı manat altmış yeddi qəpik) manat faiz borcu, 11372,17 (on bir min üç yüz yetmiş iki manat on yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 112788,84 (bir yüz on iki min yeddi yüz səksən səkkiz manat səksən dörd qəpik) manat təşkil edir.(gecikmə günün sayı – 130).
11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2953 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, DCL00413727-01 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) İddiaçı Asc-yə olan əsas borcu 100000 manat, faiz borcu 9085,51 manat təşkil edir.
13. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, OnGTC-06582LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2022-ci il tarixli DCL00413727-01 saylı maliyyələşdirmə üçün ərizə bağlanmış və həmin ərizəyə əsasən bank tərəfindən müştəriyə illik faiz dərəcəsi 19,62%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) 100000 (yüz min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Paşa Bank” ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli, DG0Ö41372818U8 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin – Qanuni nümayəndə borc alan bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
17. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada DCL00413727-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 1416,67 manat faiz borcunun tutulması təşkil edir.
18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində təmin edilməli, cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyətli Cəmiyyəti və Qanuni nümayəndə birgə qaydada DCL00413727-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 100000 (yüz min) manat əsas borc, 1416,67 manat (min dörd yüz on altı manat altmış yeddi qəpik) faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.
19. İddia tələbinin digər hissəsini cavabdehlərdən 11372,17 manat cərimə borcunun tutulması təşkil edir.
20. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
21. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada 6000 (altı min) manat cərimə tutularaq iddiaçıya ödənilməlidir.
22. Eləcə də, iddiaçı ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və 3 (üç) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
23. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 400 (dörd yüz) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2,80 manat (iki manat səksən qəpik) manat məbləğində pul cavabdehdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada DCL00413727-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 100000 (yüz min) manat əsas borc, 1416,67 manat (min dörd yüz on altı manat altmış yeddi qəpik) faiz borcu, 6000 (altı min) manat cərimə, 400 (dörd yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2,80 manat (iki manat səksən qəpik) olmaqla, cəmi 107819,47 manat (yüz yeddi min səkkiz yüz on doqquz manat qırx yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova