Məhkəmə qərarları › İş №e-2-2(113)-690/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-690/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-690/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, restrukturizasiya, zaminliyə xitam, dəbbə pulunun azaldılması, qanuni faiz, mediasiya xərci, ekspertiza xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 7244,49 ABŞ dolları əsas, 2742,37 ABŞ dolları faiz, 4757,48 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 436,32 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 15180,66 ABŞ dolları məbləğində pulun və 210 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh Kərimzadə (Məmmədova) Lətafət Cəmil qızı arasında bağlanmış 17 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə əsas vəsaitinin artırılması məqsədi ilə 24 ay müddətinə illik 24 faiz olmaqla 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 ilə iddiaçı arasında 430007010/ZM nömrəli 17 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. 2.2. Həmin kredit müqaviləsinə 2 iyun 2017-ci il tarixdə 02 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 11393,23 ABŞ dolları təşkil etmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibinə 8012,08 ABŞ dolları əsas borc, 2708,98 ABŞ dolları faiz borcu və 672,17 ABŞ dolları cərimə borcu daxil olmuş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və illik 8 faiz ödənilməsi şərtləşdirilmişdir. Əlavə sazişə müvafiq olaraq Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanılmışdır. 2.3. Tərəflər arasında “kredit müqaviləsi üzrə yaranmış əsas borcun, cərimə və faiz borcunun ödənilməsi tələbi” barədə mübahisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin ilkin mediasiya sessiyasından sonra “prosesin davam etdirilə bilməməsi” barədə MŞB/12/2023-00800 nömrəli xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********210 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni iddiaçının fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, iddiaçı öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 449, 739-cu və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı hazırkı işə tətbiq edilə bilməz. Belə ki, xx.xx.2015-ci il tarixə borcalanın əsas borcu 11504,50 ABŞ dollarıdır. Adıçəkilən Fərmanda isə limit 10000 ABŞ dolları göstərilmişdir. Mərkəzi Bankın problemli kredit məlumatlarının sorğulanması elektron xidmətindən əldə edilmiş məlumatda görünən 268,48 manat güzəşt məbləği Fərmanla nəzərdə tutulmuş kompensasiya olmayıb, xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə iddiaçı tərəfindən tətbiq edilən güzəştin məbləğidir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, 17 fevral 2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə dondurulmuş 2708,98 ABŞ dolları faiz borcu və 672,17 ABŞ dolları cərimə borcu hazırda iddianın obyektini təşkil edən 4757,48 ABŞ dolları cərimənin tərkibində tələb olunur. Eyni zamanda xx.xx.2017-ci il tarixli əlavə sazişdə güzəşt kimi nəzərdə tutulmuş ödənişlərin 1,4 ABŞ dolları məzənnəsi ilə qəbul edilməsi yalnız qrafik üzrə vaxtlı-vaxtında ödəniş edilməsi üçün nəzərdə tutulmuşdur və hazırda tətbiq edilə bilməz. Həmçinin 16 fevral 2024-cü il tarixli 9/683 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyini məhkəmənin mülahizəsinə buraxırlar.

7. Cavabdeh3 məhkəmənin ikinci hazırlıq iclasında iştirak edərək göstərdi ki, müharibə əlilidir və hazırda xəstədir. Həmin məbləği ödəməyə imkanı yoxdur. Kredit müqaviləsi üzrə iddiaçıya vaxtlı-vaxtında ödənişləri etmişdir, lakin bankın lisenziyası ləğv edildikdən sonra ödənişləri etmək istəsə də, iddiaçının hər hansı hesab nömrəsini tapa bilməmişdir.

8. Cavabdeh2 məhkəmənin ikinci hazırlıq iclasında iştirak edərək qeyd etdi ki, hazırda borc məbləğini ödəməyə imkanı yoxdur. Lakin iddiaçı vaxtında müraciət etməli idi. Özü də dəfələrlə qrafik üzrə ödənişləri həyata keçirmək üçün banka yaxınlaşmış, lakin lisenziya ləğv edildikdən sonra hər hansı şəxslə əlaqə qura bilməmişdir. Mobil telefon nömrəsini iddiaçıya təqdim etsə də, ötən müddətdə ona ödənişlərin edilməsi üçün hesab nömrələri təqdim edilməmişdir.

9. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin sonrakı iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı məlumat verməmişlər. Məhkəmə həmin cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qeydiyyatda olduğu ünvanlara məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmışdır. Lakin adıçəkilən cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə həmin cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. İddiaçı (kreditor qismində) ilə Cavabdeh3 (borcalan qismində) arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, həmin müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Kreditor borcalana 15000 ABŞ dolları məbləğində kredit verir (2.1). Bu müqaviləyə əsasən kredit borcalana əsas vəsaitin artırılması məqsədilə verilir (2.2). Kredit 24 ay müddətinə verilir (2.3). Kreditin istifadəsinə görə borcalan kreditora illik 24 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 25,09 faiz təşkil edir (2.4). Güzəşt müddəti yoxdur (2.6).

15. Sözügedən müqaviləyə 1 nömrəli əlavədən görünür ki, kreditin verilmə tarixi xx.xx.2015-ci il, son ödəmə tarixi xx.xx.2017-ci il, kreditin məbləği 15000 ABŞ dolları, kreditin illik faiz dərəcəsi 24%, faktiki illik faiz dərəcəsi 25,09%, aylıq ödəniş 793,24 ABŞ dolları (sonuncu ay 793,06 ABŞ dolları), banka ödəniləcək ümumi faiz məbləği 4037,58 ABŞ dolları, ümumi məbləğ isə 19037,58 ABŞ dolları təşkil edir.

16. İddiaçı (kreditor qismində), Cavabdeh3 (borcalan qismində) ilə Cavabdeh1 (zamin qismində), Cavabdeh2 (zamin qismində) və Cavabdeh4 (zamin qismində) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 430007010/ZM nömrəli zaminlik müqaviləsinə əsasən, həmin müqavilənin predmeti ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir (1.1). Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrılan vəsaitdir (1.2). Zaminliklə təmin edilmiş öhdəlik: 15000 ABŞ dolları təşkil edən kredit məbləği (2.1); 24 ay təşkil edən kreditin qaytarılma müddəti (2.2); 24% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi (2.3); 48% təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik, 4% isə aylıq cərimə faiz dərəcəsi (2.4).

17. xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişdən görünür ki, kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 11393,23 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1,4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 8012,08 ABŞ doları əsas borc, 2708,98 ABŞ dolları faiz borcu və 672,17 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir (1.1). Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 (səkkiz) faiz təşkil edir (1.2). Borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduqda, kreditorun təşəbbüsü ilə X5 birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. X5 Kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə Tərəflər arasında imzalanmış ********* saylı, 18.02,2015-ci il tarixli Kredit Müqaviləsinin şərtləri tətbiq olunur Bu zaman Borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər Bankın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən hesablanır və bu fərq Borcalan tərəfindən dərhal Kreditora ödənilir (1.6).

18. Həmin əlavə sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2017-ci il, son ödəniş tarixi xx.xx.2022-ci il, hər ay 162,46 ABŞ dolları (sonuncu ay isə 162,18 ABŞ dolları) olmaqla ümumilikdə 8012,08 ABŞ dolları əsas borc, 1735,24 ABŞ dolları faiz borc üzrə ödənişlərin edilməsi nəzərdə tutulmuşdur.

19. xx.xx.2015-ci il tarixli 430007010/ZM nömrəli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 11393,23 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir (1.1). Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8% təşkil edir (1.2).

20. İddia ərizəsinə əlavə edilmiş 16 avqust 2023-cü il tarixli **********966 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 08 avqust 2023-cü il tarixə əsas borc 7244,49 ABŞ dolları, müqavilə müddətinə faiz borcu isə 2742,37 ABŞ dolları təşkil edir.

21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-690/2024 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 16 fevral 2024-cü il tarixli 9/683 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 02 iyun 2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə 02 nömrəli əlavə sazişə əsasən Cavabdeh3 iddiaçıya olan əsas borcu 7245,82 ABŞ dolları, faiz borcu isə 2540,21 ABŞ dolları təşkil edir.

22. Məhkəməyə təqdim edilən Cavabdeh3 məxsus AZ39AZER**********02AZN41010 nömrəli bank hesabından çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə 02 nömrəli əlavə saziş üzrə sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə həyata keçirilmişdir.

23. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 15000 ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh3 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 24 ay müddətinə, illik 24% dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra adıçəkilən müqavilə üzrə 8012,08 ABŞ dolları məbləğində qalıq borc xx.xx.2022-ci il tarixədək ödənilmək şərtilə illik 8 faizlə restrukturizasiya edilmişdir. xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi və ona xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə saziş üzrə Cavabdeh3 öhdəliklərinin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ilə xx.xx.2015-ci il tarixli 430007010/ZM nömrəli zaminlik müqaviləsi və ona xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişlər bağlanmış, sonuncular borcalanın iddiaçı qarşısındakı öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh3 kredit məbləğini təşkil edən 15000 ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

24. İddiaçı adıçəkilən kredit müqaviləsi və ona əlavə saziş üzrə 7244,49 ABŞ dolları əsas borc və 2742,37 ABŞ dolları faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.

25. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 maddi çətinliklərlə bağlı borclarını ödəyə bilmədiyini bildirir.

26. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən, iddiaya heç bir etiraz etmir.

27. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

28. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

30. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

32. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

33. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

34. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı və cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.

35. 16 fevral 2024-cü il tarixli 9/683 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, 02 iyun 2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə 02 nömrəli əlavə saziş üzrə Cavabdeh3 iddiaçıya olan əsas borcu 7245,82 ABŞ dolları, faiz borcu isə 2540,21 ABŞ dolları təşkil edir.

36. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borc məbləği 16 fevral 2024-cü il tarixli 9/683 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq (iddia tələbindən kənara çımamaq şərtilə) 7244,49 əsas borc, 2540,21 ABŞ dolları faiz borcu kimi müəyyən edilməlidir.

37. Məhkəmə xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əsas borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə kompensasiya olunması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin Fərmanın 1-ci bəndinə əsasən, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

38. Göründüyü kimi, Fərmanın hazırkı işə tətbiqi üçün 2015-ci il fevralın 21-nə və ya dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borcu 10000 ABŞ dolları və ya daha az təşkil etməlidir.

39. Məhkəməyə təqdim edilən hesabdan çıxarış məlumatlarında görünür ki, xx.xx.2015-ci il tarixdə 520 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 300,85 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 33,61 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 344,02 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 333,2 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 291,84 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 340,98 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 329,58 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 310,72 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 347,19 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 343,51 ABŞ dolları olmaqla ümumilikdə əsas borc üzrə 3495,5 ABŞ dolları ödəniş edilmiş və xx.xx.2015-ci il tarixdə 11504,5 ABŞ dolları borc qalmışdır ki, bu da 10000 ABŞ dollarından çoxdur.

40. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı kredit müqaviləsi üzrə əsas borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə kompensasiya edilməli məbləğ deyildir.

41. Məhkəmə zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 öhdəliyi və onun həcmi barədə aşağıdakıları qeyd edir.

42. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

43. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

44. Həmin Məcəllənin 477.0 və 477.0.4-cü maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

45. xx.xx.2015-ci il tarixli 430007010/ZM nömrəli zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə xitam verilir: zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürülmədiyi halda.

46. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdə başa çatdığından və iddiaçı yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək zaminlərdən pulun tutulmasını tələb etdiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsi və tərəflər arasındakı razılaşmanın 5.1.4-cü bəndinə uyğun olaraq Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 zaminliyinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir və onlara qarşı xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən (əlavə saziş daxil olmaqla) irəli gələn iddia təmin oluna bilməz.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Saziş üzrə 7244,49 ABŞ dolları əsas borc, 2540,21 ABŞ dolları faiz borcu Cavabdeh3 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı

48. İddiaçı xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Saziş üzrə illik 5 faizlə hesablanmış 436,32 ABŞ dolları məbləğində pulun cavabdehlərdən tutulmasını xahiş edir.

49. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

50. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).

51. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2022-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.

52. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının tələb etdiyi (maliyyə arayışına əsasən) xx.xx.2023-cü il tarixədək (432) əsas borca illik 5 faizlə hesablanmış məbləğ 428,72 (7244,49*5/100/365*432) ABŞ dolları təşkil edir.

53. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən əsas borca illik 5 faizlə hesablanmaqla 428,72 ABŞ dolları məbləğində pul Cavabdeh3 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir (zaminə münasibətdə bax §41-46).

c) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

54. İddia ərizəsində iddiaçı 4757,48 ABŞ dolları cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

55. xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişin 1.3-cü bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 16% dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.

56. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

57. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

58. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

59. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh pul məbləğini qaytarmadığı, sonuncu ödənişi xx.xx.2018-ci il tarixdə etdiyi halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.

60. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, Cavabdeh3 tutulmalı cərimə məbləğinin 210 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

61. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 210 ABŞ dolları Cavabdeh3 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir (zaminə münasibətdə bax §41-46).

d) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı

62. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

63. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əsas borc, faiz borcu, dəbbə pulu və qanuni faiz məbləği qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.

e) Məhkəmə xərcləri ilə bağlı

64. İddiaçı eləcə də 210 manat mediasiya xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.

65. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/12/2023-00800 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat məbləğində mediasiya xərci ödənmişdir.

66. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, 16 fevral 2024-cü il tarixli 9/683 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

67. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

68. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

69. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (tərəflərin mediasiya prosesindən keçərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

70. Göründüyü kimi, iddiaçının məhkəməyə müraciət etmək üçün məhkəməyəqədər hazırlıq mərhələsində həyata keçirməli olduğu hərəkətlər sırasında ilkin mediasiya sessiyasında iştirak Mülki Prosessual Məcəllənin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

71. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

72. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

73. İş materialları ilə müəyyən olunur ki, kredit borcunun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin cavabdehə güzəşt tətbiq edilmiş və xx.xx.2017-ci il tarixli 02 nömrəli saziş ilə öhdəlik restrukturizasiya edilmişdir. Lakin sonuncu mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuş, sonrakı razılığa da riayət etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır

74. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 manat Cavabdeh3 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli, ekspertiza xərci olaraq 100 manat Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

75. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Kərimzadə (Məmmədova) Lətafət Cəmil qızı arasında bağlanmış 17 fevral 2015-ci il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 02 iyun 2017-ci il tarixli 02 nömrəli əlavə saziş üzrə 7244 (yeddi min iki yüz qırx dörd) ABŞ dolları 49 (qırx doqquz) sent əsas borc, 2540 (iki min beş yüz qırx) ABŞ dolları 21 (iyirmi bir) sent faiz borcu, 210 (iki yüz on) ABŞ dolları cərimə, əsas borca illik 5% hesablanmaqla 428 (dörd yüz iyirmi səkkiz) ABŞ dolları 72 (yetmiş iki) sent olmaqla, ümumilikdə 10423 (on min dörd yüz iyirmi üç) ABŞ dolları 42 (qırx iki) sent məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 (qırx yeddi) manat pul Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN– **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN– **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar