Məhkəmə qərarları › İş №e-2-2(113)-6908/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6908/2025

19.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6908/2025 19.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən yazılmış xx.xx.2025-ci il tarixdə 528 manat (beş yüz iyirmi səkkiz manat), xx.xx.2025-ci il tarixdə 17817,13 manat (on yeddi min səkkiz yüz on yeddi manat, on üç qəpik) olmaqla, ümumilikdə 18345,13 manat (on səkkiz min üç yüz qırx beş manat on üç qəpik) borcun əsassız hesab olunaraq silinməsi, 300 manat hüquqi yardım xərci, müvəqqəti təminat tədbiri qismində məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 15 manat, cərimənin silinməsi üçün ödənilmiş 145 manat olmaqla, cəmi 460 (dörd yüz altmış) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., R.Rüstəmov küçələrinin kəsişməsi, 308C ünvanında “Zövq” marketi icarəyə vermişdir. Həmin obyekti rəsmi olaraq X4 tərəfindən oğlu İddiaçı bağışlansa da (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydiyyat nömrəli, **********54-06101-083004 reyestr nömrəli çıxarış), işıq sayğacı X2 adında qalmışdır. 21 iyul tarixində Azərişıq ASC-nin əməkdaşları plandankənar yoxlama adı ilə sayğaca baxış keçirmiş, sayğaca müdaxilə olunduğunu bildirmiş və 21 iyul 2025-ci il tarixli, 005362 nömrəli akt tərtib etmişlər. Halbuki sayğaca heç bir müdaxilə olunmayıb, sayğac 2018-ci ildə quraşdırılıb və istismar müddətini bitiribdir. Sayğac yenisi ilə dəyişdirilib və köhnə sayğac rəy verilməsi üçün laboratoriyaya göndərilibdir. Sayğac yenisi ilə əvəz olunduqdan sonra xx.xx.2025-ci il tarixdə 528 manat (beş yüz iyirmi səkkiz manat), xx.xx.2025-ci il tarixdə 17817,13 manat (on yeddi min səkkiz yüz on yeddi manat, on üç qəpik) olmaqla, ümumilikdə 18345,13 manat (on səkkiz min üç yüz qırx beş manat on üç qəpik) borc yazılmışdır. Bildirilir ki, qeyd olunan borc əsassız və qanunsuzdur. Sayğaca heç bir müdaxilə olunmayıb. Belə ki, 08/3028 abonent kodu ilə elektrik enerjisindən istifadə edirlər. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin Nizami RETSİnin əməkdaşları tərəfindən sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi qaydalarına riayət edilmədən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun tələbi gözlənilmədən əsassız olaraq 005362 saylı akt yazılmış və buna görə də 528 manat (beş yüz iyirmi səkkiz manat), xx.xx.2025-ci il tarixdə 17817,13 manat (on yeddi min səkkiz yüz on yeddi manat on üç qəpik) olmaqla, ümumilikdə 18345,13 manat borc yazılmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan isə görünür ki, "xxxx" ASC yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Əlavə olaraq bildirilir ki, məhkəməyə müraciət edilməsi üçün vəkillə müqavilə bağlanılmış müqavilənin dəyəri 300 manatdır. Bundan başqa, müvəqqəti təminat tədbiri qismində məhkəməyə müraciət edilməsi üçün 15 manat, akt əsasında yazılmış cərimənin silinməsi üçün isə 145 manat, cəmi 460 (dörd yüz altmış) manat ödənilmişdir.

3. İddia tələbinin maddi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamarın tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci bəndlərinə istinad edilmişdir.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh "xxxx" ASC tərəfindən yazılmış xx.xx.2025-ci il tarixdə 17817,13 manat (on yeddi min səkkiz yüz on yeddi manat on üç qəpik) borcun əsassız hesab olunması və silinməsi, məhkəməyə müraciət edilməsi üçün vəkillə bağlanılmış müqavilənin dəyəri olan 300 manat, müvəqqəti təminat tədbiri qismində məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 15 manat, akt əsasında yazılmış cərimənin silinməsi üçün isə 145 manat olmaqla, cəmi 460 (dörd yüz altmış) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, sonradan müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən yazılmış xx.xx.2025-ci il tarixdə 528 manat (beş yüz iyirmi səkkiz manat) borc aylıq elektrik enerjisindən istifadə haqqının məbləğidir.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı (“Zövq market”) hesablanmış 17817,1 manat məbləğində cərimənin əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə əsasən bildiririk ki, iddianı Cəmiyyət qəbul etmir. Bildiririk ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 08/3028 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, sayğacın dövlət və alt qapaq möhüründə müdaxilə izləri var. Belə ki, elektrik sayğacının üst qapaq örtüyünün gövdəyə birləşmə hissəsindəki vintin üzərindəki yuva möhürləri müdaxilə edilərək plastilin ilə əvəz edilmişdir. Baxış zamanı xx.xx.2025-ci il tarixli NİQ005362 nömrəli akt tərtib edilmişdir. İcra vərəqəsinə əsasən: Naqilin en kəsiyinə əsasən hesabat verildi: (66 kvt x (0,7) x12 saat x 358 gün= 149674 kVts Tarif (0,11 man)- 149674 kVt.s x 0,11 man = 6542,2 manat Tarif (0,125 man)- 90199 kVt.s x 0,125 man = 11274,9 manat, olmaqla, cəmi 17817,1 manat. Yoxlama aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmaqla Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixdə KY252332109 nömrəli Çıxarış alınmışdır. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi, akt qanuni və əsaslı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil, iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir. Bu səbəbdən də qanunvericiliyin tələblərinə uyğun olaraq Cəmiyyət xx.xx.2025-ci il tarixdə 13-13/2-1/04-11829/2025 nömrəli məktubla Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavininə müraciət edərək, baş vermiş hadisədə elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla xeyli miqdarda resursların talanmasında cinayət tərkibi əlamətləri olduğundan faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 189-1-ci maddəsi ilə cinayət işinin başlanması və cinayəti törədən şəxsin müəyyən edilərək, cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Hazırda iş üzrə araşdırma aparılır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı maddəsinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Tədqiq olunan sübutlar:

7. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, obyekt atasının adına olub, hazırda onun xüsusi mülkiyyətindədir və obyekti də o, işlədir. Abonent adını da ata-oğul münasibət olduğundan dəyişdirməmişlər, atası adı formal olaraq qalıbdır.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, obyekt əvvəllər xxxnin adına olmuşdur, daha sonra bağışlama əsasında oğluna keçirilmişdir. Lakin sayğac xxxnin adında qalmışdır. Obyekt market kimi fəaliyyət göstərir. Sayğacın müstəqil laboratoriya şəraitində yoxlanıldığı qeyd edilir, lakin bu necə təsdiq edilə bilər? Mümkün deyil bu. Sayğacın da yerindən sökülməsinə şahid olunmamışdır. Bəlkə sayğac üzərində müvafiq müdaxilələr edilib, sonra laboratoriyaya göndərilib.

9. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, subyektiv hüquq xxxyə məxsusdur. Laboratoriya şəraitində yoxlama ilə bağlı aktı imzalayan əməkdaşlar vardır, onlar da təsdiq edə bilərlər.

10. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 005362 nömrəli akta əsasən "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus obyektdə (market) sayğac yoxlanılmış, sayğacın dövlət və alt qapaq möhürlərində müdaxilə olduğu aşkar edilmişdir. Belə ki, elektrik sayğacının üsş qapaq örtüyünün gövdəyə birləşmə hissəsindəki vintin üzərindəki yuva möhürləri müdaxilə edilərək plastilin ilə əvəz edilmişdir. Ölçmə zamanı xətdən axan yük İA=35 A, İB=26 A, İC=53A, Pfak=25 kvt, Psay=25 kvt. Qoyuluş gücü naqilin en kəsiyinə əsasən 4x16 mm2 mis naqil Pqoy=49,5 kvt təşkil edir. Sayğacın yenisi ilə əvəz edilməsi, çıxarılmış sayğacın laboratoriya şəraitində baxılması və rəy verilməsi tələb edilmişdir. Akt "xxxx" ASC-nin əməkdaşlarının imzası ilə təsdiq edilmişdir. Abonentin nümayəndəsi kimi “Fərid” göstərilmiş, imza qrafasında isə imzadan imtina etdiyi qeyd edilmişdir.

11. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli icra vərəqinin məzmunundan müəyyən olunur ki, xxxyə məxsus obyektdə (“Zövq” market) quraşdırılmış sayğacın nominal cərəyanına əsasən hesabat verilmişdir: (66 kvt x (0,7) x 12 saat x 358 gün) – 48801 kvts = 149674 kvts; Tarif (0,011) – 59475 x 0,11 = 6542,2 manat; Tarif (0,125) – 90199 x 0,125 = 11274,9 manat; Cəmi 17817,1 manat. Aktın əsası kimi xx.xx.2025-ci il tarixli, 005362 nömrəli akt qeyd edilmişdir.

12. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli abunə haqqında məlumata əsasən **********10002 nömrəli abonentin cari tarixə borcu 19328,13 manat (sayğac oxunması: 240931,84 manat + aktlar: 25435,15 manat – ödəmələr: 247038,85 manat = 19328,13 manat) təşkil edir.

13. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 Şəxsi Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74D (Yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr, 308C) ünvanında yerləşən qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023-cü il).

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışda "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə X1 adına olan sayğac üzərində yoxlama aparılacağı qeyd edilmişdir. Plandankənar yoxlamanın təyin edilməsi üçün əsasə kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir.

15. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavininə ünvanlanan məktubda qeyd olunur ki, respublika ərazisində istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchiz olunması məqsədilə "xxxx" ASC tərəfindən irimiqyaslı texniki tədbirlər həyata keçirilir. Qarşımıza qoyulmuş vəzifələrin yerinə yetirilməsi elektrik enerjisi haqlarının vaxtında və tam olaraq yığılmasından daha çox asılı olduğundan bu sahədə yol verilən nöqsanlar Səhmdar Cəmiyyətin fəaliyyətində ciddi problemlərin yaranmasına və büdcə öhdəliklərinin yerinə yetirilməsində çətinlikərə səbəb olur. Bu məqsədlə respublika ərazisində enerji itkilərinin və israfçılığın, xüsusən də elektrik enerjisinin talan olunması kimi neqativ halların qarşısının alınması üçün Səhmdar Cəmiyyət tərəfindən ciddi tədbirlər görülür. Lakin bəzi abonentlər tərəfindən müxtəlif qurğular quraşdırılmaqla və sayğacın dövlət və alt qapaq möhürlərinə müdaxilə etməklə elektrik enerjisi talan edilir ki, bununla da istehlakçıların, xüsusən də mühüm dövlət əhəmiyyətli obyektlərin fasiləsiz enerji təminatında problemlərin yaranmasına səbəb olmaqla və elektrik şəbəkələrinin normal fəaliyyətini pozmaqla dövlətin enerji təhlükəsizliyinə ciddi zərər vurulur. Belə ki, xx.xx.2025-ci il tarixində Cəmiyyətin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayonu Enerji Təchizatı və Satışı idarəsinin xidməti ərazisində 08/3028 abunə kodu altında fəaliyyət göstərən “Vəliyeva Firdovsiyə" (“Zövq market”) məxsus 26278152 zavod nömrəli elektrik sayğacının dövlət və alt qapaq möhürlərinə müdaxilə edilməklə 17.817,1 manat dəyərində 149.674 kVts elektrik enerjisi talanaraq Cəmiyyətə xeyli miqdarda ziyan vurulmuşdur. Tərtib edilmiş akta əsasən qeyd edilən elektrik sayğacı "xxxx" PHŞ Kommunal Laboratoriyalar MMC-də yoxlanılarkən sayğacın zavod istehsalı olan ştamp möhürlərinin pozulduğu, sayğacın daxilinə baxış zamanı isə üst qapaq və alt qapağın açılmasını göstərən düymələrin qaynaq vasitəsilə şuntlandığı və sayğacın yaddaş blokuna müdaxilə olunaraq göstəricinin dəyişdirildiyi aşkar edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, baş vermiş hadisədə elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla xeyli miqdarda resursların talanmasında cinayət tərkibi əlamətləri olduğundan faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1-ci maddəsi ilə cinayət işinin başlanması və cinayəti törədən şəxsin (şəxslərin) müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsinin təmin edilməsi xahiş edilmişdir.

16. Azərbyacan Respublikası Baş prokurorunun müavini tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərara əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin inzibati ərazisində abonent “Vəliyeva Firdovsiyə” (“Zövq market”) məxsus elektrik sayğacının zavod istehsalı olan ştamp möhürləri pozularaq, üst və alt qapaqların açılmasını göstərən düymələri qaynaq vasitəsi ilə şuntlanıb sayğacın yaddaş blokuna müdaxilə olunaraq göstəricisi dəyişdirilməklə 17817,1 manat dəyərində elektrik enerjisinin talanması, eləcə də ünvan 3 ünvanında yerləşən abonent “Nübar-Q” firmasına məxsus market və mebel mağazasının elektrik sayğacına müdaxilə edilərək sayğacın dövlət üst və alt möhürləri saxtalaşdırılmaqla sayğac göstəricisi yaddaş blokuna müdaxilə edilməklə azaldılıb 10572 manat dəyərində elektrik enerjisinin talanması nəticəsində xeyli miqdarda ziyanlar vurulmuşdur. Araşdırma zamanı qeyd edilən sayğaclara müdaxilə edilməsində qabaqcadan razılaşmaqla "xxxx" ASC-nin Nizami rayon X7 aparıcı mühəndisi və nəzarətçi mühəndisinin abonentlərlə birlikdə sayğaclara dövrü olaraq müxtəlif üsullarla müdaxilələr etməklə faktiki göstəricilərin dəyişdirilməsinə, talanmış enerjinin dəyərinin maraqlı şəxs olaraq abonentlər və sadalanan səlahiyyətli şəxslər aralarında bölüşdürülməsinə əsaslı şübhələr vardır. Qeyd edilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-in 189- 1.1 və 189-1.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılması qərara alınmışdır.

17. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Nizami Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində abonent “Vəliyeva Firdovsiyə” (“Zövq market”) məxsus elektrik sayğacına və Nizami rayonu, N.Rüstəmov küçəsi 36 ünvanında yerləşən abonent “Nübar-Q” firmasına məxsus elektrik sayğacına müdaxilə edilərək elektrik enerjisinin talanması və nəticədə xeyli miqdarda ziyanlar vurulması barədə "xxxx" ASC-dən Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində qeyd edilən faktlarda elektrik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursun xeyli miqdarda ziyan vurmaqla talanması və elektrik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən Cinayət Məcəlləsinin 189-1.1-ci, 189-1.2-ci və ya 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısını almaması cinayətinin tərkibi əlamətləri müəyyən edilmişdir. Odur ki, fakt üzrə CM-in 189-1.1 və 189-1.4-cü maddələri ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi üçün Nizami rayon prokurorluğuna göndərilmişdir.

18. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, əsassız hesablanmış borcun xx.xx.2025-ci il tarixinədək silinməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

20. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

21. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

23. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmənin mövqeyi

24. İddia tələbi cavabdeh "xxxx" ASC tərəfindən yazılmış xx.xx.2025-ci il tarixdə 17817,13 manat (on yeddi min səkkiz yüz on yeddi manat on üç qəpik) borcun əsassız hesab olunması və silinməsindən ibarətdir. İlk olaraq qeyd olunur ki, elektron qaydada verilən iddia ərizəsində yalnız İddiaçı adı qeyd olunmuş və iddia ərizəsi də onun nümayəndəsi və vəkili tərəfindən imzalanmışdır. Ona görə hazırkı iş üzrə İddiaçıdur. Onun hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmasına gəlincə, hesab olunur ki, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Belə ki, o, abonent X3 oğludur. Həmçinin elektrik enerjisi verilən obyektin mülkiyyətçisidir və obyekt onun istifadəsindədir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin də bundan məlumatı olmuşdur, belə ki, cavabdeh tərəfindən məhkəməyə obyektin iddiaçının mülkiyyətində olmasına dair çıxarış da təqdim edilmişdir. Qeyd olunanlara əsasən hesab olunmuşdur ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ var.

25. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin olunmalıdır.

26. Belə ki, işin hallarından göründüyü kimi, keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli çıxarış təqdim olunsa da, həmin çıxarışda "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə başqa şəxs, yəni X1 adına olan sayğac üzərində yoxlama aparılacağı qeyd edilmişdir. Yəni həmin çıxarışın hazırkı işə aidiyyatının olması müəyyən olunmur.

27. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən akt əsasında hesablanmış 17817,13 manat (on yeddi min səkkiz yüz on yeddi manat on üç qəpik) məbləğində borc **********10002 saylı abonent hesabından (xxx) silinməlidir.

28. Eləcə də iddiaçı məhkəməyə müraciət edilməsi üçün vəkillə bağlanılmış, müqavilənin dəyəri olan 300 manat, müvəqqəti təminat tədbiri qismində məhkəməyə müraciət edilməsi üçün 15 manat, akt əsasında yazılmış cərimənin silinməsi üçün isə 145 manat olmaqla, cəmi 460 (dörd yüz altmış) manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq geri ödənilməsini xahiş etmişdir.

29. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 140,80 manat (yüz qırx manat səksən qəpik) pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddianın hüquqi yardımla bağlı müqavilənin dəyərinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına etibarnamə və order əlavə edilsə də, 300 manat vəkil xərcinin ödənilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən akt əsasında hesablanmış 17817,13 manat (on yeddi min səkkiz yüz on yeddi manat on üç qəpik) məbləğində borc **********10002 saylı abonent hesabından (xxx) silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 140,80 manat (yüz qırx manat səksən qəpik) pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar