Məhkəmə qərarları › İş №e-2-2(113)-6916/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6916/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6916/2024 14.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 566,69 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı ASC ilə cavabdeh – Cavabdeh MMC arasında 03 dekabr 2020-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində göstərildiyi kimi bu müqavilə ilə Müştərilərin Təşkilatçıda apardıqlar ıəməliyyatlarla bağlı Təşkilatçı tərəfindən Müştərilərə Endirim faizlərinin tətbiq edilməsi və Bank tərəfindən bu Müqavilənin şərtlərinə uyğun olaraq Endirim Kampaniyasının reklamının həyata keçirilməsi üzrə Bank və Təşkilatçı arasında yaranmış münasibətlər tənzimlənir. Müqavilənin 4.2.4-cü bəndinə əsasən Müqavilənin qüvvədə olduğu müddət ərzində Bank kartlarının sahiblərinə bu Müqavilənin 1 saylı Əlavəsində göstərilən miqdarda və bu Müqavilənin 2 saylı Əlavəsində göstərilən qaydalara uyğun endirim təklif edilir. Müqavilənin 1 saylı Əlavəsində endirimin miqdarı cəmi 5 %, endirimləri təqdim edən obyekt kimi isə Bakı şəhəri, Üzeyi Hacıbəyli 57 ünvanında yerləşən X1 & Terrace göstərilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən Bankın müştəriləri Endirim kampaniyasından yararlanmaq üçün Bank kartlarını Təşkilatçının müştərilərə xidmət göstərən personalınatəqdim etməklə, Müqavilənin şərtlərinə uyğun endirimlər alır. Müqavilənin 3.6-cı bəndinə əsasən Bank Endirim faizini Müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, Təşkilatçının müəssisələrində xidmətin tam dəyəri Digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) Müştərinin (alıcının) Bank kartının bağlı olduğu hesabından silinərək Təşkilatçının Digər bankda olan bank hesabına mədaxiledilir. Endirim məbləğinin Müştəriyə çatmalı olan hissəsi Bankın hesabından Müştərinin Bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin Müştəriyə çatmalı olan hissəsini Bank öz hesabından Müştəriyə ödəiyi üçün, Endirim faizi nisbətində pul vəsaitinin (Müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər Müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, Təşkilatçının sərəncamı əsasında onun hesabından Bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu Müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. Müqavilənin 4.1.4-cü bəndinə əsasən Endirim kampaniyası çərçivəsində Təşkilatçının Digər banklarda olan pos-terminala bağlı hesabına köçürülmüş endirim faizi nisbətində pul vəsaitinin hər ayın ilk 10 (on) iş günü ərzində Bankın müxbir hesabına köçürülməsini və ya nağd qaydada ödənilməsini Təşkilatçıdan tələb etmək hüququ vardır. Müqavilənin 4.2.12ci bəndinə əsasən Endirim kampaniyası ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyatı üzrə köçürülməsinə maneəçilik törətməmək, bu məqsədlə vəsaitin Banka köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər ayın ilk 10 (on) iş günündən gec olmayaraq Banka ödəmək vəzifəsi vardır. Müqavilənin şərtlərinə görə cavabdeh öhdəliyini tam və vaxtında icra etməyi öhdəsinə götürsə də, vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan arayışına əsasən Cavabdeh MMC-nin 03 dekabr 2020-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən borcu aşağıdakı səbəblərdən yaranmışdır: Müqavilə şərtlərinə əsasən Kartmane kart müştəriləri Bakı şəhəri, Üzeyi Hacıbəyli 57 ünvanında yerləşən X1 & Terrace-da ödəniş zamanı Rabitəbank ödəniş məbləğinin 5 % qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ Tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin Tərəfdaş bu məbləği Banka geri ödəniş etməmişdir. Cavabdeh MMC-nin xx.xx.2023cü il tarixinə Banka olan borcu 566,69 AZN-dir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə ilə müştərilərin təşkilatçıda apardıqları əməliyyatlarla bağlı təşkilatçı tərəfindən müştərilərə endirim faizlərinin tətbiq edilməsi və bank tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə bank və təşkilatçı arasında yaranmış münasibətlər tənzimlənir.

5. Müqavilənin 3.4-cü bəndinə əsasən bankın müştəriləri endirim kampaniyasından yararlanmaq üçün bank kartlarını təşkilatçının müştərilərə xidmət göstərən personalına təqdim etməklə, müqavilənin şərtlərinə uyğun endirimlər alır.

6. Müqavilənin 3.6-cı bəndinə əsasən bank endirim faizini müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, təşkilatçının müəssisələrində xidmətin tam dəyəri digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) müştərinin (alıcının) bank kartının bağlı olduğu hesabından silinərək təşkilatçının digər bankda olan bank hesabına mədaxiledilir. endirim məbləğinin müştəriyə çatmalı olan hissəsi bankın hesabından müştərinin bank kartının bağlı olduğu hesabına ödənilir. endirim faizi nisbətində pul vəsaitinin müştəriyə çatmalı olan hissəsini bank öz hesabından müştəriyə ödəiyi üçün, endirim faizi nisbətində pul vəsaitinin (müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, təşkilatçının sərəncamı əsasında onun hesabından bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir.

7. Müqavilənin 4.2.4-cü bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində bank kartlarının sahiblərinə bu müqavilənin 1 saylı əlavəsində göstərilən miqdarda və bu müqavilənin 2 saylı əlavəsində göstərilən qaydalara uyğun endirim təklif etmək təşkilatçının vəzifəsidir.

8. xx.xx.2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilənin 1 saylı əlavəsində endirimin miqdarı cəmi 5 %, endirimləri təqdim edən obyekt kimi isə Bakı şəhəri, Üzeyi Hacıbəyli 57 ünvanında yerləşən X1 & Terrace göstərilmişdir.

9. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə 566,69 manat borcu vardır.

10. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə və ona edilmiş əlavələrdən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

17. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

19. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

20. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

23. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

24. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 566,69 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 566,69 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV. Nəticə:

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 566,69 manat məbləğində pul, 30 manat dövlət rüsumu, ümumilikdə 596,69 (beş yüz doxsan altı manat altmış doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar