Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-693/2024 20.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi, plandankənar yoxlama üzrə reyestrin aparılma qaydası) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 aprel 2023-cü il tarixli akt əsasında hesablanmış 5400 manat borcun silinməsi və 100 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı Şamaxı rayonu Avaxıl kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qeyd olunan qeyri-yaşayış sahəsinin təbii qazla təmin olunması məqsədilə cavabdeh ilə xx.xx.2022-ci il tarixli AMX-4253/22 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi imzalanmışdır. 2.2. xx.xx.2023-cü il tarixində cavabdehin əməkdaşları iddiaçının fəaliyyət göstərdiyi ünvana gələrək müqavilə şərtlərinin yerinə yetirilməsi və “Qazdan istifadə Qaydaları”na riayət olunması vəziyyəti ilə bağlı yoxlama aparmış, daha sonra isə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş və əvvəlki qaz sayğacını özləri ilə aparmışlar. Sayğac əvəz olunan zaman hər hansı irad tutulmamış, sayğacın işlək vəziyyətdə olduğu, sadəcə növbəti dövlət yoxlanılmasına göndərilməsi məqsədilə dəyişdirildiyi bildirilmişdir. Lakin sonradan məlum olmuşdur ki, guya sayğaca müdaxilə edildiyi üçün xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən 5400 manat məbləğində borc (cərimə) yazılmışdır. 2.3. Cavabdeh tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Daha sonra isə cavabdeh öz qanunsuz yoxlamasının nəticəsini legitimləşdirmək üçün yoxlama başa çatandan uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixində yoxlamanı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirmişdir. Halbuki sahibkarlıq sahəsində aparılan yoxlamaların, vahid məlumat reyestrində vaxtında qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. 2.4. Digər tərəfdən, qanunvericiliyin tələblərinə əsasən iddiaçının fəaliyyət göstərdiyi ünvanda quraşdırılmış sayğaca Cavabdeh İB-dir. İddiaçı tərəfindən qeyd olunan sayğaca hər hansı müdaxilə edilməmişdir. Bundan əlavə abonent saldosuna nəzər saldıqda iddiaçının hər ay mütəmadi olaraq təbii qazdan istifadəyə görə ödənişlər etdiyi aydın şəkildə görünür. 2.5. Cavabdehə abonent hesabından hazırda mübahisələndirilən borcun silinməsinə dair pretenziya ilə müraciət olunmuş, qanunvericiliyin tələblərinə əsasən mübahisənin məhkəmədən kənar həlli ilə bağlı mediasiya təklifi göndərilmiş, daha sonra isə mediasiya təşkilatına müraciət edilmişdir. Lakin mediasiya prosesində də müsbət nəticə əldə etmək mümkün olmamış və mediasiya prosesi ilə bağlı mediator tərəfindən arayış verilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-1, 4.8-ci, bəndləri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndləri göstərilmişdir.
4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. iddia tələbi tamamilə əsassızdır. Belə ki, İddiaçı Cavabdeh İB-nin X3 İstismarı İdarəsinin Şamaxı xidmət sahəsinin abonenti olmaqla **********0008 saylı abonent hesabı ilə qeydiyyata alınmışdır. İddiaçıya məxsus olan Şamaxı rayonu Avaxıl kəndində yerləşən qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış “G-6” markalı ******* nömrəli qaz sayğacına cavabdehin Metrologiya Departamenti tərəfindən baxış keçirilmişdir. Baxış zamanı sayğacın plastmas qapağının olan plomblar hissədən gövdədən aralandığı, plastmas qapağının daxili qulaqcıqlarında əzik-cızıq izləri olması, xətaların normaya uyğun olmadığı müəyyən edilmişdir. Metrologiya Departamentinin MS- 14-2-2/3-5-3763 saylı rəyinə əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmişdir. 5.2. Qeyri-yaşayış sahəsində istifadə edilən qaz cihazlarının maksimal qaz sərfiyyatına uyğun olaraq “QP-5” markalı, 1 ədəd kombi 32 KV-dən və 1 ədəd 40 KV kombidən istifadə olunduğu müəyyən edilmişdir. “G-6” markalı qaz sayğacın maksimal qaz sərfi 10m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ **********0008 nömrəli hesaba 5400 manat olaraq işlənmişdir. 5.3. Tərəflər arasında bağlanılmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.3.5-ci bəndinə əsasən iddiaçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində cavabdehə dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçı onunla bağlanılmış müqavilənin müvafiq bəndini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu kimi hallar cavabdehin əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir.
6. İddiaya etirazda hüquqi əsas kimi Azərbaycan respublikası Mülki Məcəlləsinin 443.1, 448.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2 saylı əlavəsinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanının 3-cü bəndinə, “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanının 9-cu bəndinə istinad edilmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus sayğac çıxarılarkən ona sayğacın növbəti dövlət yoxlaması üçün çıxarıldığı deyilib, əvəzində isə başqa sayğac quraşdırılıb. Bu zaman iddiaçıya hər hansı akt təqdim edilməyib.
8. Məhkəmənin ikinci hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda qeyd etdi ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə müəssisəinin qaz sayğacının oxunması zamanı məlum olmuşdur ki, sayğacın üst hissəsində hesablayıcı mexanizmə müdaxilə olunaraq oxunmalar geri çəkilmişdir. İddiaçının sayğacına yoxlama keçirilməmiş, yalnız sayğacın göstəricilərinin oxunması zamanı müvafiq hal aşkar edilmiş və akt tərtib edilmişdir. Həmin gün sayğac çıxarılmış, iddiaçı tərəfindən yeni sayğac alınmış və quraşdırılmışdır. Sayğacda yoxlama aparılmadığından da yoxlamaların vahid məlumat reyestrinə hər hansı məlumat daxil edilməmişdir.
9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yoxlamaların vahid məlumat reyestrinə sonrakı qeydiyyat itirilmiş qaz sərfiyyatının abonentin saldosuna daxil edilməsi üçün aparılmışdır.
10. Cavabdehə məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Borcun silinməsi tələbi ilə bağlı
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 30 avqust 2022-ci il tarixli AMX-4253/22 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçıya məxsus “G-6” markalı mexanika tipli 06244569 zavod nömrəli sayğac 04 aprel 2023-cü il tarixdə çıxarılmış, 09 aprel 2023-cü il tarixdə cavabdehin Metrologiya Departamentində həmin sayğaca baxış keçirilmiş, sayğacın plastmas qapağının plomblar olan hissədən gövdədən aralı olduğu, plastmas qapağın daxili qulaqcıqların əzik-cızıq izlərinin olduğu, xətaların normaya uyğun olmadığı müəyyən edilmiş, bu barədə qeyriəhali sayğacının yoxlanılması haqqında 17 aprel 2023-cü il tarixli MS-14-2-2/3-5-3763 nömrəli akt tərtib edilmiş, daha sonra həmin akt əsasında 20 aprel 2023-cü il tarixdə ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək dəymiş zərərin hesablanması tələb edilmişdir. 30 aprel 2023-cü il tarixdə dəymiş ziyanın bərpa edilməsi barədə tələbnamə tərtib edilərək 21600 kub metr itirilmiş qaz sərfi hesablanmış və 2023-cü ilin 4-cü ayı üçün abonent saldosunun “qalıq və aktlar” sütununa 5400 manat məbləğində borc daxil edilmişdir.
15. İddiaçı sayğacın çıxarılması, onda qüsurun aşkar olunması, bu əsasla borcun yazılmasını yoxlama hesab edir və yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi olmadığını qeyd edir. Digər tərəfdən, iddiaçı fiziki şəxs olduğundan “Qazdan istifadə Qaydaları”na əsasən sayğaca cavabdehlik daşımadığını bildir və əsassız hesablanmış borcun silinməsini tələb edir.
16. Cavabdeh sayğaca müdaxilənin onun oxunması zamanı aşkar olunduğunu, bu halın yoxlama hesab edilmədiyini bildirir və iddianın rədd olunmasını xahiş edir.
17. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Əvvəla qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi əksini iddia etsə də, cavabdeh tərəfindən tərtib edilmiş qeyri-əhali sayğacının yoxlanılması haqqında 17 aprel 2023-cü il tarixli MS-14-2-2/3-5-3763 nömrəli aktda sayğacın dövlət yoxlanılmasına gətirildiyi göstərilmişdir. Bu isə 04 aprel 2023-cü il tarixdə sayğacın oxunması ilə yanaşı, ona yoxlamanın da həyata keçirildiyini göstərir.
19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
20. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
21. “Qaz təchizatı haqqında” Qanunun 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.
22. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
23. Həmin Qanunun 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
24. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
25. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
26. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
27. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
28. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.
29. Qeyd edilməlidir ki, qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxış) qeydə alınmalıdır.
30. Həmçinin məhkəmə KY231916993 nömrəli xx.xx.2023-cü il tarixli çıxarışdan müəyyən edir ki, xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində (yoxlamanın müddəti) sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə plandankənar yoxlama təyin edilmişdir.
31. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.11-ci maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır.
32. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.3-1-ci bəndinə əsasən, Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2- 3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.
33. Həmin Əsasnamənin 4.4-cü bəndinə əsasən, yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır.
34. Göründüyü kimi, qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma hallarında təyin edilmiş yoxlama barədə müvafiq məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməli, sonuncu tərəfindən dərhal qeydiyyata alınmalıdır.
35. Hazırkı halda isə sayğacın dövlət yoxlaması qaydasında yoxlanılması, müvafiq pozuntunun aşkar olunması, akt əsasında itirilmiş sərfiyyatın müəyyən olunduğu xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində yoxlamaların vahid məlumat reyestrində hər hansı qeydiyyat aparılmamış, yalnız dəymiş zərər üçün tələbnamənin üzrə borcun daxil edilməsi ilə əlaqədar reyestrə məlumat işlənmişdir.
36. Qeyd edilən səbəblərdən məhkəmə 20 aprel 2023-cü il tarixli akt əsasında hesablanan borc məbləğini hüquqi qüvvəsi olmayan hesab edir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, 20 aprel 2023-cü il tarixli akt əsasında hesablanmış 5400 manat məbləğində borc silinməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
38. İddiaçı həmçinin mediasiya prosesinə çəkdiyi xərcin əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
39. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/6-0856 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh sessiyada iştirak etməmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
42. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
43. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə iddia tələbinin təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********00008 nömrəli abonent koduna 20 aprel 2023-cü il tarixli akt əsasında hesablanmış 5400 (beş min dörd yüz) manat məbləğində borc silinsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova