Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-694/2021 24.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2, ekspert X2 iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.930.527,53 manat əsas, 810.494,39 manat məbləğində faiz, 891.062,25 manat məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 290.116,66 manat məbləğində faiz borcu, cəmi cəmi 3.922.200,83 manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh MMC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh MMC (borcalan) və "xxxx" MMC (birgə borcalan) arasında 15 dekabr 2015-ci il tarixli BK-06/14 AZN saylı baş kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 36 faiz dərəcəsindən, kreditin gecikdirildiyi halda isə ödəniləcək illik faiz dərəcəsi 72 faiz dərəcəsindən çox olmamaq şərti ilə, 36 ay müddətinə kredit limiti ayrılmışdır. Baş kredit müqaviləsi əsasında ləğv prosesində olan İddiaçı ASC qarant adlanacaq ilə Cavabdeh MMC (prinsipial) arasında 05 mart 2015-ci il tarixli 12/15- AZN saylı qarantiya müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC "xxxx" MMC-nin ”Paşa İnşaat” (benefisiar) MMC qarşısında avans qarantiyası üzrə 4.475.401,86 manat məbləğində öhdəliklərinin 20.07.2017-ci il tarixədək yerinə yetirilməsi üçün qarant kimi çıxış etmişdir. Qarantiya müqaviləsinin 2.1-ci bəndinə əsasən, Prinsipial qarantiyanın istifadəsinə görə Qaranta Qarantiyanın ümumi məbləğinin illik 2 % faiz həcmində komissiya və açılamasına görə 50 manat məbləğində komissiya ödəyir. Lakin prinsipial benefisiar qarşısında öz öhdəliyini tam olaraq yerinə yetirməmiş, bu səbəbdən, benefisiar tərəfindən qaranta 06 iyul 2017-ci il tarixli Pİ-RT-0000-0000-0053 saylı ilkin tələb məktubu göndərilərək öhdəliyin qalıq məbləğinin, yəni 3.503.141,24 manat vəsaitin benifisiar tərəfindən təqdim edilmiş rekvizitlərə köçürülməsini tələb etmişdir. Qeyd edilən məbləğ, yəni 3.503 141,24 manat vəsait 19.07.2017-ci il tarixli ********* saylı ödəmə tapşırığı əsasında qarant tərəfindən ”Paşa İnşaat” MMC-nin hesabına köçürülmüşdür. Göründüyü kimi, benefisiar tərəfindən qarantiya üzrə tələbnamə verilmiş və Prinsipialın Benefisiar qarşısında qalıq öhdəliyi qarant tərəfindən ödənildikdən sonra, 05 mart 2015-ci il tarixli 12/15-AZN saylı qarantiya müqaviləsinin 2.2-ci bəndinə əsasən qarantiyanın tam və ya bir hissəsi dərhal kreditə çevrilmişdir. Qarantiya müqaviləsinin 2.2-ci bəndinə əsasən, Benefisiar tərəfindən qarantiya üzrə tələbnamə verildikdən və pul məbləğinin tam və ya bir hissəsinin Qarant tərəfindən ödənildikdən sonra, müvafiq olaraq qarantyanın tam və ya bir hissəsi dərhal kreditə çevrilir və Qarant qarantiyanın tam və ya bir hissəinin faktiki ödənilməsinə görə Prinsipialdan ödənilmiş məbləğə illik 14% hesablanır. Bununla da Cavabdeh MMC-nin ləğv prosesində olan İddiaçı qarşısında öhdəlikləri yaranmışdır. 30.11.2020-ci il tarixinə cavabdehlər "xxxx" MMC-nin və "xxxx" MMC-nin kredit üzrə cəmi borcu 3.922.200,83 manat təşkil edir. Bundan 1930527.53 (bir milyon doqquz yüz otuz min beş yüz iyirmi yeddi manat 53 qəpik) manat əsas, 810.494,39 manat faiz, 891.062,25 manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 290.116,66 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 197107 saylı 22.07.2019-cu il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 05.02.2021-ci il tarixdə iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərək,cəmi 1.930.527 manat əsas, 810.494,39 manat faiz, 891.062,25 manat məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 290.116,66 manat faiz borcu, cəmi 3.922.200,83 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh AGT Menegment, Məsləhət və Tikinti Xidmətləri MMC-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi dəqiqləşmiş iddia tələbini müdafiə edib, dəqiqləşmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən borc məbləğinə faiz artıq hesablandığını, eləcə də qarantiya müqaviləsində öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin hesablanmasının nəzərdə tutulmamasını əsas göstərərək fazizlərin azaldılmasını, cəriməyə aid hissədə isə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ekspert Z.Məmmədov bildirdi ki, ekspert rəyində əsas borca faiz məbləğləri 14.12.2017-ci ilədək olan müddət üçün illik 14% faizlə, 14.12.2017-14.12.2020-ci il tarixləri arası dövr üçün ilə illik beş faizlə hesablanıb. İddiaçı ASC tərəfindən 19.07.2017-ci il tarixdə ödənilmiş 3.503.141,24 manat məbləğinin yalnız 2.983.601,24 manat hissəsinə faiz hesablandığı halda 14.12.2017-ci il tarixədək illik 14 %lə hesablanmalı olan faiz məbləği 168.241,96 manat təşkil edir. 14.12.2017- 14.12.2020-ci il tarixləri arası müddət üçün illik 5 % olmaqla hesablanmış faiz məbləğlərinə gəldikdə həmin məbləğlər ekspert rəyindəki cədvəldə birbaşa göstərilməmişdir. Lakin cədvəldə göstərilmiş məlumatlardan istifadə etməklə həmin faiz məbləğlərini hesablamaq mümkündür. Belə ki, borcluya cəmi (14.12.2017-ci ilədək olan müddət üçün həm 14%-lə, həm 14.12.2017-ci il tarixdən 14.12.2020-ci il tarixləri arası müddət üçün də 5 faizlə) 392.036,18 manat faiz borcu hesablanmalıdır. Həmin məbləğdən 14.12.2017-ci ilədək olan müddət üçün həm 14%-lə hesablanmış məbləği (168.241,96 manat) çıxdıqda 14.12.2017-ci il tarixdən 14.12.2020-ci il tarixləri arası müddət üçün də 5 faizlə hesablanmalı olan faiz məbləğ alınır – 223.794,22 manat. Ekspert həmçinin qeyd etdi ki, cavabdeh tərəfindən əsas borcdan 1.779.167,23 manat, faiz borcdan isə 198.594,25 manat məbləğində ödənişlər edilmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ASC (qarant) ilə Cavabdeh MMC MMC (prinsipal) arasında bağlanmış 05 mart 2015-ci il tarixli 11/15-AZN saylı qarantiya müqaviləsindən müəyyən edilir ki, həmin müqavilənin predmeti prinsipal tərəfindən "xxxx" MMC(benefisiar) qarşısında öz öhdəliklərinin tamammilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti qarantın üzərinə götürməsidir. Həmin müqavilənin: 1.3-cü maddəsinə əsasən qarant prinsipala icra qarantiyasını 2.983.601,24 manat məbləğində verir. 2.2-ci maddəsinə əsasən benefisiar tərəfindən qarantiya üzrə tələbnamə verildikdən və pul məbləğinin tam və ya bir hissəsinin qarant tərəfindən ödənildikdən sonra müvafiq olaraq qarantiyanın tam və ya bir hissəsi dərhal kreditə çevrilir və qarant qaratiyanın tam və ya bir hissəsinin faktiki ödənilməsinə görə prinsipaldan ödənilmiş məbləğə illik 14 (on dörd) % hesablayır. 2.3-cü maddəsinə əsasən prinsipal qaranta qarantiyanın tam və ya hissə ilə ödənilmiş məbləği və bu müqavilənin 2.2-ci maddəsinə əsasən hesablanmış faizləri, qarantiyanın tam və ya bir hissəsinin qarant tərəfindən ödənildiyi tarixdən 30 (otuz) gündən gec olmayaraq qaytarmağı öz öhdəsinə götürür. Prinsipial borc məbləğini 30 (otuz) gün ərzində ödənilmədiyi təqdirdə qarant qarantiya üzrə ödənilmiş və qaytarılmamış məbləğə, məbləğ əmələ gələn gündən başlayaraq illik 28 % həcmində faiz hesablayır. 2.6-cı maddəsinə əsasən əgər benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantiya şərtlərinə uyğun deyildirsə və ya qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra qaranta təqdim edilmişdirsə, qarant bu tələbi ödəməkdən imtina edir. İddiaçı ASC-nin İdarə Heyətinin sədr əvəzinin 19.07.2017-ci il tarixli, 2-7383-17 saylı sərəncamı ilə "xxxx" MMC-dən daxil olan 06 iyul 2017-ci il tarixli 0000-0000-0053 saylı tələb məktubu üzrə tələb məbləği 3.503.141,24 manatın benefisiara onun təqdim etdiyi rekvizitlər üzrə köçürülməsi, 05 mart 2015-ci il tarixli 12/15-Azn saylı qarantiya müqaviləsində göstərilən şərtlərlə illik 14% olmaqla, 14 dekabr 2017-ci il tarixədək kreditə çevrilməsi qərara alınmışdır. 19.07.2017-ci il tarixli ********* saylı ödəmə tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına 3.503.141,24 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişə əsas kimi qarantiyanın ödənilməsi barədə 19.07.2017-ci il tarixli, 2-7383-17 saylı sərəncama istinad edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 19.04.2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Dəmirbank” ASC tərəfindən 19.07.2017-ci il tarixdə ödənilmiş 3.506.141,24 manat məbləğinin yalnız 2.983.601,24 manat hissəsinə faiz hesablandığı halda "xxxx" MMC-nin banka əsas borcu 1.723.974,01 manat, faiz borcu 193.441,94 manat təşkil edir. Müqavilə müddəti üçün illik 14 faizlə hesablanmış faiz məbləği 168.241,96 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 27 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nəzarət Palatasının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş 03.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin 05 mart 2015-ci il tarixli 11/15-AZN saylı qarantiya müqaviləsi üzrə 30.11.2020-ci il tarixə banka olan əsas borcu 1.930.527 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 810.494 manat, cərimə 891.062, MM-in 445.7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla hesablanmış faizlər 290.116 manat, cəmi borc 3.922.200 manat təşkil edir, müqavilənin müddəti 05.03.2015-14.12.2017-ci ildir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 03.10.2020-ci il tarixli bildirişdən görünür ki, MMC-dən 05.03.2015-ci il tarixli qarantiya müqaviləsi üzrə borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 05 mart 2015-ci il tarixli 11/15-AZN saylı qarantiya müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən qarant İddiaçı ASC benefisiar "xxxx" MMC-nin tələbi ilə prinsipal "xxxx" MMC-nın benefisiar qarşısındakı öhdəliyini 2.983.601,24 manat həcmində icra etməyi öhdəsinə götürmüşdür. 06.07.2017-ci il tarixdə benefisiar "xxxx" MMC 3.503.141,24 manat məbləğində pulun ödənilməsi barədə tələb irəli sürmüş və həmin tələb əsasında 19.07.2017-ci tarixdə İddiaçı ASC tərəfindən 3.503.141,24 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Hazırda ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu benefisiara ödənilmiş məbləğinin və ona müqavilə şərtlərinə əsasən hesablanmıış faiz və cərimənin cavabdeh AGT MMTX” MMC-dən tutulmasını tələb edir. Məhkəmə əsas borcun tutulması hissəsində iddia tələbinə münasibətdə əvvəla qeyd edir ki, İddiaçı ASC-nin "xxxx" MMC-nin tələbi əsasında 3.503.141,24 manat məbləğində pul vəsaitini ödəməklə "xxxx" MMC-nin "xxxx" MMC qarşısındakı öhdəliyini icra etməsi işin mübahisəsiz halını təşkil edir. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından da göründüyü kimi qarantiya müqaviləsində qarantiya məbləği 2.983.601,24 manat həddində müəyyən edilmişdir. Mülki Məcəllənin: 487.1-ci maddəsinə görə qarantın benefisiar qarşısında qarantiyada nəzərdə tutulan öhdəliyi qarantiya verilmiş məbləğin ödənilməsi ilə məhdudlaşır. Göründüyü kimi İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə köçürülmüş pulun yalnız 2.983.601,24 manat hissəsi qarantiya müqaviləsinin şərtlərinə əsasən ödənilmiş və həmin müqavilənin şərtlərinə uyğun olaraq kreditə çevrilmişdir. Odur ki, iddiaçı LPO İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu benefisiara ödədiyi məbləğin yalnız 2.983.601,24 manat hissəsini MM-in 489.1, 739 və 385.1-ci maddələrinə əsasən tələb etməkdə haqlıdır. Mülki Məcəllənin: 489.1-ci maddəsinə görə qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Ödənilmiş pulun qalan 519.540 manat hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin məbləğ qarantiya müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklərdən kənar ödənildiyindən həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 439.4ci və 1092.1-cı maddələri təşkil edir. Mülki Məcəllənin: 439.4-ci maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-cı maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin yuxarıda göstərilən hallarından müəyyən edilir ki, İddiaçı ASC-nin "xxxx" MMC-yə pul vəsaitinin ödənilməsi nəticəsində cavabdeh "xxxx" MMC "xxxx" MMC qarşısındakı öhdəliyindən azad olunmuş, bununla da əsassız olaraq varlanmışdır. Odur ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ödənilmiş pulun 519.540 manat hissəsinin əsassız varlanma obyekti olaraq qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulmalı olan əsas borcun məbləğinə gəldikdə qeyd edilməlidir ki, ekspert rəyi ilə İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə cəmi 3.503.141,24 manat məbləğində pulun (həmin qarantiya müqaviləsinə əsasən, həm də müqavilədən kənar) 1.779.167,23 manat hissəsi ödənilməsi, hal-hazırda həmin məbləğin qaytarılmamış hissəsiinin 1.723.974,01 manat təşkil eməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ödənilmiş pulun - əsas borcun qaytarılması tələbinə dair hissədə iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 1.723.974,01 manat məbləğində əsas borc tutulmalıdır. İş materiallarından həmçinin görünür ki, iddiaçı iddia ərizəsində benefisiara ödənilmiş əsas məbləğin qaytarılmasını tələb etməklə yanaşı həmin məbləğə qarantiya müqaviləsi şərtlərinə əsasən hesablanmış faizlərin tutulması tələbini də irəli sürmüşdür. Həmin tələbə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, qarantiya müqaviləsinin şərtlərində kreditə çevrilmiş qarantiya məbləğinə faiz borcunun illik 14%-lə, həmin məbləğ 1 ay müddətində ödənilmədikdə isə qarantiya məbləği ödənildiyi tarixdən illik 28%-lə hesablanması nəzərdə tutulmuşdur. İşin mübahisəedilməyən hallarından isə görünür ki, qarantiya məbləği bir ay müddətində qaytarılmamışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş qarantiya məbləğinə müqavilə şərtlərinə uyğun olaraq müqavilə müddəti üçün faiz borcu illik 28%-lə hesablanmalıdır. Cavabdehin faizlərin illik 28%-lə deyil, 14%-lə hesablanmalı olması barədə mövqeyinə əsaslandırmaq üçün istinad etdiyi - benefisiarın tələbi əsasında pulun ödənilməsi barədə sərəncamda faiz dərəcəsinin illik 14% məbləğində göstərilməsi barədə dəlilinə münasibətdə məhkəmə əvvəl qeyd edir ki, kreditə çevrilmiş qarantiya məbləğinə faizlərin dərəcəsi tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilməli olan müqavilənin mühüm şərtidir. Bu baxımdan birtərəfli sənəd olan İddiaçı ASC-nin İdarə Heyətinin sərəncamında illik faiz dərəcəsinin 14% göstərilməsi faizlərin tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş faiz dərəcəsi ilə hesablanmaması üçün əsas vermir. İkincisi, qeyd edilməlidir ki, sözügedən sərəncam əsas məbləğ benefisiara ödənilməmişdən əvvəl tərtib edilərək imzalanmışdır. Belə olan halda isə aydındır ki, sərəncam tərtib edilərkən İddiaçı ASC qarantiya məbləğinin müqavilə şərtlərə uyğun olaraq bir ay ərzində qaytarılmayacağını, belə olan halda faizlərin illik 28%-lə hesablanmalı olacağını qabaqcadan bilə və göstərilən halı həmin sərəncamda göstərə bilməzdi. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi benefisiara köçürülmüş məbləğin 519.540 manat hissəsi qarantiya məbləğindən kənar ödənildiyindən həmin məbləğə müqavilənin şərtlərinə əsasən faizlərin hesablanması üçün əsasların mövcudluğu müəyyən edilmir. Bundan əlavə müqavilə şərtlərinə əsasən faiz borcunun hesablanmalı olduğu müddətə gəldikdə məhkəmə qeyd edir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən, o cümlədən maliyyə arayışından da göründüyü kimi iddiaçı müqavilə şərtlərinə əsasən 14.12.2017-ci il tarixədək olan müddətə hesablanmış faiz borcunun ödənilməsi tələbini irəli sürmüşdür. Odur ki, qarantiya müqaviləsində qarantiyanın verilməsi müddəti kimi daha uzun müddət müəyyən edilmiş olsa belə, hazırkı iddia əsasında cavabdehdən yalnız 14.12.2017-ci il tarixədək olan müddətə müqavilə şərtlərinə əsasən hesablanmış faiz borcu tutula bilər. Müqavilə şərtlərinə əsasən cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə tərəfindən ekspertiza təyin edilərkən ekspert qarşısında əsas məbləğə faizlərin illik 28%-lə hesablanması barədə sual qoyulsa da, ekspert İddiaçı ASC-nin İdarə Heyətinin sədrinin sərəncamına əsaslanaraq əsas məbləğə illik 14%-lə faiz borcu hesablamışdır. Eyni zamanda cavabdehin illik 28%-lə 14.12.2017-ci il tarixədək olan müddətə olan faiz borcunun, eləcə də həmin tarixdən sonrakı müddət üçün illik 5%-lə hesablanmış faiz borcunun müəyyən edilməsi ilə bağlı ekspert qarşısında ayrı-ayrı suallar qoyulsa da, ekspert həm müqavilə şərtlərinə əsasən, həm də MM-in 445.7-ci maddəsinə əsasən hesablanmalı olan faiz borclarını toplayaraq vahid faiz borcu hesablamışdır. MPM-in: 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 206.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Məhkəmə ekspertin rəyini qiymətləndirərək hesab edir ki, ekspert məhkəmə tərəfindən qoyulmuş suallara tam şəkildə cavab verməmişdir. Lakin məhkəmə ekspert rəyində olan ekspertiza tədqiqatını əks etdirən hesablama cədvəlində əks olunmuş məlumatlardan istifadə etməklə faizlərinin hesablanmasının mümkün olmasını nəzərə olaraq təkrar ekspertizanın keçirilməsini zəruri hesab etmir. Belə ki, ekspert rəyindəki cədvələ əsasən qarantiya müqaviləsinin şərtlərinə uyğun ödənilmiş 2.983.601,24 manat məbləğinə 14.12.2017-ci il tarixinə illik 14 faizlə hesablanmış faiz məbləği 168.241,96 manat təşkil etdiyindən, eləcə də faizin hesablandığı tarixədək əsas borcdan hər hansı ödəniş edilmədiyindən aydındır ki, illik 28%-lə hesablanmış faizlər həmin məbləğin ikiqatını – 336.483,92 (168.241,96 manatx2) manat təşkil edəcəkdir. Ekspert rəyi ilə cavabdeh tərəfindən faiz borcundan 198.594,25 manat ödənilməsinin müəyyən edildiyini nəzərə alsaq adi riyazi hesablama aparmaqla belə nəticəyə gəlmək olar ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan müqavilə şərtlərinə əsasən hesablanmış faizlər üzrə qalıq borcu 137.889,67 manat təşkil edir. Odur ki, müqavilə şərtlərinə əsasən hesablanmış faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən 137.889,67 manat məbləğində faiz borcu tutulmalıdır. 14.12.2017-ci il tarixdən 14.12.2020-ci il tarixədək olan müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz borcunun tutulması barədə iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi ekspert rəyində 14.12.2017-ci il tarixədək olan müddətdə illik 14%-lə və 14.12.2017-ci il tarixdən 14.12.2020-ci il tarixədək olan müddət üçün illik 5%-lə hesablanmalı olan faizlər toplanaraq ümumi faiz borcu hesablanmışdır. Ekspert rəyinə əsasən əsas borc məbləğinə (onun qarantiya müqaviləsinin şərtlərinə əsasən ödənilmiş hissəsinə) hesablanmış ümumi faiz məbləğinin 392.036,18 manat olması, həmin məbləğin 14.12.2017-ci il tarixədək olan müddət üçün hesablanmış hissəsinin isə 168.241,96 manat olması müəyyən edilir. Belə olan halda isə aydındır ki, hesablanmış ümumi borcun 14.12.2017-ci il tarixdən 14.12.2020-ci il tarixədək olan müddət üçün illik 5%-lə hesablanmış hissəsi 392.036,18 - 168.241,96=223.794,22 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarının məzmunundan göründüyü kimi, iddiaçı müqavilə üzrə faizlərin hesablanmadığı müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bank uçot dərəcəsi ilə hesablanmış faizlərin ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5%-lə 14.12.2014-14.12.2020-ci il tarixləri arası müddət üçün hesablanmış faizlərin tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən 223.794,22 manat məbləğində faizlər tutulmalıdır. Borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi tələbinə gəldikdə məhkəmə qeyd edir ki, həmin hissədə iddianın qanuni əsasını Mülki Məcəllənin 462-ci maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin: 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Göstərilən normaların məzmunundan da göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula bilər və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Hazırkı halda iddiaçı cavabdehdən müqavilə öhdəliyinin icra edilməməsinə görə dəbbə pulunun ödənilməsini tələb etsə də, tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulunun tutulması barədə şərt nəzərdə tutulmamışdır, eləcə də iddiaçı qanun üzrə dəbbə pulunun tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Odur ki, dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat pul məbləğinin 75 (yetmiş beş) manat hissəsi iddiaçıdan, qalan 75 (yetmiş beş) manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1.723.974,01 manat (bir milyon yeddi yüz iyirmi üç min doqquz yüz yetmiş dörd manat bir qəpik) məbləğində əsas borc, 137.889,67 manat (yüz otuz yeddi min səkkiz yüz səksən doqquz manat altmış yeddi qəpik) məbləğində faiz borcu və 14.12.2017-ci il tarixdən 14.12.2020-ci il tarixinədək olan müddət üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 % olmaqla hesablanmış 223.794,22 manat (iki yüz iyirmi üç min yeddi yüz doxsan dörd manat iyirmi iki qəpik) məbləğində faiz borcu, ümumilikdə 2.085.657,9 manat (iki milyon səksən beş min altı yüz əlli yeddi manat doxsan qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat pul məbləğinin 75 (yetmiş beş) manat hissəsi iddiaçıdan, qalan 75 (yetmiş beş) manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-694/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-694/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver