Məhkəmə qərarları › İş №e-2-2(113)-6942/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6942/2024

27.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6942/2024 27.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümyəndəsi Vəkil, Cavabdehin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 900 azn pul vəsaitinin, eyni zamanda hüquqi yardım üçün 110 azn vəsaitin, 145 azn dövlət rüsumunun əvəzinin Cavabdeh tutulub ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə 2008-ci il buraxılışlı 77GY 612 dövlət qeydiyyat nişanlı, DAEWOO markalı avtomobili 28 000 manata almışdır. Belə ki, özünün 13000 azn pulu olduğundan çatışmayan 15000 azn pul vəsaitini qohumundan almış, bundan sonra isə qohumuna olan borcunu bağlamaq üçün Bank Respublikadan 15 000 azn pul götürmüşdür. Faizi ilə birlikdə 2 il üçün 19217, 45 azn qaytarmalı idi. Sonradan bankın borcunu ödəyə bilmədiyini anladığı üçün ona məxsus olan 2008-ci il buraxılışlı 77GY612 dövlət qeydiyyat nişanlı, DAEWOO markalı avtomobili satmaq niyyətinə düşdü. Cavabdeh ilə söhbət əsnasında avtobusu ona kredit şərti ilə satmağa razılaşdı. Razılığa görə avtomobilin qiymətini 28000 azn qiymətləndirildi. Cavabdeh 12250 manat beh ödədi, eyni zamanda maşının xırda problemlərinin həll edilməsi üçün 750 azn məbləğdən çıxmağa razılaşdı, nəticədə onun 15000 azn borcu qalmış oldu. Cavabdehə bildirdi ki, nağd şəkildə ödəyə bilirsə 15 000 azn qalan borcunu ödəsin, ödəyə bilmədiyi halda isə hər ay 800 azn olmaqla 19200 azn ödəməsinə razıdır. Cavabdehlə aralarında nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixdə müqavilə bağlandı və həmin müqaviləyə əsasən hər ay 800 azn olmaqla cavabdeh ona 19200 azn pul ödəməli idi. Sözügedən müqavilədən sonra cavabdeh ona ümumilikdə 1300 azn pul ödəmiş, nəticədə 17900 azn borcu qalmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlamağıma baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınır, buna görə də o pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin özgəninkiləçdirilməsi haqqında müqaviləyə əsasən:

8. Müqavilənin 1-ci bəndinə əsasən X2 ona məxsus olan DAEVVO BS090 Avtobus markalı nəqliyyat vasitəsini Cavabdeh satmışdır.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən avtomobil satış qiyməti 19200 manat müəyyən edilir.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı 2.1-ci bənddə müəyyən edilən 19200 manatı 24 ay müddətinədək hər ay 800 manat ödməyi öhdəsinə götürür.

11. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

16. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

18. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

19. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsini aylıq ödənişlər edilməsi şərti ilə cavabdehə satmış, lakin cavabdeh tərəfindən ödənişlərin edilməsində gecikdirmələr yaranmışdır. Belə ki, iş materiallarında olan ödəniş cədvəlinə əsasən xx.xx.2023-cü il tarixindən başlayaraq aylıq 800,73 manat olmaqla xx.xx.2025-ci il tarixinə kimi ödənişlərini etməli idi, lakin, göründüyü kimi cavabdeh müqavilə üzrə cəmi 2000 manat ödəniş etmişdir, 17900 manat ödənilməmiş qalmışdır.

20. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla –təsdiqini tapdığı üçün, iddia tələbinin 17900 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

21. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 17.900 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 17900 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

22. Bundan başqa iddiaçı tərəfindən 144,50 manat dəyərində dövlət rüsumu və 110 manat dəyərində vəkil xərci də cavabdehdən tutulması tələb olunmuşdur.

23. Lakin, iddiaçı tərəfindən vəkil xərcinin əvəzinini ödənilməsini təsdiq edən hərhansı sənəd iş materiallarına əlavə edilməmişdir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

26. Məhkəmə hesab edir ki, əsas borca dair hissədə iddia təmin edildiyindən iş üzrə ödənilmiş 144,50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. 110 manat vəkil xərcininin əvəzinin ödənilməsinə dair sübut olmadığı üçün, həmin hissədə iddia rədd edilməlidir.

V. Nəticə:

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 17900 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 144,50 manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar