Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6975/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı 16 saylı Bakı Peşə Litseyinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu; akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı 16 saylı Bakı Peşə Litseyinin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı 16 saylı Bakı Peşə Litseyi (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2001-2010-cu illərdə 16 №li Bakı Peşə Liseyinin adına tərtib etdiyi ödəniş qəbzləri və qeydə alınmış borc məbləğinin etibarsız hesab olunması, 16 №li Bakı Peşə Liseyinin adına qeydə alınmış 29441,34 manat borc vəsaitinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən 16 №li Bakı Peşə Liseyinin hesabına qazın sərfiyyatı ilə bağlı 29441.34 (iyirmi doqquz min dörd yüz qırx bir manat otuz dörd qəpik) manat borc qeydə alınmışdır. Müəssisə 1984-cü ildə yaradılmış və 190 №li X2 Məktəbi adı ilə adlandırılmış, 1996-cı ildən isə 16 №li Bakı Peşə Liseyi adı altında fəaliyyət göstərmişdir. Lakin, müəssisə yarandığı gündən bəri qaz xəttinə qoşulmamışdır. Məlumdur ki, müəssisə qaz xəttinə qoşulmadığı və qaz sərfiyyatı etmədiyi halda qaz istehlakçısı ola bilməz. Lakin, Cavabdeh Peşə Liseyinin adına qaz xəttinin çəkilməsi ilə bağlı müqavilə olmadığı halda hər ilin müvafiq aylarına uyğun olaraq 2001- 2010-cu illərdə ödəniş qəbzləri tərtib etmiş və borc qeydə almışdır, halbuki həmin qəbzlərdə də təhsil müəssisəsinin həmin müddətdə qaz istehlak etmədiyi qeyd edilmişdir. xx.xx.2024 –cü il tarixində Cavabdeh əməkdaşı Muradov Bəhruz təhsil müəssisəsində olmuş, məsələ ilə bağlı müvafiq baxışı həyata keçirmiş və müəssisənin qaz xəttinə qoşulmadığını təsdiq etmişdir. Bundan sonra müəssisə Cavabdehndən dəfələrlə borcu silməsini xahiş etsə də, qurum bununla bağlı müvafiq tədbirləri görməmiş və borc silinməmişdir. Həmçinin, 16 №li Bakı Peşə Liseyinin direktoru Nümayəndə1A məsələ ilə bağlı Bakı Regional Qazın Satışı Departamentinə müraciət etmiş, departament isə 14 fevral 2024 tarixli, 14-2-2-4/2-340/2024 nömrəli müraciətə baxılması barədə cavab məktubu göndərmiş və müraciətdə qeydə alınmış borcun təbii qaz istifadəsinə görə yaranmış debitor borc olduğunu qeyd edərək problemi həll etməmişdir.
3. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 16 №li Bakı Peşə Liseyinin adına qeydə alınmış 29441,34 manat borc vəsaitinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya məxsus sahəyə ümumiyyətlə sayğac qoşulmamış, onların ümumiyyətlə qaz təchizatı olmamış, təbii qazdan istifadə olmamışdır. Qaz xəttinə qoşulması üçün cavabdehə müraciət etdikdə, onların 29441,34 manat borclarının olması bildirilmiş, lakin borcun nə zaman, hansı qaydada hesablanması açıqlanmamışdır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.8-ci bəndinə əsasən peşə təhsili müəssisəsinin müstəqil balansı, istifadəsində olan dövlət və ya bələdiyyə əmlakı, bank hesabı, üzərində tabe olduğu dövlət orqanının (qurumun) və ya bələdiyyənin adı, həmçinin öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
9. Həmin Nizamnamənin 1.9-cu bəndinə əsasən peşə təhsili müəssisəsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Peşə təhsili müəssisəsinin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
10. Həmin Nizamnamənin 1.11-ci bəndinə əsasən qanuna uyğun olaraq, peşə təhsili müəssisəsinin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Peşə təhsili müəssisəsi məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
11. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarış əsasən iddiaçı xx.xx.2005-ci ildə dövlət qeydiyyatına alınmışdır.
12. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14-2-2-4/2- 340/2024 nömrəli məktuba əsasən, iddiaçının istehlakçı hesabında 29441,34 manat debitor borcunun yaranması göstərilmişdir.
13. İddiaçının abonent saldosuna görə iddiaçıya 2010-cu ilin may ayında akt əsasında 29441,34 manat borc hesablanmışdır.
14. Belə ki, materiallarda olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsi, bina 1000, mənzil 0000, abonent kodu: **********00000) 2010-cu ilin may ayında akt əsasında 29441,34 manat borc hesablanmışdır. Lakin həmin akt (ümumiyyətlə mövcuddursa) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, borcun əsaslı olması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Abonent saldosundan görünür ki, iddiaçı tərəfindən qazdan istifadə edilməmiş, sərfiyyat borcu mövcud deyildir. İddiaçının hazırda silinməsini xahiş etdiyi borc 2010-cu ilin may ayında akt əsasında hesablanmış borcdur.
15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
16. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
18. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
19. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
20. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
21. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
23. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
24. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
25. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
26. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.
27. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.
28. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
29. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borcun əsaslı olması cavabdeh tərəfindən sübuta yetirilməmiş, iddiaçı barəsində tərtib edilmiş akt ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Belə olan halda mövcudluğu ehtimal edilən akt üzrə cavabdeh iddiaçıya 29441,34 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.
30. Bundan əlavə, iddiaçının abonent hesabına işlənmiş 29441,34 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından hesablanmış borc da əsaslı hesab edilə bilməz.
31. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına daxil edilmiş 29441,34 manat məbləğində borc silinməlidir.
32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 29441,34 manat məbləğində borc silinməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən 178,33 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı 16 saylı Bakı Peşə Litseyinə əsassız olaraq hesablanmış 29441,34 (iyirmi doqquz min dörd yüz qırx bir manat otuz dörd qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdeh İB-dən 178,33 (bir yüz yetmiş səkkiz manat otuz üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova