Məhkəmə qərarları › İş №e-2-2(113)-6995/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6995/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6995/2025 27.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə pul tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 may 2023-cü il tarixli BFM 05/23/004 saylı müqavilə üzrə Cavabdeh MMC-dən (VÖEN: **********) 31 860.00 manat məbləğində pulun və dövlət rüsumu qismində iddiaçı tərəfindən ödənilmiş 186 (bir yüz səksən altı) manat məbləğində, ümumilikdə 32 046.00 (otuz iki min qırx altı) manat pulun iş üzrə cavabdehdən tutularaq iddiyaçıya ödənilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh MMC(VÖEN: **********) ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində İddiaçı (VÖEN: **********) arasında 25 may 2023-cü il tarixli BFM 05/23/004 nömrəli müqavilə (bundan sonra “Müqavilə” adlanacaq) bağlanmışdır. Həmin Müqavilənin predmetinə əsasən Birinci tərəf/İddiaçı idarəetməsində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 14 901.7 ha qeyri yaşayış sahəsini (25 may 2023-cü il tarixli 01 nömrəli Əlavəyə əsasən əmlak, avadanlıq və tikililərlə birgə) (bundan sonra “obyekt” adlandırılacaq) İkinci tərəfə /Cavabdehə qorunub saxlanılması və səmərəli istifadə edilməsi məqsədi ilə təhvil verməyi, İkinci tərəf /Cavabdeh isə obyektdən istifadəyə görə Müqavilə ilə müəyyən edilmiş qaydada ödənişi Birinci tərəf /İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 25 may 2023-cü il tarixli BFM 05/23/004 nömrəli müqavilə və əlavəsinə əsasən İddiaçı idarəetməsində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 14 901.7 ha qeyri yaşayış sahəsini Cavabdehə təhvil vermiş, Cavabdeh obyekti təhvil almış, lakin müqavilə üzrə öhdəliklərini pozaraq bu günədək qalıq ödənişlərini ödəməmişdir. Bu günə Cavabdehin 25 may 2023-cü il tarixli BFM 05/23/004 nömrəli müqavilə üzrə iddiaçıya 31860.00 (otuz bir min səkkiz yüz altmış) manat borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 25 may 2023-cü il tarixli BFM 05/23/004 saylı müqaviləyə əsasən:

8. Müqaviləin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Birinci tərəf” balansında olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 14 901.7 m2 qeyri yaşayış sahəsini, (bundan sonra “obyekt” adlandırılacaq) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (təhvilqəbul aktı) adları qeyd olunan dövlət əmlaklarının qorunub saxlanılması, dövlət müəssisə və obyektlərinin sağlamlaşdırılması məqsədi ilə “İkinci tərəfə səmərəli istifadə edilməsi üçün təhvil verir.

9. Müqaviləin 2.1-ci bəndinə əsasən “Birinci tərəf” müqavilənin predmetində göstərilən obyekti və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (təhvil-qəbul aktı) adları qeyd olunan dövlət əmlaklarını “ikinci tərəfə” təhvil verir.

10. Müqaviləin 2.2-ci bəndinə əsasən “ikinci tərəf qəbul etdiyi obyektin və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (təhvil-qəbul aktı) adları qeyd olunan dövlət əmlaklarının qorunmasını, yararlı vəziyyətdə saxlanılmasını, “Birinci tərəfin” tələbi ilə və ya bu müqavilənin vaxtı bitdikdə obyekti və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (təhvil-qəbul aktı) adları qeyd olunan dövlət əmlaklarını “Birinci tərəfdən” qəbul etdiyi vəziyyətdə geri qaytarmasını öhdəsinə götürür.

11. Müqaviləin 2.3-cü bəndinə əsasən “ikinci tərəf” bu müqavilənin predmeti və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (təhvil-qəbul aktı) adları qeyd olunan dövlət əmlakları ilə bağlı fəaliyyətindən yaranan cari vergi öhdəliklərini və sair icbari (məcburi) ödənişləri ödəyir.

12. Müqaviləin 2.4-cü bəndinə əsasən müqavilənin predmetinin və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (təhvil-qəbul aktı) adları qeyd olunan dövlət əmlakları təyinatına uyğun istismarı və istifadəsi zamanı müvafiq təhlükəsizlik qaydalarına əməl olunması “ikinci tərəf”-in öhdəsindədir.

13. Müqaviləin 2.5-ci bəndinə əsasən əməyin mühafizəsi, texniki, yanğın və digər təhlükəsizlik qaydalarına tam riayət etmək “ikinci tərəf”-in öhdəsindədir.

14. Müqaviləin 2.6-cı bəndinə əsasən istifadə zamanı baş verəcək hər hansı bədbəxt hadisəyə görə “ikinci tərəf” tam məsuliyyət daşıyır.

15. Müqaviləin 2.7-ci bəndinə əsasən müqavilənin müddəti bitdikdə və ya ona hər hansı əsasla xitam verildikdə “ikinci tərəf” müqavilənin predmeti olan obyekti və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (təhvil-qəbul aktı) adları qeyd olunan dövlət əmlaklarını “Birinci tərəfə” qəbul etdiyi vəziyyətdə qaytarır.

16. Müqaviləin 2.8-ci bəndinə əsasən “ikinci tərəf” müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımı qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür.

17. Müqaviləin 2.9-cu bəndinə əsasən “ikinci tərəf” müqavilənin predmeti olan obyekti və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (təhvil-qəbul aktı) adları qeyd olunan dövlət əmlaklarını ikinci əldən və ya digər formada başqa şəxsin istifadəsinə verə bilməz.

18. Müqavilənin 2.10-cu bəndinə əsasən “ikinci tərəf” müqavilənin predmeti olan obyektdə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (təhvil-qəbul aktı) adları qeyd olunan dövlət əmlaklarında əsaslı təmir işləri apara bilməz, yalnız cari təmir işləri apara bilər.

19. Müqaviləin 3.1-ci bəndinə əsasən müqavilənin mövzusuna uyğun olaraq əldə ediləcək gəlirlərdən “İkinci tərəf” “Birinci tərəfin” Bank hesabına aylıq 6000.00 manat ödəyir.

20. Müqaviləin 3.2-ci bəndinə əsasən aylıq ödəniş cari ayın 5-i tarixinə kimi ödənilir.

21. Müqaviləin 5.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin qəsdən pozulmasına və öhdəliyin yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

22. Müqaviləin 5.2-ci bəndinə əsasən yaranmış mübahisəli məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər müvafiq qanunvericilik aktlarına uyğun həll edilir.

23. Müqaviləin 5.3-cü bəndinə əsasən tərəflər arasında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı anlaşma ilə həll etmək mümkün olmadıqda, belə məsələlərə Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrində baxılacaqdır.

24. xx.xx.2023-cü il tarixli tərəflər arasında bağlanmış müqaviləyə Əlavə 01№-li Təhvil qəbul Aktına əsasən 162 adda göstərilən əmlaklar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

25. İddiaçı tərəfindən cavabdehə işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli EBDG 897034 saylı 7080 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDİ 414327 saylı 7080 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 256855 saylı 7080 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 623339 saylı 7080 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDO 292710 saylı 7080 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDQ 199686 saylı 7080 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDS 928079 saylı 7080 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDU 658136 saylı 7080 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 517083 saylı 7080 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDZ 530360 saylı 7080 manat məbləğində e-qaimələr göndərilmişdir.

26. Köçürmələrin aparılması barədə bildirişlərə əsasən 2023-cü il tarixlərini əhatə edən dövr üzrə cavabdeh tərəfindən iddiaçının ƏDV borcu üzrə hesabına 5940 manat məbləğində ödəniş edilmişdir.

27. Ödəniş qəbzlərinə əsasən 2023-cü ilin iyun-noyabr tarixlərini əhatə edən dövr üzrə cavabdeh tərəfindən iddiaçının hesabına 18000 manat məbləğində ödəniş edilmişdir.

28. 10 okytabr 2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli BFM 05/23/004 saylı müqaviləyə əsasən Cavabdeh MMC-nin may 2023-fevral 2024-cü il tarixləri arasında hesablanmış məbləğ 70800 manat, ödənilmiş məbləğ – 38940 manat və iddiaçıya qalıq borcu 31.860 manat təşkil edir.

29. xx.xx.2024-cü il traixli Baxış (monitorinq) Aktına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14922 qeydiyyat nömrəli Registrdən Çıxarışı əsasında Mərkəzin idarəetməsində olan və Cavabdeh MMC tərəfindən 25 may 2023-cü il tarixli, BFM 05/23/004 nömrəli müqaviləyə əsasən istifadə edilən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 14901,7 kv.m. olan “Əmlak kompleksi” ndə (bundan sonra - Əmlak kompleksi) əsas vəsaitlərin mövcudluğunun, istismar vəziyyətinin yoxlanılması məqsədilə xx.xx.2024-cü il tarixdə Əmlak kompleksinin ərazisində monitorinq aparılmışdır. Aparılmış monitorinq zamanı Cavabdeh MMC-nin Əmlak kompleksinin ərazisində olmadığı müəyyən edilmişdir.

30. Məhkəmə, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

31. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

35. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

37. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;

38. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

39. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

40. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında 25 may 2023cü il tarixli BFM 05/23/004 saylı müqavilə bağlanmışdır. Müqavilənin adı icarə müqaviləsi olmasa da, lakin müqavilənin məzmunundan belə anlaşılır ki, iddiaçı müəyyən əmlakı cavabdehin istifadəsinə verir, cavabdeh isə aylıq olaraq sabit məbləğdə icarə haqqını ödəyir. Belə ki, həmin müqaviləin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Birinci tərəf” balansında olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 14 901.7 m2 qeyri yaşayış sahəsini, (bundan sonra “obyekt” adlandırılacaq) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (təhvil-qəbul aktı) adları qeyd olunan dövlət əmlaklarının qorunub saxlanılması, dövlət müəssisə və obyektlərinin sağlamlaşdırılması məqsədi ilə “İkinci tərəfə səmərəli istifadə edilməsi üçün təhvil verir. Müqaviləin 3.1-ci bəndinə əsasən müqavilənin mövzusuna uyğun olaraq əldə ediləcək gəlirlərdən “İkinci tərəf” “Birinci tərəfin” Bank hesabına aylıq 6000.00 manat ödəyir. İddiaçı tərəf müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdehin müqavilə üzrə ödənilməmiş borcu qalmışdır.

41. Məhkəmə hesab edir ki, istifadə üçün veriləm əmlakların cavabdehə verilməsi təqdim olunmuş sübutlarla (təhvil-qəbul aktı, qaimələr və ödənişlər ilə) təsdiqini tapdığından iddia tələbinin əsas borc hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Beləliklə 25 may 2023-cü il tarixli BFM 05/23/004 saylı müqavilə üzrə 31860 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

42. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 186 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyi üçün 186 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 25 may 2023-cü il tarixli BFM 05/23/004 saylı müqavilə üzrə 31.860 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 186 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar