Məhkəmə qərarları › İş №e-2-2(113)-700/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-700/2025

08.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-700/2025 08.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X1rşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, iddia müddəti) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X1rşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 37868,14 manat borcun və 204 manat dövlət rüsumunun cavabdehdən tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, LSLC-2018/76 saylı müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh təşkilat tərəfindən 298882,72 manat ödənilməli, İddiaçı MMC tərəfindən isə emal naqilləri təminatını həyata keçirilməli idi. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam icra edilmiş, lakin cavabdeh təşkilat öhdəliklərini icra etməmiş, 37868,14(otuz yeddi min səkkiz yüz altimiş səkkiz manat on dörd qəpik) manat borcu hazırki günədək ödəməmişdir. Hətta cavabdeh təşkilatla birlikdə araşdırma aparılmış və borcların üzləşdirilməsi aktı tərtib edilmişdir. Həmin aktda da cavabdeh təşkilatın 37868,14 (otuz yeddi min səkkiz yüz altmış səkkiz manat on dörd qəpik) manat borcu ölduğu sübuta yetirilmişdir. Cavabdehlə dəfələrlə danışıqlar aparılmış, cavabdeh tərəfindən heç bir əməli tədbir görülməmiş, ödəniş həyata keçirilməmiş, borcün qaytarılacağını bildirsədə, hazırki günədək öhdəliklərini icra etmir. Cavabdehə məhkəməqabağı pretenziya göndərilərək, borcunun ödənilməsi tələb edilmişdir. Cavabdeh məhkəməqabağı pretenziyanı almış olsa da, bu günə kimi borc ödənilməmişdir. Bundan sonra cavabdehə mediasiya təklifi göndərilmiş, mediasiya prosesi keçirilmiş, lakin tam mediasiya sessiyası keçirilməmiş yəni tərəflər arasında tam razılıq əldə edilməmişdir.

3. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək hazırkı iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə xx.xx.2018-ci il tarixində bağlanmış, müqavilənin xüsusi şərtlərinin 18-ci bəndində müqavilənin icra müddətinin bitdiyi tarixdən 1 il müddətində qüvvədə olduğu, 19-cu bəndində isə müqavilənin icra müddətinin 1 il müəyyən olduğu göstərilmişdir. Müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Üzləşmə aktı müqavilənin icra müddətinin bitməsindən 3 il 1 ay 22 gün sonra imzalanmış, mübahisə ilə bağlı 3 illik iddia müddəti ötürülmüşdür.

5. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə ünvanlayaraq tərəflər arasında bağlanmış Əlavə razılaşma 2 imzalanaraq müqavilənin icra müddətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək uzadıldığı üçün iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında alqı-satqı müqaviləsi olmuş, həmin müqavilə üzrə müxtəlif çeşidli mallar cavabdehin sifarişi əsasında ona 2018ci ildə təhvil verilmiş (bəzi aktlar üzrə də mallar 2018-ci ildə təhvil verilmiş olsa da tarix olaraq 2019 göstərilmişdir), təhvil verilmiş mallarla bağlı iddiaçı tərəfindən cavabdehə 2018-ci ildə 3 hesab faktura təqdim edilmiş, həmin fakturalardan ilk ikisi üzrə ödənişlər edilsə də, üçüncü faktura üzrə hər hansı ödəniş edilməmişdir. Hazırkı tələbi iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 89 nömrəli fakturadan irəli gəlir. Cavabdehin iddiaçıya olan borcu hazırkı tələbdən çox olsa da, cavabdeh yalnız hazırkı borcu qəbul etdiyi üçün etiraf olunan həmin borcu tələb edir. Cavabdehə borcla bağlı təqdim edilmiş elektron qaimə cavabdeh tərəfindən dərhal ləğv edilmiş, riskli vergi ödəyicisi olduqları üçün cavabdehə təkrarən borcla bağlı elektron qaimə göndərilməmişdir. Müqavilə müddəti uzadıldığı üçün hesab edir ki, iddia müddəti keçməmişdir. Cavabdeh borcu ödəyəcəyi ilə bağlı ona vədlər vermiş, bu səbəbdən məhkəməyə gec müraciət edilmişdir.

7. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Nuhov izahatında bildirdi ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə üzrə qismən ödənişlər edilmiş, borcla bağlı iddiaçı tərəfindən onlara 2018-ci ildə hesab fakturalar təqdim edilmişdir. İddiaçı 3 illik iddia müddətini ötürdüyü üçün iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir.

8. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

9. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli borcların qarşılıqlı üzləşmə aktına görə cavabdehin xx.xx.2023-cü il tarixinə iddiaçıya 37868,14 manat borcu vardır.

12. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, LSLC-2018/76 saylı mallar üzrə satınalma müqaviləsinin 2.1-ci bəndinə görə sifarişçi emallı naqillərin satın alınması üzrə icraçının ƏDV daxil 298882,72 manat məbləğində təklifini qəbul etmişdir.

13. Müqavilənin 2.2-ci bəndinə görə icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan 1 nömrəli Əlavədə göstərilən malların təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş müddətə aradan qaldırılmasına təminat verir.

14. Müqavilənin 13.1-ci bəndinə görə müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır.

15. İddiaçı və cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, LSLC-2018/76 saylı mallar üzrə satınalma müqaviləsinin xüsusi şərtləri təsdiq edilmişdir.

16. xx.xx.2018-ci il tarixli, LSLC-2018/76 saylı müqaviləyə 1 nömrəli əlavəqiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə təhvil veriləcək malların adı, ölçü vahidi, miqdarı, vahidinin qiyməti və ƏDV-siz qiymət razılaşdırılmışdır.

17. 04 mart 2014-cü il tarixli 46 nömrəli akta görə cəmi 511,80 kq, 25 yanvar 2019-cu il tarixli 45 nömrəli akta görə cəmi 639,04 kq, 28 dekabr 2018-ci il tarixli 43 nömrəli akta görə cəmi 95,50 kq, 17 dekabr 2018-ci il tarixli 41 nömrəli akta görə cəmi 207,50 kq, 16 noyabr 2018-ci il tarixli 36 nömrəli akta görə cəmi 37,90 kq, 13 noyabr 2018-ci il tarixli 35 nömrəli akta görə cəmi 83,15 kq, 26 sentyabr 2018-ci il tarixli 30 nömrəli akta görə cəmi 505,38 kq, 30 avqust 2018-ci il tarixli 27 nömrəli akta görə cəmi 285,10 kq, 09 avqust 2018-ci il tarixi akta görə cəmi 305,14 kq mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

18. xx.xx.2018-ci il tarixli, LSLC-2018/76 saylı müqaviləyə dair xx.xx.2022-ci il tarixli 2 nömrəli əlavə razılaşmanın 1.1-ci bəndinə görə müqavilənin icra müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmışdır.

19. İddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixli 87 nömrəli (30635,31 manat məbləğində), xx.xx.2018-ci il tarixli 88 nömrəli (15115,73 manat məbləğində), xx.xx.2018ci il tarixli 89 nömrəli (67840,15 manat məbləğində) hesab-fakturalar təqdim olunmuşdur.

20. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci ildə 25400 manat, xx.xx.2018-ci ildə 12809,93 manat vəsait ödənilmişdir.

21. İddiaçının elektron vergi sistemindən çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə göndərilmiş EBBL 807461 saylı, xx.xx.2021-ci il tarixli (13280,37 manat) elektron qaimə xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir.

22. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia iddia təmin edilməməlidir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

25. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

26. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

27. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

29. Materiallardan görünür ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmiş, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməyərək müqavilə üzrə yaranmış 37869,14 manat borcunu hazıradək ödəməmişdir.

30. Cavabdehin iddiaçıya 37869,14 manat borcunun olması materiallarda olan alqısatqı müqaviləsi, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 2018-ci il tarixli 87, 88 və 89 nömrəli hesab fakturalar, iddiaçının bank hesabından çıxarış, habelə tərəflər arasında imzalanmış üzləşmə aktı ilə öz təsdiqini tapmışdır.

31. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddianı qaldırmaqla müvafiq subyektiv hüquqa malikdir.

32. Bununla yanaşı, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

34. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

35. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

36. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

37. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

38. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı təhvil verilmiş malların dəyərinin ödənilməsi üçün yaranmış borcla bağlı tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin 13.1-ci bəndinə əsasən cavabdehə 2018-ci ildə hesab faktura təqdim etmiş (xx.xx.2018-ci il tarixli, 89 nömrəli), həmin faktura üzrə hər hansı ödənişin edilmədiyi, fakturanın 2018-ci ildə cavabdehə təqdim edilmiş olduğunu hər iki tərəfin nümayəndəsi ayrı-ayrılıqda məhkəmə iclaslarındakı izahatlarında təsdiq etmişlər.

39. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən 30 iş günü keçdikdən (müqavilənin 13.1-ci bəndinə əsasən ödənişin edilməli olduğu son gün) sonra başlanmış, iddiaçı hazırkı tələblə bağlı cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2024-cü il tarixdə göndərmişdir.

40. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

41. Beləliklə, iddiaçı tərəfindən qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.

42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

43. Həmin Məcəllənin 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.

44. Məhkəməyə hazırkı iddia ərizəsi verilənə qədər iddia müddətinin axımı kəsilməmişdir (belə ki, materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş xx.xx.2018-ci ildə edilmiş, üzləşmə aktı isə 3 illik iddia müddəti bitdikdən sonra xx.xx.2023-cü il tarixdə imzalanmışdır).

45. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

46. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

47. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

48. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).

49. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

50. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

51. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.

52. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini açıqaşkar ötürdüyündən, cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən iddia təmin edilməməlidir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 204 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X1rşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar