Məhkəmə qərarları › İş №e-2-2(113)-7005/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7005/2024

26.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7005/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daxili maliyyə lizinqi müqaviləsi, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 06/6332/YİLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən 3329,95 manat əsas borc, 2766,91 manat mükafat borcu və 111 manat penya olmaqla ümumilikdə 6207,86 manat lizinq borcunun və ödənilmiş 129 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 06/6332/YİLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən müqavilədə göstərilən 1 ədəd, 2006-ci il buraxılışı olan, “Opel Astra” minik markalı (ban nömrəsi: W0L0AHL**********) nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 15678 manat təşkil edir. Bu ümumi məbləğdən 4725 manat lizinq verənin mükafatıdır. Tərəflərin razılığına görə lizinq ödənişləri müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Belə ki, hər ay 435,49 manat ödəniş şərtləşdirilmiş, illik faiz dərəcəsi 25% olmaqla 36 ay müddətinə lizinq verilmişdir. Cavabdeh müqaviləyə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən etibarən 36 ay müddətində hər ay 435,49 manat ödəniş edilməli olduğu təqdirdə heç bir ödəniş edilməmişdir. 2.2. Yaranmış borcla bağlı iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin bir tərəfli qaydada xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386.1, 748-1.12.4, 748-10.1 və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin ilk baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi X1 müqavilə üzrə borcu tələb etdiklərini, lakin ödəniş edilmədiyini, etibarnamə olmadan idarə edildiyi üçün nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirildiyini, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra nəqliyyat vasitəsinin tapıldığını və hazırda iddiaçıda olduğunu bildirdi.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh nəqliyyat vasitəsini faktiki olaraq iş yoldaşı Şahin adlı şəxsin lizinqə götürdüyünü, yalnız sənədləşmə işlərində iştirak etdiyini, iş yoldaşının nəqliyyat vasitəsini onun adına qeydiyyata aldırdığını, satıldıqdan sonra qeydiyyatdan çıxaracağını bildirdiyini, nəqliyyat vasitəsini istifadə etmədiyini bildirmişdir.

8. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh VÖEN-i olsa da, nəqliyyat vasitəsini lizinqə götürmədiyini, Şahin adlı şəxsin nəqliyyat vasitəsini alqı-satqı etmək üçün lizinqə götürdüyünü, bu işdə heç bir marağının olmadığını, etibar etdiyi şəxs olduğu üçün sənədi imzaladığını, nəqliyyat vasitəsinin Şahin adlı şəxs tərəfindən etibarnaməsiz idarə olunduğu üçün cərimə meydançasına yerləşdirildiyini, lizinq şirkətindən etibarnamə almadığını, Şahin adlı şəxsin lizinq şirkətinə ödəniş etməsi barədə məlumatı olmadığını bildirmişdir.

9. Məhkəmənin sonuncu baxış iclasında tərəflər iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış (birinci Lizinq verən, ikinci Lizinq alan qismində) xx.xx.2023-cü il tarixli 06/6332/YİLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin predmet, müddət və təhvil-təslimlə bağlı şərtlərindən görünür ki, lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya “lizinq alan” tərəfindən seçilmiş, “lizinq verən”lə “satıcı” arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd 2006-ci il buraxılışı olan “Opel Astra” minik markalı (ban nömrəsi: W0L0AHL**********) nəqliyyat vasitəsini “lizinq alan”ın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. “Lizinq alan” isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə “lizinq verən”ə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür (2.1-ci bənd). Hazırkı maliyyə lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin “lizinq alan”a təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2026-cı il tarixinədək qüvvədədir (3.1-ci bənd). Lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin təhvil-təslimi maliyyə lizinqi müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi “təhvil-təslim aktı” ilə rəsmiləşdirilir (6.1-ci bənd).

14. Adıçəkilən müqavilənin lizinq ödənişləri ilə bağlı şərtlərindən görünür ki, lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə lizinq ödənişlərinin ödənilməsi qaydası lizinq ödənişləri qrafiki (müqaviləyə Əlavə №1) ilə müəyyən edilir (9.2-ci bənd). Lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişləri: cəmi ödəniş – 15678 manat, əmtəənin dəyəri – 10953 manat, mükafat – 4725 manat, illik faiz – 25% təşkil edir. Tərəflər razılaşır və qəbul edirlər ki, lizinq ödənişləri lizinq alan tərəfindən maliyyə lizinqi müqaviləsi və təhvil-təslim aktı imzalandıqdan sonra bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçiriləcəkdir (9.4-cü bənd).

15. Sözügedən müqavilə üzrə ödəniş qrafikindən görünür ki, ilkin ödəniş tarixi 2023cü ilin iyul ayının 1-i, son ödəniş tarixi 2026-cı ilin iyun ayının 1-i olmaqla ümumilikdə 15677,64 manat məbləğində lizinq ödənişi (aylıq 435,49 manat) razılaşdırılmışdır.

16. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Opel Astra” minik markalı, W0L0AHL********** şassi, mühərrik, **-PF-*** qeydiyyat nişanları olan nəqliyyat vasitəsi lizinq alana təhvil verilmişdir.

17. Məhkəməyə təqdim edilən maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 06/6332/YİLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən cavabdehin 3329,95 manat əsas borc, 2766,91 manat mükafat borcu və 111 manat penya olmaqla cəmi 6207,86 manat lizinq borcu mövcuddur.

18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 06/6332/YİLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, həmin müqavilə ilə lizinq verən ümumi məbləği 15 678 manat olan 1 ədəd 2006-ci il buraxılışı “Opel Astra” minik markalı nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə vermək şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyekti cavabdehə təhvil verilmiş, ilkin ödəniş tarixi 2023-cü ilin iyun ayı, son ödəniş tarixi 2026-cı ilin iyun ayı olmaqla ümumilikdə 15677,64 manat məbləğində lizinq ödənişi razılaşdırılmış, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir.

19. İddiaçı xx.xx.2023-cü il tarixli 06/6332/YİLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə əsas borc üzrə 3329,95 manat, mükafat borcu üzrə 2766,91 manat məbləğində pulun tutulmasını tələb edir.

20. Cavabdeh xx.xx.2023-cü il tarixli 06/6332/YİLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsini bağladığını, lakin lizinq obyektini dostuna verdiyini və ödəniləri də sonuncunun etməli olduğunu bildirir.

21. Məhkəmə mübahisənin həlli üçün əvvəla lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.

22. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

23. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

24. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).

25. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.

26. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixə olan 3329,95 manat əsas borc, 2766,91 manat mükafat borcunu tələb edir. Məhkəmə icraatının gedişində nəqliyyat vasitəsinin əvvəlcə cərimə meydançasında olduğu, daha sonra isə iddiaçı tərəfinfən təhvil alındığı müəyyən olunmuşdur.

27. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, əsas borcun və mükafat məbləğinin tutulması hissəsində iddia qismən əsaslıdır.

28. Belə ki, xx.xx.2023-cü il tarixli 06/6332/YİLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsiinin ödəniş qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixə qədər 14 ay üçün əsas borcun məbləği 3329,93 (207,3 + 211,62 + 216,03 + 220,53 + 225,12 + 229,81+ 234,6 + 239,49 + 244,48 + 249,57 + 254,77 + 260,08 + 265,5 + 271,03) manat, mükafat borcunun məbləği isə 2766,91 manat olmaqla cəmi borc 6096,84 manat təşkil edir.

29. Cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, etirazın əsası kimi istinad olunan hallar əsassızdır. Belə ki, təhvil-təslim aktına əsasən lizinq obyektinin cavabdehə təhvil verildiyi təsdiq olunur, cavabdeh də bu halı mübahisələndirmir. Tərəflər arasında bağlanmış müqavilənin 4.4.8-ci bəndinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət daşımaq lizinq alanın vəzifəsi kimi təsbit olunmuşdur. Oxşar müddəalar, Mülki Məcəllənin 748-7-ci maddəsində də təsbit olunmuşdur. Odur ki, lizinq obyektinin salamatlığı, qorunması üçün məsul olan lizinq alanın lizinq obyekti ona təhvil verildikdən sonra başqa şəxsə verməsinə, lizinq obyektindən məlumatsız olmasına dair bildirdikləri əsassız olmaqla, iddianın rədd edilməsi üçün əsas ola bilməz.

30. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (lizinq alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

35. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, lizinq müqaviləsi üzrə 3329,93 manat əsas borc, 2766,91 manat mükafat borcu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

36. İddia ərizəsində iddiaçı 111 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

37. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.1.2-ci bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə, lizinq verənin hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3% həcmində cərimə tələb etmək hüququ vardır.

38. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

39. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

40. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

41. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mübahisə məhkəməyəqədər mərhələdə həll olunmamışdır.

42. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 111 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması tələbi qismən təmin edilməli, 111 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

44. İddiaçı həmçinin dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 129 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

45. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzə əsasən 129 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

46. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

47. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Məhkəmə hesab edir ki, iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu 82,08 manat olduğundan dövlət rüsumunun əvəzi olaraq 82,08 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 3329,93 manat əsas borc, 2766,91 manat mükafat borcu, 111 manat cərimə olmaqla ümumilikdə 6207,84 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82,08 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar