Məhkəmə qərarları › İş №e-2-2(113)-7008/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7008/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7008/2024 15.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2nə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, icranın gecikdirilməsi hüquqi faktı, qanuni faiz, əldən çıxmış fayda, mənəvi zərər, hüquqi şəxsin qanuni təmsilçisinin hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2nə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 23 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5805 manat əsas borc, həmin məbləğin vaxtına qaytarılmaması nəticəsində iddiaçının aylıq 580 manat qazancdan məhrum olmasına əsasən 11890 manat, əsas borcla illik 5 faizlə hesablanmaqla 495 manat, iddiaçıya dəymiş fiziki-mənəvi zərərin əvəzi olaraq 10000 manat olmaqla ümumilikdə 28190 manat məbləğində pulun və ödənilmiş 174,6 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla tikinti materialları olan qum, qırma daş və “otsep” materiallarının satışını həyata keçirir. İddiaçı 2022-ci ilin fevral ayında özünü Cavabdeh2 MMC-nin direktoru kimi təqdim edən Qanuni nümayəndə ilə tanış olmuş, sonuncu qum, qırma daş və “otsep” kimi tikinti materiallarına ehtiyacı olduğunu bildirmiş və iddiaçı ilə Qanuni nümayəndə şəxsində Cavabdeh2 MMC-nin direktoru arasında 26 nömrəli 23 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 1 kub metr “otsep”in satış qiyməti 30,67 manat müəyyən edilmişdir. Hal-hazırda Cavabdeh2 MMC-yə satılmış “otsep” növündə tikinti materialının dəyəri olan – 5805 manat pul bu günədək ödənilməmişdir (xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktı). Bununla da həmin müqavilənin 2.2-ci maddəsi Cavabdeh2 MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən pozulmuşdur. 2.2. Həmin məbləğin bu günədək ödənilməməsi səbəbindən iddiaçıya zərər dəymiş, işinin ritmikliyi pozulmuş, büdcəyə ayırmalarda, vergi və əmək haqqı ödənişlərində problemlər yaranmışdır. Göstərilənlərə və normal sahibkarlıq münasibərlərinə hörmət olaraq, Cavabdeh2 MMC-nin direktoru Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə məktub yazılaraq təklif olunmuşdur ki, ən qısa zamanda materialın dəyəri olan 5805 manat borcun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borcun hər gecikdirilmiş ili üçün 5%-i olmaqla cəmi 6,88%-nin (399,38 manat), həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlərin (faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir) və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin tələbinə görə, həmin borcun Dövlət Statistuka Komitəsinin məktubuna (arayışına) əsasən inflyasiyanın faiz dərəcəsinin göstəricisi olan istehlak qiymətləri indeksinə uyğun olaraq indeksasiya olunmuş hissəsinin ödənilməsi təmin edilsin. Təklifin qəbul edilmədiyi təqdirdə, yuxarıda göstərilən məbləğlər və əlavə olaraq Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş zərərin (əldən çıxmış faydanın) əvəzinin ödənilməsinin məhkəmə mübahisəsinin predmetinə çevrilməsi diqqətə çatdırılmışdır. Həmin zamandan daha 4 ay vaxt keçməsinə baxmayaraq, Cavabdeh2 MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən hər hansı bir hərəkətlilik göstərilməmiş, dəfələrlə ona zəng edilsə də, hər dəfə yalan vəd verilib heç bir borc məbləği ödənilməmişdir. 2.3. İddiaçı Cavabdeh2 MMC-nin direktoru kimi Qanuni nümayəndə ona qarşı etdiyi əmələ görə maddi cəhətdən əziyyət çəkərək müflis olmaq həddinə çatmış, 2022-ci ilin noyabr ayından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində maddi cəhətdən problemlərlə üzləşmiş, dövlət büdcəsinə vergilərin və sosial ayırmaların ödənilməsində çətinliklər yaranmışdır. Qanuni nümayəndə əməli nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi Cavabdeh2 MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən tam olaraq qanunauyğun şəkildə ödənilməlidir. Təqdim edilən sənədlərdən görünür ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün maddi vəsait tələb olunur. Maddi vəsait xərcləyərək iddiaçı adi tikinti materiallarını alır, sonra həmin materialları maya dəyərinə mənfəət faizini əlavə edərək bazara uyğun qiymətlərə satır. Pul vəsaiti bir ayda 3-4 dəfə, ən azı 1-2 dəfə dövr edərək mal-material alınıb-satılmasında iştirak edir. Bir ayda müəyyən məbləğ pul vəsaiti 10-15 % mənfəət gətirir. İddiaçının 5805 manat maddi vəsaiti 15 noyabr 2022-ci il tarixdən Cavabdeh2 MMC-nin direktoru Qanuni nümayəndə, iddiaçının sahibkarlıq fəaliyyətinə münasibətdə hərəkətsiz (ölü) vəziyyətdə qaldığından iddiaçı hər ay həmin məbləğin orta hesabla ən azı 10%-i miqdarında qazancdan məhrum olmuşdur (əldən çıxmış fayda). Yəni hər ay 580 manat itirməklə, bu günədək – 20,5 ay ərzində 11890 manat qazanc (mənfəət) əldə edilə bilməmişdir. Həmin ziyan Cavabdeh2 MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən tam həcmdə ödənilməlidir. 2.4. İddiaçı Qanuni nümayəndə ona qarşı etdiyi əməldən maddi zərər çəkməklə yanaşı fiziki-mənəvi zərər də çəkmişdir. Belə ki, ona yüz dəfələrlə zəng edən zaman iddiaçını aldatması, yalan danışması nəticəsində sonuncunun hirslənməyindən, çoxlu sayda zəng edən zaman telefonu açmaması, qaçıb gizlənməsi, iddiaçının çörək almaq üçün pul tapmadığı halda, Qanuni nümayəndə iddiaçı və iddiaçı kimilərindən ələ keçirdiyi pulların hesabına ayda 2000-2500 manat ödəyərək Heydər Əliyev prospektindəki iş mərkəzlərinin birində özünə bahalı ofis kirayələməsindən və s. görə iddiaçı şəkərli diabet xəstəliyinə tutulmuşdur. Ona görə də Cavabdeh2 MMC-nin direktoru Qanuni nümayəndə iddiaçıya fiziki-mənəvi zərərin əvəzi olaraq 10000 manat ödəməlidir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 445.7-ci və maddələri və s. göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, Cavabdeh2 MMC-yə təxminən 12000 manat dəyərində mal verilmiş, malların dəyərinin bir hissəsi ödənilmişdir.

6. Məhkəmə bildirişləri cavabdehin, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilən iddiaçı (satıcı qismində) ilə Cavabdeh2 MMC (alıcı qismində) arasında bağlanmış 23 fevral 2022-ci il tarixli 26 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, “Satıcı” “Alıcı”ya müqaviləyə əlavədə göstərilən mal-material dəyərlərini satır, “Alıcı” isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir (1.1). Ödəniş “Alıcı” tərəfindən köçürmə formasında həyata keçiriləcəkdir (2.1). Ödəniş mallar təhvil almandan sonra 5 (beş) iş günü müddətində aparılmalıdır (2.2).

11. Həmin müqaviləyə 23 fevral 2022-ci il tarixli 01 nömrəli əlavə olan qiymətlərin razılaşdırma protokolundan görünür ki, “otsep” malının qiyməti və ölçü vahidi razılaşdırılmışdır.

12. Məhkəməyə təqdim edilən hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh2 MMC-nin iddiaçıya olan borcu 5805 manat təşkil edir.

13. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında 23 fevral 2022-ci il tarixli 26 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı mal-meterialı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı və cavabdehin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən adıçəkilən müqavilə üzrə həmin tarixə borc məbləği 5805 manat təşkil edir.

14. İddiaçı 23 fevral 2022-ci il tarixli 26 nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan 5805 manat pulun ödənilməsini tələb edir.

15. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

16. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

18. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

19. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

20. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

21. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

24. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 2.2-ci bəndi ilə mallar təhvil verildikdən sonra dəyərinin 5 gün ərzində ödənilməsinin şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

26. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Lakin məhkəmə qeyd edir ki, iddiaçı 23 fevral 2022-ci il tarixli 26 nömrəli müqavilədən irəli gələn tələbi həm də hüquqi şəxsin qanuni təmsilçisi Qanuni nümayəndə yönəltmişdir.

28. Halbuki Mülki Məcəllənin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmçinin Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 456-cı maddəsinə əsasən, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

29. Bu mənada, hüquqi şəxsin idarəetmə orqanının, hazırkı halda təkbaşına rəhbəri Qanuni nümayəndə vasitəsilə mülki hüquqlar və vəzifələr əldə etməsi, öhdəlik hüquq münasibətinə daxil olması, sonuncunun həmin hüquq və vəzifələrə malik olması, öhdəlik üçün məsuliyyət daşıması anlamına gəlmir. Başqa sözlə, hüquqi şəxs öhdəlikləri üçün öz əmlakı ilə cavabdehdir.

30. Bu səbəbdən də Qanuni nümayəndə 23 fevral 2022-ci il tarixli 26 nömrəli alqısatqı müqaviləsindən irəli gələn tələbin irəli sürülməsi mümkün deyildir.

31. Hazırkı halda isə iddiaçı Cavabdeh2 MMC-yə qarşı Mülki Məcəllənin 600.4-cü maddəsindən irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

36. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

37. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, 23 fevral 2022-ci il tarixli 26 nömrəli alqı-satqı müqaviləsi üzrə 5805 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı

38. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq 495 manat məbləğində pulun da tutulmasını tələb edir.

39. Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan - xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

41. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı).

42. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.

43. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.

44. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.

45. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur. Göstərilən yanaşma – xəbərdarlığın göndərilməsi hələ qədim Roma hüququnda kreditor tərəfindən borcluya “interpellatio” göndərilməsi formasında məlum idi.

46. Hazırkı halda iddiaçı xx.xx.2024-cü il tarixli məktubla cavabdehdən 23 fevral 2022-ci il tarixli 26 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyərinin ödənilməsini tələb etdiyindən məhkəmə hesab edir ki, həmin tarixdən iddiaçı tərəfindən iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixədək olan 178 gün üçün illik 5 faizlə hesablama həyata keçirilməlidir.

47. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 141,55 manat (5805 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 178 gün (gecikdirilən gün sayı)) təşkil edir.

48. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 141,55 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməlidir (cavabdeh Qanuni nümayəndə ilə bağlı bax §27-30).

c) Alqı-satqı müqaviləsi üzrə maddi və mənəvi zərərin tutulması tələbi ilə bağlı

49. İddiaçı iddia ərizəsində 11890 manat əldən çıxmış faydanın və 10000 manat mnəvi zərərin əvəzinin də tutulmasını tələb edir.

50. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

51. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)

52. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

53. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

54. Lakin zərərin formasından asılı olaraq ayrı-ayrı əlavə meyarların da nəzərə alınması zəruridir.

55. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 nömrəli qərarın əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

56. Əldən çıxmış fayda tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi), kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri və s. müəyyən edilməlidir.

57. Hazırkı iş üzrə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbi yalnız subyektiv mülahizələrə əsaslanır. Belə ki, iddiaçının aylıq məhrum olduğu qazancını 580 manat göstərməsi, bununla 20,5 ay üçün 11890 manat əldən çıxmış fayda hesablaması mötəbər, zəruri sübutlarla təsdiqlənmir.

58. Digər tərəfdən, mənəvi zərərin mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Bu fəaliyyəti həyata keçirən şəxslər isə bazar risklərini nəzərə alaraq fəaliyyət göstərməlidirlər. Bu mənada fərdi sahibkarlıqla məşğul olan şəxsin kontragent tərəfindən icranın gecikdirilməsi halında avtomatik olaraq mənəvi zərərə uğraması yanaşması qəbuledilməzdir.

59. Yalnız biri digərini tamamlayan sübutlar təqdim edildikdə və qətnamənin 53 və 55-ci paraqraflarında göstərilən əsaslar olduqda mənəvi zərərin tutulması mümkündür. Hazırkı işdən isə mənəvi zərərin mövcudluğu təsdiq olunmur.

60. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi 11890 manat əldən çıxmış faydanın və 10000 manat mnəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

61. İddiaçı həmçinin 174,6 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.

62. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 175,6 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

63. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

64. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin qismən təmnin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməli, məhkəmə xərcləri qalan hissədə iddiaçıya aid edilməlidir.

V. Nəticə:

66. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 23 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5805 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 141,55 manat olmaqla ümumilikdə 5946,55 manat məbləğində pul Cavabdeh2ndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat məbləğində pul Cavabdeh2ndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar