Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-703/2024 18.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdeh1 iştirakı ilə, Digər cavabdehin iştirakı olmadan, İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 8786,12 manat məbləğində krеdit bоrcu, 1195,44 manat məbləğində faiz bоrcu və 342,65 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10324,21 manat məbləğində bоrcun və 210 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022ci il tarixdə bağladığı 004A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2213.88 manat ödəniş etmiş və оnun iddiaçıya 8786.12 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 195 gün üçün hesablanmış faiz borcu 1195.44 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 195 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 342.65 manat təşkiledir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət etmiş və ilkin mediasiya prosesində iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 210 manat haqq ödənilmişdir. Hazırda iddianın məbləğinə mütənasib dövlət rüsumunun məbləği 130.09 manat məbləğindədir. İddiaçı QSC tərəfindən 210 manat mediasiya xərci ödənildiyindən İddiaçı QSC dövlət rüsumu ödəməkdən azaddır. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, ekspert borc məbləğini daha çox hesablayıbsa, ekspert rəyi ilə razı deyil. Ümumi olaraq isə, borcu hissə-hissə ödəyəcəklər.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixdə 004A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11.000 manat məbləğində kredit götürmüşdür.
8. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür.
9. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit kredit alana fərdi mikro kredit məqsəd üçün verilir və kredit alan ondan yalnız bu məqsəd üçün istifadə etmyi öz öhdəsinə götürür.
10. Müqavilənin 4.1.5-ci bəndinə əsasən kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.
11. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 004G**********02 nömrəli 07 sentyabr 2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar.
12. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 004A********** saylı, xx.xx.2022ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas məbləğ üzrə borc 8786,12 manat, faiz üzrə borc 1195,44 manat, cərimə borcu 342,65 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 195 gün olmaqla cəmi borc məbləği 10324,21 manat müəyyən edilmişdir.
13. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin xx.xx.2022-ci il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas, faiz və cərimə borcunun və xx.xx.2022-ci il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə rəy verilən tarixə əsas, faiz və cərimə borcunun nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 9/681 saylı ekspert rəyinə əsasən tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli 004A********** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq sualda soruşulanlar üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ekspert rəyinin verildiyi xx.xx.2024-cü il tarixə və sualda soruşulan xx.xx.2023-cü il tarixə olan əsas borcu 8733,37 manat, faiz borcu 1398,22, ekspert rəyinin verildiyi xx.xx.2024-cü il tarixə əsas borcu 8733,37 manat və faiz borcu 2426,35 manat. müəyyən edilmiş və hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli 004A********** nömrəli kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda qeyd olunan tarixlərə Cavabdeh1 cərimə borcu hesablanmadığı qeyd olunmuşdur.
15. Məhkəmə cavabdehin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
21. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
22. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
23. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
24. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
26. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas borc məbləği ekspert rəyində göstərilən məbləğdən daha çox olduğu üçün - ekspert rəyindən göstərilən məbləğdə, faiz borcu isə ekspert rəyində daha çox müəyyən edildiyi üçün - iddia tələbində göstərilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 004A********** saylı kredit razılaşmasının 4.1.5-ci bəndinə əsasən hesablanmış 342,65 manat məbləğində cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulları tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən xx.xx.2022-ci il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 342,65 manat məbləğində dəbbə pulu tutulmalıdır.
31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 004A********** saylı krеdit müqaviləsi üzrə 8733,37 manat əsas borc, 1195,44 manat faiz borcu, 342,65 manat dəbbə pulu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
32. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 210 manat məbləğində iddiaçı tərəfindən ödəniş edilmişdir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
34. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
35. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən mediasiya xərclərinin əvəzi olaraq 121 manat (təmin olunan tələbə mütənasib olaraq) məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 004A********** saylı krеdit müqaviləsi üzrə 8733,37 manat əsas borc, 1195,44 manat faiz borcu, 342,65 manat dəbbə pulu və mediasiya xərcinin əvəzi olaraq 121 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova