Məhkəmə qərarları › İş №e-2-2(113)-7047/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7047/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7047/2024 25.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, öhdəliyin icrası) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 13 dekabr 2023-cü il tarixli 396454-CNS50873 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka 7677,19 manat məbləğində əsas borc, 495,53 manat məbləğində faiz borcu, ümumilikdə isə 8172,72 manat məbləğində pulun və 101,73 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 13 dekabr 2023cü il tarixli 396454-CNS-50873 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 20 faiz hesablanması şərti ilə 12 ay müddətinə 10000 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə Banka 7.677,19 manat məbləğində əsas borc, 495,53 manat məbləğində faiz borcu, ümumilikdə isə 8172,72 manat məbləğində borcu qalmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə əsasən 13 dekabr 2023-cü il tarixli 396454- CNS-50873 saylı kredit müqaviləsi üzrə Cavabdeh Bank qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Həmçinin hesab edirik ki, Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 101,73 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutulmalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 405, 407.1, 408.1, 409.1, 417.1, 418.1, 442, 443.1, 462.1, 739.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli 396454-CNS-50873 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh illik 20 faizlə 12 ay müddətinə 10000 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit ayırmışdır. Bank xidmətlərinin göstərilməsinə dair müqavilənin Ümumi Şərtlərinin 9.6-cı bəndinə əsasən müştəri öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn dəbbə pulu və zərərin əvəzini bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə Banka ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh 7677,19 manat məbləğində əsas bоrcu, 495,53 manat məbləğində faiz bоrcu olmaqla, cəmi 8172,72 manat borcu vardır. Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli 396454-CNS-50873 saylı kredit müqaviləsinə 1 nömrəli Əlavəyə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 10000 manat olan illik faiz dərəcəsi 20% olan kredit üzrə Cavabdeh 15 yanvar 2024-ci il tarixdən 13 dekabr 2024-cü il tarixinə qədər hər ayın 13-ü olmaqla 926,69 manat, sonuncu ay 926,11 manat ödəməlidir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 101,73 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli 396454-CNS-50873 saylı kredit müqaviləsinə əsasən 10000 manat məbləğində xx.xx.2024-cü il tarixədədək qaytarmaq şərtilə illik 20 faizlə kredit vermişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır. İşin hallarına məcmu şəkildə qiymət verərək hesab edirəm ki, iddiaçının xx.xx.2023cü il tarixli 396454-CNS-50873 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə cavabdehdən 7677,19 manat məbləğində əsas bоrcu, 495,53 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 101,73 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh 13 dekabr 2023-cü il tarixli 396454-CNS50873 saylı kredit müqaviləsinə əsasən 7677,19 manat məbləğində əsas borc, 495,53 manat məbləğində faiz borcu, ümumilikdə isə 8172 (səkkiz min bir yüz yetmiş iki) manat 72 (yetmiş iki) qəpik borc və 101 (bir yüz bir) manat 73 (yetmiş üç) qəpik dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar