Məhkəmə qərarları › İş №e-2-2(113)-7056/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7056/2024

06.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7056/2024 06.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Naxçıvan Muxtar Respublikasının X2” X3 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, vəkil xərci və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümyəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı “Naxçıvan Muxtar Respublikasının X2” X3 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Naxçıvan Muxtar Respublikasının X2” X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 80.000 manat borc, Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Vəkil Behbud oğluna hüquqi yardımın göstərilməsinə görə ödənilmiş olan 1.000 manat, 333,50 manat dövlət rüsumunun, ümumilikdə isə 81.333,50 (səksən bir min üç yüz otuz üç əlli qəpik) manat pulun Cavabdeh MMC-dən alınaraq “Naxçıvan MR-nın X2” PHŞ-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Cavabdeh (bundan sonra cavabdeh) “Naxçıvan MR-nın X2” X4 (bundan sonra iddiaçı) ümumilikdə 216.400 (iki yüz on altı min, dörd yüz) manat məbləğində İran xurması, Zahidi xurması, sarı kişmiş və qızılı kişmiş almışdır. Cavabdeh MMC tərəfindən “Naxçıvan MR-nın X2” PHŞ-ə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda alınmış məhsullar üzrə ümumilikdə 116.400 (yüz on altı min dörd yüz) manat ödəniş edildiyini bildirmişdir. Yerdə qalan 100.000 (bir yüz min) manat vəsaitin 15 noyabr 2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 25.000 (iyirmi beş min) manat olmaqla qrafik üzrə icra etməyi üzərinə götürərək planlaşdırmışdır. Bu planlaşdırımadan sonra xx.xx.2024-cü il tarixində 10.000 (on min) manat və xx.xx.2024-cü il tarixdə isə 10.000 (on min) manat olmaqla “Naxçıvan MR-nın X2” PHŞ-nə ödənişlər həyata keçirmişdir. Bundan sonra Cavabdeh MMC qalıq borc üçün ödənişləri həyata keçirməmişdir. “Naxçıvan MR-nın X2” PHŞ tərəfindən xx.xx.2024-cü il tarixli №22 saylı Cavabdeh MMC-yə ünvanlanmış məktubda qeyd etmişdir ki, yerdə qalan 80.000 manatın ödənilməsini təmin edilsin. Lakin tələb edilən məbləğ cavabdeh tərəfindən ödənilməyərək qalmaqdadır. 05 sentyabr 2024-cü il tarixində Cavabdeh MMC-yə 80.000 manat yaranmış borclarını, 1.000 manat göstərilən hüquqi xidmətə görə və məhkəmə üçün ödənilmiş 333.50 manat dövlət rüsumunun ödənilməsinin təmin edilməsinə dair pretenziya məktubu və ona əlavə edilmiş iddia ərizəsi ünvanlanmışdır. Həmin məktubda 5 (beş) gün ərzində 81.333.50 (səksən bir min üç yüz otuz üç, əlli qəpik) manatın ödənilməsi təklif edilmişdir. 81.333.50 manatın ödənilməyəcəyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Çəkilmiş bütün xərclərin ödənilməsini, onlardan tələb ediləcəyini bildirilməsinə baxmayaraq heç bir nəticəsiyə hasil olunmamışdır. Beləliklə verilən mallara görə ödənilməyən və çəkilmiş olan xərc ümumilikdə 81.333.50 (səksən bir min üç yüz otuz üç, əlli qəpik) manatdır ki, bu xərc də Cavabdeh MMC-dən alınıb verilməsi təmin edilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı PHŞ tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli EBDC309566 saylı e-qaimə üzrə 86.400 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDC405536 saylı e-qaimə üzrə 70.100 manat dəyərində və xx.xx.2023-cü il tarixli, EBDD181782 saylı eqaimə üzrə 59.900 manat dəyərində məhsul satışına dair e-qaimələr göndərilmişdir.

8. 13.06.2023-cü il tarixli ödəniş qəbzinə əsasən cavabdeh tərəfindən iddiaçıya EBCD309566 saylı e-qaimə üzrə - 50.000 manat dəyərində, xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən EBCD309566 saylı e-qaimə üzrə - 36.400 manat dəyərində, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən EBDC405536 saylı e-qaimə üzrə - 30.000 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən EBDC405536 saylı eqaimə üzrə - 10.000 manat və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən EBDC405536 saylı e-qaimə üzrə isə 10.000 manat məbləğində ödəniş edilmişdir.

9. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanladığı (imza və möhürlə təsdiqlənmiş) məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində 216,400 manat məbləğində məhsul alışı edilmiş və alınmış məhsullar üzrə 116400 manat məbləğində ödəniş edildiyi və 100.000 manat məbləğində ödənişin xx.xx.2023-cü il tarixində 25000 manatı, xx.xx.2023-cü il tarixində 25000 manatı, xx.xx.2023-cü il tarixində 25000 manatı və xx.xx.2023-cü il tarixində 25000 manatının ödənilməsini planlaşdırdıqları qeyd olunmuşdur.

10. Cavabdeh MMC-nin iddiaçıya ünvanladığı məktubunda agentlik tərəfindən onlara təqdim edilmiş məhsullar yararsız olduğu üçün satılmamış və hələ də anbarlarında qaldığını, bununla bağlı dəfələrlə şifahi şəkildə məlumat verildiyi, indiyə qədər tərəflərindən edilən ödənişlər isə həmin məhsulların satışından əldə edilməmiş, öz büdcələrindən ödənildiyini, bununla da onlara kifayət qədər zerər dəydiyini, məhsulun yararsız halda olması həm agentliyin, həm də onların qurumuna zərər vurmuşduğunu, bu günə qədər edilmiş məbləği nəzərə alaraq, qalıq 80.000 manat məbləğin 50 faizinin güzəşt edilməsini, qalan 50 faiz məbləğin isə cədvəl üzrə (xx.xx.2024-cü ildə 5000 manat, xx.xx.2024-cü ildə 5000 manat, xx.xx.2024-cü ildə 5000 manat, xx.xx.2024-cü ildə 5000 manat, xx.xx.2024-cü ildə 5000 manat, xx.xx.2025-ci ildə 5000 manat, xx.xx.2025-ci ildə 5000 manat və xx.xx.2025-ci ildə 5000 manat olmaqla) ödənilməsinə razılıq verilməsini iddiaçıdan xahiş etmişdir.

11. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

16. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

18. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

19. Göründüyü kimi tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış və müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə elektron qaimələr əsasında müxtəlif məhsul satışı həyata keçirilmişdir. Cavabdeh MMC tərəfindən həmin elektron qaimələr ödənişin təyinatı olaraq göstərərək qismi ödənişlər həyata keçirilsə də, yaranmış borc məbləği bugunə kimi ödənilməmişdir.

20. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə, ödəniş qəbzləri və borcun mövcüdluğuna dair cavabdehin məktubları ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 80.000 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

21. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 80000 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 80000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

22. Bundan başqa iddiaçı tərəfindən 333,50 manat məbləğində dövlət rüsumu və 1000 manat məbləğində vəkil xərcinin də cavabdehdən tutulması tələb olunmuşdur.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

25. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 333 manat dövlət rüsumu və 500 manat vəkil xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 80.000 (səksən min) manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 500 (beş yüz) manat və dövət rüsumunun əvəzi olaraq 333 (üç yüz otuz üç) manat tutularaq iddiaçı “Naxçıvan Muxtar Respublikasının X2” X5 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar