Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7066/2025 24.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı icarə obyektindən istifadə hüququnun bərpası tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, müqavilənin ləğvi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi/vəkil Nümayəndə1, cavabdehin nümayəndəsi/Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı icarə obyektindən istifadə hüququnun bərpası tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01 avqust 2024-cü il tarixli icarə müqaviləsi əsasında icarə obyekti üzərində malik olduğu hüquqlarının bərpa edilməsi və icarə müqaviləsinin müddətinin onun icarə obyektindən istifadəsinə maneə yaradılması nəticəsində icarə obyektindən faktiki olaraq istifadə edə bilmədiyi müddət qədər uzadılması; onun icarə obyektindən istifadəsinə maneə yaradılması nəticəsində hüquqi xidmət üçün ödədiyi 2500 manat xidmət haqqı məbləği, iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2600 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 avqust 2024-cü il tarixində imzalanmış icarə müqaviləsinə əsasən iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən 2 ha ərazini (2 beton zavod, 2200 kv. m anbar tipli tikili, 200 kv. m əlavə ofis tipli tikili) 10 (on) il müddətinə icarəyə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıya həmin ərazini təhvil vermiş, icarə haqqı və istifadə şərtləri müəyyən olunmuş, əmlakın təyinatına uyğun istifadəsi ilə bağlı öhdəliklər iddiaçı tərəfindən qəbul edilmişdir. Müqaviləyə əsasən iddiaçı cavabdehə icarə haqqı ödəməklə icarə obyektindən təyinatına uyğun istifadə etmişdir. Müqavilənin bağlanmasından sonra iddiaçı icarə obyektində 57554.94 manat dəyərində təmir və yenidənqurma işləri həyata keçirmişdir. İddiaçı bu işlərə əvvəlcədən cavabdehlə razılaşdırılmış şəkildə məbləğdə sərmayə yatırmış və mülkiyyətə zərər vurmadan onun funksional vəziyyətini yaxşılaşdırmışdır, lakin 2024-cü il dekabr ayının əvvəllərində icarə müqaviləsi qüvvədə olduğu və ləğv edilmədiyi halda cavabdeh tərəfindən heç bir hüquqi əsas göstərilmədən və yazılı xəbərdarlıq edilmədən iddiaçının icarə obyektindən istifadəsi faktiki olaraq məhdudlaşdırılmış, obyektə girişin qarşısı alınmış və başqa şəxslərin istifadəsinə verilməsinə dair hərəkətlər müşahidə edilmişdir. Bu hal Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması deməkdir. İddiaçının hüququnun pozulması həmçinin onun sahibkarlıq fəaliyyətini davam etdirmək imkanını, sərmayə qoyduğu obyektin istifadəsindən gəlir əldə etmək hüququnu, müqavilə ilə müəyyən edilmiş 10 (on) illik istifadədən yararlanma hüququnu kobud və əsassız şəkildə pozmuşdur. Cavabdehin sözügedən qanunsuz hərəkətləri iddiaçının maddi zərərə uğramasına, fəaliyyətinin dayanmasına və iqtisadi maraqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı icarə obyektindən məcburi çıxarılması səbəbi ilə aylıq gəlir itirmişdir, belə ki, iddiaçının fəaliyyətini icra etdiyi yer məhz icarə obyekti olmuşdur. İcarəçi icarə obyektinə yatırdığı sərmayə və ödədiyi icarə haqqı məbləği səbəbi ilə hal-hazırda başqa bir icarə obyekti üçün maliyyə ayıracaq vəziyyətdə deyil, sözügedən hal iddiaçının bütün fəaliyyətinin dayanmasına səbəb olmuşdur və mövcud vəziyyətin davam etdiyi hər gün iddiaçının maliyyə itkisi artır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 680, 689, 700-cü maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə istinad olunmuşdur. Cavabdeh tərəf məhkəməyə elektron qaydada etiraz ünvanlayaraq qeyd etmişdir ki, icarəyə verilmiş qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahəsində icarəyə verənin cavabdehin razılığı olmadan, habelə müvafiq dövlət orqanlarından icazə alınmadan, yola paralel, hasarboyu qeyri-qanuni metal-konstruksiya quraşdırıldırılmışdır. Bu isə müvafiq dövlət orqanlarından icazə alınmasını tələb edən hərəkətdir, həmçinin də tərəflər arasında bağlanan müqavilənin 2.2-ci bəndinə əsasən iddiaçı icarə sahəsində yalnız təmir və yenidən qurma işləri həyata keçirə bilərdi. Yeni tikililərin inşası müqavilənin həmin bəndinə ziddir. Bu hüquq pozuntusu ilə bağlı dövlət orqanları (AR Nizami Rayon İcra Hakimiyyəti, AR Fövqəladə Hallar Nazirliyi, AR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti, Nizami RPİ) tərəfindən qeyri-qanuni yarımçıq quraşdırılmış metal-konstruksiyanın sökülməsi barədə, mülkiyyətçi kimi cavabdehə xəbərdarlıqlar olunmuşdur. Bununla bağlı öz növbəsində Cavabdeh MMC-də də iddiaçıya yazılı və şifahi xəbərdarlıqlar etmiş, tikilinin təcili sökülməsi barədə tələb ünvanlanmış, lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Qeyd edilən metal konstruksiya quraşdırılarkən ərazidəki ağac və kollar kəsilmiş, bu barədə müvafiq qurum tərəfindən iddiaçıya xəbərdarlıq edilmişdir. O da nəzərə alınmalıdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində deyildir. Bundan əlavə iddiaçı tərəfindən icarə haqqının ödənilməsində gecikmələr müşahidə olunmuşdur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 01/24 saylı müqvilənin 3.2-ci bəndinə əsasən növbəti ayın icarə haqqı hər ayın sonuncu gününə qədər ödənilməlidir, lakin cavabdeh icarə haqqını əhəmiyyətli gecikmələrlə ödəmiş və bununla bağlı ona müqavilə ilə nəzərdə tutulan penya tətbiq edilməmişdir. Beləliklə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01/24 saylı müqavilənin şərtləri iddiaçı tərəfindən pozulmuş, cavabdehin birtərəfli qaydada müqaviləyə xitam verməsinin əsasları yaranmış, həmin müqavilə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən xitam verilmiş, xx.xx.2024-cü il tarixli bildirişlə iddiaçıya müqaviləyə təktərəfli qaydada xx.xx.2024-cü il tarixdən xitam veriləcəyi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə məlumat göndərilmişdir. xx.xx.2024-cü il tarixdən müqaviləyə xitam verildiyindən iddiaçı tərəfindən ona məxsus əşyalar götürülmüş, obyekt boşaldılaraq cavabdehə təhvil verilmişdir. Hətta, müqavilə münasibətlərinə xitam verildikdən sonra da hazırkı iş üzrə iddiaçıdan (şirkətin rəhbərindən) həm şifahi, həm də yazılı qaydada quraşdırılmış metal konstruksiyanın sökülməsi tələb edilmiş, lakin bunun müsbət nəticəsi olmamışdır. Göründüyü kimi, İddiaçı MMC-nin müqavilə şərtlərini pozması, özbaşına anbar təyinatlı tikili tikməsi, həminin qurğunun tikilməsi üçün müvafiq razılıqları almaması səbəbindən müvafiq dövlət orqanları tərəfindən cavabdeh "xxxx" MMC-yə iradların bildirilməsi, cavabdehin yazılı və şifahi tələblərinə baxmayaraq iddiaçı tərəfindən tikilinin sökülməməsi, ətraf mühitə ziyan vurulması, ağacların kəsilməsi kimi hallar xx.xx.2024-cü il tarixli, 01/24 saylı müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulmasıdır və cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi üçün əsas olmuşdur. İddiaçıya bu barədə yazılı bildiriş ünvanlanmış, iddiaçı etdiyi hərəkətlərlə müqavilənin xitamını qəbul etmiş və obyekti cavabdehə təhvil vermişdir. Cavabdehin müqaviləyə xitam verməsi iddiaçıya münasibətdə heç bir maddi ziyan vurmamış, əksinə, iddiaçının qanunsuz hərəkətləri cavabdehə maddi ziyan vurmuş, dövlət orqanları qarşısında işgüzar nüfuzuna təsir göstərmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. O, izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı icarə obyektindən təyinatına uyğun istifadə etmiş, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmişdir. Müqavilədə aylıq icarə haqqı 3500 manat göstərilsə də, faktiki olaraq daha yüksək məbləğdə ödənişlər edilmiş, bu hal tərəflər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilmişdir. İddiaçı tərəfindən icarə obyektində əsaslı təmir və yenidənqurma işləri aparılmış, obyekt istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Lakin bu işlər başa çatdıqdan sonra cavabdeh tərəfindən əsassız səbəblərlə iddiaçının əraziyə girişinə maneələr yaradılmış və onun obyektə daxil olmasına imkan verilməmişdir. Nümayəndə qeyd etmişdir ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri pozulmamışdır. Cavabdehin istinad etdiyi hallar – tikinti işlərinin aparılması və ərazi ilə bağlı guya dövlət orqanlarından daxil olmuş şikayətlər – hər hansı sübutlarla təsdiq olunmamışdır. Bundan əlavə, müqavilənin şərtlərinə əsasən təmir və yenidənqurma işlərinin aparılmasına icazə verilmiş, bu işlərin həyata keçirilməsi üçün ayrıca razılığın alınması tələb olunmamışdır. Həmçinin bildirilmişdir ki, cavabdeh ərazi üzərində tam mülkiyyət hüququna malik olmadığı halda, iddiaçıdan əlavə icazə tələb etməsi əsassızdır və bu hallar müqaviləyə xitam verilməsi üçün hüquqi əsas hesab edilə bilməz. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh müqaviləyə birtərəfli qaydada xitam verərkən müqavilədə nəzərdə tutulmuş 6 aylıq xəbərdarlıq müddətinə riayət etməmiş, iddiaçıya öhdəliklərin icrası üçün əlavə müddət verilməmişdir. Bu isə Mülki Məcəllənin 447ci maddəsinin tələblərinə ziddir. Bundan başqa, iddiaçı tərəfindən icarə obyektinin subicarəyə verilməsi cavabdehə məlum olmuş, lakin buna qarşı etiraz bildirilməmişdir. Sonradan cavabdeh həmin ərazini daha yüksək qiymətə birbaşa digər şəxslərə icarəyə vermək məqsədilə iddiaçı ilə bağlanmış müqaviləyə xitam vermişdir. Eyni zamanda qeyd etmişdir ki, iddiaçı müqaviləyə xitam verilməsi ilə razılaşmamış, yalnız məsələni məhkəmədənkənar qaydada həll etməyə çalışmış, bu səbəbdən dərhal məhkəməyə müraciət etməmişdir. Lakin danışıqlar nəticəsiz qaldığından iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının müqavilə üzrə hüquqları pozulmuş, sahibkarlıq fəaliyyəti dayanmış və ona maddi zərər vurulmuşdur. Bu səbəbdən iddianın təmin olunması, icarə hüquqlarının bərpa edilməsi və müqavilə müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi F.Əhmədov izahatında bildirmişdir ki, iddiaçı tərəfindən icarəyə verilmiş torpaq sahəsində cavabdehin razılığı olmadan, habelə müvafiq dövlət orqanlarından icazə alınmadan qeyri-qanuni metal konstruksiya quraşdırılmışdır. İddiaçı əvvəlcə belə icazələrin alınacağını bildirsə də, sonradan məlum olmuşdur ki, heç bir icazə əldə edilməmişdir. O, qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı yalnız təmir və yenidənqurma işləri həyata keçirə bilərdi, lakin yeni tikilinin inşası müqavilə şərtlərinə zidd olmuşdur. Bu qanunsuz tikinti ilə əlaqədar dövlət orqanları – Nizami Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıqlar edilmişdir. Həmin xəbərdarlıqlar zamanı özü obyekt ərazisində olmasa da, iddiaçının əməkdaşları orada olmuş və vəziyyətdən xəbərdar olmuşlar. Cavabdeh dəfələrlə iddiaçı ilə əlaqə saxlamağa cəhd göstərmiş, lakin mümkün olmamışdır. Sonradan tərəflər arasında görüş baş tutmuş, həmin görüşdə iddiaçı tərəf metal konstruksiyanın yerləşdiyi sahənin istifadəsinə icazə verilməsini tələb etmiş, cavabdeh isə həmin sahənin hüquqi statusunun qeyri-müəyyən olduğunu əsas gətirərək bunu mümkün hesab etməmişdir. Bundan sonra iddiaçı çəkdiyi xərclərin ödənilməsini tələb etmiş, tərəflər arasında müəyyən danışıqlar aparılmışdır. Lakin bu danışıqlar nəticəsiz qalmışdır. Hazırda dövlət orqanları tərəfindən narahatlığın davam etməməsi də cavabdehin müvafiq müraciətləri ilə əlaqədar olmuşdur. Həmçinin qeyd etmişdir ki, iddiaçının əraziyə buraxılmaması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Yerində müayinə zamanı da iddiaçı tərəfin nümayəndələri əraziyə sərbəst daxil olmuşlar. Bundan əlavə, iddiaçı tərəfindən qeyd edilən digər icarəçilərlə cavabdeh arasında əvvəlcədən müqavilə münasibətləri mövcud olmuş və həmin müqavilələr iddiaçı ilə müqavilə bağlanması məqsədilə dayandırılmışdır. İddiaçının göstərdiyi hallar müqaviləyə xitam verilməsinin əsasını təşkil etmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsini müdafiə edərək iddianın rədd olunmasını xahiş etmişdir. O, izahatında bildirmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs müqavilənin faktiki olaraq onun iştirakı ilə bağlandığını və hazırda həmin müqavilə münasibətlərini davam etdirmək niyyətində olmadığını etiraf etmişdir. Həmin şəxs daha çox icarə obyektində çəkilmiş xərclərin ödənilməsini tələb etdiklərini göstərmişdir. Cavabdeh tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsinə baxmayaraq iddiaçı bu halı vaxtında mübahisələndirməmiş, əksinə, əşyalarını və texnikasını ərazidən götürərək obyekti boşaltmış və bununla da müqavilə münasibətlərinin sona çatması ilə faktiki olaraq razılaşmışdır. İddiaçı yalnız uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. O, əlavə olaraq bildirmişdir ki, hazırda mübahisəli obyekt digər icarəçilərin istifadəsindədir və həmin şəxslərlə yeni icarə müqavilələri bağlanmışdır. Mövcud vəziyyətdə əvvəlki müqavilə münasibətlərinin bərpa edilməsi faktiki olaraq mümkün deyildir. Hətta məhkəmə iddianı təmin etsə belə, tərəflər arasında əvvəlki müqavilə münasibətlərinin davam etdirilməsi real olaraq mümkün olmayacaqdır. Nümayəndə vurğulamışdır ki, əgər iddiaçı müqaviləyə xitam verilməsini qanunsuz hesab edir və bu səbəbdən zərərə uğradığını düşünürsə, bu halda yalnız zərərin ödənilməsi ilə bağlı ayrıca tələb irəli sürə bilər. Hazırkı iddia tələbi – müqavilə münasibətlərinin bərpası və müddətin uzadılması – hüquqi baxımdan əsassızdır. Məhkəmənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin ərazidə aparılmış tikinti qanunsuz olmuşdur. Bu hal da müqaviləyə xitam verilməsi üçün əsaslardan biri olmuşdur. O, həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən icarə haqqının vaxtında və tam ödənilməməsi, ödənişlərin hissə-hissə aparılması, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və qanunsuz tikinti aparılması cavabdeh tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi üçün əsaslar kimi qiymətləndirilmişdir. Nümayəndə əlavə olaraq bildirmişdir ki, müqaviləyə xitam verilməsi barədə bildirişdən sonra iddiaçı tərəfindən cavabdehə hər hansı yazılı və ya şifahi etiraz daxil olmamış, sonradan isə digər şəxslərlə yeni icarə müqavilələri bağlanmış və həmin şəxslər hazırda ərazidə fəaliyyət göstərirlər. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, o, Cavabdeh MMC-nin direktoru Fəxrəddin Əhmədovu tanıyır və əvvəllər onun ailə üzvləri ilə qohumluq münasibətlərində olmuş, hazırda isə həmin münasibətlər mövcud deyildir. Şahid qeyd etmişdir ki, mübahisəli icarə münasibətlərinin yaranmasında onun da iştirakı olmuş, iddiaçı tərəfin faktiki fəaliyyəti onun vasitəsilə həyata keçirilmişdir. O, cavabdehin istifadəsində olan ərazinin boş olduğunu bildiyindən həmin ərazinin icarəyə götürülməsi ilə bağlı ilkin danışıqları aparmış, daha sonra tərəflər arasında müqavilə bağlanmışdır. Şahidin sözlərinə görə, müqavilə bağlandıqdan sonra ərazidə abadlaşdırma, təmir və tikinti işləri aparılmış, müxtəlif konstruksiyalar quraşdırılmış və obyekt istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Bu işlər cavabdehin məlumatı daxilində həyata keçirilmişdir. O, bildirmişdir ki, sonradan cavabdeh tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə bildiriş təqdim edilmişdir. Həmin bildirişdən sonra tərəflər arasında danışıqlar aparılmış, iddiaçı tərəf tərəfindən çəkilmiş xərclərin ödənilməsi məsələsi müzakirə olunmuşdur. Şahid izah etmişdir ki, bu danışıqlar zamanı iddiaçı tərəf çəkilmiş xərclərin ödənilməsi müqabilində icarə obyektindən çıxmağa razılaşmışdır. Sonradan iddiaçı tərəf ərazidə yerləşən əşyalarını və texnikasını götürərək icarə obyektini tərk etmişdir. O, qeyd etmişdir ki, müqaviləyə xitam verilməsi tərəflər arasında hüquqi baxımdan rəsmiləşdirilmiş qarşılıqlı razılaşma əsasında deyil, cavabdehin birtərəfli iradəsi ilə baş vermişdir. Bununla belə, xitamdan sonra tərəflər arasında müəyyən müddət danışıqlar davam etmişdir. Şahidin sözlərinə görə, iddiaçı tərəf əraziyə daxil olmaqda müəyyən çətinliklərlə üzləşmiş, lakin son nəticədə ərazidə olan texnika və avadanlıqlarını götürərək oranı tərk etmişdir. Şahid həmçinin bildirmişdir ki, dövlət orqanları tərəfindən iddiaçıya hər hansı rəsmi yazılı xəbərdarlıq təqdim edilməmişdir. Onun sözlərinə görə, cavabdeh iddiaçı tərəfindən çəkilmiş xərclərin mövcudluğunu bilmiş və müəyyən mərhələdə bunu qəbul etmişdir. Sonda şahid qeyd etmişdir ki, hazırda iddiaçı tərəfin əsas məqsədi müqavilə münasibətlərini davam etdirmək deyil, çəkilmiş xərclərin kompensasiya olunmasıdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh MMC (icarədar) ilə İddiaçı MMC (icarəçi) arasında imzalanmış 01 avqust 2024-cü il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “İcarədar” ona məxsus Bakı şəhəri, Nizami rayonu, Babək pr. 76 ünvanında yerləşən 2 hektar ərazini daxilində sadalananlar olmaqla (2 beton zavod 2200 kv.m anbar tipli tikili, 200 kv.m əlavə ofis tipli tikili) "İcarəçi"yə aşağıdakı şərtlərlə 10 (On) il müddətinə icarəyə verir. 2.1-ci bəndinə əsasən icarə sahəsi və onun daxilindəki qurğular, avadanlıqlar hər iki tərəf arasında təhviltəslim aktı tərtib olunmaqla təhvil verilir. 2.2. İcarədar icarə obyektində İcaraçiyə təmir və yenidən qurma işlərinin aparılmasına icazə verir. İcarə obyektinin daşıyıcı divarları va binasına hər hansı xəsarət gətirə biləcək işlərin görülməsini qadağan edir. 2.4-cü bəndinə əsasən icarəçi tərəfindən görülmüş bütün təmir-tikinti işləri İcarədarın daşınmaz əmlakına çevrilir, yəni, müqavilənin müddətinin sonunda İcarəçi İcarədarın daşınmaz əmlakına toxuna bilməz və onun əvəzində ödəniş tələb edə bilməz, istənilən halda müqavilayə vaxtından əvvəl xitam verilməsi istisna olmaqla. 3.1-ci bəndinə əsasən aylıq icarə haqqı 3500 manat təşkil edir. 3.2-ci bəndinə əsasən icarəçi hər ayın sonuncu gününədək növbəti ayın icarə haqqını ödəməlidir. İcarə haqqı göstərilən müddətdə ödənilmədikdə hər ötən gün üçün ödənilməyən məbləğin 2% həcmində penya hesablanıb ödənilməlidir. 3.3-cü bəndinə əsasən müqavilənin qiyməti 6 ay əvvəldən xəbərdarlıq etməklə dəyişdirilə bilər. 4.1-ci bəndinə əsasən hazırkı müqavilə xx.xx.2024-cü il tarixdən hüquqi qüvvəyə minir və xx.xx.2034-cü il tarixədək etibarlıdır. 4.2-ci bəndinə əsasən müqaviləyə vaxtından əvvəl aşağıdakı hallarda xitam verilə bilər: 4.2.1. Tərəflərdən biri bu Müqavilənin təlablarini pozduqda; 4.2.2. İcaradar İcarəçiyə 6 (altı) ay əvvəlcədən xəbərdarlıq etdikdə 4.2.3. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda; 4.2.4. İcarə haqqı bu müqavilənin 3.2 bəndinə əsasən ödənilmədikdə İcarədarın tələbi ilə Birtərəfli qaydada; 4.2.5. İcarəçi İcarədarın onun müvəqqəti istifadəsinə verdiyi əmlaka zərər vurduqda. 4.2.6. İcarəyə verilən sahənin satılma ehtimalı,yaxud müllkiyyətçisi dəyişdiyi halda. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, tərəfinizdən 01/24 saylı 01 avqust 2024-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə verilmiş ərazidə icarə müqaviləsi şərtlərinə tam əməl edilmir. Belə ki, ərazidə anti-sanitariya hökm sürür, ərazinin təmizlik işləri normada deyil, texniki-təhlükəsizlik qaydalarına əməl olunmur. Bu da icarə müqaviləsinin tələblərinin pozulması deməkdir. (maddə 4.2.1) Bunları nəzərə alaraq bildirir ki, sentyabr ayının sonuna kimi göstərilən nöqsanlar aradan qaldırılmazsa bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam veriləcəkdir. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, onunla bağlanmış 01/24 saylı 01 avqust 2024-cü tarixli İcarə müqaviləsinin tələblərinə tərəfindən əməl edilmədiyinə görə xx.xx.2024-cü il tarixdən xitam verilir. (maddə 4.2.1 və 4.2.4. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, tərəfindən 2024-cü il avqust-sentyabr aylarında icarəyə götürdüyü ərazidə qeyri-qanuni olaraq yarımçıq halda quraşdırılmış metal konstruksiyanın sökülməsi barədə onlara dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir ölçü götürülməmişdir. Dövlət qurumları (İcra nümayəndəliyi, Fövqaladə Hallar Nazirliyi, Polis idarəsi və Əmlak komitəsi) tərəfindən onlara qeyri-qanuni, yarımçıq quraşdırılmış metal-konstruksiyanın sökülməsi barədə xəbərdarlıqlar olunub. Bütün bunları nəzərə alaraq ərazidə qeyri-qanuni quraşdırılmış yarımçıq metalkonstruksiyanın 15 gün müddətinə sökülüb aparılması təmin edilməlidir. Edilmədiyi halda tərəfindən həmin metal-konstruksiya söküləcək və görulmüş işə çəkilmiş xərclər sizin tərəfinizdən ödəniləcəkdir. Cavabdeh (icarədar) ilə "xxxx" Şirkətinin Azərbaycan Resbublikasındakı Filialı arasında imzalanmış 01 aprel 2023-cü il tarixli, 03 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “İcarədar” ona məxsus Bakı şəhəri, Nizami rayonu, Babək pr. 76 ünvanında yerləşən əsas 200 m² sahəni və əlavə 628 m² sahəni “İcarəçi”yə aşağıdakı şərtlərlə icarəyə verir. Obyekt və obyektin üst hissəsi də “İcarəçi”nin istifadəsinə verilir və “İcarəçi” tərəfindən təmir-tikinti işləri görülə bilər. 2.1-ci bəndinə əsasən icarədar icarə obyektini 5 (beş) il müddətinə İcarəçinin istifadəsinə verir. Müqavilə müddəti bitdikdən sonra, tərəflərdən heç birinin yazılı etirazı olmazsa, müqavilə müddəti növbəti illərə uzadılmış hesab olunacaqdır. 3.1-ci bəndinə əsasən aylıq icarə 1000 AZN təşkil edir. Cavabdeh MMC (icarədar) ilə "xxxx" Şirkətinin Azərbaycan Resbublikasındakı Filialı arasında imzalanmış 01 oktyabr 2024-cü il tarixli, 01 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “İcarədar” ona məxsus Bakı şəhəri, Nizami rayonu, Babək pr. 76 ünvanında yerləşən əsas 200 m/2 sahəni və əlavə 628 m\2 sahəni“İcarəçi"yə aşağıdakı şərtlərlə icarəyə verir. 2.1-ci bəndinə əsasən İcarədar icarə obyektini 3 il müddətinə İcarəçinin istifadəsinə verir və icarənin müddəti hər iki tərəfin razılığı ilə dəyişdirilə bilər. 3.1-ci bəndinə əsasən aylıq icarə 2000(İki min manat)manat təşkil edir. Cavabdeh MMC (icarədar) ilə "xxxx" MMC arasında imzalanmış 01 may 2024-cü il tarixli, 06 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə "İcarədar" ona məxsus Bakı şəhəri, Nizami rayonu, Babək pr. 76 ünvanında yerləşən 40m/2 əsas sahəni və 200m\2 əlavə sahəni "İcarəçi”yə aşağıdakı şərtlərlə icarəyə verir. 2.1-ci bəndinə əsasən icarədar icarə sahəsini 3 ay müddətinə icarəçinin istifadəsinə verir və icarənin müddəti hər iki tərəfin razılığı ilə dəyişdirilə bilər. 3.1-ci bəndinə əsasən aylıq icarə 1000 (Min manat) manat təşkil edir. 4.1-ci bəndinə əsasən hazırkı müqavilə xx.xx.2024-ci il tarixdən hüquqi qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək etibarlıdır. Cavabdeh MMC (icarədar) ilə "xxxx" MMC arasında imzalanmış 01 oktyabr 2024-cü il tarixli, 02 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “İcarədar” ona məxsus Bakı şəhəri, Nizami rayonu, Babək pr. 76 ünvanında yerləşən 40m/2 əsas sahəni və 200m\2 əlavə sahəni “İcarəçi”yə aşağıdakı şərtlərlə icarəyə verir. 2.1-ci bəndinə əsasən icarədar icarə sahəsini lil müddətinə İcarəçinin istifadəsinə verir və icarənin müddəti hər iki tərəfin razılığı ilə dəyişdirilə bilər. 4.1-ci bəndinə əsasən hazırkı müqavilə xx.xx.2024-cü il tarixdən hüquqi qövvəyə minir və xx.xx.2025-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində istifadədə olan 0.03997 ha torpaq sahəsində yerləşən 76 nömrəli, 311.0 kv.m ümumi, 191.7 kv.m əsas, 119.3 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 1552 nömrəli vərəqində qeydiyyata alınmışdır. 29 may 2007-ci il tarixli, 003166 nömrəli Əmlakın Texniki İnventarlaşdırılması Bürosunun Müəssisə və X1 əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti-76 ünvanda yerləşən ümumi sahəsi 311.0 kub metr, tikinti altı sahəsi 399.7 kvadrat metr, əsas sahəs 191,7 kvadrat metr, köməkçi sahə 119.3 kvadrat metr olan qeyri-yaşayış sahəsinin balans saxlayıcısı və ya mülkiyyətçisi Cavabdeh MMC qeyd olunmuşdur. xx/xx/2024-cü il tarixli ödəniş sənədinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə icarə haqqı üzrə 1450 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1050 manat, xx.xx.2024-cü il tarixdə 950 manat, xx.xx.2024-cü il tarixdə 2200 manat, 1300 manat, xx.xx.2024-cü il tarixdə 1656,77 manat ödənmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 686-cı maddəsinə görə əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir... Mülki Məcəllənin 421.2ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.... Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 01 avqust 2024-cü il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən ərazini iddiaçıya 10 il müddətinə icarəyə vermiş, iddiaçı isə həmin ərazidən istifadə etməklə aylıq 3500 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, cavabdeh tərəfindən 16 sentyabr 2024-cü il tarixli yazılı xəbərdarlıq məktubu ilə iddiaçıya icarə müqaviləsinin şərtlərinə əməl edilmədiyi, icarə sahəsində sanitariya və texniki təhlükəsizlik qaydalarının pozulduğu barədə məlumat verilmiş, göstərilən nöqsanların aradan qaldırılmadığı halda müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Daha sonra cavabdeh tərəfindən 26 sentyabr 2024-cü il tarixli bildirişlə tərəflər arasında bağlanmış 01 avqust 2024-cü il tarixli icarə müqaviləsinə 30 sentyabr 2024-cü il tarixdən etibarən birtərəfli qaydada xitam verildiyi iddiaçıya bildirilmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı tərəfindən qeyd olunan halların əksini təsdiq edən hər hansı sübut təqdim edilməmiş, cavabdehin göstərdiyi pozuntular təkzib olunmamışdır. Tərəflər arasında bağlanmış 01 avqust 2024-cü il tarixli müqavilənin 4.2.1-ci bəndinə əsasən tərəflərdən biri müqavilənin tələblərini pozduğu halda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Müqavilənin 3.2-ci bəndinə görə isə icarə haqqı hər ayın sonuna qədər ödənilməli, ödənilmədiyi halda gecikdirilmiş məbləğə görə penya hesablanmalıdır. Müqavilənin 4.2.2-ci bəndində nəzərdə tutulmuş əvvəlcədən xəbərdarlıq müddəti tərəflərdən birinin müqaviləni pozmadığı hallara aiddir. Lakin hazırkı işdə müqavilənin şərtlərinin pozulması müəyyən edildiyindən cavabdeh müqavilənin 4.2.1-ci bəndinə əsasən dərhal xitam vermək hüququna malik olmuşdur. İş materiallarında olan ödəniş sənədlərindən müəyyən edilir ki, iddiaçı tərəfindən icarə haqqı müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə ödənilməmiş, ödənişlər hissə-hissə və gecikmə ilə həyata keçirilmişdir. Bundan əlavə, sentyabr ayından sonra ümumiyyətlə icarə haqqı ödənilməmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıq məktublarında icarə sahəsinin müqavilə şərtlərinə uyğun saxlanılmadığı, ərazidə sanitariya və texniki təhlükəsizlik qaydalarına əməl olunmadığı göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən icarə müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsi müqavilə şərtlərinin pozulması kimi qiymətləndirilməli və müqavilənin 4.2.1-ci bəndində nəzərdə tutulmuş əsasların yaranmasına səbəb olmuşdur. Bu halda cavabdeh Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələrinə uyğun olaraq müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olmuşdur. Bundan əlavə, Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi halında kreditor müqavilədən imtina edə bilər. İşin hallarından müəyyən olunur ki, iddiaçı müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş, cavabdeh tərəfindən edilmiş xəbərdarlıq nəticəsiz qalmışdır. İş üzrə müəyyən edilir ki, cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi barədə iradə ifadəsi iddiaçıya çatdırılmış, iddiaçı isə həmin bildirişə etiraz etməmiş, bildirişdən sonra aylıq icarə haqqını ödəməmiş, sonradan icarə obyektində yerləşən əşyalarını götürərək obyekti boşaltmışdır. Həmçinin tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı müqaviləyə xitam verilməsi barədə bildirişdən sonra da bir müddət cavabdehlə danışıqlar aparmış, sonradan isə icarə obyektindən çıxaraq ərazidə fəaliyyətini dayandırmışdır. İddiaçı tərəfindən müqaviləyə xitam verilməsinin qanunsuzluğu barədə dərhal məhkəməyə və ya digər səlahiyyətli orqanlara müraciət edilməmiş, yalnız uzun müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, icarəçinin xitam bildirişindən sonra icarə haqqını ödəməməsi, icarə obyektini faktiki olaraq boşaltması, əşyalarını götürməsi və uzun müddət ərzində müqavilə münasibətlərinin davam etdirilməsi ilə bağlı hər hansı hüquqi tədbir görməməsi onun müqavilə münasibətlərinə xitam verilməsi faktını qəbul etdiyini göstərir. Mülki hüquq münasibətlərində tərəflərin davranışı onların iradəsinin ifadə forması kimi qiymətləndirilməlidir. Bu baxımdan tərəfin hüquqi nəticəyə səbəb olan davranışı həmin hüquqi nəticənin qəbul edilməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında da göstərildiyi kimi, qanun və ya müqavilə ilə yol verilən hallarda müqavilədən birtərəfli imtina iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə hüquqi nəticə doğurur və həmin andan müqavilə münasibətlərinə xitam verilmiş hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi barədə iradə ifadəsi iddiaçıya çatdırıldıqdan sonra iddiaçının davranışı həmin xitamın faktiki olaraq qəbul edilməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının hazırkı davranışı mülki hüquqda qəbul edilmiş “venire contra factum proprium” (əvvəlki hərəkətlərinə zidd hərəkət etmək) prinsipinə zidd olmaqla, əvvəlki davranışı ilə ziddiyyət təşkil edən hüquqi mövqenin sonradan irəli sürülməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan iddiaçının hazırkı tələbi hüquqi müəyyənlik prinsipinə də zidd olmaqla, sabitləşmiş hüquq münasibətlərinin sonradan dəyişdirilməsinə yönəlmiş hesab edilir. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh tərəfindən mübahisəli ərazi üzrə digər şəxslərlə yeni icarə müqavilələri bağlanmış və həmin şəxslər hazırda ərazidə fəaliyyət göstərirlər. Mövcud vəziyyətdə tərəflər arasında əvvəlki icarə münasibətlərinin bərpa edilməsi faktiki olaraq mümkün deyildir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış 01 avqust 2024-cü il tarixli icarə müqaviləsi cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilmiş və tərəflər arasında icarə münasibətlərinə xitam verilmişdir. Müqavilə münasibətləri faktiki olaraq sona çatdığından həmin müqavilə üzrə hüquqların sonradan məhkəmə qaydasında bərpası və müqavilə müddətinin uzadılması mümkün hesab edilmir. Həmçinin, məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu və hüquqi yardım üçün çəkilmiş xərclər özünə aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı icarə obyektindən istifadə hüququnun bərpası tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7066/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7066/2025
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver