Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7076/2025 18.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: zərərin tutulması) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisi verilişinin qanunsuz olaraq dayandırılması nəticəsində MMC-yə dəymiş 6.533,60 (altı min beş yüz otuz üç manat altmış qəpik) maddi ziyan, 63.922,48 (altmış üç min doqquz yüz iyirmi iki manat qırx səkkiz qəpik) manat əldən çıxmış fayda, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat, müstəqil auditə ödənilmiş 1600 (bir min altı yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 308 (üç yüz səkkiz) manat olmaqla ümumilikdə 72.864,08 (yetmiş iki min səkkiz yüz altmış dörd manat səkkiz qəpik) manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınaraq kənd təsərüfatının mühüm sahələrindən olan toyuq ətlərinin yetişdirilməsi, emalı və satışı ilə məşğul olur. MMC-nin fəaliyyəti qida məhsullarının istehsalı ilə bağlı olduğundan istehsalın həyata keçirilməsində və işin təşkil olunmasında elektrik enerjisinin xüsusi rolu vardır. Bu səbəbdən də MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 028791 nömrəli müqaviləyə əsasən **********5 saylı abonent kodu vasitəsilə istehsalat sahəsi və quşçuluq təsərrüfatında mütəmadi olaraq elektrik enerjisindən istifadə olunur və istifadəyə görə bu günə qədər bütün ödənişlər tərəfimizdən vaxtlı-vaxtında həyata keçirilmişdir. Bildirir ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC Sumqayıt RETSİ tərəfindənXəbərdarlıq göndərilərək xx.xx.2025-ci il tarixədək yaranmış 21.368,48 manat pul vəsaitinin xx.xx.2025-ci il tarixədək ödənilməsi, əks təqdirdə xx.xx.2025-ci il tarixdə saat 11:00-da elektrik enerjisi verilişinin dayandırılacağı bildirmiş və həmin tarixdə də “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə istifadə Qaydalarının 8.2, 8.14, və 9.13.2-ci maddələrinin tələblərinə, həmçinin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 028791 nömrəli müqavilənin 12-ci maddəsinə zidd olaraq dayandırılmışdır. Diqqətinizə çatdırıram ki, bundan öncə də iki dəfə Sumqayıt RETSİ tərəfindən xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə eyni formada qanunsuz xəbərdarlıqlar göndərilmiş, "xxxx" ASC-nin sədriVüqar Əhmədova müraciət etdikdən sonra elektrik enerjisi verilişi dayandırılmamış və elektrik enerjisinə görə hesablaşmaların “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə istifadə Qaydalarına uyğun olaraq aparılması təmin olunmuşdur. Lakin Sumqayıt RETSİ-nin yenə də eyni qaydada qanunsuz olaraq xəbərdarlıq göndərərək elektrik enerjisi verilişinin dayandırılacağı ilə bağlı "xxxx" MMC-ni hədələməsi və sonradan dayandırması onu göstərir ki, Sumqayıt RETSİ "xxxx" MMC-yə qarşı bizə məlum olmayan səbəblərdən qərəzlidir və bu qərəzini həyata keçirtməkdən ötrü qanun pozuntusuna belə yol verməkdən çəkinmir. Nəzərə alsaq ki, 21.368,48 manat pul vəsaitinin ödənilməsi ilə bağlı elektron qaimə xx.xx.2025-ci il tarixdə MMC-yə göndərilmişdir, onda “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə istifadə Qaydalarının 8.14 və9.13.2-ci maddələrinə əsasən xx.xx.2025-ci il tarixdə saat 11:00-da elektrik enerjisi verilişinin dayandırılacağı barədə xəbərdarlıq qanuni hesab oluna bilməz və bir aydan tez yəni, xx.xx.2025-ci il tarixdə elektrik enerjisi verilişinin dayandırılması tamamilə qanunsuzdur. Bundan sonra tərəfimizdən məhkəməyə və aidiyyatı dövlət orqanlarına müraciət edilmiş, Bakı Kommerisya Məhkəməsinin İş № e16(113)-669/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə “Murad Aqro" MMC-yə elektrik enerjisinin verilməsinin dayandırılması "xxxx" ASC-yə qadağan edilmişdir. Həmçinin də Energetika Nazirliyinə etdiyimiz müraciətin nəticəsi olaraq X1 Agentliyi Sumqayıt Filialinın əməkdaşlarının gördüyü tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə elektrik enerjisi verilişi bərpa olunmuşdur. Elektrik enerjisi verilişinin qanunsuz olaraq dayandırılması MMC-yə külli miqdarda maddi ziyan dəyməsi ilə nəticələnmişdir. Belə ki, "xxxx" MMC-nin tərtib etdiyi rəy ilə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər olan dövr ərzində elektrik enerjisinin olmaması cəmiyyətin fəaliyyətində müəyyən durğunluqlar əmələ gətirmişdir. Belə bir durğunluğun nəticəsi olaraq istehsal olunan cücələrin faktiki çəkilərində azalmalar və onların müəyyən qisminin tələf olunması halları baş vermişdir. Hətta bütün bunların nəticəsi olaraq cəmiyyətin maddi baxımından itkilərinin olması rəhbərlik tərəfindən aşkarlanmışdır. Aparılan audit yoxlaması zamanı uyğunsuzluqlara baxış keçirilərkən 6.533,6 (altı min beş yüz otuz üç manat altmış qəpik) maddi ziyan və əldən çıxmış fayda olaraq 63.922,48 (Altmış üç min doqquz yüz iyirmi iki manat 48 qəpik) manat, ümumilikdə xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində elektrik enerjisinin olmamasına görə 70.456,08 (yetmiş min dörd yüz əlli altı manat səkkiz qəpik) manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Audit rəyində dəymiş ziyan məbləği aşağıdakı kimi əsaslandırılmışdır. Rəhbərliyin verdiyi məlumata əsasən xx.xx.2025-ci il tarixində ümumi 158 725 ədəd cücə istehsal üçün istehsalat sexlərində nəzarətdə saxlanılırdı.Həmin tarixdə cücələrin ümumi normativ çəkisi 8367 qram olacağı halda faktiki çəkisi 8179 qram kimi qeyd olunmuşdur.xx.xx.2025-ci il tarixində isə cücələrin normativ çəkisi 10622 qram olacağı halda faktiki çəkisi 9141 qram kimi görülmüşdür bundan əlavə olaraq həmin tarix aralığında ölü quşların ümumi sayına və yanacaq məsrəfinə də diqqət yetirdikdə görürük ki,ölü quşların ümumi sayı 1 950 baş və yanacaq məsrəfi isə generator üzrə 1080.00 ( Bir min səksən manat .00) manat hesablanmışdır. Yəni Cəmiyyət xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər elektrik enerjisi olmadığına görə 1481 qram çəkidə azalma baş verdiyini göstərmişdir.Həmin itirilmiş çəkini qalıq quş sayına və həmin tarixə olan bazar dəyərinə vursaq görərik ki , 63 922.48 ( Altmış üç min doqquz yüz iyirmi iki manat ,48) manat , ölü quşların ümumi sayında 2019.50 kq olan ümumi çəkisini bazar dəyərə vursaq 5 453.60 (Beş min dörd yüz əlli üç manat .60) manat və yanacaq məsrəfi isə generator üzrə 1080.00 ( Bir min səksən manat .00) manat məbləğində cəmiyyət ziyan etmişdir. Cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilərək elektrik enerjisi verilişinin qanunsuz olaraq dayandırılması nəticəsində MMC-yə dəymiş 70.456,08 (yetmiş min dörd yüz əlli altı manat səkkiz qəpik) manat məbləğində ziyanın 5 (beş) gün ərzində ödənilməsi xahiş olunmuş, əks təqdirdə hüquqlarımızın bərpa edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 70.456,08 (yetmiş min dörd yüz əlli altı manat səkkiz qəpik) manat pul vəsaiti, hüquqi yardımla bağlı xərclər və iddianın verilməsi üçün ödəniləcək dövlət rüsumunun da tələb olunacağı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh ziyanın ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də hazırda məhkəmə müdafiəsi hüququmuzdan istifadə olunması zərurəti yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, toyuqlara baxış keçirdikdə ölüm səbəbi xəstəlik deyil, nəfəs darlığı olduğu müəyyən olunmuşdur. Ümumilikdə aktlara əsasən iddiaçıya dəymiş zərərin qiyməti 6533 manatdır və bu məbləğ cavabdehdən tələb olunur. 3 gün müddətində işıq kəsilmişdir. Əsas xətt 1 dənədir. Köməkçi xəttlərin saylarını bilmir. Ora böyük ərazi olduğuna görə generator qoyulması mümkün olmamışdır. Hansı səbəbdən xəttdə açılma olmasını cavabdeh sübut etməlidir, baxış keçirməsi ilə bağlı aktı təqdim etməlidir. Cavabdeh onlara məktub ünvanlayaraq işığı kəsəcəyi ilə bağlı qanunsuz olaraq təhdit etmişdir. Texniki şərt cavabdehin özündə də mövcuddur, lakin bugünə qədər məhkəmə iclasında iştirak etməmişlər və sübutları məhkəməyə təqdim etməmişlər, cavabdeh işi süni şəkildə uzatmaq məqsədi güdür. Ərazidə 1 ana xətt mövcuddur. Texniki şərt onlarda mövcuddur, lakin cavabdeh maraqlıdırsa, özü məhkəməyə təqdim etməlidir. Texniki şərt işin mahiyyətini dəyişməyəcək, iddiaçıda texniki şərtin olub-olmamasını dəqiq bilmir. Təqdim edilməsinə hesab edir ki, zərurət yoxdur.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi idda tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbi əsassızdır, qəbul etmirlər. Araşdırma apardıqda müəyyən olunmuşdur ki, həmin ərazidə abonentin borcuna görə elektrik enerjisinin verilməsinin dayandırılması halı olmamışdır. Həmin ərazidə 2 xətt mövcuddur, həmin xəttlərdən birinin çox yüklənməsi nəticəsində açılma olmuşdur, açılmanı bərpa etmək mümkün olmamışdır. Bu tip abonentlərdə mütləq texniki şərt təqdim olunmalıdır və ona baxış keçirməliyik. Alnernativ xətt, yəni tramsformatordan başqa generator mütləq olmalıdır və olmamasına görə məsuliyyəti "xxxx" ASC daşımır. Texniki şərtdə müəssisənin gücü də öz əksini tapır. Bəlkə də müəssisənin gücü artdığına görə açılma halı olmuşdur. Qısaca bu tip istehlakçılarda mütləq alternativ xətt olmalıdır. Borcu ödətdirmək məqsədi ilə olsa idi hər 2 xətt "xxxx" ASC tərəfindən kəsilərdi. Qanunvericiliyə əsasən iddiaçı tipli ərazilərdə transformatordan başqa həm də generator olması mütləqdir. İddiaçının xəttində açılma olmuşdur. "xxxx" ASC tərəfindən göndərilmiş borcun ödənişi ilə bağlı məktub formal xarakter daşıyır və çox abonentlərə göndərilir. Azərişıq və Azərenerji arasında təhvil-təslim aktı olmamışdır, ona görə də texniki şərt onlarda deyil. Texniki şərtə əsasən generator olması iddiaçının öhdəliyidir. İşığın dayandırılması başqa formada olur. Göndərilən məktublar formal xarakter daşıyır və hər abonentə göndərilir, lakin heç kimin işığı dayandırılmır. Beləliklə, "xxxx" ASC tərəfindən borcun ödənişi ilə bağlı göndərilən məktub əsasında iddiaçının işığı kəsilməyib, xəttlərdən birinin çox yüklənməsi nəticəsində açılma olmuşdur. Ona görə də iddia tələbi rədd edilməlidir.
III.Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. 03 aprel 2023-cü il tarixli 028791 №-li Elerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən "xxxx" ASC ilə İddiaçı MMC arasında elektik enerjsinin istehlakı və alqı-satqısı barədə müqavilə imzalanmışdır.
7. 13 mart 2025-ci il tarixində "xxxx" ASC İddiaçı MMC-yə məktub ünvanlayaraq, müəssisənin elektrik enerjisinə görə 13 mart 2025-ci il tarixə 17736,83 manat borcu yaranmışdır. Elektrik enerjisinin borcunu xx.xx.2025- ci il tarixinədək ödənilməsini təmin edilməsi əks balda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik Enerjisindən istifadə qaydalarının 9.13 bəndinə əsasən əlavə xəbərdarlıq edilmədən müəssisəyə elektrik enerjisinin verilişi xx.xx.2025-ci il tarixdə saat 11:00-dan etibarən dayandırılacaqdır.
8. 28 iyul 2025-ci il tarixində "xxxx" ASC İddiaçı MMC-yə məktub ünvanlayaraq, müəssisənin elektrik enerjisinə görə 22 iyul 2025-ci il tarixə 21368,48 manat borcu yaranmışdır. Elektrik enerjisinin borcunu xx.xx.2025-ci il tarixinədək ödənilməsini təmin edəsiniz əks balda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik Enerjisindən istifadə qaydalarının 9.13 bəndinə əsasən əlavə xəbərdarlıq edilmədən müəssisəyə elektrik enerjisinin verilişi xx.xx.2025-ci il tarixdə saat 11:00-dan etibarən dayandırılacaqdır.
9. xx.xx.2025-ci il tarixli Akta əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-yə verilən elektrik enerjisi dayandırılandan sonrakı gün, yəni xx.xx.2025-ci il tarixində 1000 ədəd quş ölmüşdür.
10. xx.xx.2025-ci il tarixli Akta əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-yə verilən elektrik enerjisi dayandırılandan sonrakı gün, yəni xx.xx.2025-ci il tarixində 650 ədəd quş ölmüşdür.
11. xx.xx.2025-ci il tarixli Akta əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-yə verilən elektrik enerjisi dayandırılandan sonrakı gün, yəni xx.xx.2025-ci il tarixində 300 ədəd quş ölmüşdür.
12. 01 №-li Yarma Protokoluna əsasən 30 iyul 2025-ci il tarixində ev quşunun (toyuq) yarılması nəticəsində daxili orqanlarında həcmcə böyümə və rəng dəyişikliyi müşahidə edilmişdir. Toyuğun ölüm səbəbi tənəffüsün istidən pozulması boğulma, Asfiksiya olduğu müəyyən edilmişdir.
13. 02 №-li Yarma Protokoluna əsasən 31 iyul 2025-ci il tarixində ev quşunun (toyuq) yarılması nəticəsində daxili orqanlarında həcmcə böyümə və rəng dəyişikliyi müşahidə edilmişdir. Toyuğun ölüm səbəbi oksigen çatışmazlığı, istidən boğulma, Asfiksiya olduğu müəyyən edilmişdir.
14. 01 avqust 2025-ci il tarixli Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Sumqayıt Filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubda qeyd edilmişdir ki, müraciət Filiala daxil olduqdan dərhal sonra "Azərişıq” ASC-nin Sumqayıt RETSİ-nin məsul əməkdaşaları ilə işçi qaydada danışıqlar aparılmış və görülmüş tədbirlər nəticəsində "Murad-Aqro” MMC-yə elektrik enerjisi verilişi bərpa edilmişdir.
15. 13 avqust tarixli "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən İddiaçı tərəfindən xx.xx.2025-ci il, xx.xx.2025-ci il və 18.07.205-ci il tarixlərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumi 160 000.80 (Yüz altmış min manat ,0.80) manat məbləğində 178 648 (Yüz yetmiş səkkiz min altı yüz qırx səkkiz) ədəd bir günlük cücə alınmışdır. Rəhbərliyin verdiyi məlumata əsasən xx.xx.2025-ci il tarixində ümumi 158 725 ədəd cücə istehsal üçün istehsalat sexlərində nəzarətdə saxlanılırdı. Həmin tarixdə cücələrin ümumi normativ çəkisi 8367 qram olacağı halda faktiki çəkisi 8179 qram kimi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixində isə cücələrin normativ çəkisi 10622 qram olacağı halda faktiki çəkisi 9141 qram kimi görülmüşdür bundan əlavə olaraq həmin tarix aralığında ölü quşların ümumi sayına və yanacaq məsrəfinə də diqqət yetirdikdə görürük ki,ölü quşların ümumi sayı 1 950 baş və yanacaq məsrəfi isə generator üzrə 1080.00 manat hesablanmışdır. Yəni Cəmiyyət xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər elektrik enerjisi olmadığına görə 1481 qram çəkidə azalma baş verdiyini göstərmişdir. Həmin itirilmiş çəkini qalıq quş sayına və həmin tarixə olan bazar dəyərinə vursaq görərik ki, 63 922.48 manat, ölü quşların ümumi sayında 2019.50 kq olan ümumi çəkisini bazar dəyərə vursaq 5 453.60 (Beş min dörd yüz əlli üç manat .60) manat və yanacaq məsrəfi isə generator üzrə 1080.00 manat məbləğində cəmiyyət ziyan etmişdir. Yekun olaraq Vaqifoğlu Audit” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş sənədlər əsasında təsdiq olunmuş və 06 avqust - 13 avqust 2025-ci il tarixləri aralığında aparılmış audit yoxlaması zamanı dəymiş maddi zərər 70 456.08 ( Yetmiş min dörd yüz əlli altı manat ,08) manat müəyyən edilmişdir.
16. xx.xx.2025-ci il tarixli "xxxx" ASC tərəfindən iddiaçının vəkilinə göndərilmiş məktubda qeyd edilmişdir ki, "xxxx" ASC-nin məlumat bazasında qeyd olunan ünvanda yerləşən obyekt **********5 nömrəli abunə kodu ilə qeydiyyatdadır. Həmin obyektin elektrik enerjisi təchizatı **********123M125988 və **********613M126019 zavod nömrəli elektrik sayğacları vasitəsilə təmin olunur. Qeyd olunan obyekt elektrik enerjisi ilə TM-3093431 və TM-3093163 saylı transformator məntəqələri vasitəsilə, iki tərəfli xətlə təchiz edilir. Müraciətdə göstərilmiş xx.xx.2025-ci il tarixində elektrik enerjisinin verilişində yaranmış fasilə TM-3093431 saylı transformator məntəqəsində yüklənmə səbəbindən xəttin avtomatik sistem tərəfindən açılması nəticəsində baş vermişdir. Bununla belə, TM- 3093163 saylı transformator məntəqəsi vasitəsilə elektrik enerjisinin verilişi ikinci xətdən bərpa edilmiş və İddiaçı MMC fasiləsiz enerji təchizatı ilə təmin olunmuşdur.
17. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir.
18. İddiaçı iddia edir ki, "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixindən 3 gün müddətində qanunsuz olaraq elektrik enerjisini dayandırması nəticəsində müəssisəyə xeyli miqdarda maddi ziyan dəymişdir. 01 avqust tarixində müraciətlərdən sonra elektrik enerjisinin verilməsi bərpa edildiyi qeyd edilmişdir. "xxxx" MMC-nin tərtib etdiyi rəyi təqdim edərək, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər olan dövr ərzində elektrik enerjisinin olmaması cəmiyyətin fəaliyyətində müəyyən durğunluqlar əmələ gətirdiyi və belə bir durğunluğun nəticəsi olaraq istehsal olunan cücələrin faktiki çəkilərində azalmalar və onların müəyyən qisminin tələf olunması halları baş verdiyini bildirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirir ki, iddia tələbi əsassızdır, qəbul etmirlər. Araşdırma apardıqda müəyyən olunmuşdur ki, həmin ərazidə abonentin borcuna görə elektrik enerjisinin verilməsinin dayandırılması halı olmamışdır. Həmin ərazidə 2 xətt mövcuddur, həmin xəttlərdən birinin çox yüklənməsi nəticəsində açılma olmuşdur, açılmanı bərpa etmək mümkün olmamışdır. Alnernativ xətt, yəni tramsformatordan başqa, generator mütləq olmalıdır və olmamasına görə məsuliyyəti cavabdeh daşımır. Bəlkə də müəssisənin gücü artdığına görə açılma halı olmuşdur. Qısaca bu tip istehlakçılarda mütləq alternativ xətt olmalıdır. Borcu ödətdirmək məqsədi olsaydı hər 2 xətt "xxxx" ASC tərəfindən kəsilərdi. "xxxx" ASC tərəfindən göndərilmiş məktub formal xarakter daşıyır və çox abonentlərə göndərilir.
19. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Məhkəmə əvvəla qeyd edir ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan da göründüyü kimi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn maddi zərərin ödənilməsi tələbi məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, mülki qanunvericiliyin normalarını pozan əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi, hüquqazidd əməl ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, eləcə də əməlin təqsirli olması müəyyən edilsin.
27. Məhkəmə araşdırılması zamanı İddiaçı MMC-yə elektrik enerjisinin verilişinin "xxxx" ASC-nin təqsirli hərəkətləri nəticəsində kəsilməsi halı müəyyən edilmədi. Belə ki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi məktublardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya mütəmadi olaraq (13 mart 2025-ci il, 28 iyul 2025-ci il tarixlərində) borcun ödənilməsi ilə bağlı məktublar göndərilib. Lakin, əgər bu cür məktublar iddiaçının bildirirdiyi kimi qərəzli olaraq məhz iddiaçıya zərər vurmaq məqsədi ilə işığın kəsilməsinə xidmət edirdisə, cavabdeh tərəfindən həmin 13 mart 2025-ci il tarixli məktubda göstərilən tarixdə də işığı kəsmiş olardı, mart ayında elektrik enerjisinin kəsilməsi halı müəyyən edilməmişdir. 29 iyul 2025-ci il tarixində MMC-də elektrik enerjisinin dayandırılmasına dair xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin məktubundan müəyyən edilir ki, işığın kəsilməsi hərhansı borc məbləğinə görə deyil, TM-3093431 saylı transformator məntəqəsində yüklənmə səbəbindən xəttin avtomatik sistem tərəfindən açılması nəticəsində baş vermişdir. Və cavabdehin nümayəndəsinin izahatına əsasən bu tip abonentlərdə elektrik enerjisinin kəsilməsi nəticəsində problemlər ilə üzləşməməsi üçün transformatordan başqa, generator da mütləq olmalıdır kı, elektrik enerji hər-hansı səbəbdən kəsildiyi halda, işıqla təmin olunsun.
28. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dəymiş zərər ilə bağlı sübut qismində 3 ədəd akt (xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 tarixli) və yarma protokollarını (yarma protokolların heç biri AQTA-nın möhürü ilə təsdiq edilməmişdir, digər tərəfdən aktlarda göstərilən bütün quşların və ya yalnız birinin yarılması və bütün quşların məhz eyni səbəbə görə tələf olması müəyyən edilmir) təqdim etsə də, lakin həqiqətən də MMC-nin balansında həmin dövrdə 1950 ədən quşun mövcüd olması, ev quşlarının əvvəlki çəkisi və elektrik enerjinin dayandırılmasından sonra çəkisi, həqiqətəndən onların dəyərinin təqdim etdikləri rəydə göstərilən məbləğlərdə olması və onların hamısının tələf olması həmin sənədlərdən başqa hər-hansı möhtəbər və təkzibolunmaz sübutlar ilə öz təsdiqini tapmamışdır.
29. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən MM-nin 1096 və 1097-ci maddələrində göstərilən dörd şərt (törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır) üzrə iddianı (elektrik enerjinin dayandırılması nəticəsində iddiaçıya məxsus quşların tələf olması ilə əlaqədar maddi zərərin dəyməsi) sübuta yetirə bilməmişdir. Belə olan halda isə tələb edilən zərər məbləği üzrə hüquqi dəyərləndirmənin aparılması zərurəti də aradan qalxmış olur.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Məhkəmə xərclərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.
36. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
37. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
38. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
40. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş bütün məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova