Məhkəmə qərarları › İş №e-2-2(113)-708/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-708/2023

25.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-708/2023 25.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş ziyanın əvəzinin ödənilməsi və s.) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə dəymiş ziyana görə 10.062,98 manat və əldən çıxmış faydaya görə 1800 manat olmaqla, cəmi 11.862.98 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə məxsus avtonəqliyyat vasitəsinə Cavabdeh MMC-yə məxsus sərnişin avtobusunun sürücüsü X4 tərəfindən idarə olunan zaman xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə onlara məxsus nəqliyyat vasitəsinə zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Suraxanı RPİ xx.xx.2022-ci il inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü X4 təqsirli bilinmişdir. Tərəfimizdən müqavilə üzrə sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. “Azərsığorta” DSKŞ tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-TP-*** dövlət qeydiyyat nişanlı Daewoo markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 14.561 manat (təmir edildiyi tədqirdə) müəyyən edilmişdir. “Azərsığorta” DSKŞ zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla 4.498.02 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün İddiaçı MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödənilmiş məbləğdən 4.498.02 manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 10.062.98 (on min altmış iki manat doxsan səkkiz qəpik) manat məbləğində vəsaitin 15 təqvim günü ərzində İddiaçı MMC-nin bank hesabına ödənilməsini xahiş edir. Lakin, cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə izahat verərək iddiaya etiraz etdiyini bildirmiş və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

7. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

8. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

9. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

10. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

11. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

12. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

14. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus **-TS-*** dövlət nişanlı Daewoo BS 090 markalı avtonəqliyyat vasitəsinə sürücü X4 tərəfindən idarə olunan Cavabdeh MMC-yə məxsus **-TP-*** dövlət qeydiyyat nişanlı “Daewoo” BS 090 markalı nəqliyyat vasitəsi tərəfindən ziyan vurulmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və Bakı şəhəri Suraxanı RPİ-nin qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Suraxanı RPİ-nin DYPŞ-yə göndərilmişdir.

15. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

16. İş materiallarından görünür ki, X3 (icarəyə verən) ilə İddiaçı MMC-nin direktoru X6 (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən Daewoo markalı **-TS-*** dövlət nişanlı avtonəqliyyat vasitəsi şəhərdaxili marşrut xəttində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı MMC-yə icarəyə verilmişdir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur.

17. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçının nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

18. Bundan başqa, iş materiallarına əlavə olunmuş fiziki şəxs X7 (icarəyə verən) ilə Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən təhvil-təslim aktı ilə təhvil verilmiş **-TP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh MMC-yə icarəyə verilmişdir.

19. Qeyd olunan hal da, onu təsdiq edir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman **-TP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh MMC-nin istifadəsində olmuşdur.

20. İşdə olan Suraxanı RPİ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi barədə qərarın surətindən görünür ki, X4 İddiaçı MMC-də 4 ildən artıq müddətdə sürücü işləmiş, şirkət tərəfindən verilən yol vərəqəsi əsasında həmin şirkətə məxsus 113 saylı marşrut xətti üzrə müxtəlif nəqliyyat vasitələrini idarə etmişdir. Həmçinin qeyd edilmiş qərardan görünür ki, material üzrə məhkəmə yol-nəqliyyat hadisələr ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli 8/397 rəyə əsasən X2 Yol hərəkəti haqqında qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu müəyyən olunmuşdur.

21. Göründüyü kimi, X4 İddiaçı MMC-nin avtobus xətti üzrə sürücüsü olmuş və hadisə də, onun iş funksiyasını həyata keçirərkən yəni 113 saylı marşrut xətti üzrə hərəkət edərkən onun təqsiri üzündən baş vermişdir.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər. Onu da nəzərə almaq lazımdır ki, tərəflər arasında əmək münasibətləri işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı da yarana bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəblinəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.”

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.”

24. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçıya dəymiş ziyan İddiaçı MMC-dən tələb edilə bilər.

25. Məhkəmə tərəfindən dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

26. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, “**- TS-*** dövlət nişanlı Daewoo markalı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 12.240 manat müəyyən edilir.

27. Məhkəmə qeyd edilən rəyi əsaslı hesab edir. Belə ki, rəyin əsassız olmasına dair tərəflər hər hansı bir sübut təqdim edə bilməmişlər.

28. Həmçinin o da, qeyd edilməlidir ki, “**-TS-*** dövlət nişanlı Daewoo markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 4.498,02 manat məbləğində pul ödənilmişdir.

29. Belə olan halda Məhkəmə hesab edir ki, dəymiş zərərin əvəzi olaraq 7.741,98 (12.240-4.498,02) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Məhkəmə iddianın əldən çıxmış faydaya görə 1800 manat məbləğində pul vəsaitinin tələb olunan hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

31. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə).

32. Hazırda isə iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77ci maddəsinə tələbi baxımından əldən çıxmış faydanın nədən ibarət olduğunu sübut edə bilməmişdir.

33. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əldən çıxmış faydaya görə 1800 manat məbləğində pulun tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

34. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.

13. Nəticə:

35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Dəymiş zərərin əvəzi olaraq 7.741 (yeddi min yeddi yüz qırx bir) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdehndən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar