Məhkəmə qərarları › İş №e-2-2(113)-708/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-708/2024

02.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-708/2024 02.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması" tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: pulun tutulması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pulun tutulması" tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 7.979 (yeddi min doqquz yüz yetmiş doqquz) manat pulun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilən 111 (bir yüz on bir) manat xərcin əvəzinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, o 2023-cü ilin fevral ayından "İnstaPower” adlı proqrama qoşularaq M10 platformasından istifadə etmişdir. Həmin proqrama ümumilikdə 7979 manat pul yatırmışdır. 2023-cü ilin 8 Mart bayramından sonra həmin şirkət bağlanmışdır. O "xxxx" MMC-nin 8810 nömrəli qaynar xəttinə dəfələrlə zənglər edib pulu tələb etmişdir. Lakin onlar 7.979 manat pulu geri qaytarmaqdan imtina edirlər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. V. Məhkəmənin mövqeyi və Sübutların tədqiqi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

7. İddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında qeyd etmişdir ki, 2023-cü ilin fevral ayından "İnstaPower” adlı proqrama qoşularaq M10 platformasından istifadə etmiş, həmin M10 platforması vasitəsi ilə, ümumilikdə 7.979 manat pulu "İnstaPower” adlı proqrama yatırmış, daha sonra "İnstaPower” adlı şirkət bağlanmışdır.

8. Hazırda iddiaçı M10 platformasının "xxxx" MMC-yə aid olduğunu bildirərək, köçürmüş olduğu pulları sonuncudan tələb edir.

9. Məhkəmə İlk növbədə qeyd edir ki, açıq internet resurslarından (m10.az) əldə edilmiş məlumata görə, “m 10” mobil tətbiqi telefon nömrəsi ilə qeydiyyatdan keçməklə edilmiş olan əməliyyatlardan “cashback” əldə edilməsi və digər əməliyyatların edilməsi üçün nəzərdə tutulmuşdur.

10. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş izahlı arayışdan (məktubdan) görünür ki, İddiaçı “m10” tətbiqində ***-***-**-** və ***-***-**-** nömrələri, həyat yoldaşı isə ***-***-**-** mobil nömrələr vasitəsi ilə qeydiyyatdan keçmişdir.

11. Həmin məktubdan həmçinin görünür ki, İddiaçı “m10” tətbiqi vasitəsi ilə ***-***- **-** və ***-***-**-** nömrələri vasitəsi ilə, X2 məxsus ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmiş elektron pul kisəsinə xx.xx.2023-cü il tarixdə 1.440 manat, X2 məxsus ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmiş elektron pul kisəsinə xx.xx.2023-cü il tarixdə 740 manat, X3 məxsus ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmiş elektron pul kisəsinə xx.xx.2023cü il tarixdə 740 manat, X4 məxsus ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmiş elektron pul kisəsinə xx.xx.2023-cü il tarixdə 110 manat, X3 məxsus ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmiş elektron pul kisəsinə xx.xx.2023-cü il tarixdə 2.990 manat məbləğində pul köçürmüşdür.

12. Həmin məktubdan həmçinin görünür ki, İddiaçı həyat yoldaşına məxsus ***-***- **-** mobil nömrə vasitəsi ilə X2 məxsus ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmiş elektron pul kisəsinə xx.xx.2023-cü il tarixdə 740 manat, X5 məxsus ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmiş elektron pul kisəsinə xx.xx.2023-cü il tarixdə 384 manat məbləğində pul köçürülmüşdür.

13. Göründüyü kimi, İddiaçı "xxxx" MMC-yə məxsus M10 tətbiqi vasitəsi ilə, həm özünün, həm də, həyat yoldaşına məxsus elektron pul kisəsindən həmin tətbiqdə qeydiyyatdan keçmiş digər elektron pul kisəsi sahiblərinə yəni, X2, X3, X4, X5 məxsus elektron pul kisələrinə müxtəlif vaxtlarda, müxtəlif məbləğdə pul köçürməsi etmişdir.

14. Yəni qeyd edilmiş məbləğdə pullar "xxxx" MMC-nin hesabına köçürülməmiş, ancaq həmin tətbiqdən istifadə edilmişdir.

15. Ona görə də, məhkəmə hesab edir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldğından, rədd edilməlidir.

16. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdehnə qarşı “pulun tutulması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar