Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7089/2024 28.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, icarə müqaviləsi, icarə haqqının ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Firmasının Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı Firması Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2484 manat əsas borc və vaxtında ödəmədiyinə görə 124,20 manat cərimə məbləği olmaqla, ümumilikdə 2608,20 manatın və ödənilmiş 46,08 manat dövlət rüsumunun tutularaq İddiaçı Firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı Firması arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün 29 sentyabr 2021-ci il tarixli, TS- 000705-45 hş-ŞH 2021 nömrəli icarə müqaviləsi bağlanılmış və Cavabdeh MMC-yə ambar kimi İddiaçı Firmasına məxsus olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən İddiaçı ticarət mərkəzinin ərazisində 150 kv.m qeyri yaşayış sahəsi olmaqla, 3-cü ərazi, 52-ci korpus, 4 nömrəli ambar ayrılmışdır. Müqaviləyə əsasən 1 kv.m üçün icarə haqqının məbləği 7 manat təşkil edir. Aylıq ümumi ödəniləcək məbləğ 1050 manat və 18% ƏDV təşkil edir. Cəmi: 1 kv.m üçün aylıq məbləğ ƏDV daxil olmaqla 1239 manatdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İddiaçı Firmasına məxsus olan ticarət mərkəzinin ərazisində yerləşən, ümumi sahəsi 150 kv.m olan mağaza sahəsini 1 (bir) ay müddətinə sahibkara icarəyə verir, sahibkar isə öz növbəsində icarəyəverənə razılaşdırılmış qaydada aylıq icarə haqqı ödəyir. Müqavilə bir aylıq bağlansa da, icarə münasibətləri davam etmiş və 30 oktyabr 2021-ci il tarixli razılaşma protokoluna əsasən 29 sentyabr 2021-ci il tarixli, TS- 000705-45hş-ŞH 2021 nömrəli icarə müqaviləsinin müddəti 30 oktyabr 2022-ci il tarixinə qədər uzadılmış, müqavilə münasibətləri 2024-cü ilin fevral ayının sonuna kimi davam etmişdir. Cavabdeh aylıq icarə haqlarını ödəmədən mağazanı boşaldıb, iddiaçıya məlumat vermədən ticarət mərkəzinin ərazisini tərk etmişdir. Müqavilə münasibətlərinin davam etməsinin nümunəsi olaraq Cavabdeh MMC-yə 2023-cü il ərzində təqdim edilmiş elektron qaimə-fakturaların ödənişin həyata keçirilməsini göstərmək olar. Cavabdeh MMC tərəfindən vergi sistemində həmin elektron qaimədən imtina olunmamış, qəbul edilmişdir. Cavabdeh MMC-nin 29 sentyabr 2021-ci il tarixli, TS-000705-45hş-ŞH 2021 nömrəli müqavilə üzrə İddiaçı Firmasına olan əsas borcun məbləği 2484 manat təşkil edir. Belə ki, Cavabdeh MMC tərəfindən 2024-cü ilin yanvar ayı və 2024-cü ilin fevral ayı üzrə ödəniş olmamışdır. Vaxtında ödənilmədiyinə görə borc məbləğinin 5%-i miqdarında 124.20 manat cərimə məbləğinin də ödənilməsi tələb edilir. Beləliklə, Cavabdeh MMC-nin İddiaçı Firmasına müqavilə üzrə borcu, cərimə məbləği də daxil olmaqla, 2608,20 manat təşkil edir. Müqavilə üzrə ümumi yaranmış borcun könüllü ödənilməsi barədə təkilf olan pretenziya məktubu Cavabdeh MMC-yə göndərilmiş və xx.xx.2024-cü il tarixində alınmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 22 və 23-cü fəsillərinə istinad olunmuşdur.
4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, icarəyə verən qismində İddiaçı Firması ilə sahibkar qismində Cavabdeh MMC arasında 29 sentyabr 2021-ci il tarixli, TS-000705-45 hş-ŞH 2021 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi İddiaçı firmasına məxsus olan ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 150 kv.metr olan qeyri-yaşayış sahəsini anbar kimi 1 (bir) ay müddətinə sahibkara icarəyə verir, sahibkar isə öz növbəsində icarəyəverənə razılaşdırılmış qaydada aylıq icarə haqqı ödəyir. Qiymətə ƏDV daxil deyildir. Ödəniş hesaba pul köçürmək qaydasında aparılacaq və qəbzin surəti ödəmə günü ərazinin məsul şəxsinə təhvil veriləcəkdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarəyə verilmiş 3-cü ərazi, 52-ci korpus, 4 nömrəli, 150 kv.metr olan qeyri-yaşayış sahəsinin İKV.M üçün aylıq icarə haqqı 7 manat olmaqla 1050 manat (+18 ƏDV) təşkil edir. Qeyri-yaşayış sahəsi qarışıq malların saxlanılması anbarı kimi istifadə ediləcəkdir. Sahibkar icarəyə götürdüyü sahəni normal qaydalarla istifadə edəcəkdir. Təyinatın dəyişdiriməsi zamanı 10 gün qabaq sahibkar icarəyəverəni yazılı xəbərdar etməlidir. Əgər bu hal icarəyəverən tərəfindən müəyyən olunarsa, o zaman əvvəlki 6 aylıq dövr üçün icarə haqqı yeni qiymət ilə, yəni satış mağazasına tətbiq olunan qiymətlərlə hesablanacaqdır.
6. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01 nömrəli razılaşma protokolunda qeyd edilmişdir ki, İddiaçı Firması ilə Cavabdeh MMC (VÖEN:**********) arasında bağlanılmış 29 sentyabr 2021-ci il tarixli, TS-000705-45 hş-ŞH 2021 nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-yə Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzində yerləşən 3-cü ərazi, 52-ci korpus, 4 nömrəli, 150 kv.metr sahəsi olan anbar icarəsinə verilmişdir. Tərəflər arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli, TS-000705-45 hş-ŞH 2021 nömrəli icarə müqaviləsinin müddəti qurtardığından qeyd olunan icarə müqaviləsinin müddəti eyni şərtlərlə 30 oktyabr 2021-ci il tarixindən 30 oktyabr 2022-ci il tarixinədək 1 (bir) il müddətində uzadılır.
7. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 127330 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Firması tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1239 manat (ƏDV daxil) təşkil edir.
8. xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 490049 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Firması tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1239 manat (ƏDV daxil) təşkil edir.
9. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 078661 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Firması tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1239 manat (ƏDV daxil) təşkil edir.
10. xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin İddiaçı Firmasına 2484 manat ödənilməmiş icarə haqqı borcu mövcuddur.
11. İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 004 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
14. İddia tələbinin bir hissəsini cavabdehdən müqavilə üzrə 2484 manat ödənilməmiş icarə haqqının tutulması təşkil edir.
15. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır.
16. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında 29 sentyabr 2021-ci il tarixli, TS-000705-45 hş-ŞH 2021 saylı icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir.
17. Belə olan halda məhkəmə cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, cavabdehin icarəyə verənə-iddiaçıya müəyyənləşdirilmiş icarə haqqını ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə tam təmin edilməli, Cavabdeh MMC-dən 2484 (iki min dörd yüz səksən dörd) manat icarə haqqı borcu iddiaçının xeyrinə tutulmalıdır. Həmin borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
18. İddia tələbinin digər hissəsini cavabdеhdən 124,20 manat (yüz iyirmi dörd manat iyirmi qəpik) cərimə borcunun tutulması təşkil edir.
19. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
20. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən 124,20 manat (yüz iyirmi dörd manat iyirmi qəpik) dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
21. Eləcə də, iddiaçı 46,08 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
22. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,08 manat (qırx altı manat səkkiz qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 2484 (iki min dörd yüz səksən dörd) manat borc, 124,20 manat (yüz iyirmi dörd manat iyirmi qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,08 manat (qırx altı manat səkkiz qəpik) olmaqla, cəmi 2654,28 manat (iki min altı yüz əlli dörd manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı Firmasının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova