Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7089/2025 05.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 fevral 2025-ci il tarixli, 491891-CNS57993/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 6.346,81 manat məbləğində əsas borc, 426.06 manat məbləğində faiz borcu, ümumilikdə isə 6.772,87 (altı min yeddi yüz yetmiş iki manat səksən yeddi qəpik) manat məbləğində pulun və 87.73 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 29 iyul 2024- cü il tarixli, 491891-CNS-57993 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə müraciət etmiş və ona istehlak məqsədilə illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 6.800 (altı min səkkiz yüz manat) AZN məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh2 maliyyə çətinliyinin yaranması səbəbindən kredit müqaviləsinin irəli gələn borc öhdəliyinin lazımı qaydada icrasını təmin məqsədilə cavabdehin xx.xx.2025-ci il tarixinə olan kredit müqaviləsindən irəli gələn öhdəlikləri illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 51 (əlli bir) ay müddətinə kapitallaşdırılaraq 6.431,60 (altı min dörd yüz otuz bir manat altmış qəpik) AZN müəyyən edilmişdir. Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 6.346,81 manat məbləğində əsas borc, 426.06 manat məbləğində faiz borcu, ümumilikdə isə 6.772,87 (altı min yeddi yüz yetmiş iki manat səksən yeddi qəpik) manat məbləğində borcu qalmışdır.
İİ. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı və cavabdeh arasında bağlanmış 29 iyul 2024-cü il tarixli, 491891-CNS- 57993 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 6800 manat məbləğində illik 21 % olmaqla, 24 ay müddətinə kredit vermişdir. Kredit biznes məqsədilə verilmişdir.
5. Müqavilənin 1 saylı Əlavəsində kredit müqaviləsi üzrə ödəniş cədvəli öz əksini tapmışdır.
6. Tərəflər arasında imzalanmış 9 iyul 2024-cü il tarixli, 491891-CNS-57993 saylı kredit müqaviləsinə (annuitet cədvəl üzrə) dəyişiklər və əlavələr edilməsi barədə 03 fevral 2025-ci il tarixli, 01 saylı əlavə razılaşmaya əsasən cavabdehin xx.xx.2025-ci il tarixinə kredit müqaviləsindən irəli gələn öhdəlikləri illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 51 (əlli bir) ay müddətinə kapitallaşdırılaraq 6.431,60 (altı min dörd yüz otuz bir manat altmış qəpik) AZN müəyyən edilmişdir.
7. Müqavilənin 1 saylı Əlavəsində kredit müqaviləsi üzrə ödəniş cədvəli öz əksini tapmışdır.
8. İddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh2 məxsus hesabdan çıxarışa görə xx.xx.2025-ci il tarixdə 6431,6 manat məbləğində pul cavabdehə məxsus hesaba köçürülmüşdür.
9. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 491891-CNS-57993/1 saylı nağd pul krediti müqaviləsi üzrə cavabdehin xx.xx.2025-ci il tarixə olan əsas borcu 6346,81 manat, faiz borcu 426,06 manat olmaqla, ümumilikdə borcu 6772,87 manat təşkil edir. Cavabdeh öz öhdəliyini xx.xx.2025-ci il tarixdən icra etmir.
10. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 491891-CNS-57993/1 saylı nağd pul krediti müqaviləsi üzrə cavabdehin xx.xx.2025-ci il tarixə olan əsas borcu 5872,87 manat, faiz borcu 0 manat olmaqla, ümumilikdə borcu 5872,87 manat təşkil edir.
11. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. İddia ərizəsində 6346,81 manat məbləğində əsas borc, 426,06 manat məbləğində faiz borcunun tutulması xahiş edilsə də, iddiaçı tərəfindən verilmiş maliyyə arayışından və təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 900 manat məbləğində ödəniş edilmişdir. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 491891-CNS-57993/1 saylı razılaşma üzrə cavabdehin xx.xx.2025-ci il tarixə olan maliyyə arayışına əsasən əsas borcu 5872,87 manat, faiz borcu 0 manat təşkil edir.
20. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2025-ci il tarixli, 491891-CNS-57993/1 saylı razılaşma üzrə 5872,87 manat məbləğində krеdit bоrcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 78,73 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 9,10 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
IV. Nəticə:
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 5872,87 manat əsas borc, 78,73 manat dövlət rüsumu, ümumilikdə 5951,60 (beş min doqquz yüz əlli bir manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 9,10 (doqquz manat on qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova