Məhkəmə qərarları › İş №e-2-2(113)-7099/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7099/2024

10.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7099/2024 10.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “məlumat və sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: məhdud məsuliyyətli cəmiyyəti, cəmiyyətin iştirakçısının informasiya əldə etmək hüququ: sənədlərin təqdim olunması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “məlumat və sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 2005-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan bütün gəlirlər və əmlakı barədə sənədin (məlumatın) verilməsi, ilin yekunlarına dair keçirilən ümumi yığıncaqların protokol və qərarlarının təsdiq edilmiş surətlərinin iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. 2005-ci ildə iddiaçının oğlu Babayev Tamerlan və Hüseynov Ələkbər Cavabdeh MMC-ni təsis etmiş və hər birinin payı 50% müəyyənləşdirilmişdir. 2010-cu ildə Tamerlan Babayev Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı səfirliyinə işə qəbul olunduğuna görə 02 fevral 2010-cu ildə onun əvəzinə iddiaçı həmin MMC-nin 50% təsisçisi seçilmiş və həmin vaxtdan Hüseynov Ələkbərlə işləmişdir. 19 oktyabr 2011-ci il tarixdə iddiaçı həbs edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2013-cü il tarixli hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı cəza çəkən zaman digər təsisçi Hüseynov Ələkbər cəzaçəkmə müəssisəsinə adam göndərərək, təsisçilərin sayının artırılmasına və iddiaçının faizinin azaldılmasına dair sənədləri imzalamağı sonuncuya təklif etmiş, lakin iddiaçı razılıq verməmişdir. 2.2. Dəfələrlə iddiaçı və vəkili Cavabdeh MMC-yə müəssisənin gəlirləri barədə məlumat verilməsi üçün müraciətlər etməsinə baxmayaraq, heç bir cavab ala bilməmişdir. Cavabdehin əvvəlcə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində göstərilən ünvanına – AZ 1029, ünvan 1t edilmiş, lakin həmin ünvanda Cavabdeh MMC-nin olmadığı məlum olmuşdur. Daha sonra iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X7 Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 04 may 2005-ci il tarixdə təsdiq edilmiş (qeydiyyat №-si 0105-P116-42926) Cavabdeh MMC-nin nizamnaməsində göstərilmiş ünvana məktublar göndərmişdir. xx.xx.2023-cü il tarixli 834/23 saylı aktdan görünür ki, göndərilən məktubu ünvana çatdırmaq mümkün olmamışdır. 2.3. Vəkil sorğusuna Azərbaycan Respublikası Auditorlar Palatası 11 aprel 2023cü il tarixli 10-1/02-70 saylı cavabında bildirmişdir ki, Cavabdeh MMC-də Azərbaycan Respublikası Auditorlar Palatasının heç bir üzvü audit yoxlaması aparmamış və audit rəyi verməmişdir. Vəkil sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xx.xx.2023-cü il tarixli 12/2-65087/2023 saylı cavab alınmışdır. Vəkil sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 18 aprel 2023-cü il tarixli 3-17-5/2-13576/2023 saylı cavabında bildirmişdir ki, Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişləri daxil edilməmişdir. Bundan sonra “Onlayn kargüzarlıq” vasitəsilə cavabdehə onlayn qaydada pretenziya məktubu göndərilmiş, lakin yenə də cavab alınmamışdır. Beləliklə, Cavabdeh MMC-nin rəhbərliyi, yaxud əməkdaşları ilə heç cür əlaqə yaratmaq mümkün olmamışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 49-1, 65, 106-1.3.2-ci maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki- Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahatlar verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri hüquqi ünvanına göndərilməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki-Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Məlumat və sənədlərin təqdim edilməsi tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X7 Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 04 may 2005-ci il tarixdə təsdiq edilmiş (qeydiyyat №-si 0105-P116-42926) Cavabdeh MMC-nin nizamnaməsindən görünür ki, Cavabdeh MMC müstəqil təsərrüfat subyekti olmaqla öz fəaliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir (1.1). Cəmiyyətin adı Cavabdeh (1.2). Təşkilati-hüquqi forması: məhdud məsuliyyətli cəmiyyəti (1.3). Hüquqi ünvanı: ünvan 3 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətli cəmiyyət formasında yaradılan və əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsidir (2-ci hissə). Cəmiyyətin təsisçisi (iştirakçısı): X3 (3.1). Cəmiyyətin hər hansı bir iştirakçısı onun digər iştirakçısının razılığından asılı olmayaraq istənilən vaxt Cəmiyyətdən çıxa bilər (3.2). Cəmiyyətin nizamnamə kapitalı iştirakçılarının mayaları hesabına yaradılır (6.1). Cəmiyyətin nizamnamə kapitalı 50000 manat həcmindədir, hər biri 10000 manat olmaqla 5 paydan ibarətdir (6.2). Təsisçi payı: X3 – nizamnamə kapitalının 100%-i, 50000 manat – 5 pay, pul şəklində ödənilmişdir.

11. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentinin Kommersiya X7 Qeydiyyatı İdarəsi tərəfindən 02 fevral 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış adıçəkilən nizamnaməyə edilmiş 26 yanvar 2010-cu il tarixli dəyişiklikdən görünür ki, cəmiyyətin nizamnaməsinin müvafiq bəndləri aşağıdakı redaksiyada verilsin: 3.1. Cəmiyyətin təsisçiləri (iştirakçıları): X2; İddiaçı. 6.2. Cəmiyyətin nizamnamə kapitalı 10 (on) manat həcmindədir, hər biri 2 (iki) manat olmaqla 5 (beş) paydan ibarətdir. 6.3. Təsisçilərin payları: X2 - nizamnamə kapitalının 50%-i, 5 (beş) manat 2,5 pay, pul şəklində; İddiaçı - nizamnamə kapitalının 50%-i, 5 (beş) manat 2,5 pay, pul şəklində.

12. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentinin Kommersiya X7 Qeydiyyatı İdarəsinin kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən təqdim edilən xx.xx.2010-cu il tarixli **********422500 nömrəli çıxarışdan görünür ki, Cavabdeh MMC-nin nizamnamə kapitalında X2 və İddiaçı hər biri 50% paya malikdir.

13. İnternet Vergi İdarəsi Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh MMC-yə münasibətdə reyestrdən son dəfə verilmiş çıxarışın tarixi xx.xx.2010-cu il tarixidir.

14. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xx.xx.2023-cü il tarixli 12/2-65087/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2, 313, 66.3 və 66.4-cü maddələrinə əsasən 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin 12 08.2020-ci il tarixli qərarı ilə 20 10.2017-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsində edilmiş dəyişiklik tətbiq edilərək 3 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 1 il 1 ay 24 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmişdir

15. Məhkəməyə təqdim edilən “Prospekt” vəkil bürosu tərəfindən cavabdehə (təsisçisinə) ünvanlanan 27 yanvar 2022-ci il, 18 may 2022-ci il, 31 mart 2023-cü il tarixli məktublardan görünür ki, cavabdehdən əldə edilən mənfəətlər barədə məlumatların, onları təsdiq edən sənədlərin, hər il əmək müqaviləsi üzrə işləyən işçilərin sayı, əmək haqları, əmək haqqı fonu, cavabdehin təsis sənədləri, ümumi yığıncaqların keçirilibkeçirilməməsi, ümumi yığıncaqların qərarlarının təsdiq olunmuş surətlərinin iddiaçıya təqdim edilməsi xahiş edilmişdir.

16. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 834/23 nömrəli Aktdan görünür ki, cavabdehin hüquqi ünvanının (ünvan 4ı əsası ilə məktubu çatddırmaq mümkün olmamışdır.

17. İddia ərizəsinə əlavə olunan AVİS-dən çıxarışdan görünür ki, iddia ərizəsi və əlavə olunan sənədlər cavabdehin AVİS-də olan elektron kabinetinə yerləşdirilmişdir.

18. Beləliklə, məhkəmə müəyyən edir ki, Cavabdeh MMC müstəqil təsərrüfat subyekti olmaqla öz fəaliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirən kommersiya hüquqi şəxsidir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X7 Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 04 may 2005-ci il tarixdə təsdiq edilmiş nizamnamə əsasında fəaliyyət göstərir. Həmin nizamnaməyə 02 fevral 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış 26 yanvar 2010-cu il tarixli dəyişikliklə cəmiyyətin nizamnamə kapitalı 10 manat müəyyən edilmiş, X1 nizamnamə kapitalında 50%, 5 (beş) manat, 2,5 pay, pul şəklində və İddiaçı nizamnamə kapitalında 50%, 5 (beş) manat, 2,5 pay, pul şəklində payları təsbit edilmişdir. İddiaçı xx.xx.2013-cü il tarixdən azadlıqdan məhrum edilmiş, xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl şərti olaraq azad edilmiş, 27 yanvar 2022-ci il, 18 may 2022-ci il, 31 mart 2023-cü il tarixlərində cavabdehdən əldə edilən mənfəətlər barədə məlumatların, onları təsdiq edən sənədlərin, hər il əmək müqaviləsi üzrə işləyən işçilərin sayı, əmək haqları, əmək haqqı fonu, cavabdehin təsis sənədləri, ümumi yığıncaqların keçirilib-keçirilməməsi, ümumi yığıncaqların qərarlarının təsdiq olunmuş surətlərinin təqdim edilməsini xahiş etmiş, lakin həmin sənədlər iddiaçıya təqdim edilməmişdir.

19. İddiaçı Cavabdeh MMC-nin 2005-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan bütün gəlirlər və əmlakı barədə sənədin (məlumatın) verilməsi, ilin yekunlarına dair keçirilən ümumi yığıncaqların protokol və qərarlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsini xahiş edir.

20. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

21. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

22. Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

23. Mülki qanunvericilikdə məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları üçün bir sıra hüquqlar tanınmışdır: məhdud məsuliyyətli cəmiyyəti könüllü surətdə yenidən təşkil etmək və onu ləğv etmək, könüllü surətdə cəmiyyətdən çıxmaq, cəmiyyətdə öz iştirakına xitam vermək, cəmiyyətin idarə edilməsində iştirak etmək, cəmiyyətin fəaliyyəti haqqında məlumat almaq, cəmiyyətin mühasibat və digər sənədləri ilə tanış olmaq, cəmiyyətin fəaliyyətindən gəlir götürmək və s.

24. Qeyd edilən hüquqlardan bəzilərini cəmiyyətin iştirakçısının cəmiyyət barədə informasiya əldə etmək hüququ kimi qruplaşdırmaq mümkündür: cəmiyyətin fəaliyyəti haqqında məlumat almaq, cəmiyyətin mühasibat və digər sənədləri ilə tanış olmaq, cəmiyyətin ümumi yığıncağının protokolunun surətini almaq və s.

25. Belə ki, Mülki Məcəllənin 91.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək.

26. Göründüyü kimi, cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək səlahiyyətinə malik olan ümumi yığıncağın iştirakçısının cəmiyyətin bütün gəlirlər və əmlakı barədə sənədlərlə və ya məlumatlarla, ilin yekunlarına dair keçirilən ümumi yığıncaqların protokol və qərarları ilə tanış olmaq hüququnun mövcud olmaması mümkün deyildir.

27. Digər tərəfdən, Konstitusiya Məhkəməsi göstərmişdir ki, səhm və məhdud məsuliyyətli cəmiyyətdə pay hüququ eyni məzmun kəsb edir: hər ikisi təsərrüfat cəmiyyətinin nizamnamə kapitalında pay hüququ olmaqla sahibinə cəmiyyətdə eyni hüquqlar (gəlir götürmək, idarəetmədə iştirak etmək hüququ) verir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2011-ci il tarixli Qərar).

28. Belə olan halda, məhkəmə qeyd edir ki, məhdud məsuliyyətli cəmiyyətinin iştirakçılarına Mülki Məcəllənin 106-1.3-cü maddəsində səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinə mənsub olan hüquqlardan məhdud məsuliyyətli cəmiyyətin hüquqi təbiəti ilə ziddiyyət təşkil etməyən hüquqlar da mənsubdur. Bu hüquqlaracəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək, qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin ümumi yığıncağının protokolunun surətini tələb etmək və s.

29. Hazırda isə iddiaçı 2005-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan bütün gəlirlər və əmlakı barədə sənədin (məlumatın) verilməsi, ilin yekunlarına dair keçirilən ümumi yığıncaqların protokol və qərarlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsini tələb edir.

30. Beləliklə, məhkəmə iddiaçının 02 fevral 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış 26 yanvar 2010-cu il tarixli dəyişikliklə cəmiyyətin iştirakçısı olduğunu və onun cəmiyyətin fəaliyyəti ilə əlaqədar informasiya əldə etmək hüququnun mövcud olduğunu və bu hüququn məhz cəmiyyətin iştirakçısı olduğu müddəti əhatə etdiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-nin üzərinə həmin hüquqi şəxsin məhz 26 yanvar 2010-cu il tarixdən 10 dekabr 2024-cü il tarixədək olan bütün gəlirləri və əmlakı barədə sənədin (məlumatın), ilin yekunlarına dair keçirilən ümumi yığıncaqların protokol və qərarlarının təsdiq edilmiş surətlərinin iddiaçıya təqdim edilməsi öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

31. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar.

35. Beləliklə, məhkəmə iddia tələbinin qiymətləndirilməyən olduğunu, iddiaçının müharibə veteranı statusu ilə bağlı dövlət rüsumu ödəməkdən azad olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 100 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehn üzərinə həmin hüquqi şəxsin 26 yanvar 2010-cu il tarixdən 10 dekabr 2024-cü il tarixədək olan bütün gəlirləri və əmlakı barədə sənədin (məlumatın), ilin yekunlarına dair keçirilən ümumi yığıncaqların protokol və qərarlarının təsdiq edilmiş surətlərinin İddiaçı təqdim edilməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar