Məhkəmə qərarları › İş №e-2-2(113)-711/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-711/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-711/2021 21.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakları ilə, Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə tutulub, 15.000 (on beş min manat) manat əsas, 2772,50 (iki min yeddi yüz yetmiş iki manat, 50 qəpik) manat faiz, 1.475,00 (min dörd yüz yetmiş beş manat) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2134,08 (iki min yüz otuz dörd manat, 08 qəpik) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli 8710 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 15.000 (on beş min) manat məbləğində kənd təsərrüfatı məhsulların istehsalı üçün kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-cı bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.11.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 21.381,58 (iyirmi bir min üç yüz səksən bir manat, 58 qəpik) manat təşkil edir. Bundan 15.000 (on beş min manat) manat əsas, 2772,50 (iki min yeddi yüz yetmiş iki manat, 50 qəpik) manat faiz, 1.475,00 (min dörd yüz yetmiş beş manat) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2134,08 (iki min yüz otuz dörd manat, 08 qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 2-cı, 2.1-cı və 3-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********7494 saylı 11.11.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbində qeyd edilmiş məbləğin şişirdildiyini bildirmiş,məhkəmə iclası təxir edildikdən sonra növbəti məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: 29 dekabr 2014-cü il tarixli, 8710 nömrəli İddiaçı ASC-nin Ağcəbədi filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank borc alana 36 ay müddətinə qaytarılmaq şərti ilə 15000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2 və 2.4-cü bəndinə əsasən müqavilə üzrə kredit S.K.M.F məqsədi üçün götürülür və borcalan bu kreditdən istifadəyə görə illik 6% olmaqla faiz ödəyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2021-ci il tarixli, 9/2857 saylı ekspert rəyində müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli, 8710 nömrəli kredit müqaviləsi üzrə kredit borc alanın 29.12.2017-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 15000 manat, faiz borcu 1727,50 manatdır. Həmin kredit müqaviləsi üzrə 20.10.2020-ci il tarixə isə əsas borcu 15000 manat, faiz borcu 3833,75 manatdır. 18 noyabr 2020-ci il tarixli, **********684 saylı maliyyə araışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən kredit öhdəliyi üzrə əsas borcu 15000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 2772,50 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 1475 manat, kredit üzrə müddət bitəndən sora Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasə hesablanan 5% fazi borcu 2134,08 manat, müqavilənin tələbləri əsasında yaranan ümumi borc 21381,58 manat təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 11 noyabr 2020ci il tarixli xəbərdarlıqdan görünür ki, sonuncuya hesablanmış 21381,58 manat borcun 3 gün müddətində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə Cavabdeh İddiaçı ASC-yə müqavilənin bitdiyi tarixə 15000 manat, faiz borcu 1727,50 yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh 29 dekabr 2014-cü il tarixli, 8710 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin İddiaçı ASC-yə borcunun yarandığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehdən tutulması tələbinə dair hissədə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası əsaslı olmaqla təmin edilməlidir. Mübahisəli kredit müqavilələrinin müddəti bitdikdən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə hesablanmış 2134,08 manat məbləğində faizlərin ödənilməsinə dair iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia təmin edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 1475 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürülən öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında qanunvericiliklə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə (cərimə) pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından isə görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 15.000 (on beş min manat) manat əsas, 1727,50 (min yeddi yüz iyirmi yeddi manat, əlli qəpik) manat faiz, 1.475,00 (min dörd yüz yetmiş beş manat) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2134,08 (iki min yüz otuz dörd manat, səkkiz qəpik) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvvəzi 30 (otuz) manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15.000 (on beş min manat) manat əsas borc, 1727,50 (min yeddi yüz iyirmi yeddi manat, əlli qəpik) manat faiz borcu,1.475,00 (min dörd yüz yetmiş beş manat) manat cərimə, kredit müqaviləsi bitdikdən sonrakı vaxt üçün hesablanmış 2134,08 (iki min yüz otuz dörd manat, səkkiz qəpik) manat məbləğində faiz borcu, cəmi 20336,58 (iyirmi min üç yüz otuz altı manat əlli səkkiz qəpik) manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvvəzi 30 (otuz) manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar