Məhkəmə qərarları › İş №e-2-2(113)-7113/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7113/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7113/2024 14.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı “X1” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X1” ASC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, əsas kredit borcu üzrə 3085.3 AZN, faiz üzrə 505.56 AZN, cərimə üzrə 326.67 AZN, cəmi 3917.53 AZN və dövlət rüsumu kimi ödənilmiş 59.18 AZN məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1555micSLY/23 saylı kredit müqaviləsinə əsasən, borcluya 12 ay müddətinə, illik 21% ödəmək şərtilə, 3000 (üç min) AZN məbləğində kredit verilmişdir. Bundan sonra əsas kredit müqaviləsində müəyyən edilmiş hədlər çərçivəsində cavabdehlərin kredit limiti artırılaraq xx.xx.2023-cü il tarixdə 12 ay müddətinə, illik 24% ödəmək şərtilə 4000 (dörd min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 1555micSLY/23 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcalan əsas borcu, faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilə ilə nəzərdə tutulmuş qaydada keditora ödəyir. Lakin cavabdehlər ŞİRİNALİYEV GƏNCALİ ŞÖHRƏT OĞLU və zamin müqavilənin şərtini pozaraq kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən əsas kredit borcu üzrə 3085.3 AZN, faiz üzrə 505.56 AZN, cərimə üzrə 326.67 AZN, cəmi 3917.53 AZN məbləğində banka borcu vardır.

İİ. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

II. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1555micSLY/23 saylı əsas kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 3000 manat məbləğində illik 21% olmaqla, 12 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə bağlı kredit vermişdir.

5. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1555micSLY/23 saylı zaminlik müqaviləsinə görə Cavabdeh1 bağlanmış xx.xx.2023-cü il tarixli, 1555micSLY/23 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə borclu ilə birgə tam məsuliyyət daşımağı öhdəsinə götürür.

6. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1555micSLY/23 saylı əsas kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə olan əsas borcu 3085,30 manat, faiz borcu 505,56 manat, cərimə borcu 326,67 manat olmaqla, ümumilikdə borcu 3917,53 manat təşkil edir.

7. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixə olan hesabdan çıxarışdan görünür ki, kredit nüqaviləsi üzrə cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə ödəniş edilmişdir.

8. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1555micSLY/23 saylı kredit müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

12. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 3085,30 manat məbləğində əsas bоrc, 505,56 manat məbləğində faiz borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.

13. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 326,67 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

14. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

16. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 150 manat müəyyən edilməlidir.

18. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən xx.xx.2023-cü il tarixli, 1555micSLY/23 saylı kredit müqaviləsi üzrə 3085,30 manat məbləğində əsas bоrc, 505,56 manat məbləğində faiz borcu, 150 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehlərə, qalan 9,18 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

III. Nəticə:

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 3085,30 manat məbləğində əsas bоrc, 505,56 manat məbləğində faiz borcu, 150 manat cərimə borcu, 50 manat dövlət rüsumu, ümumilikdə 3790,86 (üç min yeddi yüz doxsan manat səksən altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X1” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar