Məhkəmə qərarları › İş №e-2-2(113)-712/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-712/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-712/2024 24.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 009R********** saylı krеdit razılaşması üzrə 3680,35 manat məbləğində krеdit bоrcu, 368,55 manat məbləğində faiz bоrcu və 159,79 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4208,69 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 009L**********83 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 009R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 3319,65 manat ödəmiş, onun 3680,35 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 191 gün üçün hesablanmış faiz borcu 368,55 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 191 gün üçün hеsablanmış cərimə 159,79 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2 qızı və Cavabdeh1 bağlanmış zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir Bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 70 manat haqq ödənilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2-ci maddələrinə istinad olunmuşdur.

4. 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

5. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 009L**********83 nömrəli uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh3 bank tərəfindən 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ, müddət, faiz dərəcəsi və məqsədi ayrıca оlaraq kredit razılaşması ilə müəyyən olunur.

6. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 009L**********83 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli, 009R********** saylı kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq razılaşma əsasında Cavabdeh3 bankdan 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür.

7. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 009S**********02 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 009L**********83 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

8. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 009S**********03 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 009L**********83 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

9. İddiaçı QSC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh3 15 dekabr 2021-ci il tarixli, 009R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə banka əsas borcu 3680,35 manat, faiz borcu 368,55 manat, cərimə borcu 159,79 manat olmaqla, ümumilikdə 4208,69 manat təşkil edir.

10. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına 70 (yetmiş) manat məbləğində vəsait köçürülmüşdür.

11. İddiaçı QSC-nin Cavabdeh3 ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

12. İddiaçı QSC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

13. İddiaçı QSC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

14. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Tərəflər arasında 15 dekabr 2021-ci il tarixli, 009R********** nömrəli kredit razılaşması bağlanmış və həmin razılaşma əsasında Cavabdeh3 bankdan 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış və həmin zaminlik müqavilələrinə əsasən İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər - Cavabdeh1, Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

18. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada 009R********** saylı krеdit razılaşması üzrə 3680,35 manat məbləğində krеdit bоrcu və 368,55 manat faiz bоrcunun tutulması təşkil edir.

19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 009R********** saylı krеdit razılaşması üzrə 3680,35 manat (üç min altı yüz səksən manat otuz beş qəpik) əsas borc, 368,55 manat (üç yüz altmış səkkiz manat əlli beş qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

20. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 159,79 manat cərimə borcunun tutulması təşkil edir.

21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

22. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək 159,79 manat (yüz əlli doqquz manat yetmiş doqquz qəpik) cərimə tutularaq iddiaçıya ödənilməlidir.

23. Eləcə də, iddiaçı 70 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tərəfindən mediasiya təşkilatına həmin məbləğin ödənilməsinə dair sübut məhkəməyə təqdim olunmuşdur.

24. Məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 70 (yetmiş) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 009R********** saylı krеdit razılaşması üzrə 3680,35 manat (üç min altı yüz səksən manat otuz beş qəpik) əsas borc, 368,55 manat (üç yüz altmış səkkiz manat əlli beş qəpik) faiz borcu, 159,79 manat (yüz əlli doqquz manat yetmiş doqquz qəpik) cərimə, 70 (yetmiş) manat mediasiya xərci olmaqla, cəmi 4278,69 manat (dörd min iki yüz yetmiş səkkiz manat altmış doqquz qəpik) məbləğində pul iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar