Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-712/2025 20.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh MMC və Zamin qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu, iddia müddəti) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh “Natural-T" MMC-nin nümayəndəsi Nümayəndə, cavabdeh Zamin iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh MMC və Zamin qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “Natural-T" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 4278,03 manat, faiz üzrə 1516 manat, cərimə üzrə 918,27 manat olmaqla, ümumilikdə 6712,30 manat məbləğində vəsaitin və 88 manat məbləğində ödənilmiş dövlət rüsumunun “Natural-T" MMC və Zamin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Prior Credit BOKT" ASC ilə cavabdeh “Natural-T" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə 6 ay güzəşt olması şərtilə illik 21% dərəcəsi olmaqla 5000 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1-ci bəndi). Kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməli idi. Lakin borclu ‘"Natural-T“ MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də borclu "xxxx" MMC müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh "xxxx" MMC-nin 27 avqust 2024-cü il tarixli arayışa əsasən “Prior Credit BOKT" ASC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 4278,03 manat, faiz üzrə 1516 manat, cərimə üzrə 918,27 manat olmaqla, ümumilikdə 6712,30 manat təşkil edir. Kredit müqaviləsinin təminatı kimi Zamin ilə xx.xx.2022-ci il tarixli, ZM/106/5201323/160522 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh ilə müqavilə üzrə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “Prior Credit BOKT' ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh “Natural-T" MMC-nin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə aralarında olan kredit müqaviləsi 12 aylıq müddətə bağlanmış və xx.xx.2023-cü ildə müqavilənin müddəti bitmişdir. Tərəflər arasında əlavə bir razılaşma olmadığından və cavabdehin iddiaçı qarşısında müqavilə üzrə öhdəliyi xx.xx.2023-cü il tarixində başa çatdığından iddiaçı AR Mülki Məcəlləsinin 745.4-cü maddəsinə görə bir il ərzində iddia müddəti ərzində cavabdehə qarşı öz tələblərini irəli sürə bilər. İddiaçı iddia müddəti üzrə tələblərini xx.xx.2024-cü il tarixinə qədər irəli sürə bilərdi. AR Mülki Məcəlləsinin 745.4-cü maddəsinə görə borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bütün bunlara əsasən iddiaçının iddia müddətini keçirməsi əsası ilə mübahisə tərəfi olaraq məhkəmədən iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir. Digər cavabdeh Zamin iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh MMC-yə 12 ay müddətinə 5000 manat kredit verilmiş və həmin kreditin təminatı kimi xx.xx.2022-ci il tarixində onunla zaminlik müqaviləsi bağlanılmış, xx.xx.2023-cü il tarixində kredit müqaviləsinin müddəti bitmiş və xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən ona və borc alana qarşı iddia verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin (zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.) müddəalarını rəhbər tutaraq üzrə zaminlik müqaviləsinı ətraflı baxılması və araşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh tərəfin etdiyi ilk ödəniş ekspert rəyinə əsasən əsas borcdan silinmişdir. Amma müqaviləyə əsasən 6 ay ərzində hissə-hissə faiz məbləğindən silinməli idi. Əsas borcdan silinməsi üçün müştəri ərizə ilə müraciət etməli idi. Müqavilədə bununla bağlı şərt mövcud deyil, bu halda müştəri ərizə ilə müraciət etməlidir. Hal-hazırda sistemdə əsas borc 4278 manatdır, amma ekspert 3821 manat yazmışdır. Buna görə də onlar faiz və cəriməni azalda bilirlər, əsas borcu isə ödəməlidirlər. Eyni zamanda iddiaçı iddia tələbinin artırılması ilə bağlı verdiyi ərizəni geri götürdüklərini bildirmiş, iddia tələbinin iddia ərizəsində olduğu kimi, 4278,03 manat əsas borc, 1516 manat faiz borcu, 918,27 manat cərimə borcu olmaqla ümumilikdə 6712,30 manat kimi qalmasını və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Natural-T" MMC-nin nümayəndəsi iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, 2022-ci ilin may ayında o, qarşı tərəfdən texnika almış və 2023-cü ildə təhvil vermişdir. İddia isə məhkəmədə 2024-cü ildə qaldırılmışdır. Bu müddət ərzində qarşı tərəf texnika ilə maraqlanmamış və hərəkətsiz qaldığı üçün əsassız faiz və cərimələr hesablanmışdır. Onlar "xxxx" Bokt ASC-ni biləvasitə tanımamışlar. Münasibətləri "xxxx" ASC ilə olmuşdur. Eyni zamanda, qarşı tərəfdən iki texnika almışdır. Bir texnika üçün ona müraciət olunmuş və məhkəmədə həmin məsələ həllini tapmışdır. Lakin digər texnika ilə bağlı ona müraciət olmamış və o, xəbərsiz olmuşdur. Nağdsız hesablaşma ilə ödədikləri üçün məbləğ şirkətin balansından çıxılmamışdır. Onlar texnikanı "xxxx" ASC-nin Bərdə şöbəsinin müdiri Elçin müəllimə təqdim etmişlər, fevralın axırı texnika satılmışdır. Onlara şifahi şəkildə deyilmişdir ki, bu texnikanı 6000 manata satdıqdan sonra onların "xxxx" Bokt ASC-yə olan 5000 manat borcunu ödəyəcəklər, lakin pul ödənilməmişdir. O, müqavilə müddəti bitdiyi tarixə olan əsas borcu qəbul etsə də, cəriməni qəbul etmir, ekspert rəyindəki müqavilə müddəti bitdiyi tarixə olan faiz borcu məbləği ilə razıdır. Məhkəmə iclasında cavabdeh Zamin ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Mülki Prosessual Məcəllənin tələbinə uyğun olaraq zaminlik müqaviləsinə aid 1 illik müddət ötmüşdür. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" BOKT ASC (BOKT) ilə Cavabdeh MMC (Borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən BOKT Borcalana 12 (on iki) ay, 6 ay güzəşt müddəti olmaq şərti ilə illik 21% ilə 5000 (beş min) manat məbləğində kredit verir, Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və Cari qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri BOKT-a ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 36% olmaqla cərimə faizi ödəyir. xx.xx.2022-ci il tarixli KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinə 1 nömrəli Əlavə üzrə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 5000 manat olan illik faiz dərəcəsi 21 % olmaqla 12 ay müddətinə verilmiş kreditə görə Cavabdeh MMC 20 iyun 2022-ci il tarixdən 19 may 2023-cü il tarixinə qədər ilk ay 90,42 manat olmaqla hər ayın 19-u 5 ay 87,5 manat, digər 5 aylarda 885,11 manat, sonuncu ay isə 878,77 manat ödəməlidir. "xxxx" ASC ilə Zamin (Zamin) arasında xx.xx.2022-ci il tarixli ZM/106/5201323/160522 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci maddəsinə əsasən Zamin Borcalanın 19 May 2022-ci il tarixli KM/106/5201321/160522 kredit müqaviləsinə əsasən BOKT-dan 12 ay müddətinə, illik 21 %, 6 ay güzəşt müddəti olmaqla aldığı 5000 manat məbləğində kreditin (kredit kartı) həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin BOKT-a ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən Borcalanın BOKT qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində BOKT-a dəyən bütün zərərlərin (kredit müqaviləsi üzrə kredit (əsas) borc, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla Zamin BOKT qarşısında Borc alan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə habelə hu müqavilədə və ya kredit müqaviləsində nəzərdə tutulan hallardan biri və ya bir neçəsi baş verdikdə BOKT borcun məcburi qaydada alınması üçün məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün notariusa müraciət edə bilər. "xxxx" ASC-də olan Cavabdeh MMC-yə məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-nin hesabına 5000 manat kredit köçürülmüş, 50 manat komissiya haqqı tutulmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC Cavabdeh MMCnin hesabına 4950 manat kredit ödənişi köçürmüşdür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMCnin xx.xx.2024-cü il tarixə "xxxx" ASC qarşısında kredit üzrə öhdəlikləri xx.xx.2022-ci il tarixli KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinə əsasən 4278,03 manat əsas borc, 1516 manat faiz borcu, 918,27 manat cərimə borcu olmaqla, cəmi 6712,30 manat qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən Cavabdeh MMC və Zamin xx.xx.2024-cü il tarixli borc tələbi barədə pretenziya məktubları ünvanlanaraq 4278,03 manat əsas, 1256,19 manat faiz, 732,97 manat cərimə olmaqla cəmi 6267,19 manat borcun 5 gün müddətində kredit təşkilatının hesabına ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş vərəqəsindən görünür ki, iddiaçı "xxxx" ASC 88,4 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2025-ci il tarixli, 9/1325 saylı rəyi ekspert rəyi ilə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi) əsas borcu 3821,56 manat və faiz borcu 677,69 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) olan əsas borcu 3821,56 manat və faiz borcu 1698,68 manat müəyyən edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. və 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. 739-cu maddəsinə əsasən (xx.xx.2023-cü il tarixdək olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 745.4-cu maddəsinə (xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş) əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. xx.xx.2023-cü il tarixdə dərc edilmiş “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Qanununa əsasən Mülki Məcəllənin borc müqaviləsi adalanan 37-ci fəsli yeni redaksiyada verilmiş və həmin Qanunun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minməsi qeyd edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə 6 ay güzəşt olması şərtilə illik 21% ilə 5000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün "xxxx" ASC ilə Zamin arasında xx.xx.2022-ci il tarixli ZM/106/5201323/160522 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirib 5000 manat məbləğində kredit versə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, hər ay ödənilməli olan aylıq ödənişləri ödəməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Bununla belə, məhkəmə iddiaçının cavabdeh Zamin qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət kəsici müddətdir və bu müddətin keçməsi ilə zaminə qarşı tələbə xitam verildiyi üçün, buna görə ayrıca ərizə verilməsi də tələb edilmir. Bu baxımdan, cavabdeh Zamin qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixində 12 ay müddətinə bağlanmış kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitsə də, öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx.xx.2023-cü il tarixindən bir il ərzində, xx.xx.2024-cü il tarixə kimi "xxxx" ASC Zamin qarşı iddia tələbi irəli sürməmiş, xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Bu isə yuxarıda qeyd olunan zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, cavabdeh Zamin qarşı iddia tələbi əsassız olduğuna görə iddia tələbi həmin hissədə rədd edilməlidir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verməklə, Mülki Məcəllədə edilmiş dəyişikliklərə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddətinin bir il olduğunu, bu səbəbdən iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsində qeyd olunanlara münasibətdə qeyd edir ki, hazırki tələblə bağlı iddiaçı tərəfindən iddia müddəti ötürülmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Belə ki, cavabdehin istinad etdiyi Mülki Məcəllənin 745.4-cü maddəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Qanununun qüvvəyə mindiyi xx.xx.2023-cü il tarixdən sonra yaranmış olan müqavilə münasibətlərinə şamil olunur. İddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri isə 19 may 2022-ci il tarixində yaranmışdır. Buna görə də tərəflər arasında müqavilə münasibətləri yaranarkən həmin norma qüvvədə olmadığından MPM-in 217.2-ci maddəsinə əsasən həmin normaya istinadən qətnamə çıxarıla bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Beləliklə işin hallarına məcmu şəkildə hüquqi qiymət verərək, Cavabdeh MMC-nin öhdəliyini icra etmədiyini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasındakı müqaviləyə əsasən iddiaçının Cavabdeh MMC-dən borc tələbi əsaslıdır. Bununla belə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən iddiaçı xx.xx.2024-cü il tarixə hesablanmış 4278,03 manat əsas borc, 1516 manat faiz borcu, 918,27 manat cərimə borcu olmaqla, cəmi 6712,30 manat borcun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə əsas borcu 3821,56 manat və faiz borcu 677,69 manat hesablanmışdır. İddiaçının nümayəndəsi ekspert rəyində ilk 6 ay ərzində güzəşt müddətində ödənilmiş artıq ödənişlərin əsas borcdan silindiyini, lakin onlar tərəfindən isə, borcalanın bu barədə ərizəsi olmadığı üçün növbəti ayların ödənişinə hesablandığını əsas gətirərək ekspert rəyinin düzgün hesablanmadığını bildirmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, borclunun vaxtı çatmış aylıq ödənişindən əlavə ödədiyi məbləğin növbəti ayın ödənişinə hesablanması barədə tərəflər arasında razılıq olmadığına görə vaxtı çatmış aylıq ödənişdən artıq ödənilmiş məbləğ əsas borcdan silinməlidir. Çünki məhkəmə hesab edir ki, bu müqavilənin mühüm şərtidir, ona görə ki, artıq ödənişin əsas borcdan, yoxsa növbəti ayların aylıq ödənişindən silinməsi ekspert rəyindən də göründüyü kimi ümumi borc məbləğinin hesablanmasına təsir edir və bu, barəsində razılaşma əldə edilməli olan şərtdir(MM 405.1-ci maddə). Lakin müqavilənin bağlanması üçün cavabdehə oferta göndərmiş iddiaçı həmin ofertada bu mühüm şərti qeyd etməmiş, vaxtı çatmış aylıq ödənişdən artıq ödənilən məbləği növbəti ayların aylıq ödənişdən çıxaraq borc məbləğini düzgün hesablamamışdır (MM 408.1 maddə). Odur ki, məhkəmə ekspert rəyində göstərilən tədqiqat prosesinin təsvirini, bank hesabından çıxarışı nəzərdən keçirərək hesab edir ki, əsas borcun məbləği ekspert rəyinə uyğun olaraq 3821,56 manat müəyyən edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını və Mülki Məcəllənin 399.3-cü maddəsini əsas götürüb faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu, iddiaçının isə kredit müqaviləsi bitdikdən sonra maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə kimi faiz borcu hesabladığını nəzərə alaraq hesab edir ki, ekspert rəyinə əsasən faiz borcu kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixinə hesablanmış 677,69 manat məbləğində müəyyən olunmalıdır. İddiaçı eyni zamanda cavabdehdən xx.xx.2022-ci il tarixli KM/106/5201321/160522 nömrəli kredit müqaviləsi üzrə 918,27 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə, Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 191 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 88,4 manat dövlət rüsumunun 67 manatının əvəzi iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 70 manat məbləğində hissəsi Cavabdeh MMC-dən, 30 manat məbləğində hissəsi isə iddiaçı "xxxx" BOKT ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/106/5201321/160522 nömrəli kredit müqaviləsinə əsasən 3821,56 manat əsas borc, 677,69 manat faiz borcu, 191 manat cərimə borcu olmaqla cəmi 4690 (dörd min altı yüz doxsan) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 67 (altmış yeddi) manatının əvəzi Cavabdeh MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 70 (yetmiş) manat məbləğində hissəsi Cavabdeh MMC-dən, 30 (otuz) manat məbləğində hissəsi isə iddiaçı "xxxx" BOKT ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-712/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-712/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver