Məhkəmə qərarları › İş №e-2-2(113)-715/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-715/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-715/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, delikt, maddi ziyan) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5092 manat maddi ziyan, 300 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 70,92 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 etibarnamə əsasında İddiaçı adından Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “RAVON NEXİA R3 MİNİK” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 5092 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili avtoservisdə 5092 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddi ziyanın alınmasını mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 28 fevral 2024-cü il tarixli icarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; 2.1.5-ci bədinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. Məhkəməyə iddia ərizəsi verilərkən 70,92 manat dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ cavabdehdən tutulub iddiaçıya verilməlidir. İddiaçı tərəfindən məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ də cavabdehlərdən tutulmalı və iddiaçıya qaytarılmalıdır. Göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərin icrasından müxtəlif üsullarla yayınaraq dolayısıyla bundan imtina edir. Cavabdeh 5092 manat maddi ziyan, 300 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 70,92 manat dövlət rüsumu tutulmalı və iddiaçıya qaytarılması ilə bağlı qətnamə çıxarılmalıdır. İddiçı iddia tələbinin maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 21, 385.1, 442, 443.1, 448.1, 1096.1, 1097.1, 1108.1, 1115-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Suallara cavab olaraq o, bildirmişdir ki, X2 etibarnamə əsasında İddiaçı adından Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “RAVON NEXİA R3 MİNİK” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 5092 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili avtoservisdə 5092 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: “İcarəyə verən” X2 ilə (etibarnamə əsasında İddiaçı adından) “İcarəyə götürən” Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 30ST XA416 saylı İcarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən, nəqliyyat vasitəsini İcarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə borcludur. Müqavilənin 2.1.5-ci bəndinə əsasən, fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini Nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumlyator və s) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə borcludur. Müqavilənin 2.1.7-ci bəndinə əsasən, fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini Yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə borcludur. Müqavilənin 2.1.8-ci bəndinə əsasən, Nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Müqavilənin 4.12-ci bəndinə əsasən, Nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır, həm də Cinayət Məcəlləsinin 186-cı və 187-ci maddələrinə görə cinayət məsuliyyəti daşıyır. xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsinin İcarə Müqaviləsinə 1 nömrəli əlavəsinin Təhvil-təslim aktına əsasən, “RAVON NEXİA R3 MİNİK” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil, texniki baxımdan saz vəziyyətdə, qüsuru olmadan və bütün ləvazimatları yerində etibarnamə üzrə icarəyə verən tərəfindən icarəyə götürənə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsinin təhvil alınmasına dair Akta əsasən, Ravon Nexia R3 minik markalı **-XA-*** nömrəli avtomobil sürücü Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə evakuatorla avtoservisə göndərlmişdir. Avtoservisdə avtomobilə baxış keçirilən zaman avtomobildə detalların (yararsız detallarla ) əvəz olunduğu və avtomobilin xadvoy hissəsinin təmirə ehtiyac olduğu aşkar olunmuşdur. Sürücü Cavabdeh bu barədə məlumat verilmiş və avtomobilin təmirə ehtiyacı olduğu ona bildirilmişdir. “Avtoservis” tərəfindən tərtib olunmuş arayışdan müəyyən olunur ki, İddiaçı “Ravon Nexia” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ehtiyat hissələrinin qiyməti 4032 manat, cəmi 5092 manat məbləğ xx.xx.2024-cü il tarixdə Avtoservisə ödənilmişdir. “Avtoservis” tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasina dair aktdan müəyyən olunur ki, müxtəlif adda ehtiyyat hissələrinin dəyəri və xidmət haqqı olaraq ümumi 5092 manat zərər hesablanmışdır. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə iddia tələbindəki borc məbləğini 7 gün ərzində ödəməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmiş, həmin pretenziya xx.xx.2024-cü il tarixdə cavabdehin internet vergi sistemindəki kabinetinə yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 70,92 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 682. Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli, 30ST XA416 saylı İcarə müqaviləsinə əsasən X2 etibarnamə əsasında İddiaçı adından Cavabdeh “RAVON NEXİA R3 MİNİK” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə vermişdir. Avtomobil cavabdehin istifadəsində olan zaman avtomobilə müqavilə üzrə istifadə nəticəsində deyil, ehtiyyatsız və məsuliyyətsiz istifadə, həmçinin cavabdehin təqsirli hərəkətləri nəticəsində ziyan dəymişdir. Bu fakt dəymiş zərərin hesablanmasına dair akt və arayışla təsdiq olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış icarə müqaviləsinə əsasən icarə əmlakının istifadəsi nəticəsində dəyən ziyan üçün icarəyə götürən məsuliyyət daşıyır. Müqavilədə nəqliyyat vasitəsinin texniki sazlığı və ümumi vəziyyətinə birbaşa təsir göstərən halla əlaqədar icarəyə götürən qarşısında konkret öhdəlik nəzərdə tutulmuşdur. Buna görə də iddiaçının cavabdehdən müqavilənin 2.1.8-ci bəndinə və Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin iddiaçıya qarşı delikt törətməsini, iddiaçının əmlakına cavabdehin hərəkətləri nəticəsində ziyan dəydiyini, belə olan halda isə iddiaçının ona dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malik olmasını, cavabdehin iddiaya etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, 5092 manat dəymiş ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 300 manat vəkil xərci, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat, ödənilmiş 70,92 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 30ST XA416 saylı İcarə müqaviləsi üzrə 5092 (beş min doxsan iki) manat məbləğində pul vəsaiti, habelə vəkil xidmətlərinə görə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının, etibarnamə alınması üçün ödənilmiş 17 (on yeddi) manat, 25 (iyirmi beş) qəpiyin və ödənilmiş 70 (yetmiş) manat 92 (doxsan iki) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar