Məhkəmə qərarları › İş №e-2-2(113)-7152/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7152/2024

28.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7152/2024 28.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin oktyabr ayında Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 28259,67 manat əsas borc, 953,76 manat faiz borcu, 177,64 manat dövlət rüsumu, cəmi 29391,07 manat məbləğində pul vəsaitinin və ödənilmiş 202,62 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (ADY) tərəfindən Cavabdeh MMC-yə 2023-cü ilin oktyabr ayında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Sumqayıt stansiyasında göstərilmiş xidmətlərə (“dalan yolundan istifadə zamanı cərimə”, “yol dəyişilməsinə görə yığım”, “yüklərin mühafizəsinə görə yığım” və s.) görə Cavabdeh MMC-yə 28259,67 (iyirmi səkkiz min iki yüz əlli doqquz manat altmış yeddi qəpik) manat yığım hesablanmışdır. Bununla bağlı, Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. 3.2.4-cü yarımbəndinə əsasən sərnişin və yük daşımaları ilə əlaqədar xidmət göstərilməsinin həyata keçirilməsi; 3.2.25-ci yarımbəndinə əsasən dəmir yolu nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlərin göstərilməsi; 3.2.26-cı yarımbəndinə əsasən ümumi istifadədə olan dəmir yolu infrastrukturundan istifadə ilə bağlı xidmətlərin göstərilməsi; 3.2.29-cu yarımbəndinə əsasən dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi cəmiyyətin fəaliyyət istiqamətlərindəndir. Stansiya xidmətlərinin göstərilməsi ADYnin təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixdə təsdiq edilmiş № 04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul-təhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Eyni zamanda, təlimatın 6 nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh təşkilatın nümayəndəsinin imzası ilə təsdiq olunmuş vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayış yuxarıda qeyd edilən təlimata uyğun tərtib edilmiş və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur. Hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Babayeva iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında yazılı müqavilə olmasa da, tərəflərindən cavabdehə mütəmadi olaraq müxtəlif xidmətlər göstərilmiş, əvvəlki xidmətlərin dəyəri tərəflərindən təqdim edilmiş elektron qaimələr üzrə cavabdeh tərəfindən tam şəkildə ödənilsə də, iddia ərizəsinə əlavə edilmiş olan sonuncu qaimə ödənilməmişdir. İddiaçı tərəfindən göstərilmiş xidmətlər cavabdehin səlahiyyətli nümayəndəsi (N.Böyükzadə) tərəfindən qəbul edilmiş, göstərilən şəxsin səlahiyyətli olması cavabdeh tərəfindən verilmiş etibarnamə ilə təsdiq edilir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 28259,67 manat vəsait ödənilməlidir.

8. 25.10.2203-cü il tarixli, 118 nömrəli hesab fakturaya (Forma 869) əsasən cavabdeh tərəfindən iddiaçıya 28259,67 manat vəsait ödənilməlidir.

9. Cavabdeh tərəfindən Nicat Böyükzadəyə verilmiş xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən cavabdehin adından Sumqayıt Dəmiryol Stansiyasında şirkət adından sənəd qəbulu, rəsmiləşdirmə işləri, sənəd vermək, şirkəti təmsil etmək üzrə səlahiyyətlidir.

10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDD 090125 nömrəli 11016,12 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDB 169722 nömrəli 4872,50 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCL 098127 nömrəli 3539,94 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDR 360194 nömrəli 28259,69 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

11. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli debitor borcu barədə arayışa görə, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri ərzində iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə cavabdehin borcu 28259,67 manat, faiz borcu 953,76 manat təşkil edir.

12. 34604 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin ümumi dəyəri 23948,89 manat (ƏDV-siz) təşkil edir. Yaddaş vərəqəsi cavabdehin nümayəndəsi olan Nicat Böyükzadə tərəfindən imzalanmışdır.

13. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa görə, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixində 2963,68 manat ƏDV ödənilmişdir.

14. 113İPEX231761319 nömrəli kredit haqqında bildirişə görə xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən iddiaçıya məxsus bank hesabına 16464,88 manat məbləğində (EBDD 090125 nömrəli, EBDB 169722 nömrəli, EBCL 098127 nömrəli qaimələrə əsasən) pul köçürülmüşdür.

15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında stansiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmış, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə mütəmadi olaraq xidmətlər göstərilmiş, cavabdeh tərəfindən iddiaçıya həmin müqavilə üzrə ödənişlər tam şəkildə icra edilməmişdir. İddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı təqdim edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli elektron qaimələr cavabdeh tərəfindən tam şəkildə ödənilsə də, materiallardan görünür ki, iddiaçı tərəfindən göstərilmiş xidmətlər (vaqonların verilib götürülməsi, dalan yolundan istifadə, mühafizə, oxa görə vahid yığım, vaqonlardan istifadə) cavabdeh tərəfindən qəbul edilsə də, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli EBDR 360194 nömrəli (28259,69 manat məbləğində) elektron qaimə hazırkı günə qədər ödənilməmişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

25. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 953,76 manat (243 gün üzrə) məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

28. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

29. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

30. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

31. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

32. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

35. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 28259,67 manat əsas borc, 953,76 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 177,64 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 28259,67 manat əsas borc, 953,76 manat faiz borcu, 177,64 manat dövlət rüsumu, ümumilikdə 29391,07 (iyirmi doqquz min üç yüz doxsan bir manat yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar