Məhkəmə qərarları › İş №e-2-2(113)-7175/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7175/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7175/2025 26.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: mənzilə görə kirayə haqqının ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə icarə və əməliyyatların idarə edilməsi haqqında baş müqavilə imzalanmış, həmin müqavilənin predmetinə əsasən mülkiyyətçi ("xxxx" MMC) bununla əmlakları icarəyə vermək hüququnu operatora (iddiaçıya) verməyi, operatoru əmlaklar üzrə əməliyyatların idarə edilməsi və icarə əməliyyatlarının həyata keçirilməsi üzrə yeganə səlahiyyətli operator kimi təyin etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə A saylı Əlavədə əmlakların siyahısı göstərilmiş, həmin əmlaklardan biri “Baku Palace” Yaşayış Binasının – Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 13 ünvanında yerləşən bina və həmin binanın bilavasitə yerləşdiyi torpaq sahəsi olmuşdur.

2. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 7010/24 saylı kirayə müqaviləsi bağlanmışdır.

3. Həmin müqavilənin: 3.1. 1.1-ci bəndinə görə Kirayəyə verən (iddiaçı) bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən mənzili əşyaları və avadanlıqları ilə birlikdə (“Əmlak”) yalnız yaşayış sahəsi qismində Kirayəçinin (cavabdehin) (işçiləri və ya aidiyyəti şəxslərinin) istifadəsinə verir. Kirayəçi isə bunun müqabilində həmin əlavədə müəyyən edilmiş kirayə haqqını Kirayəyə verənə ödəyir; 3.2. 1.2-ci bəndinə görə Kirayəyə verən bu Müqavilənin 2 saylı Əlavəsində nəzərdə tutulan və Əmlakla əlaqəli olan xidmətlərin (“Xidmətlər”) göstərilməsini təmin edəcək; 3.3. 1.3-cü maddəsinə görə Kirayəçi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavədə göstərilən Əmlakdan istifadə qaydaları və digər şərtləri qəbul etməsinə və onlara əməl edilməsinə dair öhdəlik götürür; 3.4. 2.1-ci bəndinə görə Kirayəçi tərəfindən birinci ay üzrə kirayə haqqı və bütün öhdəliklərinin yerinə yetirilməsi üçün 1 saylı Əlavədə göstərilən məbləğdə zəmanət depoziti (tətbiq olunursa) bu Müqavilənin rəsmiləşdirilməsindən sonrakı 5 (beş) iş günü ərzində ödəniləcəkdir. Əks halda bu Müqavilə qüvvədən düşmüş olacaq. Növbəti aylar üzrə kirayə haqqı isə aid olduğu ayın ilk 5 (beş) iş günündən gec olmayaraq qabaqcadan ödəniləcəkdir; 3.5. 2.3-cü bəndinə görə bu müqavilə üzrə ödənilməli olan kirayə haqqı və digər ödənişlər Kirayəyə verənin bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

4. Həmçinin, tərəflər arasında sözügedən kirayə müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əlavə 1 imzalanmışdır. Həmin Əlavəyə görə kirəyəyə verilməli olan əmlak Bakı şəhəri, Yusif Səfərov küçəsi, 13 ünanında, bina: “Baku Palace”, 15/16-cı mərtəbədə yerləşən, “4 yataq otaqlı” tipdə olan, tam təchiz olunmuş, ümumi sahəsi 265 kv.m.-dən ibarət 24 saylı mənzildir (bundan sonra – Mənzil). Həmin əlavədə Mənzilin kirayə haqqı 6050 manat, xidmət haqqı 200 manat, zəmanət depoziti 6050 manat, müddəti isə xx.xx.2024-xx.xx.2025-ci il müəyyən edilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2024-cü il tarixdə Əlavə 2 imzalanmışdır.

5. Cavabdeh tərəfindən ümumilikdə 35618,7 manat məbləğində ödəniş həyata keçirilmişdir.

6. İş materiallarına əlavə edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi (direktoru) tərəfindən imza və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş iddiaçıya ünvanlanmış məktubdan görünür ki, cavabdeh iddiaçıya ƏDV daxil 56035,84 manat məbləğində borcu yarandığını təsdiq edir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı xx.xx.2024-cü il tarixli 7010/24 saylı kirayə müqaviləsi üzrə 56035,84 manat borcun və dövlət rüsumu qismində iddiaçı tərəfindən ödənilmiş 258,11 manat olmaqla, ümumilikdə 56293,95 manat məbləğində vəsaitin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə sonradan dəqiqləşdirməklə (xx.xx.2025) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında ünvan 2 ünvanında yerləşən “Baku Palace” binasının 15-16-cı mərtəbəsində 24 saylı 265 kv.m. sahəsi olan mənzilin kirayəyə götürülməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 7010/24 saylı kirayə müqaviləsi imzalanmışdır. xx.xx.2024-cü il tarixli, 7010/24 saylı kirayə müqaviləsinin 1 saylı Əlavəsinə əsasən xx.xx.2024-xx.xx.2025-cı il tarixinədək kirayə verilməklə aylıq kirayə haqqı ƏDV xaric aylıq 6050 AZN və aylıq xidmət haqqı ƏDV xaric 200 AZN, zəmanət depoziti ƏDV xaric 6050 AZN təşkil edir. Həmin kirayə müqaviləsinin 2.1-ci bəndinə əsasən, birinci ay üzrə kirayə haqqı və zəmanət depoziti müqavilənin rəsmiləşdirilməsindən sonrakı 5 (beş) iş günü ərzində, növbəti aylar üzrə kirayə haqqı isə aid olduğu ayın 5 iş günündən gec olmayaraq qabaqcadan ödənilməldir. Həmin kirayə müqaviləsinin 2 saylı Əlavəsinin 4-cü (a) bəndinə əsasən, kirayə, xidmət haqqını və sayğac göstəricilərinə əsasən kommunal xidmətlərdən istifadə haqqını bu kirayə müqaviləsinin şərtlərinə müvafiq qaydada 5 iş günü ərzində ödəmək öhdəliyi daşıyır. xx.xx.2024-cü il tarixdə başlamış kirayə müddəti üzrə kirayəçi xx.xx.2025-ci ilədək aylıq kirayə və xidmət haqlarını ödəsə də, qeyd edilən tarixdən xx.xx.2025-ci il tarixədək kirayə və xidmət haqları, həmçinin kommunal haqları tam ödənilməmiş, beləliklə də ümumilikdə 48.318,84 AZN (ƏDV daxil) borc yaranmışdır. Borcun yaranma mənbəyinə gəldikdə, 2025ci ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul ayları üzrə kirayə və xidmət haqqına görə ƏDV daxil 47.318 AZN ödənilməmişdir. Aylıq kirayə və xidmət haqqı məbləği əlavə dəyər vergisi daxil olmaqla 7,375 AZN təşkil edir ki, kirayəçi 1 ay hissəvi ödəniş olmaqla 6 ay heç bir ödəniş etməmişdir ki, bu da ümumilikdə 47.318 AZN ( 3,068.00 + 6x 7,375) borc yaranmasına səbəb olmuşdur. Həmçinin, 2025-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün 1000,84 AZN kommunal xidmətlər üzrə yaranmış borclar ödənilməmişdir. Cavabdehə borcun ödənilməsi üzrə xx.xx.2025-ci il tarixli bildiriş məktubları göndərilsə də qalıq borc məbləği ödənilməmiş, nə də bildirişlərə münasibət bildirilməmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

9. İddiaya qarşı yazılı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

10. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

11. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

Aəzrbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

18. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

Aərbayvan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

MƏHKƏMƏNİN MÖVQEYİ

24. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsalıdır.

25. Mülki Məcəllənin 386.1-ci maddəsinin mənasından da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), yaxud özgə işlərini tapşırıqsız aparılma nəticəsində, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

26. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 7010/24 saylı kirayə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin əsasında iddiaçı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən mənzili əşyaları və avadanlıqları ilə birlikdə yalnız yaşayış sahəsi qismində cavabdehin (işçiləri və ya aidiyyəti şəxslərinin) istifadəsinə verməyi, cavabdeh isə bunun müqabilində həmin əlavədə müəyyən edilmiş kirayə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış kirayə müqaviləsinə əsasən onun idarəsində olan Bakı şəhəri, Yusif Səfərov küçəsi, 13 ünanında, bina: “Baku Palace”, 15/16-cı mərtəbədə yerləşən, “4 yataq otaqlı” tipdə olan, tam təchiz olunmuş, ümumi sahəsi 265 kv.m.-dən ibarət 24 saylı mənzili cavabdehin istifadəsinə verməklə öz öhdəliyini icra etmişdir. Cavabdeh isə bunun müqabilində müvafiq ödənişləri həyata keçirsə də ödənişləri tam ödəməyərək öhdəliklərini pozmuşdur.

28. İş materiallarına əlavə edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi (direktoru) tərəfindən imza və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş iddiaçıya ünvanlanmış məktubdan görünür ki, cavabdeh iddiaçıya ƏDV daxil 56035,84 manat məbləğində borcu yarandığını təsdiq edir və qısa zamanda ödənişləri icra etməklə bağlı üzərinə öhdəlik götürür.

29. Məhkəmə şərh edilənləri, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərini müqavilə üzrə tam icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış kirayə müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı kirayə müqaviləsi üzrə yaranmış borcu cavabdehdən tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir.

30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 258,11 manat məbləğində dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli 7010/24 saylı kirayə müqaviləsi üzrə yaranmış 56035,84 manat borc və ödənilmiş 258,11 manat dövlət rüsumu olmaqla, cəmi 56293,95 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar