Məhkəmə qərarları › İş №e-2-2(113)-7178/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7178/2025

17.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7178/2025 17.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Şəki Kommunal Təsərrüfatı İB-nin Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh Şəki Kommunal Təsərrüfatı İB-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Şəki Kommunal Təsərrüfatı İB-nin Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh Şəki Kommunal Təsərrüfatı İB-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Şəki Kommunal Təsərrüfatı İB (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra- cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliyinin pozulması ilə bağlı cavabdehdən təqdim olunmayan qalıq malların verilməməsi ilə bağlı 13942,67 manat zərərin və iddiaçı tərəfindən ödənilmiş 131.83 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyi (Şəki KTİB), Cavabdeh MMC ilə xx.xx.2024-cü il tarixində nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması məqsədi ilə ümumi dəyəri 78751.31 (yetmiş səkkiz min yeddi yüz əlli bir manat 31 qəpik) manat olan 3 saylı satınalma müqaviləsi bağlayıb. Müqavilənin şərtlərinə görə Şəki KTİB tərəfindən nəqliyyat ehtiyat hissələri təlabat uyğun olaraq hissə-hissə sifariş verilməklə tam həcmdə xx.xx.2024-cü il tarixinə kimi Cavabdeh MMC tərəfindən təhvil verilməli idi. Eləcədə müqavilənin şərtlərinə əsasən ödənişlər malları təhvil alandan 15 gün ərzində ödənilir. İlkin olaraq 2024-cü ilin iyun ayında müqaviləyə əsasən tələbata uyğun olaraq Şəki KTİB-də Biliyin əməkdaşlarının iştirakı ilə ümumi dəyəri 36123.34 (otuz altı min bir yüz iyirmi üç manat 34 qəpik) manat olan mallar (idxal olunacaq mallar daxil olmaqla) şəxsən CavabdehMMC-nin direktoru Qanuni nümayəndə sifariş verilmişdir. Müqavilənin icrası ərzində CavabdehMMC-nin iddiaçı Şəki KTİB-nə verdiyi bəzi mallar həmin tarixə sifariş olunmamış, lakin gələcəkdə nəzərdə tutulan mallar olduğundan satınalma komissiyası tərəfindən qəbul olunmuşdur. Təqdim olunan qiymət cədvəlində mallar "xxxx" qeyd olunsa da, MMC tərəfindən bəzi mallar işlənmiş verildiyi üçün həmin mallar geri qaytarılmışdır. Daha sonra 20 avqust 2024-cü il tarixində CavabdehMMCnə 116 saylı məktubla müraciət edərək təcili tələbat yarandığından 6006.20 (altı min altı manat 20 qəpik) manat dəyərində olan nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin avqust ayının sonuna qədər Şəki KTİB-nə təhvil verilməsini xahiş etmişik. Məktuba cavab olmadığından 23 sentyabr 2024-cü il tarixdə 142 saylı məktubla CavabdehMMC-ə müraciət edərək 20 avqust 2024-cü il tarixli sifarişin çatdırılmasını xahiş etmişik. Eyni zamanda həmin məktubda bildirilmişdir ki, sifariş olunan ehtiyyat hissələrini təhvil vermədiyiniz üçün Şəki şəhərində abadlıq və təmizlik işlərinin icrası dayanmışdır, 5 ədəd nəqliyyat vasitəsi və 2 ədəd texnika ehtiyat hissələrinin çatdırılmaması səbəbindən 3-4 aydır işləmir. Bildirək ki, bu dəfə də MMC tərəfindən həm sifariş tam təhvil verilməyib, həm də məktubumuz cavabsız qalıb. Qeyd edək ki, Şəki KTİB-i Şəki şəhəri ərazisinin küçələrinin təmizlənməsi işlərinin, əhalinin, dövlət və özəl qurumların, sahibkarlıq obyektlərinin məişət tullantılarının yığılması və daşınması işlərinin, eləcədə şəhərin yaşıllıq sahələrinə qulluq, işıqlanma və sair işlərinin tam icraçısıdır. Qeyd olunan işlər Şəki KTİB-nin balansında olan nəqliyyat vasitəlləri ilə yerinə yetirilir. Bu səbəbdən də nəqliyyat ehtiyat hissələrinin çatışmaması və CavabdehMMC-nin sifariş olunan nəqliyyat ehtiyat hissələrinin vaxtında verməməsi səbəbi ilə Şəki KTİB-nin işinin icrası ləngimişdir. Bu da öz növbəsində əhali və digər xidmət göstərilən obyekt sahiblərinin Şəki KTİB-nə qarşı narazılığına səbəb olmuşdur. Bundan başqa 11 dekabr 2024-cü il tarixli 256 saylı məktubla təkrar CavabdehMMC müraciət olunaraq bildirilib ki, müqavilə ilin sonunadək olsa da ödənişlərin aparılması xx.xx.2024-cü il tarixinədək planlaşdırılmışdır, buna görə də müqavilə üzrə qalıq ehtiyat hissələrini Şəki KTİB-nə xx.xx.2024-cü ilə qədər təhvil verməyinizi xahiş edirik. Bu məktubdan sonra 18 dekabr 2024-cü il tarixində CavabdehMMC-nin bizə cavab olaraq CEG ********** saylı məktubunda bildirilib ki, siyahı əsasında qalıq malların hazırda Respublikda mövcud olan hissəsini xx.xx.2024-cü il tarixədək, bəzi idxal müddəti vaxt tələb edən malların verilməsi üçün müqavilənin 28-ci maddəsini nəzərə alaraq müqavilənin bitmə vaxtının xx.xx.2025-ci il tarixinədək uzadılması xahiş olunub. Bu məktuba cavab olaraq xx.xx.2024-cü il tarixində Şəki KTİB-i Cavabdeh MMC-ə məktub yazaraq gecikən mallar səbəbindən işlərin icrasında problemlərin yaranmasını bildirib və xx.xx.2024-cü ilədək müqavilə öhdəliyinin tam yerinə yetirilməsini xahiş edib. Müqavilənin vaxtının uzadılması məsələsinə gəlincə isə satınalma komissiyası bildirir ki, Cavabdeh MMC-nin 18 dekabr 2024-cü il tarixli CEG ********** saylı məktubunda siyahı əsasında qalıq malların hazırda Respublikda mövcud olan hissəsinin xx.xx.2024-cü il tarixədək verilməsi bildirilsə də, həmin mallar xx.xx.2024-cü il tarixədək verilməmişdir. Halbuki həmin məktubda qeyd olunan bəzi idxal müddəti vaxt tələb edən malların sifarişı MMC-ə 2024-cü ilin iyun və avqust aylarında verilmişdir. Qeyd olunanlardan göründüyü kimi idxal olunacaq malların siyahısı xx.xx.2024-cü il tarixədək verilsə də xx.xx.2024-cü il tarixə qədər həmin malların heç biri verilməmişdir. Bununla belə 4 ay sonra yəni xx.xx.2024-cü il tarixində idxal olunacaq mallar üçün əlavə vaxt istənilib. Müqavilənin 26-cı maddəsinə əsasən müqavilənin icrasına qarşısıalınmaz qüvvənin təsiri halları olmadığı vəziyyətdə eləcə də, malların vacibliyini nəzərə alaraq təchizatçıya əlavə vaxt verilməsi məqbul sayılmadığından müqavilənin vaxtının uzadılmasına razılıq verilməyib. Şəki KTİB-yi xx.xx.2025-ci tarixdə CavabdehMMC-ə məktub göndərərək bildirib ki, tərəfinizdən müqavilə öhdəliyi yerinə yetirilmədiyi üçün 3940.00 (üç min doqquz yüz qırx) manat məbləğində təqdim etdiyiniz müqavilə təminatının tutulub birliyin bank hesabına köçürülməsi üçün “X6 Azərbaycan” QSC-ə müraciət ediləcək. Bu məktubda cavabsız qaldığı üçün Cavabdeh MMC-nin 3940 (üç min doqquz yüz qırx) manat məbləğində təqdim etdiyi müqavilə təminatı Şəki KTİB-nin müraciəti əsasında “X6 Azərbaycan” QSC tərəfindən birliyin bank hesabına köçürülmüşdür. Bundan başqa son əməliyyat üzrəCavabdehMMC 2557.30 (iki min əlli yeddi manat 30 qəpik) manat dəyərində Şəki KTİBə nəqliyyat ehtiyat hissələri vermişdir. Bu malların 1174.10 (bir min bir yüz yetmiş dörd manat) manat dəyərində olan hissəsi yarasız olduğundan mal yararlı mallarla əvəz edilməsi üçün geri qaytarılmışdır. Ona gorə də 2557.30 (iki min beş yüz əlli yeddi manat 30 qəpik) manat vəsait CavabdehMMC-ə ödənilməmişdir. Hazırda Şəki KTİBdə CavabdehMMC-nin 1383.20 (bir min üç yüz səksən üç manat 20 qəpik) manat dəyərində olan malı vardır. Geri qaytarılmış mallar Şəki KTİB-nə təhvil verildikdən sonra 2557.30 (iki min beş yüz əlli yeddi manat 30 qəpik) manat CavabdehMMC-ə ödəniləcəkdir. Bildiririk ki,Cavabdeh MMC-nin Şəki KTİB-nə satınalma müqaviləsi üzrə 10986.03 (on min doqquz yüz səksən altı manat 3 qəpik) manat məbləğində verilməyən mal qalığı vardır. Bu mübahisənin əsas həll olunmayan hissəsidir. Həmin malların alınması üçün ehtimal olunan qiymətə əsasən Şəki KTİB-ə 24928.70 (iyirmi dörd min doqquz yüz iyirmi səkkiz manat 70 qəpik) manat vəsait lazımdır. Qeyd edək ki, CavabdehMMC-nin təqdim etmədiyi mallara olan ehtiyac davam etdiyindən, Şəki KTİB tərəfindən 2025-ci ildə yenidən həmin malların alınması məqsədilə kotirovka sorğusu keçirilməsi zərurəti yaranmışdır. Bu isə dövlət büdcəsinə əlavə təşkilati və vaxt itkiləri ilə yanaşı, ehtimal olunan əlavə 24928.70 (iyirmi dörd min doqquz yüz iyirmi səkkiz manat 70 qəpik) manat maliyyə yükü yaratmışdır. Bu kateqoriya işlər üçün pretenziya qaydası nəzərdə tutulduğu üçün, mübahisəni məhkəməyə qədər həll edilməsi və yaranmış borcun ödənilməsi məqsədilə cavabehə pretenziya məktubu ünvanlanmış, lakin bu məktuba cavab verilməmişdir. Bu səbəbdən hüquqlarımızın müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyindən 5948 manat, vəkilə xidmət haqqı olaraq ödənilən 300 (üç yüz manat) məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 83 manat, ümumilikdə 6331 manat məbləğində pul vəsaitinin Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyindən Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyi (Şəki KTİB) ilə qarşılıqlı Cavabdeh MMC arasında ümumi dəyəri 78751.31 (yetmiş səkkiz min yeddi yüz əlli bir manat 31 qəpik) manat olan nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınmasına dair 3 №-li xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən Təchizatçı Nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin Qiymət cədvəli (Vİ Bölmə) bölməsində müəyyənləşdirilmiş vergilər daxil 78751.31 manat məbləğinə və İcra qrafiki (Vİİ Bölmə) bölməsində müəyyənləşdirilmiş xx.xx.2024-cü il tarixədək göndərməyi. Satınalan təşkilat isə müqavilənin nəticələrini (malları) təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə Təchizatçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 65 207,98 manat hissəsi Satınalan idarənin tələbi əsasında Təchizatçı tərəfindən icra edilmişdir. Lakin Təchizatçıdan asılı olmayan hallara görə malların vaxtında gətirilməsi mümkün olmamışdır. Belə ki, malların xaricdən (Çin Xalq Respublikası) gətirilməsi və onların gömrükdən respublika ərazisinə keçirilməsi müvafiq vaxt tələb etmişdir. Bu səbəbdən Təchizatçı tərəfindən Satınalan idarəyə CEG - ********** №-li xx.xx.2024-cü il tarixli məktub göndərilərək Satınalan idarənin siyahısı əsasında qalıq malların hazırda Respublikada mövcud olan hissələrini xx.xx.2024- cü il tarixədək, bəzi idxalı müddəti vaxt tələb edən malların verilməsi üçün müqavilənin 28-ci maddəsini (icra müddətinin uzadılması) nəzərə alaraq müqavilənin xx.xx.2025-ci il tarixədək uzadılması xahiş edilmişdir. Bundan başqa son əməliyyat üzrə tərəfimizdən 2557.30 (iki min əlli yeddi manat 30 qəpik) manat dəyərində Şəki KTİBə nəqliyyat ehtiyat hissələri vermişdir. Satınalan həmin malları qəbul etdiyini iddia ərizəsində etiraf etmişdir lakin satınalan (cavabdeh) 1174.10 (bir min bir yüz yetmiş dörd manat) manat dəyərində olan hissəsinin geri qaytarılması barədə məlumat bildirsə də bu məlumat həqiqə uyğun deyil. Bunu təsdiq edən sənəd də iş materiallarına əlavə edilməmişdir. Yəni, həmin mallara görə də Satınalanın bizə bugünədək əlavə 2557,30 manat borcu yaranmışdır. X5 KTİB-yi tərəfimizdən müddətin uzadılması barədə müraciətə imtina etmiş və xx.xx.2025-ci tarixdə Təchizatçıya məktub göndərərək bildirmişdir ki, tərəfinizdən müqavilə öhdəliyi yerinə yetirilmədiyi üçün 3940.00 (üç min doqquz yüz qırx) manat məbləğində təqdim etdiyiniz müqavilə təminatının (icra edilməyən öhdəliyin 5%-i nisbətində) tutulub birliyin bank hesabına köçürülməsi üçün “X6 Azərbaycan” QSC-ə müraciət ediləcək. Halbuki, Təchizatçı həmin anadək müqavilə üzrə əsas öhdəliyinin əksər hissəsini (67765, 28 manat) icra etmiş lakin ondan asılı olmayan səbəblərdən öhdəliyinin çox az hissəsinin icrası (10986,03 manat) isə gecikmişdir. Gecikmiş icra edilməli qalıq 10986,03 manat hissəsinə hesablanmalı olan müqavilə təminatı 549,30 manat edir. Bundan sonra Satınalanın müraciəti əsasında əsassız olaraq ümumi öhdəlik üzrə Cavabdeh MMC-nin 3940 (üç min doqquz yüz qırx) manat məbləğində müqavilə təminatı Şəki KTİB-nin müraciəti əsasında “X6 Azərbaycan” QSC tərəfindən Satınalanın bank hesabına köçürülmüşdür. Daha sonra, Şəki Şəhər İcra Hakimiyyəti, Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyi müqavilə öhdəliyinin pozulması ilə bağlı bizə qarşı təqdim olunmayan qalıq malların verilməsini və ya qalıq malların ehtimal olunan dəyəri qədər yaranmış 13942,67 (on üç min doqquz yüz qırx iki manat 67 qəpik) manat (24928,70 manat - 10986,03 manat = 13942,76 manat) zərərin Şəki KTİB-ə ödənilməsinə tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki Satınalanın iddia tələbində qalıq malların ehtimal olunan dəyəri barədə, həmin malların müqaviləyə xitam verilməsi tarixinə başqa şirkət tərəfindən təmin edilməsi barədə sübut iş materiallarına əlavə edilməmişdir. Bu isə satınalanın iddia tələbinin əsassız olmasını sübut edir. Qeyd edirik ki, qarşılıqlı iddia üzrə cavabdehin özünün bizə qarşı borcu yarandığından hazırda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi tərəflər arasında aparılan son əməliyyat üzrə tərəfimizdən 2557.30 manat dəyərində Şəki KTİB-ə nəqliyyat ehtiyat hissələri vermişdir. Satınalan isə həmin mallara görə yaranmış 2557,30 manat borcunu ödəməmişdir. Bundan başqa, Satınalan əsassız olaraq müqavilə öhdəliyi yerinə yetirilmədiyi üçün müqavilə təminatı üçün 3940.00 manat məbləğin öz hesabına köçürülməsini təmin etmişdir. Çünki, müqavilə öhdəliyi daha çox hissədə artıq təmin edilmiş, bu səbəbdən müqavilə təminatı yerdə qalan 10986,03 manat hissəsinə hesablanmalı idi. Bu isə 549,30 manat məbləğ edir. Demək ki, Satınalan 3 390,7 manat məbləğini əsassız olaraq əldə etmişdir. Göründüyü kimi hazırda qarşılıqlı iddia tələbi üzrə cavabdehin bizə ümumilikdə 5948 manat borcu yaranmışdır. O ki qaldı qalıq malların ehtimal olunan (24928,70 manat - 10986,03 manat = 13942,76 manat) dəyərinə, bu tələbin əsassız olmasını artıq yuxarıda qeyd etmişik. Bu səbəbdən ehtimal olunan tələb kimi iddia ərizəsində göstərilən 13942,76 manat məbləğin ödənilməsini əsassız və qanunusuz hesab edirik.

5. Bakı Kommersiya Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, e-2-2(113)- 7178/2025 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır.

6. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyi (Şəki KTİB) olaraq müqavilə öhdəliyinin pozulmasına gorə CavabdehMMC-dən təqdim olunmayan qalıq malların verilməməsi ilə bağlı 13942,67 (on üç min doqquz yüz qırx iki manat 67 qəpik) manat (24928,70 manat-10986,03 manat - 13942,67 manat) zərərin və Şəki KTİB tərəfindən ödənilmiş 131.83 (yüz otuz bır manat 83 qəpik) manat dövlət rüsumunun Cavabdeh MMC- dən tutularaq iddiaçı Şəki KT İB-ə ödənilməsi barədə məhkəməyə müraciət etmişik. Eyni iş üzrə CavabdehMMC Şəki KTİB-ə qarş qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh MMC tərəfindən təqdim olunmuş qarşılıqlı iddia ərizəsində göstərilən tələblər əsassızdır və hüquqi və faktiki əsaslara söykənmir. Qarşılıqlı iddia ərizəsi üzrə tələblər real iqtisadi münasibətlərə uyğun deyil. Qarşı tərəf iddia edir ki, guya malların təhvil verilməməsi təchizatçının iradəsindən asılı olmayan səbəblərlə idxal müddətinin uzanması ilə əlaqədardır. Qeyd edək ki, idxal olunacaq malların siyahısı xx.xx.2024-cu ıl tarixədək verilsə də xx.xx.2024-cü il tarixə qədər həmin malların heç biri yerilməmişdir. Bununla belə 4 ay sonra yəni xx.xx.2024-cü il tarixində idxal olunacaq mallar uçun əlavə vaxt istənilib. Müqavilənin ümumi şərtlərinin 26cı hissənə əsasən, təchizatçı yalnız “qarşısıalınmaz qüvvə” hallarında (fors-major) gecikməyə görə məsuliyyətdən azad ola bilər. Cavabdeh MMC tərəfindən heç bir qarşısıalınmaz qüvvə faktı sənədlə təsdiqlənməyib. Qeyd edək ki, müqavilənin ümumi şərtlərinin 26-cı hissəsinə əsasən müqavilənin icrasına qarşısıalınmaz qüvvənin təsiri halları olmadığı vəziyyəti, eləcədə malların vacibliyini nəzərə alaraq təchizatçıya əlavə vaxt verilməsi məqbul sayılmadığından müqavilənin vaxtının uzadılmasına razılıq verilməyib. Bundan başqa müqavilənin ümumi şərtlərinin 28.2. bəndində bildirilir ki, “Müqavilənin ümumi şərtlərinin 26-cı hissəsində nəzərdə tutulmuş qarşısıalınmaz qüvvənin təsiri halları istisna olmaqla, Təchizatçı tərəfindən tamamlanma öhdəliklərinin yerinə yetirilməsinin gecikdirilməsi, Müqavilənin ümumi şərtlərinin 28.1-ci bəndinə uyğun olaraq, müddətin uzadılması barədə razılığa gəlmədiyi təqdirdə, Təchizatçı maddi zərərin ödənilməsinə görə məsuliyyətə cəlb edilir”. Bu, təchizatçının öhdəliyi vaxtında icra etmədiyini sübut edir. Daha sonra qarşılıqlı iddiada göstərilən “mallar geri qaytarılmayıb” bəyanatı əsassızdır. Əsas iddiada da göstərildiyi kimi, Cavabdeh MMC tərəfindən verilmiş 2557,30 manatlıq mallardan 1174,10 manatlıq hissə yararsız olduğuna görə qaytarılmış və bu barədə akt tərtib edilmişdir. Bu mallar hazırda təchizatçıya təhvil verilməsini gözləyir. Cavabdeh MMC Müqavilə öhdəliyi yerin yetirildiyi halda bütün malların ödənişi həyata keçəcəkdir. Yararsız mal müqabilində ödəniş etmək öhdəliyi yaranmır. Bundan başqa qarşılıqlı iddia ərizəsinda bildirilir ki icra təminatının məbləği müqavilənin ümumi məbləğinə deyil, qalan icra olunmamış hissəyə görə hesablanmalıdır. Bu iddia tam əsassız və hüquqi baxımdan yanlışdır. Belə ki, X2 Azərbaycan Respublikasının Qanunun 38.3 maddəsinə və xx.xx.2024-cü il tarixində hər iki tərəfdən imzalnmış 3 saylı “Mallar üzrə Satıanlama Müqaviləsi”nin ümumi şərtlərinin 7.1 bəndində əsasən icra təminatı müqavilənin ümumi məbləğinin 5 % həcmində müəyyən olunur. X2 Azərbaycan Respublikasının qanunu. Maddə: 38.3. İcra təminatının məbləği satınalma müqaviləsinin ümumi məbləğinin 10 faizi (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 5 faizi) həcmində müəyyən olunur. İcra təminatının qüvvədə olma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) 30 (otuz) iş günü çox olmalıdır. Mallar üzrə satınalma müqaviləsi. Ümumi şərtlər: 7.1. Müqavilə məbləği 30000 (otuz min) manatdan çox olduqda Təchizatçı Müqaviləni imzaladıqdan sonra 5 (beş) iş günü ərzində Satınalan təşkilata müqavilə məbləğinin 10 faizi (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 5 faizi) həcmində və müqavilənin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) 30 (otuz) iş günü çox qüvvədə olan icra təminatını təqdim edir. Qaranta və ya müqavilə məbləği 5 (beş) milyon manatdan yuxarı olan satınalmalara münasibətdə hər hansı qarantın verdiyi təminatı təsdiqləyən tərəfə (əgər tələb olunursa), habelə digər şərtlərə dair tələblər Müqavilənin xüsusi şərtlərində 13-cü hissəsində göstərilir. 7.3. İcra təminatından əldə edilən gəlirlər Təchizatçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticSsində yaranan hər hansı itki üçün kompensasiya kimi Satınalan təşkilata ödənilir. Buradan görünür ki qanuna əsasən “icra olunmamış hissə” üzrə hesablanması barədə heç bir hüquqi əsas yoxdur. Beləliklə, müqavilənin ümumi məbləği 78751,31 manat olduğuna görə, 5%-lik təminat məbləği 3940 manat təşkil edir və bu məbləğin tutulması qanuna tam uyğundur. Təchizatçı müqavilə öhdəliyini icra etmədiyi üçün Şəki KTİB tərəfindən müqavilə təminatının tutulması qanuni əsasla həyata keçirilmişdir. Bu da qanuni şəkildə bank vasitəsilə icra olunmuşdur. Mülki Məcəllənin 480-ci maddəsinə görə qarantiyanın (təminatın) icrası əsas öhdəlikdən asılı deyil. Qarşılıqlı iddianın əsas tələbi - “6331 manatın ödənilməsi” əsassızdır. Qarşı tərəf guya əsassız tutulmuş təminat və ödənilməmiş mallara görə ümumilikdə 6331 manat tələb edir. Halbuki 3940 manatlıq təminat məbləği qanuni əsasla tutulub və 1174,10 manatlıq mallar yararsız olduğuna görə ödənişdən imtina olunub. Qarşı tərəf 10986,03 manatlıq malın təhvilini vaxtında vermədiyindən əsas öhdəlik pozulmuşdur. Beləliklə, Cavabdeh MMC-nin iddia etdiyi 6331 manatın heç bir hissəsi hüquqi əsas daşımır. Qarşılıqlı iddia AR Mülki Prosessual Məcəlləsinin 156.1.1 maddəsinin tələblərinə tam cavab vermir. Qarşılıqlı iddia yalnız o halda qəbul oluna bilər ki, ilkin iddia ilə qarşılıqlı asılılıq və hüquqi əlaqə olsun. Bu halda qarşı tərəfin iddiası sadəcə müqavilə öhdəliyini pozduğunu ört- basdır etmək məqsədi daşıyır və ilkin iddia ilə qarşılıqlı ödəniş münasibəti yaratmır. Ona görə də bu iddianın ayrıca baxılması və ya əsassız hesab edilməsi məqsədəuyğundur.

II. Tərəflərin mövqeləri:

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Rüstəmov ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib, ilk iddia tələbinin təmin olunması, qarşılıqlı iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilk iddia ərizəsinə etiraz edərək ilk iddianın təmin olunmaması, qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İddiaçı (satınalan) və cavabdeh (təchizatçı) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 3 nömrəli mallar üzrə satınalma müqaviləsinə əsasən Təchizatçı Nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin Qiymət cədvəli (Vİ Bölmə) bölməsində müəyyənləşdirilmiş vergilər daxil 78751.31 (yetmiş səkkiz min yeddi vüz əlli bir manat 31 qəpik) manat məbləğinə və İcra qrafiki (Vİİ Bölmə) bölməsində müəyyənləşdirilmiş xx.xx.2024-cü il tarixədək göndərməyi, Satınalan təşkilat isə müqavilənin nəticələrini (malları) təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş şərtlərlə Təchizatçıya ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 7.1-ci bəndinə əsasən Müqavilə məbləği 30000 (otuz min) manatdan çox olduqda Təchizatçı Müqaviləni imzaladıqdan sonıa 5 (beş) iş günü ərzində Satınalan təşkilata müqavilə məbləğinin 10 faizi (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 5 faizi) həcmində və müqavilənin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) 30 (otuz) iş günü çox qüvvədə olan icra təminatını təqdim edir. Qarantla və ya müqavilə məbləği 5 (beş) milyon manatdan yuxarı olan satınalmalara münasibətdə hər hansı qarantın verdiyi təminatı təsdiqləyən tərəfə (əgər tələb olunursa), habelə digər şərtlərə dair tələblər Müqavilənin xüsusi şərtlərində 13cü hissəsində göstərilir.

13. Müqavilənin 7.2-ci bəndinə əsasən icra təminatı müqavilənin əlavəsində müəyyən edilən və Satınalan təşkilat üçün məqbul ona bənzər başqa formada (məzmunda) qarantiya, sığorta təminatı, akkreditiv, depozitlər və digər maliyyə aktivləri şəklində verilir.

14. Müqavilənin 7.3-cü bəndinə əsasən icra təminatından əldə edilən gəlirlər Təchizatçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan hər hansı itki üçün kompensasiya kimi Satınalan təşkilata ödənilir.

15. Müqavilənin 7.4-cü bəndinə əsasən icra təminatı Azərbaycan Respublikasının pul vahidi - manatla və ya Satınalan təşkilat üçün məqbul olan sərbəst dönərli xarici valyuta ilə ifadə edilir.

16. Müqavilənin 7.5-ci bəndinə əsasən icra təminatı təchizatçının müqavilə üzrə icra öhdəliklərini, o cümlədən hər hansı zəmanət öhdəliklərini yerinə yetirdiyi tarixdən sonra 30 (otuz) iş günündən gec olmayaraq Satınalan təşkilat tərəfindən Təchizatçıya qaytarılır.

17. Müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Müqavilənin xüsusi şərtlərinin ll hissəsində müəyyənləşdirilmiş qaydada və məbləğdə, Təchizatçının təqdim etdiyi sənədlər (elektron qaimə-fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) iş günündən gec olmayaraq aparılır.

18. Müqavilənin 13.2-ci bəndinə əsasən Avansın alınması üçün Təchizatçı tərəfindən Satınalan təşkilata avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə və müqavilənin icra müddətində qüvvədə olan avans təminatı təqdim olunur. Təchizatçı avans ödənişindən yalnız müqavilə ilə bağlı öhdəliklərin icra edilməsi üçün istifadə edir.

19. Müqavilənin 23.1-ci bəndinə əsasən Müqavilənin ümumi şərtlərinin 28-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, təchizatçı malların hər hansı birini və ya hamısını tamamlanma tarixinə (tarixlərinə) qədər çatdırmazsa və ya əlaqədar xidmətləri müqavilə ilə müəyyən edilmiş müddətdə göstərməzsə, Satınalan təşkilat Müqavilə üzrə özünün bütün digər müdafiə vasitələrinə xələl gətirmədən maddi zərər kimi müqavilə məbləğindən gecikdirilmiş malların və ya göstərilməmiş xidmətlərin qiymətinin Müqavilənin xüsusi şərtlərinin 20-ci hissəsində göstərilən faizi qədər faktiki tamamlanma tarixinə qədər hər gün Müqavilənin xüsusi şərtlərinin 21-ci hissəsində göstərilən maksimum faiz həddinə (10 faizi keçməmək şərtilə) qədər çıxa bilər. Maksimum həddə çatdıqdan sonra Satınalan təşkilat Müqavilənin ümumi şərtlərinin 31-ci hissəsinə uyğun olaraq müqaviləni ləğv edə bilər.

20. Müqavilənin 23.3-cü bəndinə əsasən Müqavilə üzrə əlaqədar xidmətlərin göstərilməsi üzrə Qanunun 33.14-cü maddəsinə əsasən güzəştli düzəlişin tətbiq edildiyi hər bir işçiyə münasibətdə təchizatçının təqdim etdiyi təklifinə daxil edilən arayışda qeyd edilən məbləğin ödənilməsi barədə həmin işçinin bank hesabına köçürülməni təsdiq edən bank tərəfindən verilmiş çıxarışı təqdim edilməyən əmək haqqı fondu məbləğinin 20 faiz həcmində Təchizatçıya cərimə tətbiq olunur.

21. Tərəflər arasında imzalanmış müqavilənin xüsusi şərtlərinin 23.1-ci bəndinə əsasən gecikdirilmiş malların və ya göstərilməmiş xidmətlərə görə cərimənin gündəlik faizi 0,01 faiz, maksimum faiz həddi 10 faiz olaraq razılaşdırılmışdır.

22. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, MT2412 10550190 nömrəli 9767,9 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2410 10945588 nömrəli 4826,2 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2410 10292131 nömrəli 8236,4 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2410 10318481 nömrəli 3410,2 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 11127547 nömrəli 10006,4 manat məbləğində, xx.xx.2024cü il tarixli, MT2406 11525238 nömrəli 70,8 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.

23. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********062951 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən iddiaçı tərəfindən cavabdehə 10,80 manat ədv sub-uçot hesabından köçürülmə edilmişdir.

24. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********402796 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən iddiaçı tərəfindən cavabdehə 520,2 manat ədv sub-uçot hesabından köçürülmə edilmişdir.

25. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********738566 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən iddiaçı tərəfindən cavabdehə 736,2 manat ədv sub-uçot hesabından köçürülmə edilmişdir.

26. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********374520 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən iddiaçı tərəfindən cavabdehə 1099,80 manat ədv sub-uçot hesabından köçürülmə edilmişdir.

27. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********402530 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən iddiaçı tərəfindən cavabdehə 1256,4 manat ədv sub-uçot hesabından köçürülmə edilmişdir.

28. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********177813 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən iddiaçı tərəfindən cavabdehə 1526,40 manat ədv sub-uçot hesabından köçürülmə edilmişdir.

29. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********063081 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən iddiaçı tərəfindən cavabdehə 4979,18 manat ədv sub-uçot hesabından köçürülmə edilmişdir.

30. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 233 nömrəli ödəniş tapşırığına əsasən 26651 manat, xx.xx.2024-cü il tarixli, 234 nömrəli ödəniş tapşırığına əsasən 60 manat, xx.xx.2024-cü il tarixli, 273 nömrəli ödəniş tapşırığına əsasən 8480 manat, xx.xx.2024-cü il tarixli, 521 nömrəli ödəniş tapşırığına əsasən 6110 manat, xx.xx.2024-cü il tarixli, 530 nömrəli ödəniş tapşırığına əsasən 680 manat, xx.xx.2024-cü il tarixli, 531 nömrəli ödəniş tapşırığına əsasən 2890 manat, xx.xx.2025-cü il tarixli, 03 nömrəli ödəniş tapşırığına əsasən 4090 manat vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.

31. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdırıb toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməlidir.

32. Məhkəmə ilk öncə qarşılıqlı iddia ərizəsinə münasibət bildirməyi zəruri hesab edir.

33. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə 2024-cü il ərzində cavabdeh tərəfindən iddiaçıya ümumilikdə ƏDV daxil olmaqla 67765,28 manat dəyərində mal təhvil verilmiş, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 65207,98 manat (9946,98 manat ƏDV və 55216 manat əsas vəsait olmaqla) məbləğində vəsait ödənilmişdir.

34. Qarşılıqlı iddiaçı hazırda qarşılıqlı iddia üzrə cavabdehdən qalıq 2557,30 manat borcun ödənilməsini tələb edir.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

38. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

39. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

41. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

42. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

43. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

44. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

45. İddiaçı hazırda ona qarşılıqlı iddiaçı tərəfindən təhvil verilmiş malların bir qisminin, yəni 1174,10 manat hissəsinin yararsız olması səbəbindən geri qaytarıldığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

46. Bundan əlavə, həmin mallarla bağlı cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli, MT2412 10550190 nömrəli 9767,90 manat məbləğində elektron qaimə iddiaçı tərəfindən mübahisələndirilməmiş, düzəlişə göndərilməmiş, qaimə üzrə ödənişlər edilmişdir.

47. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin həmin dəlili əsassızdır.

48. Qarşılıqlı iddiaçı hazırda təhvil verilmiş malların müqabilində ödənilməmiş qalıq 2557,30 manat borcun ödənilməsini tələb etməklə haqlıdır.

49. Qarşılıqlı iddia ərizəsində iddiaçı həmçinin müqavilə üzrə öhdəliklərinin lazımınca icra edilməməsi ilə bağlı qarşılıqlı iddia üzrə cavabdehin artıq pul aldığını, 3390,70 manat əsassız əldə etdiyi vəsaitin geri qaytarılmalı olduğunu bildirir.

50. Məhkəmə qarşılıqlı iddia tələbini bu hissədə qismən əsaslı hesab edir.

51. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, xx.xx.2025-ci tarixdə CavabdehMMC tərəfindən müqavilə öhdəliyi yerinə yetirilmədiyi üçün 3940 manat məbləğində təqdim edilmiş qarantiya üzrə vəsait “X6 Azərbaycan” QSC tərəfindən iddiaçıya sonuncunun tələbi üzrə tam həcmdə ödənilmişdir.

52. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarantiya üzrə vəsait ödənilən zaman cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi, yəni müqavilə üzrə təchiz edilməli olan, lakin iddiaçıya təhvil verilməmiş malların dəyəri 10986,03 manat təşkil etmişdir.

53. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3 nömrəli mallar üzrə satınalma müqaviləsinin 23.1-ci bəndinə, habelə müqavilənin xüsusi şərtlərinin 23.1-ci bəndinə əsasən satıcı öz öhdəliyini vaxtında və lazımınca icra etmədiyi təqdirdə gecikdirilmiş malların dəyərinin maksimum 10 faizi həddində dəbbə pulu ödəməlidir.

54. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya həmin müqavilə üzrə 1098,60 manat (10986,60 manat * 10 faiz) dəbbə pulu ödənilməli olduğu halda, iddiaçı tərəfindən 2841,40 manat (3940 manat – 1098,60 manat) vəsait əsassız olaraq əldə edilmişdir.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

56. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia bu hissədə qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehdən 2841,40 manat vəsait tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.

57. Məhkəmə ilk iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

58. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3 nömrəli mallar üzrə satınalma müqaviləsi üzrə satın alınması razılaşdırılmış 78751,31 manat dəyərində olan mallar cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixədək çatdırılmalı olduğu halda, cavabdeh tərəfindən bu öhdəlik vaxtında icra edilməmiş, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə ƏDV daxil olmaqla 67765,28 manat dəyərində mal təhvil verilmişdir.

59. Cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi dəyəri 10986,03 manat malların təhvil verilməməsidir.

60. İşin məhkəmə tərəfindən araşdırılması zamanı cavabdehin bu öhdəliyini icra etməməsi ilə bağlı iddiaçıya 10 faiz həddində, yəni 1098,60 manat dəbbə pulu ödədiyi müəyyən edilmişdir.

61. Hazırda iddiaçı cavabdehin bu öhdəliyini icra etməməsi nəticəsində ona əlavə olaraq 13942,67 manat maddi zərər dəydiyini bildirir.

62. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

63. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

64. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

65. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

66. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

67. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

68. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

69. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

70. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

71. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

72. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

73. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

74. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

75. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.

76. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia tələbi əsassızdır və təmin edilməməlidir.

77. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehdən 5398,70 manat (2557,30 manat + 2841,40 manat) məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.

78. Qarşılıqlı iddiaçı həmçinin iddia ərizəsində 300 manat hüquqi yardıma görə xərcin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ona ödənilməsini tələb edir.

79. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən həmin xərc qarşılıqlı iddia üzrə cavabdehə aid edilməlidir.

80. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, qarşılıqlı iddiaçı tərəfindən hüquqi xidmətlə bağlı Ekol vəkil bürosuna 300 manat vəsait ödənilmişdir.

81. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

82. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

83. Məhkəmə hesab edir ki, ilk iddia təmin edilmədiyindən ilk iddia üzrə ödənilmiş 132 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş 73,99 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməli, ödənilmiş qalan 13,99 manat dövlət rüsumu isə qarşılıqlı iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

84. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Şəki Kommunal Təsərrüfatı İB-nin Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumu iddiaçı Şəki Kommunal Təsərrüfatı İB-nin özünə aid edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh Şəki Kommunal Təsərrüfatı İB-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdeh Şəki Kommunal Təsərrüfatı İB-dən 5398,70 manat məbləğində pul, 300 manat hüquqi yardıma görə xərc, 73,99 manat dövlət rüsumu, ümumilikdə 5772,69 (beş min yeddi yüz yetmiş iki manat altmış doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 13,99 (on üç manat doxsan doqquz qəpik) manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar