Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-718/2025 23.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 21825,46 manat əsas borc, 1620,19 manat faiz və 130,15 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 23575,80 manat məbləğində borc, 160,73 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88,07 (m2), yaşayış sahəsi 45,25 (m2), yardımçı sahəsi 42,82 (m2) və yaşayış otaqlarının sayı 2 olan mənzilə yönəldilməsi, mənzilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-nin 11 saylı filialından illik 30%-lə, 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88,07 (m2), yaşayış sahəsi 45,25 (m2), yardımçı sahəsi 42,82 (m2) və yaşayış otaqlarının sayı 2 olan mənzil xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-nin 11 saylı filialından illik 20%-lə, 36 ay müddətinə 45000 manat məbləğində kredit götürmüşdür. 30 iyul 2024-cü il tarixədək Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 21825,46 manat əsas, 1620,19 manat faiz və 520,6 manat cərimə borcu olmaqla, ümumilikdə 23966,25 manat borcu vardır. Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ümumi cərimə borcunun 520,6 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 130,15 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 317.1, 442, 445.2.1, 448.1, 449.4, 465.2, 472.1, 472.2, 501-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.1-ci maddəsinə istinad olunmuşdur.
4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəblərdən işirak etmədiklərini bildirmiş və iddia tələbinin təmin edilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
5. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23-MCR-1- 608-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmanın məzmunundan görünür ki, müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 2,5% olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır.
6. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23-MCR-1- 608-22/1 nömrəli kredit verilməsinə dair razılaşmanın məzmunundan görünür ki, Cavabdeh1 bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 1,67% olmaqla, 45000 (qırx beş min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.
7. İddaçı tərəfindən iş materiallarına xx.xx.2022-ci il tarixli, 23-MCR-1-608-22/1 nömrəli kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli, 1 saylı ödəniş cədvəli və hesabdan çıxarış əlavə edilmişdir. Ödəniş cədvəlində qeyd edilmişdir ki, ödənişin vaxtında aparılmamasına görə ödənilməli məbləğə gündəlik 0,2 faiz cərimə hesablanacaqdır.
8. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/07250/22 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23-MCR-1-608-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
9. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan/borc alan – Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DA/00636/22 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23-MCR-1-608-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88,07 kv.m, yaşayış sahəsi 45,25 kv.m, yaşayış otaqlarının sayı 2 olan mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 100000 manat dəyərində müəyyən edilmişdir. Tərəflər razılığa gəlirlər ki qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla bağlı müvafiq ölçmələrin həyata keçirilməsi üçün istifadə edilməsi nəzərdə tutulmuşdur.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88,07 kv.m, yaşayış sahəsi 45,25 kv.m, yaşayış otaqlarının sayı 2 olan mənzil Cavabdeh1 adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 1129 nömrəli reyestr kitabının 102285 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
12. xx.xx.2024-cü il tarixli, KBD4754 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh1 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə (ünvan 1) tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 36 (otuz altı) manat məbləğində xidmət haqqı ödəmişdir.
13. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 bağlanmış xx.xx.2022-ci il tarixli nömrəli kredit verilməsinə dair razılaşma üzrə xx.xx.2024-cü il tarixə banka 21825,46 manat əsas borc, 1620,19 manat faiz, 520,6 manat cərimə borcu olmaqla, cəmi borcu 23966,25 manat təşkil edir.
14. İddiaçı ASC tərəfindən məhkəməyə kredit məbləğinin borcalana verilməsi ilə bağlı kassa məxaric orderləri və ödəniş tapşırığı təqdim olunmuşdur.
15. İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli, KBD4440 nömrəli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xəbərdarlıq məktubunun alındığı vaxtdan 5 (beş) gün müddətində xx.xx.2022-ci il tarixli, 23-MCR-1- 608-22/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10427 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 23-MCR-1-608-22/1 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə (bildirişlərdə və maliyyə arayışında göstərilən tarixə) əsas borc üzrə 22099,49 manat, faiz borcu üzrə 810,31 manat, xx.xx.2024-cü il tarixə (məhkəməyə müraciət olunan tarix) əsas borc üzrə 22099,49 manat, faiz borcu üzrə 1731,13 manat təşkil edir. Qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 23-MCR-1-608-22/1 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilməiyindən Cavabdeh1 cərimə borcu hesablanmadı.
17. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, LP-007/2025 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 152000 manat, bazar dəyəri 170000 manat təşkil edir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
19. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
22. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 23-MCR-1-608-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 2,5% olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 23-MCR-1-608-22/1 nömrəli kredit verilməsinə dair razılaşma bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 1,67% olmaqla 45000 (qırx beş min) manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, Z/07250/22 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23-MCR-1-608-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan/borc alan – Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, DA/00636/22 nömrəli ipoteka müqaviləsi bağlanmış və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23- MCR-1-608-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88,07 kv.m, yaşayış sahəsi 45,25 kv.m, yaşayış otaqlarının sayı 2 olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
23. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 21825,46 manat əsas borc, 1620,19 manat faiz borcunun tutulması təşkil edir.
24. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10427 saylı ekspert rəyini, AR MPM-nin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam və faiz borcunun tutulmasına dair iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 21825,46 manat (tələbə uyğun) əsas borc, 810,31 manat (rəylə müəyyən edilmiş məbləğ) faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin faiz borcunun tutulması hissəsində hazırkı nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe və ekspert rəyi əsas götürülmüşdür.
25. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 130,15 manat cərimə borcunun tutulması təşkil edir.
26. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
27. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada 130,15 manat (yüz otuz manat on beş qəpik) cərimə tutularaq iddiaçıya ödənilməlidir.
28. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.
29. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən Cavabdeh1 məxsus olan daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və reyestrdə qeydiyyata alınmışdır.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, müqavilə üzrə tutma Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır.
31. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
32. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 152000 manat müəyyən edilmişdir.
33. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88.07 (m2), yaşayış sahəsi 45.25 (m2), yardımçı sahəsi 42.82 (m2) və yaşayış otaqlarının sayı 2 olan mənzilin ilkin satış qiyməti 152000 (yüz əlli iki min) manat müəyyən edilməlidir.
34. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd olunur ki, bütünlükdə borc məbləğinin həmin cavabdehlərdən müştərək qaydada tutulması elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva edir. Ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur.
35. Həmçinin iddiaçı cavabdehlərdən müştərək qaydada 160,73 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının ödənilməsini xahiş etmişdir.
36. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 155,21 manat (yüz əlli beş manat iyirmi bir qəpik) cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməlidir.
37. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 96,60 hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 3,40 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 21825,46 manat (iyirmi bir min səkkiz yüz iyirmi beş manat qırx altı qəpik) əsas borc, 810,31 manat (səkkiz yüz on manat otuz bir qəpik) faiz borcu, 130,15 manat (yüz otuz manat on beş qəpik) cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 155,21 manat (yüz əlli beş manat iyirmi bir qəpik) olmaqla, ümumilikdə 22972,13 manat (iyirmi iki doqquz yetmiş iki manat on üç qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88.07 (m2), yaşayış sahəsi 45.25 (m2), yardımçı sahəsi 42.82 (m2) və yaşayış otaqlarının sayı 2 olan mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88.07 (m2), yaşayış sahəsi 45.25 (m2), yardımçı sahəsi 42.82 (m2) və yaşayış otaqlarının sayı 2 olan mənzilin ilkin satış qiyməti 152000 (yüz əlli iki min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 96,60 hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 3,40 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova