Məhkəmə qərarları › İş №e-2-2(113)-7187/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7187/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7187/2025 10.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli servis müqaviləsi üzrə 2.140,34 manat manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 404,67 manat dəbbə pulu və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 46,46 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış nəqliyyat vasitələrinə servis xidməti haqqında xx.xx.2023-cü il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçi siyahısı həmin bənddə qeyd olunan nəqliyyat vasitələrinin təminatlı istismar müddətindən sonrakı dövrdə servis xidmətlərinin göstərilməsini tapşırmış, İcraçı isə bu xidmətlərin göstərilməsini öz öhdəsinə götürmüşdür. Bildiririk ki, müqaviləyə əsasən göstərilmiş bəzi xidmətlərə dair elektron qaimə-fakturaların cavabdehə təqdim edilməsinə, qaimələrdən imtina olunmamasına və sistem tərəfindən təsdiqlənməsinə baxmayaraq bugünədək həmin qaimələr cavabdeh tərəfindən icra edilməmişdir: Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə yazılı qaydada müraciət edilərək elektron qaimələrin icra edilməsi, əks halda qeyd olunan pul vəsaitlərinin məhkəmə qaydasında tutulacağı cavabdehə bildirilmişdir. Buna baxmayaraq tələbimiz cavabdeh tərəfindən təmin edilməmişdir. Məlumat üçün bildiririk ki, tərəflər arasında hazırkı müqavilədən irəli gələn münasibətlər davam etməkdədir, müqaviləyə xitam verilməmişdir, tərəflərin müqaviləyə xitam verilməsi iradəsi mövcud deyil və hazırkı iddia tələbinin irəli sürülməsində müqaviləyə xitam verilməsi tələbi yoxdur. Hesab edirik ki, müqavilə əsasında göstərilmiş xidmətlərin qiymətinin ödənilməsinə dair cavabdehə təqdim olunmuş və sistem tərəfindən təsdiqlənmiş elektron qaimə-fakturalar cavabdeh tərəfindən icra edilməli və həmin qaimələrlə müəyyən olunmuş xidmət haqları cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, müqavilə şərtlərinə əsasən xidmətlərin qiymətinin ödənilməsinin gecikdirildiyi günlər üçün dəbbə pulu (0,05%) xx.xx.2025-ci il tarixinədək elektron qaimə-fakturalar üzrə aşağıdakı qaydada hesablanmışdır: 216.53 AZN (MT2411, №11253533, xx.xx.2024) - 28,69 manat; 225.47 AZN (MT2405, №10173751, xx.xx.2024); - 51,85 manat; 271.54 AZN (MT2405, №11310500, xx.xx.2024); - 59,60 manat; 367.57 AZN (MT2408, №11570200, xx.xx.2024); - 64,69 manat; 859.25 AZN (MT2407, №11214185, xx.xx.2024); - 167,55 manat; 199.98 AZN (MT2409, №11628990, xx.xx.2024). - 32,29 manat. 5. Hüquqi məsələlər. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi invoys (hesab) təqdim edildiyi tarixdən sonra Sifarişçi tərəfindən 5 (beş) bank günü ərzində İcraçının invoysunda (hesabında) göstərilmiş bank hesabına köçürülməklə həyata keçirilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ödəniş vaxtında edilmədikdə Sifarisçi İcraçıya ötürülmüş hər bir gün üçün bu Müqavilə üzrə ödənişə təqdim olunmuş invoysun (hesabın) ödənilməmiş məbləğinin 0,05 faizi miqdarında cərimə ödəyir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən bu Müqavilə ilə, onun təfsiri, icrası ilə, yaxud tərəflərin öhdəliklərinin pozulması ilə əlaqədar meydana çıxan mübahisələr tərəflər arasında məsləhətləşmələr, yaxud danışıqlar yolu ilə həll edilməlidir. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən əgər tərəflər bu və ya digər mübahisə barədə yazılı pretenziyanın Tərəflərin birinə çatdırılması tarixindən etibarən 1 (bir) ay ərzində ümumi razılığa gələ bilmirlərsə, tərəflər mübahisəni məhkəmə qaydasında həll etməkdə haqlıdır . İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 21.2, 385.1, 386.1, 442, 447.5,448.1 və 449.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: İddiaçı MMC (“İcraçı”) ilə Cavabdeh MMC (“Sifarişçi”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, nəqliyyat vasitələrinə servis xidməti haqqında müqavilədən görünür ki, sifarişçi onun müqavilədə qeyd edilən Changan F70 markalı, 77PB373 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrin təminatlı istismar müddətindən sonrakı dövrdə servis xidmətlərinin göstərilməsini tapşırır, İcraçı isə bu xidmətlərin göstərilməsini öz öhdəsinə götürür. Xidmətlər icraçının Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvandakı Servis salonunda göstərilir. Müqavilənin 2.1-ci bəndinə əsasən Xidmətlərin və xidmətlər göstərilərkən istifadə olunun chtival hissələrinin qiymətlərinə ƏDV əlavə olunur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ƏDV-nin ödənilməsindən azad olan Sifarişçi bu barədə İcraçıya müvafiq sənəd təqdim etməlidir. Müqavilənin 2.4-cü bəndinə əsasən Ödəniş vaxtında edilmədikdə Sifarişçi İcraçıya ötürülmüş hər bir gün üçün bu Müqavilə üzrə ödənişə təqdim olunmuş invoysun (hesabın) ödənilməmiş məbləğinin 0,05 Faizi miqdarında cərimə ödəyir. xx.xx.2024-cü il tarixli işlərə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Hesaba əsasən Mühərrik yağının dəyişdirilməsi, Yanacaq filterinin dəyişdirilməsi, Helix HX8 ECT 5w30 new5L, Helix HX8 ECT 5w30 new İL, Oil Filter, X3 xidmətlərinin ümumi məbləği 271,54 manat təşkil edir. İcra edilmiş xidmətlərə dair ********** nömrəli Akta əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 271,54 manat olmaqla Mühərrik yağı və yanacaq filteri dəyişdirilməsi xidməti göstərilmişdir. MT2405 seriyalı,11310500 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 271,54 manat xidmət haqqı “Azərbaycan Avtomobil Evi" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli işlərə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Hesaba əsasən Mühərrik yağının dəyişdirilməsi, Yanacaq filterinin dəyişdirilməsi, Texniki baxış, Siqnal sökülüb yığılması və təmir, Ön sağ Lampa dəyişdirilməsi, Eurolupe C3 Wiv Eco 5w30 6L, Lampa H7 Oil Filter xidmətlərinin ümumi məbləği 216,54 manat təşkil edir. İcra edilmiş xidmətlərə dair ********** nömrəli Akta əsasən “Azərbaycan Avtomobil Evi" MMC tərəfindən "xxxx" MMC-yə ümumi dəyəri 216,54 manat olmaqla Mühərrik yağı və yanacaq filteri dəyişdirilməsi, texniki baxış, Siqnal sökülüb yığılması və təmir xidməti göstərilmişdir. MT2411 seriyalı, 11253533 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 216,54 manat xidmət haqqı “Azərbaycan Avtomobil Evi" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir xx.xx.2024-cü il tarixli işlərə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Hesaba əsasən Mühərrik yağının dəyişdirilməsi, hava filterinin dəyişdirilməsi, Salon filterinin dəyişdirilməsi, yanacaq filterinin dəyişdirilməsi, arxa most yaginin dəyişdirilməsi, ön most yağının dəyişdirilməsi, razdatka yağı dəyşdirilməsi, sürətlər qutusu yaginin dəyişdirilməsi, sükan mayesinin dəyişdirilməsi, əyləc mayesinin dəyişdirilməsi, ön sol qranat tozlugun bərkidilməsi, ön sag qranat tozlugunun bərkidilməsi balans 4 təkər,təkərlərin yuyulması,helix HX8 ECT5w30 new5L,shell Helix HX8 ECT5w30 new 209L,oilfilter, element, air filter, air filter, a/c, X3, petronas Tutela Axle 300 80w90 İL,petronas Tutela Gl/E ATFİİİ İL, petronas Tutela Multi MTF 700 İL, əyləc mayesi 0.5L (Petronas),qranat xamut 20-32 mm xidmətlərinin ümumi məbləği 859,26 manat təşkil edir. İcra edilmiş xidmətlərə dair ********** nömrəli Akta əsasən “Azərbaycan Avtomobil Evi" MMC tərəfindən "xxxx" MMC-yə ümumi dəyəri 859,26 manat olmaqla Mühərrik yağının dəyişdirilməsi, hava filterinin dəyişdirilməsi, Salon filterinin dəyişdirilməsi, yanacaq filterinin dəyişdirilməsi, arxa most yaginin dəyişdirilməsi, ön most yağının dəyişdirilməsi, razdatka yağı dəyşdirilməsi, sürətlər qutusu yaginin dəyişdirilməsi, sükan mayesinin dəyişdirilməsi, əyləc mayesinin dəyişdirilməsi, ön sol qranat tozlugun bərkidilməsi,ön sag qranat tozlugunun bərkidilməsi balans 4 təkər,təkərlərin yuyulması xidməti göstərilmişdir. MT2407 seriyalı, 11214185 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 859,26 manat xidmət haqqı “Azərbaycan Avtomobil Evi" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli işlərə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Hesaba əsasən Mühərrik yağının dəyişdirilməsi, Hava filterinin dəyişdirilməsi, Salon filterinin dəyişdirilməsi, Shell Helix HX8 ECT 5w30 new 209L, Oil Filter, Element,Air Filter, Air Filter, A/C /7 xidmətlərinin ümumi məbləği 225,47 manat təşkil edir. İcra edilmiş xidmətlərə dair ********** nömrəli Akta əsasən “Azərbaycan Avtomobil Evi" MMC tərəfindən "xxxx" MMC-yə ümumi dəyəri 225,47 manat olmaqla Mühərrik yağının dəyişdirilməsi, hava filterinin dəyişdirilməsi, Salon filterinin dəyişdirilməsi, xidməti göstərilmişdir. MT2405 seriyalı, 10173751 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 225,47 manat xidmət haqqı “Azərbaycan Avtomobil Evi" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli işlərə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Hesaba əsasən Mühərrik yağının dəyişdirilməsi, hava filterinin dəyişdirilməsi, salon filterinin dəyişdirilməsi, yanacaq filterinin dəyişdirilməsi,arxa stop lampa dəyişdirilməsi, Eurolupe C3 Wiv Eco 5w30 6L, Oil Filter, Elemant, Air Filter, A/C, X3 xidmətlərinin ümumi məbləği 367,57 manat təşkil edir. İcra edilmiş xidmətlərə dair ********** nömrəli Akta əsasən “Azərbaycan Avtomobil Evi" MMC tərəfindən "xxxx" MMC-yə ümumi dəyəri 367,57 manat olmaqla Mühərrik yağının dəyişdirilməsi, Hava filterinin dəyişdirilməsi, Salon filterinin dəyişdirilməsi, yanacaq filterinin dəyişdirilməsi,arxa stop lampa dəyişdirilməsi xidməti göstərilmişdir. MT2408 seriyalı, 11570200 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 367,57 manat xidmət haqqı “Azərbaycan Avtomobil Evi" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli işlərə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Hesaba əsasən baqaj qapısının orta təmiri, baqaj qapısının rənglənməsi xidmətlərinin ümumi məbləği 367,57 manat təşkil edir. İcra edilmiş xidmətlərə dair ********** nömrəli Akta əsasən “Azərbaycan Avtomobil Evi" MMC tərəfindən "xxxx" MMC-yə ümumi dəyəri 367,57 manat olmaqla baqaj qapısının orta təmiri, baqaj qapısının sökülüb yığılması, baqaj qapısının rənglənməsi xidməti göstərilmişdir. MT2409 seriyalı, 11628990 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 199,98 manat xidmət haqqı “Azərbaycan Avtomobil Evi" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli “Azərbaycan Avtomobil Evi" MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən ümumilikdə 2140,34 manat məbləğində ödənişin 3 (üç) gün ərzində həyata keçirilməsini xahiş etmiş, əks halda pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olacağını bildirmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, “Azərbaycan Avtomobil Evi" MMC 46,46 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq təqdim edilən avtomobilin texniki baxışının və təmirinin həyata keçirilməsi, habelə onların yanacaq sürtkü materialları, ehtiyat hissələri ilə təmin edilməsi və digər xidmətləri görsə də, iddiaçıya cavabdeh tərəfindən nəzərdə tutulmuş ödənişlər edilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Cavabdehin iddiaçının işini qəbul etməsi iş materiallarına əlavə edilmiş sübutlarla (aktlar, elektron qaimələr və s.) təsdiq olunur. Cavabdeh iddiya qarşı heç bir etiraz tməmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 770-ci maddəsinə əsasən icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək şərtləşdirilmiş muzdu ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, muzdun ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edirəm ki, 2140,34 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddiaçı cavabdehdən 404,67 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Qeyd edim ki, tərəflər arasında bağlanmış Nəqliyyat vasitələrinə Servis Xidmətinin göstərilməsinə dair müqaviləsində işin yerinə yetirilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur və iş materiallarından göründüyü kimi öhdəliyin icrası cavabdeh tərəfindən gecikdirilmişdir. Bu baxımdan iddiaçı cərimənin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsini əsas götürməklə iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənlərdən əlavə MPM-in 119-cu maddəsinə əsasən hesab edirəm ki, iddia qismən təmin olunduğundan ödənilmiş 46,46 manat dövlət rüsumunun 42,40 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2140,34 manat manat əsas borc, 100 manat cərimə olmaqla, ümumilikdə 2240 (iki min iki yüz qırx) manat 34 (otuz dörd) qəpik məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 40 (qırx) manatın əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar