Məhkəmə qərarları › İş №e-2-2(113)-7188/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7188/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7188/2022 23.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə ƏDV daxil olmaqla 1180 manat məbləğində əsas borc, 1180 manat cərimə olmaqla, cəmi 2360 (iki min üç yüz altımış) manat məbləğində pulun, 210 manat vəkilə ödənilən xidmət haqqı və mediasiya üçün ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 13 avqust 2022-ci il tarixli, 1308 nömrəli icarə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən - İddiaçı MMC müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavəsində qeyd edilən texniki avadanlıqla icarəçi – Cavabdeh MMC-nin istifadəsi üçün icarəyə verilir, icarəçi isə həmin texniki avadanlıqları xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir və müqavilə üzrə razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. Qeyd edilən müqavilənin 13 avqust 2022-cil tarixli 1 saylı Əlavəsi olan X2 üzrə icarə haqqı ƏDV daxil 1180 (min yüz səksən) manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 1 saylı Əlavəsi olan Razılaşdırma Protokoluna əsasən icarə haqqı icarəçi tərəfindən tədbir bitdikdən sonra 10 (on) gün ərzində tam şəkildə icarəyə verənə nağd şəkildə ödənilir. Müqavilənin ayrılmaz 1 saylı Əlavəsi olan X1 nəzərdə tutulan bütün işlər iddiaçı tərəfindən yerinə yetirilmiş və malların təhvil verilməsinə dair elektron qaimə faktura göndərilmiş və cavabdeh tərəfindən təsdiqlənərək qəbul edilmişdir. Lakin bugünkü tarixədək "xxxx" MMC tərəfindən icarəyə verilmiş texniki avadanlıqlar üzrə borc məbləği olan 1180 manat "xxxx" MMC tərəfindən ödənilməmişdir. Bu da cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi deməkdir. Qeyd edilən məbləğin ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə həm yazılı, həm də şifahi formada edilən müraciətlərə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə iddiaçıya olan borcu ödənilməmişdir. Belə ki, cavabdehə 01 sentyabr, 07 sentyabr və 20 sentyabr 2022-ci il tarixlərdə https://www.e-taxes.gov.az/ saytında şəxsi kabinet onlayn kargüzarlıqdan pretenziya məktubları ilə müraciət edilərək, cəmiyyətə olan borcun ödənilməsi tələb edilsə də, cavabdeh bu günə kimi borc məbləğini ödəməkdən imtina etmişdir. Bu isə bir daha cavabdehin cəmiyyətə olan borunu ödəməkdən yayınmasını sübut edir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya qaydasında mübahisənin məhkəmədən kənar həll edilməsinə çalışsa da, buna nail ola bilməmişdir. Belə ki, yenə də https://www.etaxes.gov.az/ saytında şəxsi kabinet onlayn kargüzarlıqdan cavabdehə İMS-nın tətbiq edilməsinə dair təklif göndərilmiş, lakin 10 gün müddətində cavabdeh iddiaçının təklifinə cavab verməmişdir. Hətta cavabdeh 02 noyabr 2022-ci il tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak belə etməmişdilər. Muqavilənin 5.2-ci bəndinə əsasən icarəçii icarə ödənişini gecikdirdiyi halda hər gecikdirdiyi günə görə icarə qiyməti məbləğindən 1% faiz həcmində icarəyə verənə cərimə ödəməlidir. Bu əsasla 23 avqust 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixə qədər olan 100 gün müddətində 1180 manat üçün hər günə hesablanmış 1% dəyərində cərimə məbləği 1180 manat təşkil edir (1180*1%=11,80*100gün=1180,00 manat). Beləliklə, cavabdehin iddaçıya əsas borcu 1180 manat, cərimə üzrə borcu 1180 manat olmaqla, cəmi borcu 2360 manat təşkil edir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki: - İcarəyə verən qismində İddiaçı MMC ilə icrəçi qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 1308 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən icarəyə verən qanuni əsaslarla ona məxsus, səhnə, led ekran səs və işıq avadanlıqlarını xidməti ehtiyacları üçün icarəçinin istifadəsinə icarəyə verir, icarəçi isə həmin texniki avadanlıqları xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir və razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən texniki avadanlıqlar tərəflər arasında imzalanmış bu müqaviləyə əlavə olunan və müqavilənin ayrılmaz hissəsi sayılan 1 nömrəli Əlavə X2 və 2 saylı Əlavə Təhvil-təslim aktı əsasında təhvil verilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəyə verən ona məxsus olan texniki avadanlıqları qüsursuz halda icarəçiyə təhvil verir, icarəçi isə texniki avadanlıqları xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edərək, keyfiyyətlə istifadəsini, saxlanma və təhlükəsiz qorunma şəraitini təşkil etməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə əsasında hər sifariş üzərindən icarəyə verilən texniki avadanlıqların miqdarı, icarə müddəti və icarə qiyməti və ödəmə şərtləri müəyyən olunur və tərəflər arasında razılaşdırılır. Razılaşma şərtləri - X1 (bu müqavilənin ayrılmaz hissəsi sayılan 1 nömrəli Əlavə) qeyd edilir. Həmin müqavilənin 4.2ci bəndinə əsasən hər sifariş üzərindən, tərəflər arasında razılaşdırılmış icarə qiymətinə icarəyə verən tərəfindən elektron qaimə təqdim olunur. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilənin ayrılmaz hissəsi sayılan 1 nömrəli Əlavə X1 tərəflər arasında razılaşdırılmış ödəniş tarixindən sonra icarəçi icarə ödənişini gecikdirdiyi halda hər gecikdirilən günə görə icarə qiyməti məbləğindən 1% həcmində İcarəyə verənə cərimə ödəməlidir. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1308 nömrəli icarə müqaviləsinə X2 adlı 1 saylı Əlavədən görünür ki, icarəyə verən tərəfində icarəçiyə veriləcək avadanlıqların qiyməti 1180 manat məbləğində müəyyən edilmişdir. Həmçinin sözügedən əlavədə qeyd edilmişdir ki, icarəyə verən texniki avadanlıqların çatdırılması və montaj işlərini həyata keçirir. Tədbir bitdikdən sonra, 10 (on) gün ərzində icarəçi icarə məbləğini tam şəkildə icarəyə verənə nağd hesablaşma qaydasında ödəməyi öhdəsinə götürür. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1308 nömrəli icarə müqaviləsinə Təhvil-təslim adlı 2 saylı Əlavədən görünür ki, əlavədə qeyd edilən 2 adda olan avadanlıqlar icarəyə verən tərəfindən icarəçiyə təhvil verilmiş, icarəçi tərəfindən isə öz növbəsində təhvil alınmışdır. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 861157 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1180 (ƏDV daxil) manat təşkil edir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 216OPXO223210037 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri 12 saylı Mediasiya Təşkilatının AZ74AİİB******************** nömrəli hesabına 60 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, A formatlı, 216OPXO223340590 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Kredo Vəkil Bürosunun AZ30NİCB**********0001A40060 nömrəli hesabına 210 manat məbləğində ödəniş həyata keçirilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 07 sentyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddia tələbinin bir hissəsini cavabdehdən müqavilə üzrə ƏDV daxil olmaqla 1180 manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, yaranmış icarə haqqı borcunu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin olunmalı, Cavabdeh MMC-dən 1180 manat (min yüz səksən) borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdehdən 1180 manat cərimə borcunun tutulması təşkil edir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1308 nömrəli icarə müqaviləsinin 5.2-ci bəndinə əsasən bu müqavilənin ayrılmaz hissəsi sayılan 1 nömrəli Əlavə X1 tərəflər arasında razılaşdırılmış ödəniş tarixindən sonra icarəçi icarə ödənişini gecikdirdiyi halda hər gecikdirilən günə görə icarə qiyməti məbləğindən 1% faiz həcmində İcarəyə verənə cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 120 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin digər hissələrini vəkilə ödənilmiş 210 (iki yüz on) manat məbləğin və 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissələrdə təmin edilməli və cavabdehdən göstərilmiş hüquqi yardıma görə 210 (iki yüz on) manat və 60 (altmış) manat mediasiya xərci məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 1180 manat (min yüz səksən) məbləğində əsas borc (ƏDV daxil), 120 (yüz iyirmi) manat cərimə, 210 (iki yüz on) manat hüquqi yardım xərci və 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 1570 (min beş yüz yetmiş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar