Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7193/2025 24.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2 qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2 qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 2571 saylı icarə müqaviləsinin predmetinə əsasən, “icarəyəverən” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixil, 146 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 98 A (registr №***-*******6-019) ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49,1 m2 təşkil edən AR Gənclər və İdman Nazirliyi, Respublika Olimpiya Mərkəzinin balansında olan qeyriyaşayış sahəsini xidmət məqsədilə “İcarəçi”nin (cavabdehin) müddətli istifadəsinə vermişdir. Müqavilənin: 1.1. 2.1-ci bəndinə əsasən, Bir aylıq icarə haqqı: 2000 manatdır. Aylıq icarə haqqının 50%-i (ƏDV-sİz) - 917.43 manat, İllik icarə haqqının 100%-i (ƏDV-siz) - 11009.17 manat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53NABZ ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T. bik: NABZAZ2C), aylıq icarə haqqının 50%- İ (ƏDV-ilə) - 1082.57 manat, illik icarə haqqının 50%-i (ƏDV-ilə) - 12990.83 manat AR Gənclər və İdman Nazirliyi, Respublika Olimpiya Mərkəzinin hesablaşma hesabına ödənilməlidir. 1.2. 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, icarə müqaviləsinin müddəti xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixinədək müəyyən edilir. İcarə müqaviləsi hər ki tərəfin imzaladığı tarixdən hüquqi qüvvəyə minir. 1.3. 4.1-ci və 4.2-ci bəndlərinə əsasən, İcarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə, sahədən səmərəli və təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirmək; İcarə predmetini "lcarəçi"yə vermək icarəyəverənin hüquq və vəzifələridir. 1.4. 5.1-ci və 5.2-ci bəndlərinə əsasən, icarəyə verilmiş əmlakdan ancaq müqavilə şərtlərinə uyğun təyinatı üzrə istifadə etmək; İcarə müddəti ərzində icarə haqqını cari ayın 10-dək ödəmək icarəçinin vəzifələridir. 1.5. 8.1-ci bəndinə əsasən, İcarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu, "icarəçi"nin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. 1.6. 8.4, 8.5 və 8.6-cı bəndlərinə əsasən, İcarə müqaviləsinə xitam verildikdən sonra “İcarəçi" icarəsində olan əmlakı “lcarəyəverən"ə qaytarmağa borcludur. Əgər "icarəçi" əmlakı qaytarmırsa, “İcarəyəverən" əmlakın saxlandığı müddət üçün icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsini və “lcarəçi"də saxlanılan əmlakı məcburi qaydada alınmasını tələb edə bilər. Müqaviləyə xitam verilməsi onun qüvvədə olduğu müddət ərzində icarə haqqı üzrə yaranmış borclarının ödənilməsindən və icra olunmamış öhdəliklərinin İcrasından “icarəçi"ni azad etmir. İcarə müqaviləsinin müddəti başa çatdıqda onun yeni müddətə uzadılması məsələsinə “icarəçi"nin yazılı müraciəti əsasında “icarəyəverən" tərəfindən baxılır.
2. İş materiallarına əlavə edilmiş cavabdehə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən başlayaraq, sonuncu ödəniş tarixi xx.xx.2023-cü il tarixdə 1834,86 manat olmaqla, cəmi 11660,25 manat məbləğində ödəniş edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixədək cəmi 2929,87 manat məbləğində ödənilməmiş borcu yaranmış, xx.xx.2023-cü il tarixdə müqaviləyə xitam verilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
3. İddiaçı cavabdehdən icarəhaqqı borcu üzrə 2929.87 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov rayonu X4 prospekti 98 A ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 49.1 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2571 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarəhaqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarəhaqqı ödənilməmişdir. İcarə müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 2929.87 (iki min doqquz yüz iyirmi doqquz manat səksən yeddi qəpik) manat icarəhaqqı borcu vardır. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan RespublikasıQanununun 7 və 13- cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2025-ci il tarixli, 3-21-3/2- 11751/2025 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarəhaqqını ödəməkdən imtina etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Dövlət əmlakının (qeyri yaşayış sahəsininin) icarəyə verilməsi haqqında” müqavilə tərəflər arasında 10 avqust 2022-ci il tarixində bağlanmış və həmin müqaviləsinin müddəti müqavilə şərtlərinə əsasən 10 avqust 2023-cü il tarixinədək qüvvədə olması müəyyən edilmişdir, həmçinin müqavilənin şərtlərinə əsasən icarə müqaviləsinin müddəti başa çatdıqda onun yeni müddətə uzadılması məsələsinə “içarəçi”nin yazılı müraciəti əsasında “icarə verən” tərəfindən baxılır. Belə olan halda, iddiaçı tərəfindən 6 dekabr 2023-cü il tarixində müqaviləyə xitam verilməsi iddiası hüquqi baxımdan tamamilə əsassızdır. Müqavilənin şərtləri və tərəflər arasında əldə olunmuş razılaşmalar nəzərə alındıqda, iddiaçının bu hərəkəti müqavilədən irəli gələn öhdəliklərin düzgün icrasına və tərəflərin hüquqlarına ziddir. İddia tələbində həmçinin göstərilmişdir ki, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir, lakin iddiaçı tərəfindən ödənilmiş və ödənilməmiş məbləğlərin hansı dövrləri əhatə etdiyi və bu iddianı təsdiq edən hər hansı rəsmi sənəd və ya ödəniş qəbzi məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf iddiasını və ya etirazını əsaslandırmaq üçün sübut təqdim etməyə borcludur. İddiaçının təqdim etdiyi iddia ərizəsində bu tələblərə əməl olunmamış, yalnız ümumi məbləğ göstərilmişdir. Bu isə iddianın əsassız olduğunu təsdiqləyir. Tərəflər arasında imzalanan “Dövlət əmlakının (qeyri yaşayış sahəsininin) icarəyə verilməsi haqqında” müqavilənin şərtlərinə əsasən bir aylıq icarə haqqı 2.000 (iki min) manat məbləğində müəyyən edilmişdir. Aylıq icarə haqqının 50%-i (ƏDV-siz) – 917.43(doqquz yüz on yeddi manat qırx üç qəpik) manat, illik icarə haqqının 100%-i (ƏDV-siz) 11009.17( on bir min doqquz manat on yeddi qəpik) manat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının X2 İdarəsindəki hesaba, aylıq icarə haqqının 50%-i (ƏDVilə) 1082.57( min səksən iki min əlli yeddi qəpik) manat, illik icarə haqqının 50% (ƏDV-ilə)- 12990.83( on iki min doqquz yüz doxsan manat səksən üç qəpik) manat Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Respublika Olimpiya Mərkəzinin hesaplaşma hesabına ödənilməlidir. İcarə haqqının ödənildiyini təsdiq edən qəbzlərdə də göstərildiyi kimi tərəfimizdən aşağıdakı formada icarə haqqı ödənilmişdir: 1. 3 oktyabr 2022-ci ildə - 947.43 manat (doqquz yüz qırx üç manat qırx üç qəpik) manat; 2. 2 noyabr 2022-ci ildə - 947.43 manat (doqquz yüz qırx üç manat qırx üç qəpik) manat; 3. 2 dekabr 2022-ci ildə - 947.43 manat (doqquz yüz qırx üç manat qırx üç qəpik) manat; 4. 5 yanvar 2023-ci ildə - 947.43 manat (doqquz yüz qırx üç manat qırx üç qəpik) manat; 5. 1 mart 2023- cü ildə - 947.43manat (doqquz yüz qırx üç manat qırx üç qəpik) manat; 6. 3 aprel 2023-cü ildə - 947.43manat (doqquz yüz qırx üç manat qırx üç qəpik) manat; 7. 1 may 2023-cü ildə - 947.43manat (doqquz yüz qırx üç manat qırx üç qəpik) manat. İcarəçi, həmin müqavilə üzrə icarə müddəti ərzində, müqavilədə müəyyən edilmiş icarə haqqını hər təqvim ayı üçün ən geci ayın onuncu (10-cu) gününədək, tam və gecikməsiz şəkildə, icarə verənin göstərdiyi bank hesabına və ya müqavilədə nəzərdə tutulmuş digər üsulla ödəməlidir. Göründüyü kimi, cavabdeh vaxtı-vaxtında icarə haqqını ödəməsinə baxmayaraq, iddiaçı məhkəməyə müraciət etdiyi iddia tələbində Cavabdeh2 icarə haqqını vaxtı vaxtında ödəməməsi barəsində yanlış məlumat vermişdir.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin işirakı olmadan baxılmasını qərara almışdır.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi).
9. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 217.1-ci maddəsi).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPMin 218.3-cü maddəsi).
11. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir (MPM-in 222.2-ci maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
16. 706.1 və 710.1-ci maddələrinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir.
17. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir. 4.0.18-ci yarımbəndinə əsasə vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
23. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
24. MM-nin 386.1-ci maddəsindən göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
25. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2571 saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqavilə öhdəlik münasibətləri təşkil edir. Müqaviləyə əsasən, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 98 A (registr №***-*******6-019) ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49,1 m2 təşkil edən AR Gənclər və İdman Nazirliyi, Respublika Olimpiya Mərkəzinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədilə “İcarəçi”nin (cavabdehin) müddətli istifadəsinə verərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirmişdir.
26. Cavabdeh isə müqavilə ilə icarə haqqını vaxtında və tam həcmdə ödəmək öhdəliyini götürsə də, öhdəliyini lazımınca icra etməmiş və icarə haqqı üzrə ödənilməmiş borcu qalmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdehə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən başlayaraq, sonuncu ödəniş tarixi xx.xx.2023-cü il tarixdə 1834,86 manat olmaqla, cəmi 11660,25 manat məbləğində ödəniş edilmiş, həmin tarixdən sonra hər hansı ödəniş həyata keçirilməmişdir. Bununla da cavabdehin xx.xx.2023-cü il tarixədək cəmi 2929,87 manat məbləğində ödənilməmiş borcu yaranmış, xx.xx.2023-cü il tarixdə müqaviləyə xitam verilmişdir.
27. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı icarə haqqı üzrə yaranmış borcun ödənilməsinə dair tələb irəli sürməkdə haqlıdır.
28. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış icarə müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2023-cü il tarixə icarə haqqı olaraq 2929,87 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh2 icarə haqqı üzrə yaranmış 2929,87 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. 49,30 manat dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı