Məhkəmə qərarları › İş №e-2-2(113)-7199/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7199/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7199/2025 10.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi X3, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçıASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla tərəflər arasında arasında bağlanmış 10 dekabr 2024-cü il tarixli 410526-CNS51631/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə Banka 3094,69 manat məbləğində əsas borc, 104,98 (bir yüz dörd, 98) manat məbləğində faiz borcu, ümumilikdə 3199,67manat məbləğində pulun və 52 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında X2” ilə tanış olub (https://vtb.az/aboutbank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 16 yanvar 2024-cü il tarixli 410526- CNS-51631 saylı“Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 6.000 (altı min) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdehə ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında X2”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında X2”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Daha sonra Bank ilə Cavabdeh arasında bağlanmış “xx.xx.2024-cü il tarixli 410526-CNS-51631saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 10 dekabr 2024-cü il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh Banka xx.xx.2024-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 4.357,44 (dörd min üç yüz əlli yeddi, 44) manat məbləğində borcu illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətində (xx.xx.2026-cı il tarixə kimi) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 3.094,69 (üç min doxsan dörd, 69) manat məbləğində əsas borc, 104,98 (bir yüz dörd, 98) manat məbləğində faiz borcu, ümumilikdə 3.199,67 (üç min bir yüz doxsan doqquz, 67) manat məbləğində borcu qalmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə əsasən 10 dekabr 2024-cü il tarixli 410526- CNS-51631/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh Bank qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Həmçinin hesab edirik ki, Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 52 (əlli iki) manat məbləğində dövlət rüsumu da Cavabdeh tutulmalıdır. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə borcu qaytarmalı olduğuna dair vəzifələrini icra etməməsi nəticəsində Bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə zərər çəkmişdir. Buna görə də, dövlət rüsumu da, Cavabdeh tutulmalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 405.2, 407.1, 408.1, 409.1, 417.1, 418.1, 442, 443.1, 462.1, 739.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli, 410526-CNS-51631 nömrəli Birdəfəlik kreditinin əsas şərtlərinə dair Müştəri ərizə-Razılaşmasından görünür ki, İddiaçı ASC Cavabdeh illik 21 faizlə 36 ay müddətinə 6000 manat məbləğində Dövriyyə vəsaitlərinin artırılması (malmaterial qiymətlilərinin alınması, təchizatçılar və podratçılarlarla hesablaşmaların aparılması) üçün kredit verməyi öhdəsinə götürmüşdür. Cavabdeh təsdiq edir ki, Bankın rəsmi İnternet Səhifəsində (www.vtb.az) yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X2”, Tariflər, Valyuta Məzənnəsi və apanlan bütün Bank əməliyyatları üzrə məhdudiyyətlər (limitlər) ilə tanış oldu və onları qəbul edir. Bütün əməliyyatları həyata keçirmədən öncə Bankın rəsmi internet səhifəsində yeniliklər ilə ətraflı tanış olacağını bildirir. Bu Ərizədə istifadə edilmiş anlayışlar “Bank Xidmətlərinin Göstərilməsi haqqında X2” ilə eyni məna daşıyır. Müqavilənin imzalanması ilə DBX Sistemində xidmətlərin göstərilməsi məqsədilə elektron üsullarla identinkasiya/autentifikasiya olunmasına, həmçinin, DBX Sistemində istifadə edilən Təsdiqləmə vasitələrinin (Şifrə/Biristifadəlik şifrə/OTP(X6/təsdiq kodlarının) onun şəxsi yazılı/elektron imzası ilə bərabər tutulmasına razılıq verir. Müştəri tərəfindən Elektron-Bankçılıq xidmətindən istifadəsi zamanı Banka, özünə və 3-cü şəxslərə dəyə biləcək zərərə görə məsuliyyəti Müştəri daşıyır. Cavabdeh İddiaçı ASC-də olan hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində bank onun hesabına xx.xx.2024-cü il tarixli 410526-CNS-51631 saylı kredit müqaviləsi üzrə 6000 manat köçürmüşdür. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh banka 3094,69 manat əsas, 104,98 manat faiz olmaqla, cəmi 3199,67 manat borcu vardır. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 26 iyul 2023-cü il tarixli, 37387l- CNS-47031 nömrəli kredit müqaviləsi əsasında tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 10000 manat, illik faiz dərəcəsi 20% olan kredit üzrə X1 xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixinə qədər hər ay 648,14 manat (sonuncu ay 640,83 manat) aylıq ödəniş ödəməlidir. İddiaçı ASC (borc verən) ilə Cavabdeh ( borc alan) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış xx.xx.2024-cü il tarixli 410526-CNS-51631 saylı kredit müqaviləsinə (annuitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən “Borcalan”ın maliyyə çətinliyinin yaranması səbəbindən, Kredit Müqaviləsindən irəli gələn borc öhdəliyinin lazımı qaydada icrasını təmin etmək məqsədilə, Tərəflər Krediti restrukturizasiya edərək, “Borcalan”ın xx/xx/2024-cü il tarixinə olan “Kredit Müqaviləsi”ndən irəli gələn öhdəlikləri kapitallaşdırılaraq 4357,44 manat müəyyən edilir. Müqavilənin 3-cü bəndinə əsasən hazırkı Razılaşmanın imzalanması ilə, Tərəflərə qəbul və təsdiq edirlər ki, “Kredit Müqaviləsi”nin tərkib hissəsi hesab olunan və onun 3.5-ci bəndində əks olunan Əlavə 1 (ödəniş cədvəli) qüvvədən düşərək, Kreditin qaytarılması və faizlərin ödənilməsi hər ay bu Razılaşmanın tərkib hissəsi hesab olunan Əlavə 1 (yeni ödəniş cədvəli) əsasında “Kredit Müqaviləsi”nin müvafiq müddəaları nəzərə alınmaqla həyata keçiriləcəkdir. Bu səbəbdən, Kredit Müqaviləsinn 3.4.2; 3.5; 5.1; 5.1.1; 5.1.2-ci bəndlərində qeyd olunan “Ödəniş cədvəli” hazırkı Razılaşmanın ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də qeyd olunan yeni ödəniş cədvəli başa düşüləcəkdir. Həmçinin Tərəfilər qəbul və təsdiq edirlər ki,Əlavə 1 ilə göstərilmiş müddətlər Borcalan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda və/və ya “Kredit Müqaviləsi” ilə müəyyənləşdirilən öhdəliklərindən biri və ya bir neçəsi icra edilmədikdə / lazımınca icra edilmədikdə, Bank Borcalana Kredit verməkdən imtina etmək və ya Kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və “Kredit Müqaviləsi” üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. Müqavilənin 3.4.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 20 % olmaqla və Krediti Müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. İddiaçı ASC (borc verən) ilə Cavabdeh ( borc alan) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış xx.xx.2024-cü il tarixli 410526-CNS-51631 saylı kredit müqaviləsinə (annuitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Razılaşma əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 4357,44 manat, illik faiz dərəcəsi 20% olan kredit üzrə Cavabdeh xx.xx.2024-cü ildən xx.xx.2026-cı il tarixinə qədər hər ay 221,79 manat (sonuncu ay 218,87 manat) aylıq ödəniş ödəməlidir. Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, biznes fəaliyyətində yaranmış maliyyə probləmləri ilə bağlı 16/01 /2024-ci il tarixində 410526-CNS-51631saylı müqavilə əsasında illik 21% dərəcəsi ilə 6000 məbləğində kredit vəsaitinin qalıq 4357,44 manat hissəsini 20 % dərəcəsi ilə yenidən 24 ay müddətinə rəsmiləşdirilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, İddiaçı ASC Cavabdeh hesabına 6000 manat kredit ödənişi köçürmüşdür. İddiaçı ASC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlayaraq, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, 3199,67 manat məbləğində borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında X2”nin 13.1-ci bəndinə və xx.xx.2024-cü il tarixli 410526-CNS-51631/1 saylı kredit müqaviləsinə 01 saylı Razılaşmaya əsasən qarşılıqlı razılıqla həll edilməyən mübahisələrin qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsilə həll edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 52 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli, 410526-CNS-51631 saylı kredit müqaviləsinə əsasən 6000 manat məbləğində xx.xx.2026-cı il tarixinədək qaytarmaq şərtilə illik 21 faizlə kredit vermişdir. Daha sonra cavabdehin biznes fəaliyyətində yaranmış maliyyə problemləri ilə bağlı xx.xx.2024-cü il tarixdə bağlanmış xx.xx.2024-cü il tarixli 410526-CNS-51631 saylı kredit müqaviləsinə (annuitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən xx/xx/2023-cü il tarixində 356637-CNS-41802 saylı müqavilə əsasında illik 21% dərəcəsi ilə 6000 məbləğində kredit vəsaitinin qalıq 4357,44 manat hissəsini 20 % dərəcəsi ilə yenidən 24 ay müddətinə rəsmiləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 6000 manat kredit versə də, cavabdeh öhdəliyini tam icra etməmiş, aylıq ödənişləri ödəməyərək krediti tam qaytarmamış, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Nəticədə, tərəflərin razılaşmasına və mülki qanunvericiliyə əsasən iddiaçının cavabdehə qarşı borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, mülki qanunvericiliyin və tərəflər arasında imzalanmış müqavilənin şətrlərini nəzərə alaraq hesab edirəm ki, iddiaçının 10 dekabr 2024-cü il tarixli 410526-CNS51631/1 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 3094,69 manat məbləğində əsas bоrc, 104,98 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 52 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh 3094,69 manat məbləğində əsas borc, 104,98 manat məbləğində faiz borc, ümumilikdə 3199 (üç min doxsan doqquz) manat 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş 52 (əlli iki) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar