Məhkəmə qərarları › İş №e-2-2(113)-720/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-720/2024

30.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-720/2024 30.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “xx“ Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər “xx“ Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCnin əməkdaşları tərəfindən10 iyul 2023-cü il tarixdə tərtib edilmiş akt nəticəsində hesablanmış 4104 (dörd min bir yüz dörd) manat borcun İddiaçı hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyev X1 şəhəri, 28 may küçəsi, ev 20 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Göyçay şəhəri, Natavan küçəsində qaz doldurma məntəqəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin qaz doldurma məntəqəsinə su təchizatı xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Vaxtlı-vaxtında sərf olunmuş suya görə ödənişlər etmişdir. Cavabdeh "xxxx" MMC-nin əməkdaşları xx.xx.2023-cü il tarixdə sahibkar (VÖEN **********) İddiaçı məxsus olub Göyçay şəhəri, Natavan küçəsində yerləşən qaz doldurma məntəqəsində yoxlama apararaq həmin obyektə baxış keçirmiş, xx.xx.2023-cü il tarixli akt tərtib etmiş və qanunsuz olaraq su sərfiyyatına görə 4104 (dörd min bir yüz dörd) manat cərimə hesablanmışdır. Hazırkı iddia ərizəsinə əsasən cavabdeh tərəfindən 10 iyul 2023cü il tarixdə tərtib edilmiş akt əsasında hesablanmış pul hesabından silinməlidir. Belə ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktda qeyd olunur ki, yuxarıda göstərilən abonentin ünvanında yoxlama aparılan zaman məlum oldu ki, abonent sayqacdan kənar xəttə müdaxilə edərək sudan qanunsuz istifadə edir. Abonentin qanunsuz birləşməsi ləğv edildi. Borunun ev kəsiyinə uyğun olaraq abonentə 2052 m3 dəymiş ziyan hesablandı. Bu əsasa görə cavabdeh təşkilat tərəfindən akt tərtib edilmiş və su sərfiyyatına görə cərimə hesablanmışdır. Cavabdeh təşkilatın əməkdaşları tərəfındən sayğacdan kənar hər hansı formada sudan istifadə faktı müəyyən edilməmiş, hər hansı qanunsuz su xəttinin mövcud olduğu yer, qoşulma sxemi, sayğaca qədər və ya sayğacdan sonrakı məsafədə, həmin xəttin uzunluğu, birləşmə sxemi, ümumiyyətlə həmin xəttin mövcud olub-olmaması barədə heç bir fakt aşkar edilməmiş, akt formal mülahizələr əsasında tərtib edilmişdir. Sözügedən qanunsuz xətt aşkar edilsə də, həmin xəttdən heç bir vaxt istifadə etməmiş, istifadəsiz bir xəttdir. Aşkar edilən zaman da istifadə edilmirdi. Bütün qeyri-əhali abonentlərinin, o cümlədən də onun fəaliyyət göstərdiyi obyektə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir. Əgər onun obyektində əvvəllər də sayğacdan kənar su xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Göründüyü kimi, əvvəllər də bundan istifadə edilmədiyi üçün bu, aşkar edilməmişdir. Ümumiyyətlə qaz doldurma məntəqəsinin ərazisindən kənarda aşkar edilmiş qazıntı işlərinin kim tərəfindən aparılması müəyyən edilməmiş, həmin şəxslərin qaz doldurma məntəqəsinə hər hansı bir aidiyyətinin olub-olmaması araşdırılmadan, yalnız ehtimallara əsaslanaraq qanunsuz olaraq su sərfiyyatına görə İddiaçı 4104 (dörd min bir yüz dörd) manat cərimə hesablanmışdır. Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Göründüyü kimi, cavabdeh "xxxx" MMC-nin əməkdaşları tərəfindən yoxlama apararkən təmsil etdiyi orqanın yoxlama aparmaq barədə yoxlayıcı orqanın rəhbəri tərəfindən imzalanaraq qəbul etdiyi qərarı elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim etməmiş və yoxlamanın başlamasından əvvəl reyestrdən çıxarış almalı olduğu halda, çıxarışı almadan yoxlamanı həyata keçirməklə yuxarıda sadalanan hüquq normalarının tələblərini pozmuşlar.

3. İddia tələbinin maddi hüquqi əsası kimi “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmuşdur.

4. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC-nin iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş və Cavabdeh2 ASC iş üzrə cavabdeh qismində cəlb edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

6. Tərəflərə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Lakin iddiaçı “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. xx.xx.2023-cü il tarixli, 600300 saylı aktdan görünür ki, Cavabdeh2 ASC-nin "xxxx" MMC-nin Göyçay Sukanal sahəsinin nümayəndələri tərəfindən istehlakçının obyektinə baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni su xəttindən istifadə olunduğu aşkar olunmuşdur. Aktın imza yerində obyektin nümayəndəsi qrafası boş saxlanılmışdır.

8. xx.xx.2024-cü il tarixli abonent haqqında məlumatdan görünür ki, iddiaçının cari tarixə qalıq borcu 4104 manat təşkil edir.

9. Cavabdeh2 ASC tərəfindən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019‐cu il 29 iyul tarixli 328 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh2 ASC-nin strukturu adlı sənəddən görünür ki, "xxxx" MMC Cavabdeh2 ASC-nin strukturuna daxildir.

10. Cavabdeh2 ASC tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə cavabdeh "xxxx" MMC Cavabdeh2 ASC-nin tabeliyində olan hüquqi şəxsdir. "xxxx" MMC-nin dəymiş ziyan aktları tərtib etmək səlahiyyəti vardır, lakin dəymiş ziyan aktı əsasında hesablanmış borcun silinməsi səlahiyyəti yoxdur. Həmin borc məbləğinin silinməsi səlahiyyəti Cavabdeh2 ASCyə məxsusdur.

Tətbiq edilən hüquq

11. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

12. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

Məhkəmənin mövqeyi

13. İddia tələbi cavabdeh “xx“ ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 600300 nömrəli akta əsasən hesablanmış 4104 manat məbləğində borcun silinməsindən ibarətdir.

14. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.

15. Belə ki, cavabdeh “xx“ ASC tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

16. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus Göyçay şəhəri, Natavan küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (qaz doldurma məntəqəsi) xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində pul “xx“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN: **********) abonent hesabından silinməlidir.

17. Məhkəmə iddia tələbinin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yönəlmiş hissəsində qeyd edir ki, həmin hüquqi şəxs Cavabdeh2 ASC-nin tabeiyində olan olan hüquqi şəxsdir. “xx“ ASC-nin məhkəməyə ünvanlandığı ərizədən də göründüyü kimi, "xxxx" MMC-nin dəymiş ziyan aktları tərtib etmək səlahiyyəti olsa da, akt əsasında hesablanmış borcu silmək səlahiyyəti yoxdur. Həmin borc məbləğinin silinməsi səlahiyyəti Cavabdeh2 ASC-yə məxsusdur.

18. Ona görə də iddia tələbi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə təmin edilməməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Göyçay şəhəri, Natavan küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (qaz doldurma məntəqəsi) xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində pul “xx“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN: **********) abonent hesabından silinsin. İddia tələbi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar