Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7209/2025 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, icarə haqqı, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndələri/vəkilləri Vəkil2 və Nümayəndə2 iştirakları ilə İddiaçı Firmasının Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı Firması iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü ildən bu günədək keçən bir il ərzində 17300 manat olmaqla (30 000 manatdan olan kəsirlər üzrə) 207600 (iki yüz yeddi min altı yüz) manatın və yekun məhkəmə aktı (qərar, qətnamə, qərardad) çıxarılan günədək olan bir aylıq kirayə haqqı 30000 manatdan hesablanmaqla olan məbləğin, cavabdehə həmin ticarət obyektini təmir etmək məqsədi ilə verilmiş 4 aylıq qabaqlayıcı müddətə görə hər ay 30000 (otuz min) manat olmaqla 120 000 (yüz iyirmi min) manat kirayə haqlarının, müqavilənin 7.1-ci bəndinə əsasən icarə haqqının ödənişini gecikdirilməsinə görə gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə hesabı ilə 50000 (əlli min) manatın, məhkəmə üçün ödənilmiş 669 (altı yüz altış doqquz) manatın, cəmi 378269 (üç yüz yetmiş səkkiz min altı yüz altmış doqquz) manatın birdəfəlik olaraq cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fəaliyyəti istiqamətində Bakı şəhəri Sabunçu rayon Zabrat qəsəbəsi ünvan 1 ünvanda yeni sahibkarlıq obyekti olaraq İST yanacaq doldurma məntəqəsi inşa etməklə fəaliyyətə başlamışlar, tam mülkiyyət hüququ üzrə onlara məxsusdur. Cavabdehlə arasında 01 mart 2024-cü il tarixində 03 N-li icarə müqaviləsi rəsmiləşdirilmişdir. Müqaviləyə əsasən tərəfindən, mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ünvan 1 ünvanda yerləşən 1000 kvm olan Ticarət Mərkəzi” (sahəsi) cavabdehə icarəyə verilmişdir. İcarə Müqaviləsinin 2.1-ci bəndinə əsasən icarə haqqı 12700 manat müəyyən edilmişdir. İcarə Müqaviləsinin 2.3-cü bəndinə əsasən tərəfindən “İcarəyə verən” müqavilə predmeti olan ticarət obyekti təmirsiz təhvil verilir, cavabdeh (İcarəçi) cari təmir işlərini öz üzərinə götürdüyü səbəbindən icarə haqqları xx.xx.2024-cü il tarixində başlanması razılaşdırılmışdır. İcarə müqaviləsinin 5.1-ci bəndinə əsasən müqavilə tərəflər və ya onların nümayəndələri tərəfindən imzalandıqdan sonra qüvvəyə minməsi, müqavilə müddətinin 10 il, yəni 2034-cü ilədək qüvvədə olması və hər üç ildən bir müqavilənin icarə haqqının məbləğinin dəyişə bilməsi barədə razılığa gəlinmişdir. İcarə müqaviləsinin 7.1-ci bəndinə əsasən icarə haqqının ödənişinin gecikdirilməsinə görə gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən qabaqcadan rəsmi xəbərdarlıq edilmədən, müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəlikləri icra etmədən, müqavilə predmeti olan ticarət obyektini təmir etmədən birtərəfli qaydada obyekti tərk etmişdir. Bildirir ki, aralarında bağlanmış müqavilə onların bizness planlarına daxil olmaqla həmin obyektin gələcək inkişaf planı nəzərə alınmaqla icarə haqqı 12700 manat müəyyən edilmişdir. Halbuki həmin ərazidə olan, eyni növdən olan ticarət obyektlərinin icarə haqqı 25000-30000 manat arası dəyişir. Yəni həmin obyektin cavabdehə müqavilədə göstərilən qiymətlə verilməsi onlar üçün obyektin təmir edilməsi ilə gəlir əldə edilməsi məqsədi ilə hesablanaraq verilmişdir. Cavabdeh tərəfindən isə öhdəlik icra edilməmişdir. Eyni zamanda bütün hallarla yanaşı müqavilənin imzalanma tarixi 01 mart 2024-cü il tarixində olsa, da müqavilədə icarə haqlarının xx.xx.2025-ci il tarixində hesablanması nəzərdə tutulmuşdur. Cavabdehə 4 aylıq qabaqlayıcı müddətin verilməsinin də məqsədi cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edəcəyinin qarşılığı olmuşdur. Cavabdeh öhdəliyi icra etmədiyi üçün müqavilə predmeti olan ticarət obyekti təmirsiz qalmaqla bazar qiymətini itirmişdir. Tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh məktuba heç bir münasibət bildirilməyərək üzərinə düşən öhdəliklərdən yayınmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1097.3-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, zirzəmi faktiki olaraq cavabdeh tərəfin istifadəsində olmuşdur. Bu halı video görüntülərdə göründüyü kimi qarşı tərəf təhvil verərək etiraf etdiyini bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 30000 manat kəsr hissə, 12700 manat isə ödənilmiş hissədir. Qarşılıqlı razılıq əsasında obyekt bugünkü bazar qiymətindən aşağı qiymətə verilir. Şərt isə bu olub ki, həmin obyekt cavabdeh tərəfindən təmir ediləcək. 12700 manat müqavilədə nəzərdə tutulan qiymətdir, 17300 manat isə 30000 manatdan 12700 manat çıxılan zaman qalan fərqdir. Obyekt təmir olunmadığına görə müqavilədə icarə haqqının məbləği 12700 manat razılaşdırılıb, ancaq obyekt təmirli olduğu təqdirdə icarə haqqının qiyməti 30000 manata razılaşdırılıb. Obyekt isə hazırkı vaxtadək təmir edilməyib və obyekti hazırkı bazar qiymətindən də aşağı salıblar. O, 30000 manat olmaqla 4 aylıq icarə haqqı məbləğini, yəni 120000 manat pulu da tələb edir. Həmçinin gecikdirilmiş məbləğin 0,1 faizi həcmində penya da tələb edir. Belə razılığa gəlinmişdir ki, əgər obyekt təmir olunacaqsa, icarə haqqının məbləği iyul ayından başlayaraq ödəniləcək, lakin qarşı tərəfin obyekti təmir etməməsi faktiki olaraq onlara ziyan vurmuşdur, belə olan halda onlar 12700 manatı tələb edə bilməz. Əgər tərəf obyekti təmir etsəydi, 01 iyul 2024-cü il tarixindən başlayaraq 12700 manat icarə haqqı ödəməli idi. Müqavilənin şərtindən də görünür ki, tərəf obyekti təmir edərək icarə haqqının məbləğini 12700 manatdan 30000 manata qaldırmalı idi, lakin obyekt təmir edilmədi. Müqavilədə qarşı tərəfin obyekti təmir edəcəyi ilə bağlı öhdəlik var idi, onları obyektdən çıxartmaqla bağlı şərt yox idi. 01 avqust 2025-ci il tarixində cavabdeh tərəf obyekti tərk edib. O, cavabdeh tərəfin obyektdən çıxması ilə bağlı təzyiq etməmiş, özləri 01 avqustdan obyekti tərk edəcəklərini bəyan etmişlər. 4 aylıq qabaqlayıcı müddəti hesablayaraq 30000 manat məbləği qeyd etmişdir. Obyekt təmirsiz vəziyyətdə aylıq 12700 manat qiymətə razılaşdırılıb. İki tərəf arasında əvvəllər müqavilənin olmasını bilmir. Həmin ərazidə ticarət obyektlərinin icarə haqlarının məbləği 30000 manatdan başlayır, o isə dəyərindən aşağı qiymətə icarəyə vermişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 suallarına cavab olaraq bildirmişdir ki, qarşı tərəfi obyektdən o, çıxartmamışdır. Əgər tərəf müqavilə münasibətlərindən imtina etməsəydi bu münasibətlər davam edəcəkdi. Onların burada bir gözləntisi var idi. Bugunkü gündə cavabdeh tərəf obyekti təhvil aldığı formada da təhvil vermişdir. 4 aylıq qabaqlayıcı müddəti bu səbəbdən vermişdi ki, iddiaçının təmirlə bağlı gözləntisi var idi. Obyekt məhkəməyə müraciət edilməmişdən 1 ay öncə, avqustun 1-i təhvil verilmişdir. Ödənişlərlə bağlı, 13 ay üzrə mübahisə yoxdur. Həmin obyektlərin hazırda icarə haqqı daha yüksəkdir. Tərəflər arasında olan razılaşmaya əsasən həmin obyekt təmirli olmalı idi. Ümumiyyətlə orada heç bir iş aparılmamışdır. Yerində müayinə zamanı da müəyyən edildi ki, orada olan arakəsmələri də özləri ilə götürüb aparıblar. Həmin obyektin aşağı mərtəbəsini yuxarı olmadan istifadə etmək olmaz. Müqavilədə bu hal qeyd edilməsə də aşağı mərtəbə yuxarının tərkibində biryerdə qarşı tərəfə icarəyə verilmişdir. Həmin çəkilişdən də görünür ki, işıqların çəkilməsi iddiaçı tərəfindən həyata keçirilmişdir. Cari təmir işlərinin aparılmadığını gördüyü təqdirdə iddiaçı obyekt qarşı tərəfin icarəsində olduğu 1 il 1 ay ərzində dəfələrlə danışıqlar etmişdir. Çünki onların qarşı tərəflə başqa əməkdaşlıq münasibətləri də var idi və bir-birinə qarşılıqlı etimadı olmuşdur. Müqavilə üzrə də 10 il ərzində qarşı tərəfin icarəsində olacağını düşünmüşdür. 4 ay müddət başa çatdıqdan sonra da hər dəfə xəbərdarlıq edilmişdi. Avqust ayında çıxmaqla bağlı qabaqcadan şifahi qaydada 15 gün qabaqcadan xəbərdarlıq ediblər. Lakin müqavilə üzrə 1 ay müddət gözlənilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, qeyd edilən obyektin icarə müqaviləsinə əsasən 1000 kv sahəsini icarəyə götürmüşlər. Aşağı mərtəbə şüşəli yer idi. Əgər iddiaçı həmin mərtəbəni kiməsə icarəyə vermək istəsəydi verərdi. Həmin obyektin 30000 manat icarə haqqı olması ilə bağlı heç bir sübutu yoxdur. Tərəflər arasında hansı razılıq olubsa həmin məbləğə də ödəniş edilmişdir. Ödəniş tapşırıqları məhkəməyə təqdim edilmişdir. Çıxmamışdan öncə də qarşı tərəfə poçt vasitəsi ilə xəbərdarlıq məktubu göndərilmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə də əsasən həmin xəbərdarlığı edib müddəti gözləyib, daha sonra da çıxmışlar. Çıxmaqlarına səbəb şirkətdə yaranmış maliyyə çətinliklərinə görə artıq ödənişlər edilə bilmirdi. Müqaviləyə əsasən də həmin 4 aylıq qabaylayıcı müddət cari təmir işlərinə görə verilmişdi. Lakin konkret olaraq cari təmir işlərinin nədən ibarət olduğu qeyd edilməmişdir. Onlara necə uyğundursa o formada işləri görmüşlər. Arakəsmələr, malların yığılması üçün polkalar hazırlanıb, elektrik xətləri çəkilib, işıqlandırma edilib. Bu işlər vaxt tələb edən işlər olmuşdur. Yəni 4 ay müddətində carı təmir işləri görülmüşdür. İddia tələbinin digər hissəsinə münasibətdə bildirir ki, icarə haqqının 30000 manat olması barədə heç bir əsaslı sübut, şifahi danışıqlar yoxdur. Bu səbəbdən iddianının tamamilə əsassız olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, müqavilə bağlandığı tarixdən avans ödənişləri edilmişdir. Qaimələr verilməmiş avans ödənilmişdir. Ödənişlər iyul ayındandır. Birinci ödəniş ƏDV ilə bir formada 12700 manat olaraq avans formasında ödənilmişdir. Müqavilədə 30000 manatın ödəniləcəyi qeyd edilməmişdir. Müqavilədə cavabdehin cari təmir işlərini öz üzərinə götürdüyünə görə icarə haqqının müəyyən tarixdən hesablanacağı qeyd olunub. 01 iyul 2024-cü ildən 01 avqust 2025-ci ilə kimi ödəniş etmişlər. 13 ay ərzində aylıq 12700 manat icarə haqqı ödənilib. 2000 kv metr yerin 1000 kv metri icarəyə götürülüb. Cavabdeh obyektdə betonlama, alçıpan vurma və elektrik işlərini görmüşdür. Obyektin əvvəlki vəziyyəti ilə indiki vəziyyəti barədə fotoşəkillər yoxdur. Müqavilənin şərtlərində də 30000 manatla bağlı müddəa yoxdur. Arakəsmələri və alçıpanları “Karaca” şirkəti çıxardıb. İddiaçının nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, müqavilənin 2.3-cü bəndinə əsasən tərəfindən müqavilə predmeti olan ticarət obyekti təmirsiz təhvil verildikdən sonra cari təmir işləri görülmüşdür. Ara bölgülər edilmiş, elektrik xətləri çəkilmişdir. Bununla bağlı video-görüntülər də var. Arakəsmələr cavabdeh tərəfindən sökülüb aparılmışdır. Müqavilənin 4.10-cu bəndinə əsasən müqavilə ləğv edildikdə obyekt təhvil verildiyi vəziyyətdə geri qaytarılmalı idi. Onlara necə təhvil verilmişdisə, onlar da elə təhvil vermiş, obyekti geri qaytarmışdır. Həmin obyekt 1 il 5 ay icarədə olmuş, 1 il 1 ay üzrə isə mütəmadi olaraq icarə haqqını ödəmişlər. Müqavilənin ləğvi ilə bağlı qarşı tərəfə rəsmi olaraq müraciət edilmiş, poçt vasitəsi ilə tərəfin rəsmi ünvanına göndərilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd edilən cari təmirin hansı qaydada edilməsi barədə tərəflər arasında ümumi razılıq olmamışdır. Təmir anlayışı ümumi anlayışdır və hər kəs fərqli formada başa düşə bilər. Cari təmir dedikdə nəyin nəzərdə tutulması barədə müqavilədə konkret göstəriş olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Əmlak Məsələləri Dövlət Xidmətі Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən ümumi sahəsi 2260.79 kvadrat metr olan Bakı Şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi İddiaçı Firmasının xüsusi mülkiyyətindədir. İddiaçı Firması ilə Cavabdeh MMC arasında imzalanmış 01 mart 2024-cü il tarixli, 03 nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə ilə “İcarəyə verən mülkiyyətində olan qeyri-yaşayış sahəsini (Bakı şəh, Sabunçu ray. Zabrat qəsəbəsi ünvan 2 ünvanda yerləşən 1000 kv.m. olan "Ticarət Mərkəzi "sahəsini) ləvazimatları (avadanlıqları) ilə birlikdə "İcarəçi"nin sahiblik və istifadəsinə verməyi, "İcarəçi” isə öz növbəsində həmin əmlakı qəbul edib bu əmlakdan müqavilədə göstərilmiş təyinatı üzrə istifadə etməyi və Müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. 1.2. İcarə predmeti “İcarəçi” tərəfindən onun əsas təyinatı dəyişdirilmədən istifadə olunmaq üçün icarəyə götürülür. 2.1-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən aylıq icarə haqqı 12700 (on iki min yeddi yüz) manat (ƏDV daxil) məbləğində müəyyən edilmişdir. 2.2-ci bəndinə əsasən icarə haqqı üzrə ödəniş "İcarəyə verən" tərəfindən elektron-qaimə faktura təqdim edildikdən sonra 5 bank günü ərzində "İcarəçi” tərəfindən köçürmə yolu ilə həyata keçirilir. 2.3-cü bəndinə əsasən "İcarəyə verən" obyekti təmirsiz təhvil verir, "İcarəçi" cari təmir işlərini öz üzərinə götürdüyü səbəbdən icarə haqqı xx.xx.2024-cü ildən ödənilməyə başlanacaqdır. 3.4-cü bəndinə əsasən müqavilə ləğv olunduqda və ya müddəti bitdikdə, əmlakın təbii köhnəlmə (amortizasiya) nəzərə alınmaqla təhvil verildiyi vəziyyətdə geri alır. 3.7-ci bəndinə əsasən əmlakın əsaslı təmir edilməsi zərurəti yarandığı zaman "İcarəçi” əmlakı öz hesabına əsaslı təmir etməlidir. 4.2-ci bəndinə əsasən "İcarəyə verən"in yazılı razılığı ilə fəaliyyət zərurəti ilə əlaqədar icarə predmetində əlavə qurğular və avadanlıqlar quraşdırır və kiçik konstruktiv yenidən qurma işləri aparır. 4.3-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə əmlakdan istifadə edib-etməməsindən asılı olmayaraq icarə haqqını mütəmadi olaraq vaxtında ödəyir. 4.7-ci bəndinə əsasən "İcarəçi” icarəyə götürülən əmlakın cari təmirini həyata keçirir. 5.1-ci bəndinə əsasən müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və 10 (on) il müddətinə xx.xx.2034 il qədər qüvvədədir. Hər 3 (üç) ildən bir icarə haqqının məbləğı dəyişə bilər. 5.2-ci bəndinə əsasən hazırkı müqaviləyə aşağıdakı hallarda xitam verilir: 5.2.1. Тərəflərin qarşılıqlı razılığı ilə; 5.2.2. Müqavilənin təsir müddəti bitdikdə. 6.1-ci bəndinə əsasən "İcarəyə verən” icarə predmetini hazırki müqavilənin 6.2-ci bəndində göstərilənlərin təmin olunması şərtilə təhvil-təslim aktı əsasında "İcarəçi"yə təqdim etməlidir. 6.2-ci bəndinə əsasən icarə predmetinin təhvil-təslimi hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiqlənən və müqavilənin ayrılmaz tərkib hissəsi olan təhviltəslim aktı əsasında həyata keçirilir. Təhvil-təslim aktında təhvil verilərkən icarə predmetinin vəziyyəti, icarə predmetinin tərkibinə daxil olan tikililərdəki avadanlıqların adları, sayı, vəziyyəti, təhvil-təslim aktının tərtib olunma tarixi və digər zəruri məlumatlar əks olunmalıdır. 7.1-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənişini gecikdirməyə görə hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1 %-i həcmində cərimə ödəməlidir. İddiaçı tərəfindən cavabdehə icarə haqqı üzrə ödəniş edilməsi üçün MT2437 seriyalı, 11984419 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 12 700 manat, MT2408 seriyalı, 10101956 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 12700 manat, MT2409 seriyalı, 10224615 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 12700 manat, MT2410 seriyalı, 10186201 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 12 700 manat, MT2411 seriyalı, 10370655 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 12 700 manat, MT2412 seriyalı, 10363366 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 12 700 manat, MT2501 seriyalı, 10200859 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 12 700 manat, MT2502 seriyalı, 10061112 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 12 700 manat, MT2501 seriyalı, 10449443 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 12 700 manat, MT2504 seriyalı, 10256043 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 12 700 manat, MT2505 seriyalı, 10254581 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 12 700 manat, MT2506 seriyalı, 10110940 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 12 700 manat, MT2507 seriyalı, 10201709 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 12 700 manat olan elektron qaimə-fakturalar göndərilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya icarə haqqı üzrə əsas borc üzrə 10762,71 manat, xx.xx.2024-cü il tarixdə ƏDV borcu üzrə 1937,29 manat, xx.xx.2024-cü il tarixdə əsas borc üzrə 10762,71 manat, xx.xx.2024-cü il tarixdə ƏDV borcu üzrə 1937,29 manat, xx.xx.2024-cü il tarixdə əsas borc üzrə 10762,71 manat, xx.xx.2024-cü il tarixdə ƏDV borcu üzrə 1937,29 manat, xx.xx.2024-cü il tarixdə əsas borc üzrə 10762,71 manat, ƏDV borcu üzrə 1937,29 manat, xx.xx.2024-cü il tarixdə əsas borc üzrə 10762,71 manat, ƏDV borcu üzrə 1937,29 manat, xx.xx.2024-cü il tarixdə əsas borc üzrə 10762,71 manat, xx.xx.2024-cü il tarixdə ƏDV borcu üzrə 1937,29 manat, xx.xx.2025-ci il tarixdə əsas borc üzrə 10762,71 manat, ƏDV borcu üzrə 1937,29 manat, xx.xx.2025-ci il tarixdə əsas borc üzrə 10762,71 manat, xx.xx.2025-ci il tarixdə ƏDV borcu üzrə 1937,29 manat, xx.xx.2025-ci il tarixdə əsas borc üzrə 10762,71 manat, ƏDV borcu üzrə 1937,29 manat, xx.xx.2025-ci il tarixdə əsas borc üzrə 10762,71 manat, ƏDV borcu üzrə 1937,29 manat, xx.xx.2025-ci il tarixdə əsas borc üzrə 10762,71 manat, ƏDV borcu üzrə 1937,29 manat, xx.xx.2025-ci il tarixdə əsas borc üzrə 4762,71 manat, 6000 manat, həmin tarixdə ƏDV borcu üzrə 1937,29 manat, xx.xx.2025-ci il tarixdə əsas borc üzrə 10762,71 manat, ƏDV borcu üzrə 1937,29 manat məbləğində ödənişlər edilmişdir. xx.xx.2025-ci il tarixli **********08 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı 669 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 463. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, iddia tələbi üç hissədən ibarətdir: 1) xx.xx.2024-cü ildən bu günədək keçən bir il ərzində aylıq 17300 manat olmaqla (30 000 manatdan olan kəsirlər üzrə) 207600 (iki yüz yeddi min altı yüz) manatın və yekun məhkəmə aktı (qərar, qətnamə, qərardad) çıxarılan günədək olan bir aylıq kirayə haqqı 30000 manatdan hesablanmaqla olan məbləğin; 2) cavabdehə həmin ticarət obyektini təmir etmək məqsədi ilə verilmiş 4 aylıq qabaqlayıcı müddətə görə hər ay 30000 (otuz min) manat olmaqla 120 000 (yüz iyirmi min) manat kirayə haqlarının; 3) müqavilənin 7.1-ci bəndinə əsasən icarə haqqının ödənişini gecikdirilməsinə görə gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə hesabı ilə 50000 (əlli min) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 01 mart 2024-cü il tarixli, 03 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq özünə məxsus Bakı şəh, Sabunçu ray. Zabrat qəsəbəsi ünvan 2 ünvanda yerləşən 1000 kv.m. əmlak kompelsini cavabdehə icarəyə verməyi, cavabdeh də müqavilə ilə razılaşdırılmış məbləğdə icarə haqqı ödəməyi, icarəyə götürülən əmlakın cari təmirini həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmçinin cari təmirin həyata keçirilməsi ilə əlaqədar icra haqqının xx.xx.2024-cü il tarixdən hesablanması razılaşdırılmışdır. Cavabdeh 13 ay icarə obyektini istifadə edərək aylıq icarə haqlarını tam ödəmiş, 2025-ci ilin avqust ayından icarə obyektini təhvil vermişdir. Bu faktları hər iki tərəf təsdiq etdiyindən işin mübahisələndirilməyən halı kimi qiymətlədirilir. Hazırda iddiaçı obyektin cavabdeh tərəfindən təmir olunacağı təqdirdə icarə haqqı məbləğinin iyul ayından başlayaraq ödəniləcəyinin, təmirsiz obyekt icarəyə verildiyi üçün icarə haqqı məbləğinin 12700 manat razılaşdırıldığını, qarşı tərəfin obyekti təmir etməməsi nəticəsində ona maddi ziyan vurduğunu, obyekt cavabdeh tərəfindən təmir ediləcəyi üçün 4 aylıq icarə haqqı məbləğini güzəştə getdiklərini, lakin cavabdehin orada heç bir təmir işi aparmadığını, orada olan arakəsmələri də obyektdən çıxarkən özləri ilə götürüb apardıqlarını bildirərək obyekt təmir olunmadığı üçün həmin 4 ayın icarə haqqı məbləğinin aylıq 30000 manatdan hesablanmaqla ödənilməsini, həmçinin icarə obyektinin xx.xx.2024cü il tarixdən icarədə olduğu müddət ərzində hər ay üçün kəsr 17 300 manat məbləğində pulun ödənilməsini tələb edir. Cavabdehin nümayəndələri və vəkilləri isə iddiaya etiraz edərək cari təmir işlərinin nədən ibarət olduğunun müqavilədə konkret olaraq qeyd olunmadığını, cavabdeh tərəfindən obyektdə arakəsmələr, malların yığılması üçün polkaların hazılandığını, elektrik xətlərinin çəkildiyini, işıqlandırmanın edildiyini, yəni 4 ay müddətində cari təmir işlərinin görüldüyünü, obyekt təhvil verilərkən arakəsmələrin cavabdeh tərəfindən sökülüb aparıldığını, təhvil alındığı kimi qaytarıldığını bildirmiş, əlavə olaraq müqavilənin şərtlərində icarə haqqı məbləğinin 30000 manat olması ilə bağlı heç bir müddəa olmadığını, iddiaçının da bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyini qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək iddia tələbinin 1-ci hissəsi - xx.xx.2024-cü ildən bu günədək keçən bir il ərzində aylıq 17300 manat olmaqla (30000 manatdan olan kəsirlər üzrə) 207600 (iki yüz yeddi min altı yüz) manatın və yekun məhkəmə aktı (qərar, qətnamə, qərardad) çıxarılan günədək olan bir aylıq kirayə haqqı 30000 manatdan hesablanmaqla olan məbləğin cavabdehdən tutulması ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilə cavabdeh məcburetmə olmadan, sərbəst şəkildə, azad surətdə 01 mart 2024-cü il tarixli, 03 nömrəli icarə müqaviləsi bağlayaraq məzmununu müəyyənləşdirmişlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri, yəni icarə müddəti, icarə haqqının məbləği, ödənişin başlayacağı tarix, cari təmir şərti və s. barəsində razılığa gəlmişlər. İddiaçının nümayəndəsi icarəyə verdikləri obyektin aylıq icarə haqqı dəyərinin əslində 30000 manat olduğunu, sadəcə cavabdeh obyekti təmir edəcəyi üçün icarə haqqını 12700 manata razılaşdıqlarını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübutu təqdim etməmiş, həmçinin icarə müqaviləsində bu barədə qeyd göstərilməmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, bazar qiyməti müqavilə qiymətini avtomatik dəyişmir, məhkəmə tərəflərin razılaşmadığı qiyməti müəyyən edə bilməz. Məhkəmə müqavilə tərəflərinin iradəsini əvəz edə bilməz. MPM-in sübut yükünə dair müddəalarına əsasən, istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara əsaslanan tərəfin üzərinə düşür. Odur ki, məhkəmə tərəflər arasında bağlanmış 01 mart 2024-cü il tarixli, 03 nömrəli icarə müqaviləsinin 2.1-ci bəndi ilə icarə haqqı məbləğinin ƏDV daxil 12 700 manat razılaşdırıldığını, həmin bəndə hər hansı dəyişiklik edilmədiyini və müqavilədə icarə haqqının bazar qiymətinə uyğun yenidən hesablanması barədə şərtin nəzərdə tutulmadığını, iddiaçının isə həmin obyektin aylıq icarə dəyərinin 30000 manat olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsini, müqavilə azadlığı prinsipinə əsasən tərəflərin müqavilənin şərtlərini qarşılıqlı razılaşma ilə müəyyən etdiklərini, müqavilənin tərəflər üçün məcburiliyini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın ikinci hissəsi - cavabdehə həmin ticarət obyektini təmir etmək məqsədi ilə verilmiş 4 aylıq qabaqlayıcı müddətə görə hər ay 30000 (otuz min) manat olmaqla 120000 (yüz iyirmi min) manat kirayə haqlarının ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə, icarə müqaviləsindəki söz və ifadələrin hərfi mənası ilə yanaşı, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, həmçinin tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı nəzərə alaraq belə qənaətə gəlir ki, icarə müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh cari təmir işlərini öz üzərinə götürməsi səbəbindən icarə haqqının xx.xx.2024-cü il tarixdən ödənilməyə başlanacağı razılaşdırılmışdır. Yəni, icarə haqqının 4 ay müddətinə ödənilməsinin təxirə salınması cavabdeh tərəfindən obyektin təmir edilməsi ilə şərtləndirilmişdir. Cavabdehin nümayəndəsi izahatlarında özlərinə lazım olan qaydada cari təmir işlərinin aparıldığını, müəyyən hissələrə elektrik xəttləri çəkildiyini, arakəsmələr edildiyini, rəflər yığıldığını bildirsə də, lakin müqavilə ilə razılaşdırılmış qaydada obyektin cari təmirini təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmənin obyektə yerində baxışı zamanı da obyektin təmir olunmadığı, obyektdə hər hansı dəyişiklik və yaxşılaşdırma aparılmadığı müəyyən edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, müqavilə üzrə cari təmir işləri dedikdə, hansı formada təmirin və görüləcək işlərin nəzərdə tutulduğu qeyri-müəyyən olunduğundan, cavabdehdən konkret işlərin (məsələn: döşəməyə mərmər vurulması, divarların düzlənərək boyanması, divar kağızı ilə üzlənməsi və s.) görülməsini tələb etmək doğru olmazdır. Lakin bununla belə, cavabdehin gördüyü işləri də müqavilə üzrə nəzərdə tutulmuş cari təmir kimi təfsir etmək də düzgün deyildir. Birincisi ona görə ki, cavabdeh gördüyü işlərlə bağlı hər şeyi, hətta elektrik yuvalarını da söküb aparmış, obyekti təhvil aldığı vəziyyətdə tam boş geri qaytarmaşdır. Bu fakt cavabdehin təqdim etdiyi video görüntülərlə müqayisədə yerli baxış zamanı müəyyən edilmişdir. İkincisi, müqavilə üzrə cari təmirə görə 4 ay cavabdehə icarə haqqının güzəşt edilməsi, həmin təmir işləri müddətində cavabdehin obyektindən istifadə edə bilməməsi ilə bağlı olmuşdur. Halbuki, cavabdehin sadaladığı təmir işlərinin görülməsinə cəmi 1 həftə vaxt kifayət edir ki, bu da bir daha cavabdehin gördüyü işlərin güzəşt edilmiş müddətlə mütənasib olmadığını göstərir. Cavabdeh tərəfindən obyektin təyinatı üzrə istifadəsini mümkün edən həcmdə cari təmir işlərinin görüldüyü sübut olunmamışdır. Məhkəmə belə hesab edir ki, müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş güzəşt xarakterli müddətin məqsədi obyektin istifadəyə hazırlanması olmuşdur. Cavabdeh həmin öhdəliyi icra etmədiyindən, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş iqtisadi faydanı əldə etmək imkanından məhrum olmuşdur. Buna görə də həmin müddət üzrə ödənilməyən icarə haqqı müqavilə şərtinin dəyişdirilməsi kimi deyil, öhdəliyin lazımi qaydada icra edilməməsinin nəticəsi kimi qiymətləndirilməlidir. Ona görə də, icarəçi tərəfindən cari təmir işlərinin görülməməsi müqavilə üzrə öhdəliyinin pozulması kimi qiymətləndirilməli və cari təmirə görə verilmiş 4 aylıq güzəşt müddətinin aylıq icarə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla belə, iddiaçı həmin 4 aylıq müddəti də 30000 manat kimi hesablasa da, məhkəmə bir daha yuxarıda qeyd edildiyi kimi bu barədə sübutların olmadığını əsas gətirərək qeyd edir ki, həmin dövr üzrə müqavilə ilə razılaşdırılmış icarə haqqı məbləğində 4 aylıq icarə haqqı borcu (12700 x 4=50800), 50800 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin üçüncü hissəsi - müqavilənin 7.1-ci bəndinə əsasən icarə haqqının ödənişini gecikdirilməsinə görə gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə hesabı ilə 50000 (əlli min) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, iddiaçı icarə haqqı ödənişinin gecikdirilməsinə görə gecikdirilmiş gün üçün cərimə borcu tələb etsə, hər iki tərəf izahatlarında etiraf etmişlər ki, obyekt icarədə olduğu 1 il 1 ay üzrə mütəmadi olaraq icarə haqqı ödənişləri həyata keçirilmiş, tərəflərin bununla bağlı hər hansı mübahisələri olmamışdır. Eyni zamanda iddiaçının razılaşdırılmış 12700 manat icarə haqqından əlavə, hər ay üçün əlavə 17300 manat icarə haqqı tələbi təmin edilməmişdir. Bundan başqa iddiaçının obyektin təmir edilməsi ilə şərtləndirilmiş 4 aylıq icarə haqqına görə cərimə borcunun hesablanması üçün hüquqi əsas mövcud deyildir. Çünki cavabdeh icarədə olduğu 1 il 1 ay ərzində iddiaçı həmin 4 aylıq müddəti cavabdehdən tələb etməmiş, müqavilə ilə müəyyənləşdirilmiş müddətdə icarə haqqının ödənilməməsi tərəflərin razılaşması əsasında baş verdiyindən həmin dövr üzrə gecikmə faktı mövcud olmamışdır. Ona görə də iddia həmin hissədə təmin edilə bilməz. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 669 manat dövlət rüsumunun 242,40 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4 aylıq icarə haqqı borcu üzrə 50800 (əlli min səkkiz yüz) manat pul və ödənilmiş dövlət rüsumunun 242 (iki yüz qırx iki) manat 40 (qırx) qəpiyinin əvəzi tutularaq İddiaçı Firmasının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7209/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7209/2025
06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver