Məhkəmə qərarları › İş №e-2-2(113)-721/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-721/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-721/2020 18.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Ramazanova Reyhan Nadir qızının iştirakı ilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” ASC “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən əsas borc 1959,7 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 228,55 manat olmaqla ümumilikdə 2188,25 manat kredit borcunun, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış 19 fevral 2016-cı il tarixli, 02 №-li kredit müqaviləsinə əsasən cavabdehə illik faizlə 24 ay müddətinə 20000 manat kredit verilmişdir. Cavabdeh tərəfindən qeyd edilən kredit meqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün səy göstərilsə də, cavabdeh öhdəliyini Hal - hazıradək tam yerinə yetirməmişdir. Müqaviləyə əsasən 08 iyun 2020-ci il tarixə cavabdehin iddiaçıya əsas borc 1959,7 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 228,55 manat olmaqla ümumilikdə 2188,25 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ramazanova Reyhan Nadir qızı iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş matenriallarında olan: - 19 fevral 2016-cı il tarixli, 02 №-li kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə illik 16 faizlə 24 ay müddətinə 20000 manat kredit verilmiş, sonuncu isə həmin məbləği hesablanmış faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - 08 iyun 2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə “xxxx” MMC-nin “xxxx” ASC-yə olan borcu əsas borc 1959,7 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 228,55 manat olmaqla ümumilikdə 2188,25 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, “xxxx” MMC kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 19 fevral 2016-cı il tarixli, 02 №-li kredit müqaviləsi üzrə 1959,7 manat məbləğində əsas borc, 228,55 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 2188,25 manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: ““xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. 19 fevral 2016-cı il tarixli, 02 №-li kredit müqaviləsi üzrə 1959,7 manat məbləğində əsas borc, 228,55 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 2188,25 manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30,40 manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar