Məhkəmə qərarları › İş №e-2-2(113)-722/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-722/2023

28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-722/2023 28.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “sığorta ödənişinin qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “sığorta ödənişinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1319,00 manat sığorta ödənişinin, ödənilmiş 60 manat mediasiya təşkilatına ödənilmiş xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində cavabdehə məxsus ** PS *** dövlət qeydiyyat nişanlı X10 markalı avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. Qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** DV *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi ilə ** PS *** dövlət qeydiyyat nişanlı X10 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar ** PS *** dövlət qeydiyyat nişanlı X10 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçı tərəfindən cavabdehin təqdim etdiyi bank hesabına 1319,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödəniş həyata keçirildikdən sonra subroqasiya hüququ ilə əlaqədar xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən "xxxx" ASC-yə qarşı subroqasiya tələbi irəli sürülmüş, lakin müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra cavabdeh tərəfindən "xxxx" ASC-yə müraciət olunmuş və ** PS *** dövlət qeydiyyat nişanlı X10 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 580,00 manat məbləğində sığorta ödənişi cavabdehin hesabına köçürülmüşdür. Göründüyü kimi cavabdehə "xxxx" ASC tərəfindən 580,00 manat məbləğində sığorta ödənişinin verilməsi iddiaçını subroqasiya hüququndan məhrum etmişdir. Belə olan halda tərəflərindən cavabdehə qarşı bildiriş ünvanlanmış və cavabdehə ödənilmiş sığorta məbləği geri tələb olunmuşdur. Tələbin nəticəsində cavabdeh tələb olunan məbləğdən iddiaçının bank hesabına sığorta ödənişini geri qaytarmaqdan yayınmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.Sadıqova iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yol nəqliyyat hadisəsi baş verdikdən sonra onlara sığorta ödənişinin verilməsi ilə bağlı müraciət edilmiş, həmin vaxt maşının sahiblik və istifadəsində olan səlahiyyətli şəxsin razılığı ilə avtomobil təmir edilmiş, bunun üçün 1319 manat vəsait xərclənmiş, maşın təmir edilərək avtomobili idarə etmək səlahiyyətinə məxsus olan şəxsə onun təqdim etdiyi etibarnamə əsasında təhvil verilmişdir. Lakin sonradan tərəflərindən cavabdehə əlavə olaraq "xxxx" ASC tərəfindən də sığorta ödənişinin verilməsi müəyyən edilmiş, qanunverciliyin tələbinə əsasən icbari sığorta ödənişi verildiyi üçün ödədikləri sığorta ödənişinin geri qaytarılması tələb edilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Nəsibov iddia tələbinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında “Avtonəqliyyat vasitələrinin kasko sığortası” müqaviləsi imzalanmış, iddia ərizəsində göstərildiyi kimi yol nəqliyyat hadisəsi baş vermiş, həmin hadisə nəticəsində cavabdehə "xxxx" ASC tərəfindən 580 manat məbləğində sığorta ödənişi verilmişdir. Cavabdeh həmin ödənişi "xxxx" ASC-yə geri qaytarmağa hazırdır. Sığorta müqaviləsinin predmeti olan avtomobil tərəflərindən lizinqə verilmiş, lizinq alanın isə iddiaçıdan sığorta ödənişini almağa səlahiyyəti olmamışdır. İddiaçı cavabdehin məlumatı və razılığı olmadan maşını təmir etmişdir. Bu səbəbdən iddia tələbi əsassızdır. Sübutların tədqiqi: “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” barədə MC-Mİ-0966/20 nömrəli şəhadətnaməyə əsasən iddiaçı tərəfindən cavabdehin xeyrinə X10 markalı minik avtomobili 63000 manat məbləğində sığorta edilmişdir, sığorta haqqı 1915,20 manat, şərtsiz azadolma məbləği 200 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən X5 verilmiş xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən xx.xx.2021-ci il tarixə qədər X10 markalı 99PS833 dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi etibar edilmişdir. Daxili İşlər Nazirliyi X14 İdarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında İXP ******* nömrəli xx.xx.2021-ci il tarixli protokola əsasən xx.xx.2021-ci il tarixdə saat 10:15-də Toyota Prius (Hibrid) Minik markalı 50DV802 dövlət nömrə nişanlı avtomobili idarə edən X1 tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Daxili İşlər Nazirliyi X14 İdarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə növündə tənbeh tətbiq edilmişdir. İddiaçı tərəfindən tərtib olunmuş sığorta aktına əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X10 markalı 99PS833 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 1519 manat, sığorta ödənişi isə 1319 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 16 nömrəli hesab fakturadan görünür ki, xx.xx.2022-ci il tarixli PS/XM-01/22 nömrəli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçı tərəfindən X2 X10 markalı 99PS833 dövlət nömrə nişanlı avtomobilin təmiri üçün 1519 manat məbləğində pul ödənilməlidir. X3 tərəfindən iddiaçıya X10 markalı 99PS833 dövlət nömrə nişanlı avtomobilin təmir edilməsi xidməti ilə bağlı EBBT 934407 nömrəli xx.xx.2022-ci il tarixli (1519 manat) elektron qaimə göndərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli hesabdan çıxarışa əsasən iddiaçı tərəfindən X2 1519 manat məbləğində pul ödənilmişdir. İddiaçı tərəfindən tərtib olunmuş təhvil-təslim aktından görünür ki, sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış 99PS833 dövlət qeydiyyat nişanlı Land Rover markalı avtomobil vasitəsi iddiaçı tərəfindən zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxs olan Nigar Məmmədovaya təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən "xxxx" ASC tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində sığorta tələbi əsasında 580 manat məbləğində sığorta ödənişi birbaşa ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 884.6–1-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən sayılır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; 927.2.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; 927.2.3. sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; 927.2.4. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. 927.4.-cü maddəsinə əsasən əgər əmlak sığortası üzrə faydalanan şəxs sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olmuşdursa, sığorta ödənişinin bu Məcəllənin 927.2.3-cü və 927.2.4-cü maddələrində nəzərdə tutulmuş formaları tətbiq edilir. Sığorta ödənişinin bu Məcəllənin 927.2.1-ci və 927.2.2-ci maddələrində nəzərdə tutulmuş formaları əmlakın etibarnaməli idarəçisi olan faydalanan şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda tətbiq edilir. 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4-cü maddəsinə əsasən faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Belə ki, materiallardan görünür ki, tərəflər arasında “Avtonəqliyyat vasitələrinin kasko sığortası” müqaviləsi imzalanmış, həmin müqavilənin predmeti olan avtomobilin zədələnməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermiş, baş vermiş sığorta hadisəsi nəticəsində cavabdehə həm icbari sığorta ödənişi ("xxxx" ASC tərəfindən), həm də könüllü sığorta müqaviləsi üzrə sığorta ödənişi (iddiaçı tərəfindən avtomobil təmir edilmişdir) verilmişdir. İddiaçı hazırda sığorta hadisəsi nəticəsində cavabdehə icbari sığorta ödənişi ödənilməsi səbəbindən cavabdehə könüllü sığorta müqaviləsi əsasında ödənilmiş sığorta ödənişinin geri qaytarılmasını tələb edir. Belə ki, işin araşdırılan hallarından sığorta müqaviləsinin predmeti olan əmlakın iddiaçı tərəfindən təmir edildiyi, təmirdən sonra avtomobili idarə etmək səlahiyyətinə malik olan faydalanan şəxsə təhvil verildiyi, bunun üçün 1319 manat məbləğində vəsait xərcləndiyi müəyyən edilmişdir. Mülki Məcəllənin 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC-dən 1319 (bir min üç yüz on doqquz) manat pul və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar