Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-723/2023 06.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən "xxxx" MMC-yə əsassız hesablanan 7302,75 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən iddiaçıya qarşı xx.xx.2022-ci il tarixli ******* nömrəli Akt tam əsassız və heç bir normalara müvafiq tərtib edilməmişdir. Həmin aktda qeyd olunur ki, iddiaçının istifadə etdiyi G65 markalı, 75145140 nömrəli qaz sayğacının mexaniki hissəsindən keçən 70364 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır və dəymiş ziyan hesablanmalıdır. Həmin aktda xx.xx.2022-ci il tarixli 29/1640-01235-4 nömrəli rəyə istinad edilmiş və həmin rəyə əsasən 29211 m3 əlavə qaz həcminin müəyyən edildiyi göstərilmişdir. Hansı ki, xx.xx.2022-ci il tarixli aktda istinad edilən xx.xx.2022-ci il tarixli 29/1640-01235-4 nömrəli rəy yox, Akt olmuşdur. Həmin xx.xx.2022-ci il tarixli 29/1640-01235-4 nömrəli rəy (Akt) xx.xx.2022-ci il tarixli ******* nömrəli Akta əlavə edilmişdir. Həmin rəydə (Aktda) qeyd olunur ki, G65 markalı 75145140 nömrəli, rotor tipli “Elester” qaz sayğacının əvvəlki Dövlət yoxlamasının tarixi və göstəriciləri: xx.xx.2016-cı il, batareyanın istismar müddəti-minimum müddət isə 36 aydır. Rəydə (Aktda) həmçinin qeyd edilmişdir ki, korrektor xx.xx.2021-ci il tarixdə sönmüşdür. Bu rəy (Akt) özü tam müəyyən edir ki, 2016-cı ilin 15 dekabr tarixindən aidiyyatı Qaz Xidmət Sahəsi tərəfindən sayğac tələb olunan norma və qaydalara uyğun olaraq vaxtında müayinə edilməmiş, batareyanın minumum işləməsi həddi nəzərə alınmamış, korrektorun xx.xx.2021-ci il tarixdən sönməsi hər hansı bir formada nəzarətdən kənar qalmışdır. Öz vəzifə və funksiyasını vaxtında və lazımı səviyyədə icra etməyərək, tələb olunan tədbirləri görməyən cavabdeh tərəf, sonradan istismar müddətindən çox işləyən sayğacda çatışmamazlıq müəyyən etməklə, istehlakçını günahkar çıxarmağa yönələn tədbirlər görür. Bu tam bir ədalətsiz və düzgün olmayan yanaşmadır. Hansı ki, elektron sayğacın işləməməsi və ya mexaniki sayğacda qeyd olunanların elektron sayğacdan keçməməsi əlavə qaz işlədilməsinə heç bir əsas verə bilməz. Cavabdeh qurum tərəfindən vaxtında sayğacın müayinə edilməməsi və ya sayğaca yerində baxış keçirilməməsi sanki istehlakçının günahkar çıxarılmasına hesablanan bir hərəkətdir. Bütün hallarda cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində bu hal baş vermişdir. Belə ki, sözü gedən qaz sayğacı 17 may 2022-ci il tarixdə ******* nömrəli Akt əsasında xəttdən çıxarılmış və yerinə xx.xx.2022-ci il tarixli ******* nömrəli Aktla G65 markalı 75118562 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı faktiki istehlak etdiyi qaza görə BRQSD Abşeron Xidmət Sahəsi tərəfindən təqdim olunan hesab fakturalar əsasında bütün ödənişləri tam və vaxtında həyata keçirmişdir. Həmin hesab fakturalardan və sayğacın əvvəlki göstəricilərindən də müəyyən etmək olur ki, müəssisə tərəfindən istehlak olunan qazın həcmi aylar üzrə oxşar həcmdədir. Bu xronoloji ardıcıllıqdan da görmək olur ki, Akt əsasında əlavə hesablanan 29211 m3 qazın istifadəsi mümkün deyil və ya uyğun gəlmir. Cavabdeh tərəfin yazdığı xx.xx.2022-ci il tarixli rəydə də qeyd olunur ki, sayğaca əlavə batareya quraşdırılmış, korrektor xx.xx.2021-ci il tarixdən işləməmiş, sönmüşdür, arxivlər pozulmuş, mexaniki hissədən keçən qaz həcmi elektron hissədə qeydə alınmamışdır. xx.xx.2021-ci il tarixdən ciddi problemi olan sayğacda bu problemlər təxminən bir il sonra müəyyən edilir. Bundan başqa müəssisədə olan ilkin sənədlərə (aktlara) əsasən 75145140 nömrəli qaz sayğacı xx.xx.2016-cı il tarixdə, ******* nömrəli Aktla xətdən çıxarılmış və xx.xx.2016-cı il tarixdə Q-003833 nömrəli Qüsur Aktı tərtib edilməklə, sayğaca tələb olunan ehtiyat hissələri həmin Aktda göstərilmişdir. Müəssisə tərəfindən isə həmin ehtiyyat hissələrinin təhvil verilməsinə dair xx.xx.2016-cı il tarixli “Yeni ehtiyyat hissələrin təhvilqəbul” Aktı tərtib edilmiş, müvafiq işlər görüldükdən sonra xx.xx.2016-cı il tarixdə “Sayğacın istismara yararlığı haqqında” 29/1602-02754 nömrəli Arayış tərtib edilmiş və xx.xx.2016-cı il tarixli ******* nömrəli Aktla sayğac yenidən xəttə qoşulmuşdur. “Sayğacın istismara yararlığı haqqında” xx.xx.2016-cı il tarixdə tərtib edilən 29/1602-02754 nömrəli Arayışda isə növbəti yoxlama tarixinin xx.xx.2019-cu il olduğu göstərilmişdir. Hansı ki, bu tələb olunan yoxlamanın keçirilməsinə dair hər hansı bir sənəd (Akt, Arayış) mövcud deyildir. Buradan da aydın olur ki, hələ 19 dekabr 2016-cı ildə təmir olunaraq yenidən xəttə qoşulan qaz sayğacı uzun müddət tələb olunan nəzarətdən və xidmətdən kənar qalmışdır. Həmçinin əvvəlki aylar üzrə istehlak olunan qaz həcmini xronoloji ardıcıllıqla müəyyən etmək və onu sayğacın elektron hissəsinin işləmədiyi aylarla müqayisə etmək çətin deyildir. Belə müqayisənin aparılması bir daha onu göstərər ki, əlavə hesablanan qaz həcmi heç bir əsasa söykənmir. Bu kimi yanaşmalar bu sahəyə xidmət və nəzarətin hansı səviyyədə olduğunu göstərir. Mövcud olan belə hal isə cavabdeh tərəflə müəssisə arasında bağlanan xx.xx.2019-cu il tarixli, ASAN-4/727 nömrəli (müddət göstərilməyən) Müqavilə şərtlərinə də tamamilə ziddir. "xxxx" MMC fəaliyyəti dövründə kommunal ödənişlərlə bağlı daim nizam-intizamlı tədiyyəçi olmuş, müvafiq qurumlarla heç bir problemi olmamış və mübahisəli hallarla qarşılaşmamışdır. Hazırkı yaranmış vəziyyətlə bağlı da hər hansı nöqsana yol verməmiş, əsassız akt yazılışına və həmin aktla əlavə qaz sərfiyyatı hesablanmasına məruz qalmışdır. Əsasız olaraq əlavə hesablanan 29211 m3 qaz sərfiyyatına isə Əlavə dəyər vergisi ilə birlikdə 0,25 manat tarif (qiymət) tətbiq edilməklə 7302,75 manat əlavə vəsait hesablanmışdır. Hansı ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən sənaye və kənd təsərrüfatı sahələrinə 1m3 qazın satışı ƏDV ilə birlikdə 0,22 manat təsdiq edilmişdir. Bilavasitə sənaye sahəsi kimi fəaliyyət göstərən və müvafiq dövlət orqanlarında istehsalçı müəssisə kimi qeydiyyatdan keçən bir müəssisəyə qaz satışına digər tariflərin (qiymətlərin) tətbiq edilməsi də mövcud normativ hüquqi aktların tələblərinə tam ziddir. Nəticədə əsassız hesablanan əlavə qaz sərfiyyatı və bu əlavə sərfiyyata əsasən qanunvericiliyə zidd hesablanan qazın dəyəri tərəflərindən qəbul edilməyərək geri qaytarılmış və bu hesablamanın normativ hüquqi aktlara zidd olduğu cavabdeh tərəfin nəzərinə çatdırılmışdır. Buna baxmayaraq, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən müəssisəyə təqdim olunan üzləşmə aktında və xx.xx.2022ci il tarixli, 341 nömrəli hesab-fakturada xx.xx.2022-ci il tarixli ******* nömrəli Akt əsasında hesablanan əlavə qaz sərfiyyat və onun əsasında hesablanan məbləğ öz əksini tapmışdır. Bu da bir daha göstərir ki, cavabdeh tərəf tərtib etdiyi xx.xx.2022-ci il tarixli ******* nömrəli Aktla əsassız yerə hesabladığı əlavə qaz sərfiyyatını iddiaçıya tətbiq etmək niyyətindən əl çəkmir. Yaranmış bu hal müəssisənin işgüzar fəaliyyətinə, maliyyə durumuna təsir edə bilməklə yanaşı, istehlakçı hüquqlarını da kobud şəkildə pozur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğac onların balansındadır, sayğacda nə vaxtsa problem olması barədə onlara hər hansı məlumat verilməmiş, bundan yalnız göstərilən borc yazıldıqdan sonra məlumatları olmuşdur. İddiaçı hər ay onlara cavabdeh tərəfindən təqdim edilmiş hesab-fakturalar əsasında ödənişlər etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, sayğac iddiaçının balansındadır, xx.xx.2022-ci il tarixdə sayğac çıxarılmış, laborator yoxlanışı həyata keçirilmiş, sayğacda texniki qüsurlar aşkar edilmişdir, bunda iddiaçının təqsiri yoxdur. Belə ki, müəyyən edilmişdir ki, sayğacın müxaniki hissəsi işləkdir, lakin elektron hissədə problem olduğu üçün qaz sərfiyyatını düzgün qeydə almamışdır. Bu səbəbdən xx.xx.2022ci il tarixli tələbnamə əsasında iddiaçıya əlavə olaraq 7302,75 manat borc yazılmışdır, həmin borc sərfiyyat borcudur. Bundan əlavə, sayğacda problem, yəni korrektorun sönməsi halı xx.xx.2021-ci ildə baş vermiş, bu barədə vaxtında iddiaçıya məlumat verilmiş, lakin sayğacın təmir xərcləri iddiaçı tərəfindən ödənilmədiyi üçün vaxtında sayğac təmir edilməmişdir. Bundan əlavə, tərəflərindən aparılmış baxış yoxlama və ya monitorinq olmadığı üçün dövlət reyestrində qeydiyyatı aparılmamışdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi markasında qazın alqı-satqısı barədə ASAN-4/727 nömrəli xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1.8-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) qaz paylayıcısının vəzifəsidir. Müqavilənin 2.1.12-ci bəndinə əsasən “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlanılmasından keçirmək qaz paylayıcısının vəzifəsidir. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçıya məxsus müəssisədə xx.xx.2022-ci il tarixdə 29/1640-01235-4 saylı rəyə əsasən 75145140 saylı sayğacın mexaniki hissəsindən keçən 7036 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Dəymiş ziyan hesablanmalıdır. Cavabdeh tərəfindən tərtib olunmuş 30 iyun 2022-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən 29211 m3 qaz həcmi qeydə alınmamışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SS 29/1640-01235-4 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, korrektor sönmüş, impuls ötürücüsü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. Şəffaf qapaq yuvasına kip oturmayıb. Ehtiyat batareya quraşdırıldı, korrektor xx.xx.2021-ci il tarixində sönüb. Batareya yoxlandı, gərginliyi 0V korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 70364 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İmpuls ötürücüsü yoxlandı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlandı, gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı. Təzyiq borusu yoxlandı, sızma yoxdur. Tempurator və təzyiq çeviriciləri normaldır. Minimal sərfiyyatda xəta normaya uyğun deyil. Batareya tələb olunur. İddiaçının abonent saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2022-ci ilin iyun ayında 7302,75 manat məbləğində akt əsasında borc hesablanmışdır. “Azərbaycan Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən verilmiş 15 dekabr 2016-cı il tarixli 29/1602-02754 nömrəli sayğacın istismara yararlığı haqqında arayışdan görünür ki, EK220 ******* markalı sayğac istifadəyə yararlıdır. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli yeni ehtiyat hissələrinin təhvil-qəbulu aktından görünür ki, G-65 75145140 nömrəli sayğacını sıradan çıxmış hissələri xx.xx.2016-cı il tarixli “Sayğacın təmiri üçün tələb olunan ehtiyyat hissələri haqqında akta” əsasən gətirilmiş və yeni ehtiyyat hissələri təhvil alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş sənədlərinə əsasən iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə xx.xx.2021-ci il tarixli qaimə üzrə 1184,91 manat, xx.xx.2021-ci il tarixli qaimə üzrə 1741,53 manat, xx.xx.2021-ci il tarixli qaimə üzrə 1419,49 manat, xx.xx.2021-ci il tarixli qaimə üzrə 1885,38 manat, xx.xx.2021-ci il tarixli qaimə üzrə 1885,38 manat, xx.xx.2021-ci il tarixli qaimə üzrə 3517,37 manat, xx.xx.2022-ci il tarixli qaimə üzrə 3517,37 manat, xx.xx.2022-ci il tarixli qaimə üzrə 1239,62 manat, xx.xx.2022ci il tarixli qaimə üzrə 2688,77 manat, xx.xx.2022-ci il tarixli qaimə üzrə 4965,46 manat məbləğində pul cavabdehə ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli “Qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. Materiallardan görünür ki, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçıya 7302,75 manat borc hesablanmışdır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” akta əsasən xx.xx.2021-ci ildən qaz sayğacının çıxarıldığı xx.xx.2022-ci il tarixədək olan müddət üçün üçün qazdan istifadəyə görə hesablanmış və aktda borcun hesablanmasına əsası kimi qaz sayğacının nasazlığı səbəbindən elektron göstəricinin mexaniki göstəricidən az olmasına istinad edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən aktda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. Materiallardan isə görünür ki, cavabdeh həmin aktla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında və qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktları ilə müəyyən edilir ki, qaz sayğacında mövcud qüsur (elektrik göstəricinin mexaniki göstəricidən az olması) sayğacın nasazlığı üzündən yaranmış, yəni sayğaca kənar müdaxilə ilə bağlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Materiallarda olan abonent saldosundan, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş elektron qaimələrdən, iddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, sayğac göstəricilərinə əsasən qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli aktda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış qazın dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Qazdan istifadə qaydaları”nın 5.2-ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən 3.3-cü bəndinin tələblərinə ziddir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsində quraşdırılmış və xx.xx.2022-ci il tarixdə çıxarılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “Qazdan istifadə qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş qaza görə hesablanmış borc iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 7302,75 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 7302,75 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz. Nəticə: Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 7302,75 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-yə əsassız olaraq hesablanmış 7302,75 (yeddi min üç yüz iki manat yetmiş beş qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-723/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-723/2023
06.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver