Məhkəmə qərarları › İş №e-2-2(113)-723/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-723/2024

23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-723/2024 23.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Cavabdeh İB-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X7, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərə görə 22 430,00 AZN, faizə görə 560,00 AZN və ödənilmiş mediasiya xərcinə görə 210 AZN olmaqla,cəmi 23 200,00 AZN pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin X10 İstismarı İdarəsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, 09471 saylı “Təbii qazın uçotunun pozulması haqqında” akt göndərilmişdir. Akta və ona əlavə olunmuş sənədlərə əsasən İddiaçı MMCyə məxsus ərazidə quraşdırılmış G-650 markalı, 83047657 nömrəli qaz sayğacının xətasının normalara uyğun olmadığı, 89719,80 m qaz həcminin uçota alınmadığı və nəticədə müvafiq qaz sərfinin dəyəri olan 22429,95 manat pul vəsaitinin İddiaçı MMC tərəfindən ödənilməli olduğu qeyd edilmişdir. Akt və əlavə sənədlər hər hansı yoxlama aparmadan, sayğaca baxış keçirmədən və Cəmiyyətin əməkdaşlarının iştirakını təmin etmədən tərtib edildiyindən və hesablama qanunazidd aparıldığından tərəfimizdən müvafiq faktın araşdırılması ilə bağlı Azərbaycan Respublikası Enerji X1 (“Agentlik”) müraciət edilmişdir. Müraciətimiz araşdırılan müddətdə Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən 22430 manat məbləğində hesabat aparılaraq İddiaçı MMC-nin abonent hesabına işlənmiş və qaz təchizatının dayandırılacağı bildirilərək qaza görə borcun ödənilməsi tələb edilmşdir. Cəmiyyətimizin fəaliyyəti qaz təchizatı olmadan mümkünsüz olduğundan məcburi şəkildə xx.xx.2023-cü il tarixdə 22430 manat vəsait Cavabdeh İB-nə ödənilmişdir. AR X3 Agentliyi tərəfindən aparılmış araşdırma ilə Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən aparılmış 22430 manat hesabatın qanunazidd olduğu müəyyən olunmuş və təqsirkar şəxslərə qarşı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Yol verilmiş qanun pozuntusu nəticəsində İddiaçı MMC-yə 22430 manat məbləğində maddi ziyan vurulmuşdur. Mübahisənin məhkəmədən kənar qaydada tənzimlənməsi məqsədilə tərəfimizdən xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə Cavabdehə müraciət edilmişdir. Bundan əlavə, kommersiya mübahisəsinin məhkəmədənkənar qaydada tənzimlənməsi məqsədilə tərəfimizdən Cavabdehə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixli təklif göndərilmiş və ardınca xx.xx.2023-cü il tarixdə mübahisənin həlli üçün Bakı Şəhəri 11 X4 müraciət edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmədiyindən Bakı Şəhəri 11 X6 tərəfindən bizəxx.xx.2023cü il tarixli, MŞB/11/2023-01860 nömrəli “İlkin mediasiya sessiyasına iştirak edilməməsi barədə” arayış verilmişdir. Tərəfimizdən mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 (iki yüz on) manat mediasiya xərci ödənilmişdir. Əsas borc ödənişin icrasından 6 (altı) ay keçdiyini nəzərə alaraq Cavabdeh İddiaçıya dəymiş zərəri ödəmədiyinə görə zərər məbləğinin 2.5%-i həcmində faiz ödəməyə borcludur. Bu əsasla Cavabdehin İddiaçıya ödəməli olduğu faiz məbləği 560,00 manat təşkil edir (22430,00 x 2.5%=560,00). Həmçinin, İddiaçı tərəfindən mediasiya xərci olaraq 210 (iki yüz on) manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

3. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, yaranmış borc əsaslıdır, belə ki, həmin əlavə sərfiyyat “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yazılmışdır. Belə ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, onun içərisi, rotor, turbin və süzgəc hissələri yuyulmuş, sayğac təmizlənmişdir. Belə ki, sənaye qaz istifadəçilərinə sayğac tərəfindən uçotu aparılmayan qazın həcminin hesablanması məqsədəuyğun hesab edilir. İddiaçı tərəfindən istehlak edilmiş qaz həcmi yenidən hesablanmış, iddiaçıya əlavə olaraq 22430 manat borc hesablanmışdır. İddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən sayğaca baxış keçirilən zaman aparılmış yoxlama reyestrdə qeydiyyata alınmamış, cavabdeh həmin əsasız borca görə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Muradov iddia ərizəsini müdafiə edib iddianın təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi B.Seyfullayev iddia tələbinə etiraz edib etirazın məzmununa uyğun izahat verib iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, mütəmadi olaraq sayğaca cavabdehin nümayəndələri tərəfindən baxış keçirilir, bu səbəbdən aparılan baxış yoxlama olmadığı üçün reyestrdə qeydiyyata alınması zəruri olmamışdır. Aktda göstərilən borc iddiaçıya 1 il üçün hesablanmışdır.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Tərəflər arasında xx.xx.2017-ci ildə Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi imzalanmışdır.

11. Abonent haqqında məlumata əsasən cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin aprel ayında akt əsasında 22430 manat borc hesablanmışdır.

12. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 09471 nömrəli aktdan görünür ki, “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə əsasən 6-650 markalı qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir.

13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü ildə 8501,21 manat və 47233,90 manat vəsait ödənilmişdir.

14. Maraqlı şəxsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən cavabdeh tərəfindən iddiaçıya hesablanmış 22429,95 manat borc əsassızdır. Bu səbəbdən iddiaçı barəsində tərtib edilmiş 09471 saylı, xx.xx.2023-cü il tarixli akt ləğv edilməlidir.

15. İnzibati tənbeh vermə haqqında qərara əsasən iddiaçıya məxsus sayğaca baxış keçirilən zaman ona əsassız olaraq 22430 manat borc hesabladığı üçün cavabdehin işçisi olan X8 70 manat məbləğində inzibati qaydada cərimə edilmiş, həmin cərimə ödəniş sənədinə əsasən xx.xx.2023-cü il tarixdə K.Hüseynov tərəfindən ödənilmişdir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus G-650 markalı sayğaca baxış keçirilmiş, baxış nəticəsində iddiaçıya əlavə olaraq 22430 manat borc hesablanmışdır.

17. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən aktda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir.

18. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

19. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun.

20. Məhkəmə həmçinin qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

21. Materiallarda olan abonent saldosundan görünür ki, aktda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış qazın dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Qazdan istifadə qaydaları”nın 5.2-ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən 3.3-cü bəndinin tələblərinə ziddir.

22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsində quraşdırılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “Qazdan istifadə qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş qaza görə hesablanmış borc iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır.

23. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

24. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

25. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

26. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

27. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

28. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

29. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

30. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

31. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.

32. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.

33. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

34. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

35. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 22430 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.

36. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 22430 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz.

37. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında olduğundan və həmin aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, həmin akta görə iddiaçı tərəfindən ödənilmiş vəsaitin geri qaytarılması hissəsində iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, akt əsasında yazılmış borca görə iddiaçı tərəfindən ödənilmiş 22430 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

38. İddiaçı iddia tələbində cavabdehdən gecikdirilmiş illik beş faiz hesablanmaqla 560 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 560 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.

39. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 22430 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 210 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İB-dən 22430 manat məbləğində pul, ödənilmiş 210 manat dövlət rüsumu, ümumilikdə 22640 (iyirmi iki min altı yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar