Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7248/2025 15.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 DCL00338277-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1249,08 manat əsas borcu, 700,59 manat cərimə borcu olmaqla, cəmi 1949,67 manat məbləğində borcun və ödənilmiş 39,5 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 №-li versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/9519 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizələrini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DCL00338277-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6151 manat avandıqların alınması məqsədi ilə kredit xətti açılmışdır. Borcalan öz üzərinə düşən öhdəlikləri icra etməyərək, kreditlər üzrə gecikmələrə yol vermişdir. X1 xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DCL00338277-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1249,08 manat əsas borcu, 700,59 faiz borcu olmaqla, cəmi 1949,67 manat təşkil edir, gecikmə günü: 875. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Tərəflər arasında imzalanmış Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Beləliklə iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 39,5 manat dövlət rüsumu ödəmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: Cavabdeh2 (müştəri) və İddiaçı ASC (bank) arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2021-ci il tarixdə OnGTC/SE/9519 saylı Razılaşma imzalanmışdır. Razılaşma müştərinin elektron imzası ilə təsdiq edilmişdir. Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun İ bəndinin 1-ci yarımbəndinə əsasən müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitinin yerləşdirilmə, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkrediti, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Toplunun İ bəndinin 5-ci yarımbəndinə əsasən bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya /akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası , qüvvədə olma müddət , cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV-cü bəndinin 1.4-cü yarımbəndinə əsasən kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. İV-cü bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. İVcü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. Cavabdeh2 ("Müştəri") xx.xx.2021-ci il tarixdə olan razılaşmaya əsasən Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 N-li versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/9519 saylı Razılaşmaya əsasən bu Razılaşmanı (bundan sonra "Razılaşma" adlandırılacaq) imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa_addendum/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli 1.0.3 N-li versiyasının (bundan sonra "Müqavilə" adlandırılacaq) şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər vəya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.Razılaşmaya əsasən Müştəri təsdiq edirki, onun Banka təqdim etdiyi yeganə əlaqə vasitəsi mobil telefon nömrəsidirsə və SMS məlumatlandırma xidməti üçün müvafiq mobil nömrədə kütləvi xarakterli mesajların alınmasına məhdudiyyət qoyulmuşdursa, habelə Banka təqdim etdiyi əlaqə vasitələrində dəyişiklik olmuş, lakin bu barədə Banka yazılı məlumat verməmişdirsə, Bank əlavə və dəyişikliklər barədə məlumatın Müştəriyə çatımlı olması üçün heç bir məsuliyyət daşımır. Bu halda, Müştəri daim Bankın rəsmi internet səhifəsindən müqavilə üzrə yenilikləri özü izləməlidir. İddiaçı ASC ( “Bank”) ilə Cavabdeh2 (“Borcalan”) arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DCL00338277-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6151 manat avadanlıqların alınması məqsədi ilə kredit xətti açılmışdır. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCL00338277-03 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 1249,08 manat əsas borc, 700,59 manat cərimə borcu olmaqla, cəmi 1949,67 manat təşkil edir. Gecikmə günü: 1039. Cavabdeh2 İddiaçı ASC-də olan hesabından çıxarışdan görünür ki, DCL00338277- 03 saylı müqavilə üzrə İddiaçı ASC tərəfindən onun hesabına xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat və xx.xx.2021-ci il tarixdə 150 manat olmaqla cəmi 6150 manat pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 39,50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixli DCL00338277-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6151 manat məbləğində kredit vermişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 6151 manat kredit versə də, cavabdeh öhdəliyini tam icra etməmiş, aylıq ödənişləri ödəməyərək krediti tam qaytarmamış, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehdən borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, müqavilənin şərtlərini və mülki qanunvericilik normalarını nəzərə alaraq hesab edirəm ki, xx.xx.2021-ci il tarixli DCL00338277-03 saylı maliyyələşdirmə üçün ərizə əsasında cavabdehdən 1249,08 manat məbləğində əsas bоrc tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı eyni zamanda cavabdehdən 700,59 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Qeyd edim ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır və işin faktiki hallarından görünür ki, cavabdeh ödənişi gecikdirmişdir. Lakin məhkəmənin Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 65 manat müəyyən edilməlidir. Bundan başqa hesab edirəm ki, iddia qismən təmin olunduğundan, ödənilmiş 39,50 manat məbləğində dövlət rüsumunun 33,14 manatının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1249,08 manat məbləğində əsas borc, 65 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 1314 (min üç yüz on dörd) manat 8 (səkkiz) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 33 (otuz üç) manat 14 (on dörd) qəpiyinin əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7248/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7248/2025
15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver