Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7254/2025 05.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 65948,42 manat ödənilməmiş qalan borc pulun, 288 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 350 manat pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2026-cı il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə hər iki tərəfdən imzalanmış və cavabdeh hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş barışıq sazişi və ərizə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə oxşar məzmunlu ərizə ilə müraciət edərək tərəflər arasında barışıq sazişi bağlandığını bildirmiş və təsdiq edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar həll edərək, xx.xx.2025-ci il tarixdə hər iki tərəfdən imzalanmış və cavabdeh hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş barışıq sazişi bağlamış və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həlli barədə barışıq sazişi bağladıqlarından, bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər biri göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etməklə, barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxılması zərurəti aradan qalxmışdır. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: a) Bir tərəfdən fiziki şəxs İddiaçı (VÖEN: **********; AA*******; FİN: xxxxxxx) şəxsində (bundan sonra “İcraçı”); b) digər tərəfdən "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: **********) rəhbəri Serkan Özer şəxsində (bundan sonra “Sifarişçi'') Aşağıdakı məzmunda birgə razılığa gələrək Tərəflər bu “Saziş”i bağladılar:
1. Sazişin məzmunu: 1.1. "Saziş" üzrə “Sifarişçi” xx.xx.2023-cü il tarixli, YXM-159/2023 nömrəli xidmət müqaviləsi üzrə qalıq 65.948.42 AZN (altmış beş min doqquz yüz qırx səkkiz manat qırx iki qəpik) borcun ödənilməsi barədə “İcraçı” ilə razılığa gəlir. 1.2. “Sifarişçi” “İcraçı"ya olan ümumilikdə, 65.948.42 manat borc məbləğini ödəniş qrafıkinə uyğun formada hissə-hissə ödəməyi öhdəsinə götürür, “İcraçı" isə qeyd olunan təkliflə razılaşır. Ödəniş qrafiki “Saziş”in 2-ci maddəsində öz əksini tapmışdır.
2. Ödəniş qrafiki: xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il daxil olmaqla, aylıq 16487,11 manat. Toplam: 65948,42 manat.
3. Hüquq və öhdəliklər: 3.1. “Sifarişçi" öhdəsinə götürür ki, “Saziş" üzrə ödənişləri vaxtlı-vaxtında edəcəkdir. 3.2. Bu sazişin şərtlərinə əsasən “Sifarişçi”nin yuxarıda qeyd edilmiş qrafikə uyğun “İcraçı”ya ödəməli olduğu borc məbləğləri “Sifarişçi" əvəzinə üçüncü şəxslər tərəfindən də ödənilə bilər. 3.3. “Saziş"in imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar “Tərəflər" üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.4. “Saziş"in imzalanması sadəcə bu “Saziş"lə əhatə olunan məsələlərə aiddir və “Tərəflər" arasında digər irad və tələblərə aid edilmir. 3.5. Bu “Saziş"də nəzərdə tutulan hallar istisna olmaqla, “Tərəflər" hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu “Saziş"in bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 3.6. “Tərəflər” razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.7. “Tərəflər” razılaşırlar ki, hazırkı “Saziş”dəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. İddiaçı cavabdeh "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Pərviz Zamanlı