Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7261/2024 06.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, cərimə, illik 5%, iddia müddəti) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı ASC (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 9409.22 manat əsas, 1380.44 manat faiz borcu, 28.60 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 2449.70 manat məbəğində faiz (5%) borcu, cəmi 13 267.96 manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin tutularaq onun xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə X1 məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, qeyri-yaşayış sahəsi satıldıqdan sonra iddiaçıya təhvil verilməsi və qeyriyaşayış sahəsinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KM01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6% ödənilmək şərtilə 15000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdeh X2 ilə xx.xx.2015-ci il tarixdə İM01 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə X1 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq borclu Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bundan əlavə cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması təklifi göndərilmiş, lakin təklif cavablandırılmamışdır. Hazırda borclunun banka ödənilməmiş 9409.22 manat əsas, 1380.44 manat faiz borcu, 28.60 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2449.70 məbəğində faiz (5%) borcu, cəmi 13 267.96 manat məbləğində borcu mövcuddur. İddiaçı tərəfindən cavabdehə xx.xx.2015-ci il tarixli, KM01 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehlərə təklifə cavab vermədiyi üçün tərəfimizdən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdeh2 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadıqları ünvan üzrə məktub göndərilməsinə baxmayaraq nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına iştirak edilmişdir, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. Cəmi 13 267.96 manat olan iddia tələbi üzrə ödəniləcək 129.80 manat dövlət rüsumu ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat olan mediasiya xərcinə uyğun olaraq rüsumdan azad hesab olunur. İddiaçının nümayəndəsi iddianı müdafiə edib iddia ərizəsində göstərilənləri təsdiq etmiş, iddia müddətinin tətbiqi barədə ərizənin əsassız olduğunu bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz verərək qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsində qeyd olunur ki, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli,KM 01 saylı kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqavilə tərəflər onu imzaladığı tarixdən qüvvəyə minir vətərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Göründüyü kimi tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyən yazılı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən heyvandarlığın inkişafı məqsədi üçün 36 ay müddətinə illik 6 faiz ödəmək şərtilə 15.000 manat məbləğində kredit verilmişdir. Müqavilədə kreditin verilməsi 36 ay müddətinə müəyyən olunsa da, müqavilənin müddəti həmin müddətə deyil, tərəflərin öhdəliklərinin tam icra olunması anınadək müəyən edilmişdir. Qeyd olunmalıdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş və bununla da kredit müqaviləsinin şərtlərini pozmuşdur. İddia ərizəsi verilən tarixə cavabdehin iddiaçıya müqavilə üzrə cəmi 13267,96 manat məbləğində borcu qalmışdır. Belə olan təqdirdə hesab edirlər ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi müddəti borc ödənilmədiyindən bitmiş hesab olunmur. Buna görə də iddia müddətinin tətbiq edilməsi əsassızdır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı- ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Məhkəmə iclasında cavabdeh və digər cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, 5 il ərzində bank tərəfindən onlara heç bir müraciət olunmamışdır. İddiaya etirazlarını və iddiamüddətinin tətbiq edilməsi barədə etirazlarında qeyd edilənləri müdafiə etdiyini bildirmişdir. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək qeyd etmişlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı iddia ərizəsində tərəflərindən xx.xx.2015-ci il tarixli, KM01 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün, mediasiya prosesinin tətbiqi barədə təklif göndərilməsini qeyd etmişdir. Qeyd edək ki, mediasiya prosesinin tətbiqi barədə təklifdən xəbərimiz yoxdur və ümumiyyətlə onunla bağlı heç bir poçt bildirişi nə ünvanımıza gəlməyib nə də ki, rəsmən təqdim edilməyib. Aşağıda qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçı kredit müqaviləsinə görə tələb etdiyi borcu, müqavilə tələbləri üzrə iddia müddətini keçirmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. Mülki hüquqların müdafiəsi müddəti dedikdə elə müddət başa düşülür ki, həmin müddət ərzində hüququ pozulmuş şəxs öz hüquqlarının müdafiəsini və yaxud məcburi qaydada həyata keçirilməsini tələb edə bilər. Pozulmuş mülki hüquqların müdafiəsinin əsas vasitəsini iddialar təşkil etdiyinə görə, bu müddət iddia müddəti sayılır. Belə ki, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün müəyyən olunmuş müddətə iddia müddəti deyilir. İddia müddəti qanunla elə hallar üçün müəyyən edilmişdir ki, həmin hallarda konkret şəxsə məxsus olan maddi hüquq pozulur və bu hüququn müdafiəsi üçün hüququ pozmuş şəxsə məcburedici tədbirlərin tətbiq edilməsi zərurəti meydana çıxır. Maraqlı tərəfin tələbi üzrə məcburetmə tədbirlərinin tətbiqinə isə hər zaman deyil, yalnız iddia müddəti hüdudları daxilində yol verilir. Lakin iddia müddətinin ötürülməsi isə məhkəməyə iddia ilə müraciət etmək hüququnu aradan qaldırmır və hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti isə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıdakılara əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğu təqdirdə həmin müddəti keçdiyindən, məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır və ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Borcverən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “Borcalan” Cavabdeh2 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, KM01 nömrəli müqavilədən göünür ki, bu müqaviləyə görə “Borcverən” müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti “Borcalan”ın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə “Borcverən” tərəfindən “Borcalan”a verilən kreditin məbləği 15 000 manat təşkil edir. Kredit 36 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə verilir. Kreditin məqsədli təyinatı heyvandarlığın inkişafı məqsədi üçündür. Mövcud Kredit üzrə “Borcalan”dan aşağıdakı komissialar tutulur: Ssuda hesabının açılması: 25 (iyirmi beş) AZN; Nağd vəsaitin çıxarılması: 1.5 %. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Müqavilənin predmetini “AtraBank" ASC ilə "Borcalanlar” sahibkar fiziki şəxs Cavabdeh1 və sahibkar fiziki şəxs Cavabdeh2 arasında bağlanmış KM 01 saylı, “12” İyun 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin elmək məqsədilə, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə Tərəflərin razılığa gəlmələri təşkil edir. İpotekanın predmetini aşağıdakı əmlak təşkil edir: Cavabdeh1 məxsus xüsusi mülkiyyətdə olan Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 22 (reyestr nöm: **********72-05101-083001: qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2010). “İpotekaqoyan” ipoteka predmeti ilə bu müqavilənin 4-cü bəndində göstərilən öhdəliyin icrasına, habelə icranın gecikdirilməsi ilə vurulmuş zərərin, ipotekaya qovulmuş əmlakın saxlanılması və salamatlığı üçün “İpotekasaxlayan"ın çəkdiyi zəruri xərclərin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinə təminat verir. MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlardan görünür ki, Cavabdeh1 məxsus xüsusi mülkiyyətdə olan Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 22 İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 22-yə tutmanın yönəldilməsi barədə Cavabdeh1 və Cavabdeh2 məlumat verilmişdir. LPO İddiaçı ASC-nin ləğedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023cü il tarixli məktubundan, müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət qəbul olunmuşdur. LPO İddiaçı ASC-nin ləğedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunda 13252.24 manat borcun 5 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh2 məxsus Hesabdan çıxarışdan görünür ki, 2019-cu il tarixdə kredit müddəti bitdikdən sonra Cavabdeh2 tərəfindən 2019-cu ilin avqust ayında sonuncu ödənişlər olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (Ləğv prosesindədir) və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixində 15000 manat məbləğində xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtilə kredit verilmişdir. Daha sonra öhdəliyin icrasının təmin edilməsi üçün “AtraBank" ASC (Ləğv prosesindədir) ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmışdır. Kreditor “AtraBank" ASC (Ləğv prosesindədir) kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və ipoteka müqavilələri əsasında borcu və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Bununla belə cavabdehlər tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edilmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, kredit müqaviləsinə əsasən Cavabdeh2 öhdəliyini tam icra etmədiyi üçün iddiaçının cavabdehlərdən kredit və ipoteka müqavilələri əsasında borcu və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ yaranmış olsa da, cavabdehlərin ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Çünki tərəflər arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmış, kreditin 36 ay müddətinə bağlanması nəzərə alınmaqla həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2018-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Bundan sonra Cavabdeh2 tərəfindən xx.xx.2018-ci il tarixdən sonra ödənişlər edildiyi üçün iddia müddətinin axımı kəsilmiş, lakin sonuncu dəfə ödəniş edildiyi 2019-cu ilin avqust ayından sonra iddia müddətinin axımı yenidən başlamış və həmin tarixdən də üç il müddət keçmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddianın əsasını təşkil edən xx.xx.2015-cü il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin başlanğıcı 2019-cu il avqust ayında başlanmış və 2022-ci ilin avqust ayında bitmişdir. İddiaçı ASC (Ləğv prosesindədir) isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni, kredit müqaviləsinə əsasən borcun tutulması barədə iddia üzrə iddia müddəti keçmişdir. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı ASC-nin (Ləğv prosesindədir) iddiası rədd edilməlidir. Nəticə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7261/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7261/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver