Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7262/2025 13.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı sığorta ödənişinin verilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi, aqrar sığorta, sığorta ödənişi) X11 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aqrar Sığorta Fondu ilə xx.xx.2023-cü il tarixli BS-**********-PS saylı şəhadətnamə ilə hesablanmış 1587,30 manat və xx.xx.2023-cü il tarixli, BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış arpa sahəsinə hesablanmış 2868,75 manat olmaqla, cəmi 4456,05 manat pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilən 65 manat məbləğində pulun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o uzun illərdir ki, fermer olaraq fəaliyyət göstərir, hal-hazırda da Tərtər rayonu, Şıxaq qəsəbəsində əkinçiliklə məşğuldur və əkdiyi arpa sahəsindən ziyanverici həşaratlara görə məhsul götürə bilməmişdir. Vurulmuş ziyana görə o dəfələrlə "xxxx" ASC-yə yazılı müraciət edərək xx.xx.2023-cü il tarixli, BS-**********- PS saylı şəhadətnamə ilə sığortalanmış arpa sahəsinin sığorta hadisəsi nəticəsində dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən hesablanmış 1587,30 manat və xx.xx.2023-cü il tarixli, BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış arpa sahəsinə sığorta hadisəsi nəticəsində dəymiş zərərlə bağlı Aqrar Sığorta Fondu tərəfindən hesablanmış 2868.75 manat sığorta ödənişi məbləği ilə razılaşsa da sonradan ona ödənilməli olunan məbləği ödəməkdən boyun qaçırmışlar. Sözügedən sahəni əkin vaxtı biçdiyini bildirmişlər, halbuki çəkilişlər və sübutlar var ki, o əkdiyi arpadan əkin vaxtı biçin etməmişdir. Bunun üçün də hesab edir ki, "xxxx" ASC xx.xx.2023-cü il tarixdə bağlanılmış sığorta müqaviləsinə görə ona vurulmuş ziyana görə 4 456,05 manat pulun ona ödənilməsi məqsədəuyğundur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş, əlavə olaraq qeyd etmişdir ki, o ekspertə həm sığortalı, həm də sığortasız ərazini göstərmişdir. Hazırda qarşı tərəfdən iddia tələbinin əsası kimi fırtına ilə bağlı ona dəymiş zərər məbləğini tələb edir. Gəmirici hücumu nəticəsində zərər dəyməsi nəticəsində sığorta ödənişindən imtina edilməsinin onun iddiası ilə heç bir əlaqəsi yoxdur, gəmirici hücumu sığortasız ərazisi ilə bağlı olmuşdur. Tərəflər arasında bağlanmış müqavilə üzrə fırtına hadisəsinə görə sığorta ödənişini tələb edir. Fırtına ilə bağlı çəkilmiş şəkilləri qarşı tərəf itirmişdir. Sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, ərizədə baş verən hadisəyə dair məlumat vermiş, banka pul köçürülməsi üçün gedildikdə isə ona imtina verilmiş, imtinanın əsası kimi ərazinin biçilməsi göstərilmişdir. Lakin qeyd etmişdir ki, onun iki ərazisi olmuş, onlardan birində biçilmə işləri aparılmış, sığorta edilmiş ərazidə biçilmə işləri aparılmamış, hesablanma cavabdeh tərəfindən aparılmış, iş üzrə onunla yazışmalar olmuşdur. Əgər ona yardım edilməyəcəkdisə niyə ondan sənədlərin təqdim edilməsinin lazım olduğunu bildirdiklərini, işin siçanla bağlı olduğunu bildirdikdə onların ona ərazidə belə problemin olduğunu bildirdiklərini, gəmiricilərlə bağlı sığorta ödənişinin edilməməsi barədə məlumatının olmadığını, müqavilədə bu hala nəzər yetirmədiyini, gəmirici hücumunun sığortalanmamış ərazidə olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsinin suallarına cavab olaraq qeyd etmişdir ki, sığorta barədə ərizəni ekspert baxış keçirtdikdən sonra təqdim etdiyini, biçilən ərazinin onun sığortasız ərazisi olduğunu, ekspertin yanlış yerə baxaraq rəy verdiyini, ekspert gələn zaman sığortalı olan ərazinin biçilmədiyini qeyd etmişdir. Cavabdeh tərəf məhkəməyə elektron qaydada iddiaya etiraz ünvanlayaraq qeyd etmişdir ki, sığortalı İddiaçı ilə Fondun adından "xxxx" ASC arasında arpa sahələri üzrə BS**********-PS və BS-**********-PS nömrəli sığorta müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən sığortalanmış arpa sahələrinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd olunmuş (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və normadan artıq yağan qar yağıntıları) risklərin baş verməsi nəticəsində dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixdə sığortalı tərəfindən Fondun “1651” Çağrı Mərkəzinə ona məxsus arpa sahələrinə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə gəmirici (siçan) hücumu nəticəsində zərər dəyməsi ilə bağlı müraciət daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.19.3-cü yarımbəndinə əsasən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən BS-**********-PS və BS-**********-PS nömrəli sığorta müqavilələri üzrə xx.xx.2024-cü il tarixində 8,30 və 15 hektar arpa sahələrində aparılan ekspertiza zamanı ərazidə zərərvericilərin (gəmiricilərin) ziyanlığı (qidalandığı bitkilər, gəmiricilərin yuvaları) müəyyən edilmişdir. Sığortalının verdiyi məlumata əsasən ziyanvericinin ziyanlığının (məhsuldarlığın kəskin şəkildə aşağı düşməsinin) qarşısını ala bilmədiyi üçün ekspert baxışını gözləmədən ərazidə biçin aparmış və məhsulu yığmışdır. Müstəqil ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən zərərin qiymətləndirilməsinin aparılmasının mümkün olmaması, sığortalanmış ərazidə bəyan edilmiş sığorta predmetinin biçildiyi təsbit edilərək təminat verilən risk nəticəsində zərər dəyməsi müəyyən edilməmişdir. Yekun olaraq gəmirici zərəri təminatdaxili zərər olmadığı üçün ərazidə təminat verilən risklər nəticəsində zərər dəyməsi halı müəyyən edilməmişdir. Əlavə olaraq sığortalı ilə bağlanan X7 X6 sığortası növü üzrə BS-**********-PS və BS-**********-PS nömrəli sığorta müqavilələrində Qaydalara əsasən dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və normadan artıq yağan qar yağıntıları nəticəsində dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi müraciətdə qeyd edilən gəmirici (siçan) zərəri sığorta təminatına daxil deyildir. Belə ki, Qaydaların 2.2.4-cü yarımbəndinin 9-cu abzasında xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli Qərarı ilə təsdiq edilmiş “Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən Hallar”ın 2.2-ci bəndində göstərilənlər istisna olmaqla, digər xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu nəticəsində yaranan zərərlərin daxil olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli Qərarı ilə təsdiq edilmiş “Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən Hallar”ın 2.2-ci bəndində karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən hallardan biri kimi karantin tətbiq edilən zərərli orqanizmlər sayılmayan, lakin karantin elan olunan ərazilərdə və ya ölkə ərazisində ilk dəfə (yeni) aşkar edilmiş və kütləvi yayıldıqda ətraf mühit və ölkə iqtisadiyyatı üçün xüsusi təhlükə yaradan zərərvericilərə (siçanabənzər gəmiricilər, Mərakeş çəyirtkəsi, taxıl böcəyi və s.) qarşı mübarizə qeyd edilmişdir. Həmçinin Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Qaydaların 1.22.1-ci yarımbəndinin 1-ci abzasına əsasən baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər. Qaydaların 1.22.1-ci yarımbəninin 5-ci abzasına əsasən zərər dəymiş əmlakın idarəedici quruma təqdim edilməsi ilə bağlı bu Qaydaların 1.19.9-cu yarımbəndinə riayət edilməməsi idarəedici qurumu zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər. Qaydaların 1.19.9-cu yarımbəndinə əsasən sığorta müqaviləsi üzrə sığortalı və ya faydalanan şəxs zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə idarəedici quruma və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Məcəllənin 935.1.5-ci maddəsinə əsasən zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi hallarında sığorta sığorta ödənişinin verilməsindən imtina edilir. Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Əlavə olaraq bildiririk ki, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, X4 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin 2.0.2-ci yarımbəndinə əsasən bitki sağlamlığı, bitkiçilikdə məhsuldarlığın artırılması sahələrində fitosanitar, o cümlədən aqrokimyəvi xidmətlərin təşkilini və idarə edilməsini həyata keçirmək Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Eyni zamanda sözügedən Əsasnamənin 3.0.15-ci və 3.0.17- 1-ci yarımbəndlərinə uyğun olaraq bitkilərin zərərli orqanizmlərlə sirayətlənmə təhlükəsi müəyyən edildikdə, karantin məhdudiyyət tədbirlərinin, o cümlədən bu təhlükəni yaradan subyektlər barədə tədbirlər görülməsi üçün fitosanitar nəzarəti funksiyalarını həyata keçirən orqana və digər aidiyyəti dövlət orqanlarına müraciət etmək, eləcə də fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında fitosanitar karantin baxışı keçirmək və müayinə aparmaq Aqrar Xidmətlər Agentliyinin vəzifələrinə aid edilmişdir. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-1-ci maddəsinə əsasən fitosanitar xidmətləri bitki X6 zərərli orqanizmlərdən mühafizəsi məqsədilə fiziki və hüquqi şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətləri əsasında fitosanitar karantin baxışının və müayinəsinin aparılması, bitki və bitkiçilik məhsullarında, torpaqda və suda, bitki mühafizə vasitələrində toksikoloji analizlərin aparılması və aqrokimyəvi xidmətlərin göstərilməsidir. Qanunun 1.0.6-cı maddəsinə əsasən zərərli orqanizm bitki və bitkiçilik məhsullarına zərər vuran heyvanların, bitkilərin və ya xəstəlik törədən mikroorqanizmlərin hər hansı növü, növün dəyişmiş forması, yaxud bioloji tipidir (bitki xəstəlikləri, zərərvericiləri və alaq otları) Həmçinin Qanunun 1.0.7-ci maddəsinə əsasən karantin tətbiq edilən zərərli orqanizm ərazidə hələlik mövcud olmayan və yaxud mövcud olaraq məhdud dairədə yayılmış və rəsmi mübarizə obyektinə çevrilmiş, ətraf mühitə, ərazinin iqtisadiyyatına və əhalinin sağlamlığına potensial təhlükə yaradan zərərli orqanizmdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən bitki mühafizə vasitələri bitki X6 zərərli orqanizmlərdən qorunması məqsədilə istifadə olunan pestisidlər, bioloji preparatlar, canlı faydalı orqanizmlər və texniki vasitələrdir. Qanunun 1.0.10-cu maddəsinə əsasən pestisidlər zərərli orqanizmlərə qarşı mübarizə məqsədilə istifadə edilən zəhərli kimyəvi maddələrdir. Əlavə olaraq Qanunun 3.1.2-ci maddəsinə əsasən fitosanitar nəzarəti Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün fitosanitar tədbirlərin təşkilini və həyata keçirilməsini əhatə edir. Qeyd edilənlərə əsasən bitki zərərvericilərinə münasibətdə yüksək səviyyədə dövlətin mühafizə tədbirləri həyata keçirildiyindən və bu istiqamətdə dövlətin yetərli diqqət və qayğısı olduğundan sözügedən zərərvericilər sığorta risklərindən istisnaya daxil edilmişdir. Eyni zamanda dövlət tərəfindən bu istiqamətdə mübarizə tədbirlərinin həyata keçirilməsi vətəndaşların onlarla mübarizə tədbirlərinə xüsusilə həssas yanaşmasını zəruri edir. Sözügedən gəmiricilərin sığorta risklərindən istisna edilməsinin əsas səbəbi bir tərəfdən dövlətin mübarizə apardığı, qida təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynayan zərərvericilərlə mübarizə tədbirləri həyata keçirilərkən, digər tərəfdən vətəndaş tərəfindən onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməməsini təşviq edə biləcək sığorta təminatının nəzərdə tutulmasının mümkün olmaması və bu iki yanaşmanın, ümumiyyətlə, bir-biri ilə ziddiyyət təşkil etməsi ilə bağlıdır. Qeyd olunanlardan da göründüyü kimi BS-**********-PS və BS-**********-PS nömrəli müqavilələr üzrə təminat verilən risklər nəticəsində zərər dəymədiyindən və zərər dəymiş əmlakın idarəedici quruma təqdim edilməsi ilə bağlı Qaydaların 1.19.9- cu yarımbəndinə riayət edilmədiyindən 2025-ci il 21 iyun tarixli 12-9/2-M-39-689/2025 nömrəli məktub ilə sığortalıya dəymiş zərərə görə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahatlar vermiş, əlavə olaraq qeyd etmişdir ki, gəmirici zərəri təminatdaxili zərər olmadığı üçün ərazidə təminat verilən risklər nəticəsində zərər dəyməsi halı müəyyən edilməmişdir. Odur ki, məsələni araşdırır və fermerə köməklik üçün sorğu verirlər. Qasırğa adı altında tərəfə müəyyən ödənişlər edə bilirlər. Sadəcə məhsul biçildiyi üçün ekspert zərəri müəyyən edə bilməmiş və imtina edilmişdir. Sığorta tələbi barədə 2024-cü il tarixli ərizədə firtına ilə bağlı müraciətin tarixi mart ayı göstərilmişdir. Gəmirici ilə bağlı müraciət isə may ayında olmuşdur. Biçilmə olduğu üçün də sığorta ödənişindən imtina edilmişdir. Tərəfin fırtına müraciəti əsasında sığorta ödənişindən imtina edilməsi əsaslarının məhkəməyə təqdim edilməsi barədə Aqrar Sığorta Fonduna sorğu verilməsini məhkəmədən xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, gəmiricilərin vurduğu ziyan sığortalanmır. Vətəndaşa imtina məktubu göndərilmiş və imtinanın mövqeyi tam olaraq biçilmə ilə bağlı olmuş, müqavilədə risklərə daxil olan meyarlar göstərilmişdir. Fırtına məsələsi ilə bağlı da qeyd vardır. Bu məsələ ilə bağlı bildirmişdir ki, bəzən gəmirici zərəri ilə bağlı vətəndaşa imtina olunduqda bəzi hallarda fırtına adı altında vətəndaşa məbləğin müəyyən faizi qismində ödəniş verilə bilər. Bu da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə dəstək, yardım məqsədilə həyata keçirilən humanist bir addımdır. Lakin bu məbləğin də ödənilməsi mümkün olmamışdır. Həmçinin fırtına məsələsi ilə bağlı imtinanın səbəbini şirkətdən soruşduqda ona əsaslandırıcı, dolğun cavab verməmişlər. Odur ki, məhkəmədən bu məlumatın araşdırılması, əldə edilməsi üçün Aqrar Sığorta Fonduna rəsmi qaydada yazılı sorğu verilməsini xahiş etmişdir. İmtina məktubunda məhz biçilmə hadisəsinə görə ödənişin ödənilməsindən imtina edilmişdir. Biçilmə olmasaydı da yenə ödənişin ödənilməsindən imtina ediləcəkdi. Çünki burada gəmirici zərəri var. Dəymiş zərərin nəyə əsasən hesablandığını bilmir. Fırtına ilə zərər dəymiş olsaydı həmin razılaşdırılmış məbləğ veriləcəkdi. Tərəfə veriləcək olan zərərin məbləği ilə bağlı hər hansı mübahisələri yoxdur. Məhkəmə iclasında ekspert qismində dindirilən X1 edənin suallarına cavab olaraq bildirmişdir ki, o ilk dəfə Fondun gəmirici müraciəti əsasında həmin əraziyə getmiş, sahədə gəmirici zərəri olduğu və təminata daxil olmadığı üçün imtina vermiş, sahənin bəzi hissəsi biçilmiş, bəzi hissəsi biçilməmiş halda olmuş, sığortalı olan şəxsin ona göstərdiyi sahənin şəklini çəkib, baxış keçirmiş, sığortalı olan və ya olmayan sahənin biçilib-biçilməməsini o bilməmişdir. Ərazidə nə görürsə foto şəkillərini çəkib Aqrar Sığorta Fonduna göndərir və. X12 özü ərazini müəyyənləşdirib buna qiymət verir. Fırtına əsasında zərər olduğunu görməmiş, müəyyən yerlərdə gəmirici zərəri görmüş, sahə biçildiyi üçün potensial məhsuldarlığı müəyyənləşdirmək mümkün olmamış, biçilən sahənin daha çox və ya daha az olması dəqiq yadında qalmamışdır. Gəmirici üçün çağırsalar da əgər ərazidə fırtına zərəri görsəydi fırtına hadisəsinin olduğunu da qeyd edəcəyini, biçilməyən əraziyə nisbətdə də fırtına zərərini görmədiyini, fırtına mart ayında olmuşdusa oraya iyul ayında getdiyini qeyd edərək bildirmişdir ki, ola da bilər ki, müddət baxımından fırtına hadisəsini və zərəri müəyyən etmək mümkün olmamışdır. Cavabdehin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, onlara Fond tərəfindən öncədən koordinatlar verilmir. Fermerin göstərdiyi ərazyə baxış keçirib məlumat verirlər. Ərazinin hamısında da gəmirici zərəri görünürdü. Fermer hansı ərazini göstərsə onlar həmin əraziyə baxış keçirir. Sonrakı hal fermerlə Fond arasında olan məsələdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışına əsasən Tərtər rayonu, Şıxarx qəsəbəsində yerləşən 9.5 ha Kənd təsərrüfatı təyinatlı torpaqlar Tərtər rayon İcra hakimiyyəti (hüququ yüklü edilən şəxs) tərəfindən İddiaçı xeyrinə yüklü edilmişdir. Yüklülüyün növü icarə, müdəti 03.06 2019-xx.xx.2034-cü il, 15 il. Aqrar Sığorta Fondu ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, BS-**********-PS saylı və xx.xx.2023-cü il tarixli, BS-**********-PS saylı X7 X6 Sığortası üzrə Sığorta Şəhadətnamələri imzalanmışdır. Həmin şəhadətnamələrə əsasən aqrar sığortaçı qismində Aqrar Sığorta Fondu adından "xxxx" ASC, aqrar sığortalı, sığorta olunan, faydalanan şəxs qismində İddiaçı çıxış edir. Sığorta təminatının başladığı müddət sığorta haqqı ödənildikdən 7 gün sonra başlayır. Sığorta risklərinə - "Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sığorta Qaydaları"na (bundan sonra - Qaydalar) əsasən aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış bitkilər və bitkiçilik məhsulları təminat altına alınır: Yanğın (Azadolma 10%) üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat (Azadolma 10%) Sel və ya subasma (Azadolma 10%)• Vəhşi heyvanların hücumu (Azadolma 10%)• Normadan artıq yağan qar yağıntıları (Azadolma 10%)- dolu (Azadolma 10%) zəlzələ (Azadolma 10%) • torpaq sürüşməsi (Azadolma 10%), qasırğa (Azadolma 10%). Sığorta predmeti Qaydaların 2.1.2-ci yarımbəndində əsasən, X7 X6 sığortası üzrə PAYİZLİQ ARPA - İOSİF KROSNADAR sığortanın predmeti hesab olunur. Sığorta predmeti hesab olunan X7 X6 aşağıdakı hissələrinə sığorta təminatı verilir: Payızlıq Arpa - İosif Krosnadar/payızlıq arpa İstehsalı, emalı, idxalı və dövriyyəsi qadağan olunan, habelə karantin və məhdudiyyət tədbirləri tətbiq edilən ərazidəki kənd təsərrüfatı məhsulları sığortanın predmeti ola bilməz. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir: 1. sığortalının və ya faydalanan şəxsin idarəedici quruma ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi və s.
4. dolu, fırtına, qasırğa, torpaq sürüşməsi risklərinə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd. Sığorta ödənişindən yalnız aşağıdakı hallarda imtina edilə bilər: baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə. Sığortalı və ya faydalanan şəxs baş vermiş sığorta hadisəsi barədə hadisənin baş vermə tarixindən 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma (7/24 əlaqə telefonu: (012) 1651, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir. BS-**********-PS saylı sığorta şəhadətnaməsinə 1 saylı Əlavəyə əsasən məhsulun adı Payızlıq Arpa - İosif Krosnadar, əkin sahəsi 8,3 ha, bir hektar sahənin sığorta dəyəri 1275 manat, ümumi sığorta məbləği 10582,5 manat, sığorta haqqı 200,02 manat təşkil edir. BS-**********-PS saylı sığorta şəhadətnaməsinə 02 saylı Əlavəyə əsasən tərəflər razılaşdırır və təsdiqləyir ki, xx.xx.2024 tarixindən etibarən Aqrar Sığorta Fondunun 14 Mart 2024 cü il tarixli iclasının İH 04/24 nömrəli protokoluna əsasən tərəflər arasında bağlanılmış sığorta şəhadətnaməsində təminatın bitmə vaxtı xx.xx.2024-cü il olaraq dəyişdirilir. BS-**********-PS saylı sığorta şəhadətnaməsinə 1 saylı Əlavəyə əsasən məhsulun adı Payızlıq Arpa - İosif Krosnadar, əkin sahəsi 15 ha, bir hektar sahənin sığorta dəyəri 1275 manat, ümumi sığorta məbləği 19125 manat, sığorta haqqı 361,46 manat təşkil edir. LR-2239 nömrəli ilkin məlumat vərəqəsində qeyd olunmuşdur ki, hadisə tarixi xx.xx.2024 - xx.xx.2024-cü il, hadisə yeri Tərtər rayonu, hadisə ünvanı Şıxarx qəsəbəsi, hadisə barədə ətraflı məlumat: siçan sahəni gəmirib. Sığorta tələbi barədə ərizədə sığorta müqaviləsinin nömrəsi BS-**********-PS, sığorta müqaviləsinin tarixi xx.xx.2023-cü il, sığortanın növü: X7 X6 sığortası, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi gün: Mart 2024, sığorta hadisəsi hesab edilə bilən halın təfsilatı və baş vermə səbəbi: Fırtına, zərər dəymiş predmetin növü: Arpa, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi yer: Tərtər rayonu, Şıxarx qəsəbəsi qeyd edilmişdir. Sığorta tələbi barədə ərizədə sığorta müqaviləsinin nömrəsi BS-**********-PS, sığorta müqaviləsinin tarixi xx.xx.2023-cü il, sığortanın növü: X7 X6 sığortası, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi gün: Mart 2024, sığorta hadisəsi hesab edilə bilən halın təfsilatı və baş vermə səbəbi: Fırtına, zərər dəymiş predmetin növü: Arpa, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi yer: Tərtər rayonu, Şıxarx qəsəbəsi qeyd edilmişdir. İddiaçı tərəfindən Aqrar Sığorta Fonduna ünvanlanmış ərizələrdə qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixli, BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış arpa sahəsinə sığorta hadisəsi nəticəsində dəymiş zərərlə bağlı Aqrar Sığorta Fondu tərəfindən hesablanmış 2868,75 manat, BS-**********-PS saylı şəhadətnamə ilə sığortalanmış arpa sahəsinə sığorta hadisəsi nəticəsində dəymiş zərərlə bağlı Aqrar Sığorta Fondu tərəfindən hesablanmış 1587.38 manat sığorta ödənişi məbləği ilə razıdır və təqdim etdiyi müvafiq bank hesabına həmin ödənişin edilməsini xahiş edir. Bu hadisə ilə bağlı iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bununla bağlı yarana biləcək əlavə xərcləri öz üzərinə götürür. Zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquqlarının Aqrar Sığorta Fonduna subroqasiya qaydasında keçməsinə etiraz etmir. Aqrar Sığorta Fondu tərəfindən İddiaçı ünvanlanmış 21 iyun 2025-ci il tarixli, 12-9/2- M-39-689/2025 nömrəli “Sığorta ödənişinin verilməsindən imtina edilməsi haqqında” məktubda qeyd olunmuşdur ki, müraciətdə Tərtər rayonu, Şıxarx qəsəbəsində yerləşən arpa sahəsinə xüsusi ziyanvericilərin hücumu nəticəsində zərər dəydiyi qeyd olunmuşdur. Hadisə barədə məlumat verildikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sığorta Qaydaları"nın 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən zərərin qiymətləndirilməsinin aparılmasının mümkün olmaması, sığortalanmış ərazidə bəyan edilmiş sığorta predmetinin biçildiyi təsbit edilərək təminat verilən risk nəticəsində zərər dəyməməsi müəyyən edilmişdir. Siz şifahi müraciətləriniz zamanı təyin olunmuş müstəqil ekspertin arpa sahəsinə tam baxış keçirməməsi haqda dəfələrlə qeyd etdiyinizdən tərəfimizdən AR Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərilmiş və təqdim edilmiş koordinatlara uyğun peyk görüntüləri istənilmişdir. AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sorğumuza cavab olaraq daxil olmuş 04 iyun 2025-ci il tarixli, 3- 22/2-1679/2025 saylı məktubda müstəqil ekspertin həqiqətən sizin sahələrə baxış keçirməsi faktı öz təsdiqini tapmışdır. X7 X6 sığortası üzrə BS-**********-PS və BS-**********-PS saylı sığorta şəhadətnamələri əsasında sığortalanan sahəyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən sizə sığorta ödənişinin verilməsindən imtina edilir. xx.xx.2024-cü il tarixli X7 X6 Sığortası Üzrə Sığorta X2 X8 qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixində sığortalı ilə Tərtər rayon Əsgipara kəndində görüşüb, sığorta hadisəsi ehtimal olunan BS-**********-PS müqavilə nömreli 8.30 ha arpa sahəsinə gedildi. Əraziyə baxış keçirildi. Ərazidə zərərvericilərin (gəmiricilərin) ziyanlığı (qidalandığı bitkilər, gəmiricilərin yuvaları) müəyyən edildi və şəkilləri çəkildi. Fermer bidirdi ki, ziyanvericinin ziyanlığının (məhsuladrlığın kəskin şəkildə aşağı düşməsinin) qarşısını ala bilmədiyi üçün, ekspert baxışını gözləmədən, ərazidə biçin aparmış və məhsulu yığılmışdır. Bu səbəbdən ərazidə yekun məhsuldarlıq hesablana bilmədi. Yekun olaraq gəmiricilərin ziyanlığı təminat daxili zərər halı olmadğını nəzərə alsaq, ərazidə təminat daxili zərər əlamətləri, zərər halı müşahidə edilmədi. xx.xx.2025-ci il tarixli, **********29 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 64,57 manat dövlət rüsumu ödənmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 885-1. Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər bu Məcəllə, “Sığorta fəaliyyəti haqqında” və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Maddə 916.1-1. Bu Məcəllənin 916.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərdən əlavə olaraq aqrar sığortaya aid sığorta qaydalarında “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər məsələlər də müəyyən edilir Maddə 937.1. Sığorta (təkrarsığorta) müqaviləsi tərəflər arasında həm birbaşa, həm də sığorta vasitəçilərinin - sığorta agentlərinin və ya sığorta brokerlərinin xidmətindən istifadə etməklə bağlana bilər. Aqrar sığorta müqaviləsi “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vasitəçi aqrar sığortaçıların xidmətindən istifadə etməklə bağlanır. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədlər. 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.19. Sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 2.5. Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 16.6. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun: 5.3. Bu Qanunun 5.1-ci maddəsində sadalanan aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. 6.1. Aqrar sığortanın tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilən sığorta qaydalarına əsasən həyata keçirilir. 6.4. Aqrar sığorta məhsulunun şərtləri sığorta qaydalarına uyğun olaraq hazırlanır və hər bir aqrar sığorta məhsulunun şərtləri özündə sığortalıya göstərilən xidmətlərin növləri və tarifləri, sığorta müqavilələri ilə bağlı məsələləri ehtiva edir. 6.5. Aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir. 6.6. Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. Aqrar sığorta müqaviləsi elektron sənəd formasında da bağlana bilər. Sığorta müqaviləsi üzrə aqrar sığortalı tərəfindən sığorta haqqının ödənilməsi aqrar sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılaşdığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Aqrar sığorta müqaviləsi aqrar sığorta informasiya sistemində qeydə alınır. 10.1 Aqrar sığorta fəaliyyəti üzrə xidmətlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək müvafiq sertifikatı almış və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan reyestrə daxil edilmiş müstəqil ekspertlər cəlb edilir. 16.1. Aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı İdarəedici quruma müraciət edir və İdarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir. 16.2. Sığorta hadisəsi araşdırılarkən aqrar sığortalıdan yalnız qanunda və sığorta qaydalarında nəzərdə tutulmuş sənədlər tələb edilir. 16.3. Müstəqil ekspertin təyin edilməsi, sığorta hadisəsi nəticəsində zərər dəymiş sığorta predmetinə baxışın keçirilməsi müddətləri sığorta qaydalarında və aqrar sığorta məhsulunun şərtlərində, habelə sığorta müqaviləsində müəyyən edilir. 17.1. Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. 17.2. Aqrar sığorta orqanı sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir. 17.4. Sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”: 1.4.1. Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta predmetləri üzrə həmin predmetlərin tərkibi, təminat verilən sığorta riskləri, istisnalar və digər məsələlər bu Qaydaların 2-ci, 3-cü və 4-cü hissələrinin hər biri üzrə ayrılıqda müəyyən edilir. Qanunun 4.1-ci maddəsində müəyyən edilən hər bir predmet üzrə ayrılıqda sığorta müqaviləsi bağlanılır. 1.5.1. Sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. 1.10.1. Sığorta müqaviləsi sığortalının müraciəti əsasında ASİS vasitəsilə sığortalı ilə Fondun adından idarəedici qurum arasında bağlanılır. 2.1.1. Bu Qaydalara əsasən, X7nin X6 sığortası üzrə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq və darı sığortanın predmeti hesab olunur. 2.1.2. Sığorta predmeti hesab olunan X7nin X6 aşağıdakı hissələrinə sığorta təminatı verilir:
1. buğda, arpa, çəltik, dən məqsədilə yetişdirilən qarğıdalı, günəbaxan, soya, noxud, yaşıl noxud və darı - dən (bu Qaydaların 2.2.3-cü yarımbəndində nəzərdə tutulmuş hallarda gövdə); və s. ... 2.2.1. Sığorta məhsulunun şərtləri ilə müəyyən olunmuş aşağıda qeyd olunan bir və ya bir neçə risk nəticəsində X7nə dəymiş zərərin miqdarına sığorta müqaviləsi ilə təminat verilir: ... 6. fırtına; və s. ... 2.2.4-cü bəndinə əsasən Bu Qaydaların 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulan risklərdən təminatlar aşağıdakı hallar nəticəsində yaranan zərərləri əhatə edir: ... 6. fırtına riski təminatı - yağış, qar və dolu yağıntılarından ən azı biri ilə birlikdə və ya qeyd olunan yağıntılar olmadan, 10 metr yüksəklikdə və sürəti 25 m/saniyədən çox olan küləklərin əsməsi nəticəsində, həmçinin külək zamanı onun aşırdığı, sürüdüyü və ya atdığı əşyaların dəyməsi nəticəsində yaranan zərərlər; ... 2.4.7. Məhsul təminatına dair sığorta müqavilələrində dolu, fırtına, qasırğa, sel və ya subasma, habelə şaxtavurma (donvurma) risklərinə münasibətdə sığorta təminatının başlanğıc vaxtları aşağıdakı kimi müəyyən edilir:
1. buğda, arpa, qarğıdalı, çəltik, pambıq, kartof, şəkər çuğunduru, tütün, günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, soğan, qarpız, yemiş (qovun), sarımsaq və darı bitkilərində bitkinin cücərməsindən; ...
Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, BS-**********-PS saylı və BS-**********-PS saylı X7 X6 Sığortası üzrə sığorta müqavilələri imzalanmış, ümumi sahəsi 23,5 ha (15, 8,3 ha) əkin sahələri üzrə arpa məhsulu sığortalanmış, sığorta məbləği ümumilikdə 29 707,5 manat (10582,5; 19125 manat olmaqla) müəyyən edilmişdir. Hazırda iddiaçı qarşı tərəfdən fırtına ilə bağlı ona dəymiş zərər məbləğini tələb etdiyini, ekspertə həm sığortalı, həm də sığortasız ərazini göstərdiyini, fırtına ilə bağlı çəkilmiş şəkilləri qarşı tərəfin itirdiyini bildirərək xx.xx.2023-cü il tarixli, BS-**********-PS saylı və BS-**********-PS saylı sığorta şəhadətnamələri ilə sığortalanmış arpa sahəsinə hesablanmış cəmi 4456,05 manat sığorta ödənişinin (1587,30 manat və 2868,75 manat olmaqla) ödənilməsini tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək gəmirici zərəri təminatdaxili zərər olmadığı üçün ərazidə təminat verilən risklər nəticəsində zərər dəyməsi halının müəyyən edilmədiyini, fırtına adı altında tərəfə müəyyən ödənişlərin edilə biləcəyini, lakin məhsul biçildiyi üçün ekspertin zərəri müəyyən edə bilmədiyini və sığorta ödənişinin ödənilməsindən imtina edildiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında hüquqi qiymət verərək qeyd edir ki, sığorta tələbi barədə ərizədə sığorta hadisəsi fırtına kimi qeyd edilmiş, iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən sığorta olunmuş ərazilərə dəymiş zərərin məbləği cəmi 4456,05 manat müəyyənləşdirilmiş və iddiaçı cavabdeh tərəfindən hesablanmış sığorta məbləği ilə razılaşmışdır. Bu faktları hər iki tərəf mübahisələndirmədikləri üçün işin mübahisəsiz halı kimi qiymətləndirilir. Lakin cavabdeh tərəfindən sonradan əsaslı bir səbəb göstərilmədən sığorta ödənişinin ödənilməsindən imtina edilmiş, imtinanın əsası kimi əkin sahəsinin biçildiyi, buna görə də zərərin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, cavabdeh tərəf gəmirici zərərinə görə deyil, fırtına səbəbi ilə cəmi 4456,05 manat sığorta ödənişi hesablayaraq iddiaçı ilə razılaşmış, ancaq sonradan ərazinin biçilməsi əsası ilə ödənişdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyində ərazidə biçin aparılması və məhsulun yığılması nəticəsində yekun məhsuldarlığın hesablana bilməməsi qeyd olunsa da, məhkəmə iclasında dindirilən, əraziyə baxış keçirmiş ekspert B.Məmmədli ərazidə həm biçilən, həm də biçilməyən hissənin olduğunu, biçilən ərazinin sığortalı olub-olmadığını, gəmiricilərin hansı hissəyə ziyan verdiyini aydınlaşdırmadığını, əraziyə koordinatlar üzrə baxış keçirmədiyini bildirmişdir. Həmçinin o, qeyd etmişdir ki, fırtına mart ayında olmuşdusa belə, o, həmin əraziyə iyul ayında getdiyindən ərazidə fırtına olmasını müəyyən etmək mümkün ola bilməzdir. Eyni zamanda iddiaçı gəmiricilərin sığortasız əraziyə zərər vurduğunu, biçilmiş ərazinin sığortasız hissə olduğunu bildirmişdir. Göründüyü kimi cavabdeh tərəfindən təyin olunmuş ekspert sığortalı ərazini dəqiq müəyyənləşdirməmiş, biçilmiş ərazinin sığortalı olub-olmamasını, hansı hissəyə gəmiricilər tərəfindən, hansı hissəyə fırtına nəticəsində ziyan dəydiyini dəqiq araşdırmamışdır. Bütün bu olanlar da isə iddiaçının təqsiri və ya məsuliyyətsizliyi müəyyən olunmamışdır. Belə ki, iddiaçı ümumi olaraq ərazini ekspertə göstərməklə bildiyi məlumatları vermiş, araşdırılmalı məsələlər ondan soruşulmadığı, bu barədə məlumat tələb edilmədiyi üçün bunlar barədə heç nə bildirməmişdir. Məhkəmə hesab edir ki, vaxtında sığortalı və sığortasız əraziləri, həmçinin biçilməmiş hissəsinin sığortalı olub-olmamasını müəyyənləşdirməklə, zəruri məlumatları həm iddiaçıdan, həm də cavabdehdən əldə etməklə, biçilməyən ərazi sığortalı olduğu halda həmin hissədə zərəri müəyyən etmək mümkün ola bilərdi. Hazıkı halda isə uzun müddət keçdiyindən həmin məsələləri müəyyən etmək qeyri-mümkündür. Eyni zamanda iddiaçının cavabdehə ünvanladığı ərizədə, sığorta tələbində cəmi 4456,05 manat zərərin qeyd olunması və iddiaçının bununla razılaşması, əslində cavabdeh tərəfindən zərərin müəyyən olunduğunu göstərir. Hətta məhkəmə iclasında cavabdehin nümayəndəsi sığorta ödənişinin ödənilməsindən son anda imtina edilməsinin səbəbini, zərərin nəyə əsasən hesablandığını əsaslandıra bilməmiş, məhkəmənin sualına cavabında da bununla bağlı rəhbərlikdən soruşsa da əsaslı, dolğun cavab verilmədiyini bildirmişdir. Yekun olaraq məhkəmə belə qənaətə gəlir ki, baş vermiş fırtına nəticəsində iddiaçıya dəymiş zərərin ödənilməsindən ərazinin biçilməsi əsası ilə zərəri müəyyən etmək mümkün olmadığı səbəbindən cavabdehin imtina etməsi əsassız olmuşdur. Çünki yuxarıda qeyd edilənlərdən də aydın olduğu kimi cavabdeh ekspert tərəfindən ətraflı araşdırma aparılmadan verilmiş rəy əsasında qərar qəbul etmiş və qeyd edilən məsələlərdə iddiaçının təqsiri olmamışdır. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-cü il tarixli, BS-**********-PS saylı şəhadətnaməyə əsasən hesablanmış 1587,30 manat, xx.xx.2023-cü il tarixli, BS-**********-PS saylı şəhadətnaməyə əsasən hesablanmış 2868,75 manat olmaqla, cəmi 4456,05 manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Aqrar Sığorta Fondundan xx.xx.2023-cü il tarixli, BS-**********-PS saylı şəhadətnaməyə əsasən hesablanmış 1587 (bir min beş yüz səksən yeddi) manat, 30 (otuz qəpik), xx.xx.2023-cü il tarixli, BS-**********-PS saylı şəhadətnaməyə əsasən hesablanmış 2 868 (iki min səkkiz yüz altmış səkkiz) manat, 75 (yetmiş beş) qəpik olmaqla, 4 456 (dörd min dörd yüz əlli altı) manat, 05 (beş) qəpik məbləğində pulun və ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov