Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7267/2024 07.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 1140,21 manat – bundan 977,60 manat əsas, 15,89 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 146,72 manat faiz borcunun, iş üzrə ödənilmiş 31,41 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı ASC-nin Xətai filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə “Əsas vəsaitin artırılması” məqsədi ilə 18 ay müddətinə illik 21.2 faiz dərəcəsi ilə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 280015056/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2.677,93 Manat təşkil etmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında KM021T03163160S01 nömrəli xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1017,01 Manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 26 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 427.3, 442, 445.1, 445.2.1, 445.3, 445.7, 448.1, 465, 470.1, 474.2, 449.1, 449.4-cü maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Kreditor) və Cavabdeh2 (Borc alan) arasında imzalanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, Kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, Borcalanın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri Kreditora ödənilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.1, 2.2 və 2.3-cü bəndlərinə əsasən müqaviləyə əsasən Kreditor Borcalana Əsas vəsaitin artırılması məqsədilə 18 ay müddətinə 3000 (üç min) USD məbləğində kredit verir. Müqavilənin 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə gorə Borcalanı Kreditora illik 21.2 (iyirmi bir tam onda iki) cərimə kimi illik 42.4 (qırx iki tam onda dörd) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 3000 ABŞ dolları olan illik faiz dərəcəsi 21,2% olan kredit üzrə Cavabdeh2 18 yanvar 2016-cı il tarixdən 18 iyun 2017-ci il tarixinə qədər hər ayın 18-si olmaqla 196,05 ABŞ dolları, sonuncu ay 195,95 ABŞ dolları ödəməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Kreditor) və Cavabdeh1 (Zamin) arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 280015056/ZM saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti ********* N-li xx.xx.2015-ci tarixli Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. Müqavilənin 2.1-2.3-cü bəndlərinə əsasən zaminliklə təmin edilmiş öhdəlik illik 21.2 faizlə 18 ay müddətinə verilmiş 3000 (üç min) USD kredit məbləğidir. xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 19 aprel 2017-ci il tarixli 1 nömrəli əlavə sazişə əsasən: Sazişin 1.1-ci bəndinə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") 2677.93 USD təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1,4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1951,71 USD əsas borc, 564,71 USD faiz borcu və 161,51 USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil edir. Sazişin 1.3-cü bəndinə əsasən kredit üzrə Borcalan tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 faiz ödənilir. Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 19 aprel 2017-ci il tarixli 1 nömrəli əlavə sazişə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 1951,71 ABŞ dolları olan illik faiz dərəcəsi 10 % olan kredit üzrə Cavabdeh2 19 may 2017-ci il tarixdən 19 aprel 2019cu il tarixinə qədər hər ayın 19-u olmaqla 90,06 ABŞ dolları, sonuncu ay 90,08 ABŞ dolları ödəməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Kreditor), Cavabdeh2 (Borcalan) və Cavabdeh1 (Zamin) arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 280015056/ZM saylı zaminlik müqaviləsi üzrə 19 aprel 2017-ci il tarixli Əlavə Sazişin 1.1-ci bəndinə əsasən Borcalanın Kreditor qarşısındakı 2677.93 USD təşkil edən kredit öhdəliyinin qalığı təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1951.71 USD əsas borc, 564.71 USD ayrıca hesabda dondurulmuş faiz borcu və 161.51 USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədəkdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 10 (on) faiz təşkil edir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 20 (iyirmi) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“Ləğv prosesində olan bank”) və Cavabdeh2 (Borclu) arasında imzalanmış xx.xx.2019-cu il tarixli, KM021T03163160S01 saylı Restrukturizasiya müqaviləsindən görünür ki, ləğv prosesində olan bank tərəfindən Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1017.01 manat məbləği restrukturizasiya olunur və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqaviləyə əsasən restrukturizasiya müqaviləsinin bağlanması ilə Borclunun restrukturizasiya olunmuş kredit borcları üzrə ilkin kredit müqaviləsinə xitam verilir. Müqavilənin 3.4-cü bəndinə əsasən faizlər restrukturizasiya olunan tarixdən borc məbləği Banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Müqavilənin 3.7-ci bəndinə əsasən restrukturizasiya milli valyuta ilə həyata keçirilir. Manatın xarici valyutaya münasibətdə məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq güzəştli kredit manatla qaytarılmalıdır. Ləğv prosesində olan Bankın kassası, ödəniş terminalları və ya digər ödəniş vasitələri ilə ödəniş zamanı manatdan fərqli valyutada ödəniş edilərkən, məbləğin konvertasiyası ödənişin həyata keçirildiyi anda həmin günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə əsasında aparılır. Bütün digər ödəniş vasitələri ilə edilmiş ödənişlər isə vəsaitin Ləğv prosesində olan Banka daxil olduğu anda həmin günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə əsasında aparılır. Müqavilənin 3.9-cu bəndin əsasən restrukturizasiya müqaviləsi 26 (iyirmi altı) ay müddətinə bağlanılır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci ildir. Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, KM021T03163160S01 saylı Restrukturizasiya müqaviləsinə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 1017,01 olan illik faiz dərəcəsi 1 % olan kredit üzrə Cavabdeh2 26 avqust 2019-cu il tarixdən 26 sentyabr 2021-ci il tarixinə qədər hər ayın 26-ı olmaqla 39,56 manat ödəməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Kreditor), Cavabdeh2 (Borcalan) və Cavabdeh1 (Zamin) arasında imzalanmış xx.xx.2019-ci il tarixli, KM021T03163160S01 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “Ləğv prosesində olan bank”la “Borclu” arasında bağlanmış 08 avqust 2019-cu il tarixli. KM02İT03163160S0İ saylı restrukturizasiya müqaviləsinə əsasən 26 (iyirmi altı) ay müddətinə restrukturizasiya olunmuş 1017.01 manat borc məbləğinin və ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi "Zamin" “Borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə "Ləğv prosesində olan bank" qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Borclu” restrukturizasiya müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri tamamilə və ya hissəhissə icra etmədikdə, o cümlədən vaxtlı-vaxtında və lazımınca icra etmədikdə "Zamin” “Borclu" ilə birlikdə "ləğv prosesində olan bank" qarşısında restrukturizasiya müqaviləsinə əsasən borc məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdiriİməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. LPO İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixindən 08 oktyabr 2021-ci tarixinədək müqavilə üzrə əsas borc 977,60 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 15,89 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 0 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 146,72 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 1140,21 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, LPO İddiaçı ASC 31,41 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. və 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. 739-cu maddəsinə əsasən (xx.xx.2023-cü il tarixdək olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki,”...iddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir...”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və daha sonra həmin müqaviləyə dəyişiklik edilməsinə dair 19 aprel 2017-ci il tarixli 1 nömrəli əlavə sazişə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 10% olmaqla 19 aprel 2019-cu il tarixədək 2677.93 ABŞ dolları məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 280015056/ZM saylı zaminlik müqaviləsi və həmin müqaviləyə uyğun olaraq 19 aprel 2017-ci il tarixli Əlavə Saziş bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Daha sonra bankla Cavabdeh2 arasında imzalanmış xx.xx.2019-cu il tarixli, KM021T03163160S01 saylı restrukturizasiya müqaviləsinə əsasən cavabdehin borclu olduğu məbləğ restrukturizasiya olunmuş, Cavabdeh2 1017,01 manat borcu illik 1% məbləğində hesablanmaqla xx.xx.2021-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Bununla belə, məhkəmə iddiaçının Cavabdeh1 qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət kəsici müddətdir və bu müddətin keçməsi ilə zaminə qarşı tələbə xitam verildiyi üçün, buna görə ayrıca ərizə verilməsi də tələb edilmir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə iddiaçı bank arasında bağlanmış xx.xx.2019ci il tarixli, KM021T03163160S01 saylı zaminlik müqaviləsinin təmin etdiyi xx.xx.2019-cu il tarixli, KM021T03163160S01 saylı Restrukturizasiya müqaviləsinin müddəti 08 oktyabr 2021-ci il tarixədək müəyyən edilmişdir. Lakin xx.xx.2019-cu il tarixli, KM021T03163160S01 saylı restrukturizasiya müqaviləsi üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx.xx.2021-ci il tarixindən bir il ərzində LPO İddiaçı ASC zamin Cavabdeh1 qarşı iddia tələbi irəli sürməmişdir. Bu isə yuxarıda qeyd olunan zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, Cavabdeh1 qarşı iddia tələbi əsassız olduğuna görə iddia tələbi həmin hissədə rədd edilməlidir. İşin hallarına məcmu şəkildə qiymət verərək hesab edirəm ki, iddiaçının xx.xx.2019cu il tarixli, KM021T03163160S01 saylı restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh2 977,60 manat məbləğində əsas borc, 15,89 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş borca görə illik beş faiz hesablanmaqla 146,72 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 3 ildən artıq gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Bundan başqa hesab edirəm ki, ödənilmiş 31,41 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh2 ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 977 (doqquz yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik əsas borc, 15 (on beş) manat 89 (səksən doqquz) qəpik faiz borcu, öhdəliyin gecikdirilməsinə görə hesablanmış 146 (bir yüz qırx altl) manat 72 (yetmiş iki) qəpik və ödənilmiş dövlət rüsumunun 31 (otuz bir) manat 41 (qırx bir) qəpiyinin əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7267/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7267/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver