Məhkəmə qərarları › İş №e-2-2(113)-7276/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7276/2025

25.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7276/2025 25.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5522,40 manat pul məbləğinin, pul məbləğinin gecikdirilməsinə görə 566,28 manat məbləğində cərimənin və 80,89 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra-İddiaçı) ilə Cavabdeh MMC (bundan sonra-Cavabdeh) arasında 07 yanvar 2025- ci il tarixli 01/25 nömrəli alqı satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müxtəlif mallar təqdim edilmişdir. Malların təqdim edilməsi ilə bağlı iddiaçı tərəfindən elektron qaimə fakturalar göndərilmiş və həmin fakturalar təsdiq edilmişdir. Bundan başqa malların təhvil verilməsi ilə bağlı tərəfələr arasında təhvil təslim aktları imzalanmışdır. Hazırda iddiaçı tərəfindən satılmış mallara görə cavabdehin ümumilikdə ƏDV ilə birlikdə 5522,40 manat borcu yaranmışdır. Borcun ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə şifahi xəbərdarlıqlar edilməsinə və pretenziya məktubu göndərilməsinə baxmayaraq borc hələ də ödənilmir. Buna görə də borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. -Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 07 yanvar 2025- ci il tarixli 01/25 nömrəli alqı-satqı müqaviləsinə əsasən:

5. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilə imzaladıqdan sonra bu Müqavilənin bağlanması ilə əlaqədar Tərəflər arasında aparılan bütün danışıqlar və yazışmalar qüvvədən düşmüş hesab olunur.

6. Müqavilənin 2.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən “Malgöndərən" Əlavə(lər)də göstərilmiş müxtəlif təyinatlı ayaqqabıları “Alıcı”-nın mülkiyyətinə verir, “Alıcı” isə malları qəbul edib, tərəfdaş olaraq təmsil edir və əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəyir. Gələcəkdə bu Müqaviləyə edilən Əlavələr də bu Müqavilənin tərkib hissəsi sayılacaq.

7. Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilənin müddəaları Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun şərh edilməlidir.

8. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilə “Alıcı” və “Malgöndərən” arasında tərəfdaşlıq (Diller ) müqaviləsi kimi qəbul edilir. Bununla “Malgöndərən” ona aid olan məhsullarını tender və satışlarda “Alıcı"-ya istifadə etmək hüququ həvalə edir.

9. Müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı” və “Malgöndərən” bu Müqavilənin icrası ilə bağlı olan bütün şərtlərlə, tələblərlə və məlumatlarla tanış olduqdan sonra onu imzalayırlar. “Alıcı”-nın yaxud “Malgöndərən”-in bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onları bu Müqavilə üzrə qəbul etdikləri öhdəliklərdən azad etmir.

10. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən qiymət “Alıcı” və “Malgöndərən”-in qarşılıqlı razılaşması əsasında dəyişdirilə bilər.

11. Müqavilənin 4.2-ci bəndinə əsasən malların “Alıcı”ya təqdim olunması ilə əlaqədar bütün vergi və rüsumlar bu Müqavilənin qiymətinə daxildir və “Malgöndərən” tərəfindən ödəniləcək. Ödənişlər Azərbaycan Respublikasının milli valyutası olan manat (AZN) ilə yerinə yetiriləcək. Qeyd: Müqavilənin qiyməti xarici valyutada ifadə olunduqda, həmin valyuta hesablaşmaların aparıldığı gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə əsasında Azərbaycan Respublikasının milli valyutasına (AZN) çevrilməlidir.

12. Müqavilənin 4.3-cü bəndinə əsasən “Alıcı” ilə “Malgöndərən” arasında bütün hesablaşmalar nağdsız qaydada aparılır.

13. Müqavilənin 5.1.2-ci bəndinə əsasən bu Müqavilənin predmenti olan mallar razılaşdırılmış yerdə və vaxtda (müddətdə) qəbul edildikdən sonra qəbul edilmiş nıallann dəyəri qəbul edilmiş hesab-faktura əsasında 60 (altmış) bank günü ərzində ödənilir;

14. Müqavilənin 5.1.3-cü bəndinə əsasən malı qəbul etməkdən imtina etdikdə, bunun səbəblərini əsaslandırmalı və Malgöndərənə dərhal bildiriş göndərməlidir. Bildirişdə qüsurlann aradan qaldmlması üçün məsuliyyətin müddəti və həcmi göstərilməlidir.

15. Müqavilənin 5.2-ci bəndinə əsasən “Alıcı“ bu Müqavilə üzrə təqdim olunan mallann sınaqdan keçirilməsini yaxud yoxlanmasını 'Malgöndərən“-dən tələb edə bilər. Sınağın yaxud yoxlamanın keçirilməsinin vaxtı və yeri Alıcı ’ və “Malgöndərən“ arasında razılaşdırılır;

16. Müqavilənin 14.1-ci bəndinə əsasən “Malgöndərən” bu Müqaviləni (və ya onun hər hansı hissəsini) müəyyən olunmuş qaydada və müddətdə yerinə yetirmədikdə, aşkar olunmuş qüsurları vaxtında aradan qaldırmadıqda, “Alıcı” yerinə yetirməmiş (gecikdirilmiş) hər gün üçün müqavilə qiymətinin 0,1 (sıfır tam onda bir) faizi miqdarında cərimə sanksiyası tətbiq edir. “Malgöndərən” öhdəliklərinin icrasını gecikdirməsinin yuxarı həddi 15(on beş) təqvim günü təşkil edir.

17. Müqavilənin 14.2-ci bəndinə əsasən “Alıcı” təqdim olunmuş malın dəyərinin ödənilməsini 15 (on beş) bank günündən çox gecikdirdikdə, hər gün üçün ödənilməmiş məbləğin 0,1 (sıfır tam onda bir) faizi miqdarında cərimə ödəməlidir. Cərimələrin məbləğinin yuxarı həddi bu Müqavilənin qiymətinin 0,5 (sıfır, beş) faizi miqdarından çox olmamalıdır.

18. Müqavilənin 14.3-ci bəndinə əsasən cərimənin ödənilməsi “Malgöndərən”-i və ya “Alıcı”-nı bu Müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməkdən azad etmir.

19. Tərəflər arasında bağlanmış 06 yanvar 2025-ci il tarixli Əlavə № 01-X1 əsasən təhlükəsiz işçi ayaqqabısı qısaboğaz Defenderin 1 cütünün qiyməti 36,58 manat, təhlükəsiz işçi ayaqqabısı qısaboğaz Guardianın 1 cütünün qiyməti 37,76 manat, təhlükəsiz işçi ayaqqabısı uzunboğaz Fortressin 1 cütünün qiyməti 38,94 manat, Təhlükəsiz işçi ayaqqabısı qısaboöazın 1 cütünün qiyməti 29,50 manat, Təhlükəsiz işçi ayaqqabısı uzunboğazın 1 cütünün qiyməti 3068 manat, Poliuretan çəkmənin 1 cütünün qiyməti 37,76 manat, Poliuretan çəkmənin 1 cütünün qiyməti 38,94 manat, Poliuretan çəkmənin 1 cütünün qiyməti 40,12 manat müəyyən edilmişdir.

20. 21.04.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 30 cüt təhlükəsiz işçi ayaqqabısı uzunboğaz, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 210 cüt təhlükəsiz işçi ayaqqabısı uzunboğaz mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

21. 08.07.2025-ci il tarixli MT**********33 nömrəli e-qaiməyə əsasən 920,4 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********89 nömrəli e-qaiməyə əsasən 6442,8 manat məbləğində malların satışına dair İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə e-qaimə göndərilmişdir.

22. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

25. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

27. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Göründüyü kimi tərəflər arasında bağlanmış 07 yanvar 2025- ci il tarixli 01/25 nömrəli alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən “Malgöndərən" Əlavə(lər)də göstərilmiş müxtəlif təyinatlı ayaqqabıları “Alıcı”-nın mülkiyyətinə verir, “Alıcı” isə malları qəbul edib, tərəfdaş olaraq təmsil edir və əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəyir. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 5522,40 manat ödənilməmiş borcu qalmışdır.

31. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təhvil-təslim aktları ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 5522,40 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 5522,40 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5522,40 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

33. Bundan əlavə iddiaçı müqavilə şərtinə əsasən 566,28 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

35. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

36. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

37. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (5522,40 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından tutulacaq dəbbə pulu 276 manat məbləğində müəyyən edilməlidir.

38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 81,84 manat dövlət rüsumu ödənilmişdir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 78 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

IV. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən 5522,40 manat əsas borc məbləği və 276 manat dəbbə pulu olmaqla, cəmi 5798,4 manat borc məbləği və dövlət rüsumu xərcinin əvəzi olaraq 78 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar