Məhkəmə qərarları › İş №e-2-2(113)-729/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-729/2023

02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-729/2023 02.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 331 (üç yüz otuz bir) manat məbləğində vəsaitin, 20 (iyirmi) manat mediasiya xərci, 10 (on) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-yə məxsus, sürücü X1 tərəfindən idarə olunan **-ST-*** dövlət qeydiyyat nişanlı X3 818 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-PE-*** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə müvafiq dövlət orqanı tərəfindən araşdırılma aparılmış və DYP əməkdaşı tərəfindən Cavabdeh MMC-nin sürücüsü barəsində TP400128 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Yol nəqliyyat hadisəsində **-PE-*** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. **-PE-*** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 531 manat məbləğində müəyyən edilmişdir. Sözügedən məbləğin 450 manat hissəsi material, ehtiyyat hissələri, görüləcək işləri, 81 manat hissəsi isə ödənilməli olan ƏDV-ni təşkil edir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən 200 manat azadolma çıxılmaqla 331 (üç yüz otuz bir) manat zərər məbləği sığortalı avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası olmadığından iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixində sığorta məbləğinin subroqasiya hüququ əsasında geri qaytarılması barədə məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Cavabdeh(lər) müvafiq qaydada mediasiyaya dəvət olunmuş, lakin ilkin mediasiya sessiyasında iştirak etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan: - C-MİC-2235/20 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən "xxxx" MMC-yə məxsus, “Mitsubishi L200” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üzrə sığortalanmışdır. - xx.xx.2020-ci il tarixli Sığorta Aktından görünür ki, C-MİC-2235/20 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən “Mitsubishi L200” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üzrə sığortalanmış və xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı qeyd edilən avtomobilə 531 manat məbləğində zərər dəymişdir. - xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 730481 nömrəli elektron qaimədən görünür ki, “Mitsubishi L200” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsi xərci 531 manat məbləğində olmuşdur. - xx.xx.2020-ci il tarixli, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, “X3 818” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “X3 818” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin maddənin tələbinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2020-ci il tarixli, 001XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, **- PE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsinə görə "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin AZ49AİİB******************** nömrəli hesabına 531 manat məbləğinə ödəniş edilmişdir. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2021-ci il tarixli, 0109/L nömrəli pretenziya məktubundan görünür ki, cavabdehdən subroqasiya hüququna əsasən 331 manat vəsaitin 15 (on beş) təqvim günü müddətində "xxxx" ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 331 (üç yüz otuz bir) manat məbləğində vəsaitin tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutular. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin faktiki hallarını və qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, sığorta ödənişini vermiş iddiaçı subroqasiya qaydasında həmin məbləğin ödənilməsini tələb etmək hüququna malikdir. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, sığorta ödənişini vermiş iddiaçının subroqasiya qaydasında həmin məbləğin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 331 (üç yüz otuz bir) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissələrini Cavabdeh MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 20 (iyirmi) manat mediasiya xərci, 10 (on) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması təşkil edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan maddi hüquq normalarının tələblərini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə də təmin edilməli, 20 (iyirmi) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat və 0,40 manat (qırx qəpik) bank xidməti xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 331 (üç yüz otuz bir) manat sığorta ödənişi, 20 (iyirmi) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat və 0,40 manat (qırx qəpik) bank xidməti xərci olmaqla, cəmi 361,40 manat (üç yüz altmış bir manat qırx qəpik) məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar