Məhkəmə qərarları › İş №e-2-2(113)-729/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-729/2024

30.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-729/2024 30.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, müqavilənin təfsiri qaydası, icarə haqlarından ödəməyə mənbəyində tutulan vergi, icarəçinin xərclərinin əvəzinin ödənilməsi üçün müddət, öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərər, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən artıq ödənilmiş 3500 manat icarə haqqının, 1058,07 manat ödəmə mənbəyində tutulan verginin, 50000 manat borcun, 9050,15 manat çəkilən xərcin, 5000 manat maddi zərərin və ödənilmiş 300 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 01 mart 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, sahə 139 ünvanda yerləşən 4 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində 300 kv.m qeyri-yaşayış sahəsini aylıq 500 manat icarə haqqının ödənilməsi şərtilə iddiaçıya icarəyə vermişdir. Sonuncu həmin sahədən mebel salonu kimi istifadə etmiş və müqaviləyə əsasən ilk 10 ay üçün icarə haqqı ödəmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə 10 ay müddətinə bağlanmışdır. Müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda, müqavilə növbəti 10 ay müddətinə uzadılmış hesab edilir. İcarə müqaviləsi 2022-ci ilin dekabr ayında başa çatmış və cavabdeh tərəfindən heç bir mübahisə olmadığı üçün müqavilə yenidən bağlanmış hesab edilmiş və iddiaçı tərəfindən yenidən 10 ay üçün 5000 manat icarə haqqı ödənilmişdir. 2.2. Lakin cavabdeh heç bir xəbər vermədən icarə müqaviləsini pozaraq 2023-cü ilin mart ayında iddiaçını telefon danışığında təhqir edərək, 1 gün ərzində icarəyə verilən sahədən çıxmağı tələb etmişdir. Növbəti gün ərzində isə təzyiq edərək obyektdə olan iddiaçıya məxsus məhsulları çölə çıxarmışdır. İddiaçını həmin sahədən çıxartsa da, cavabdeh artıq ödənilmiş icarə haqqını, yəni 3500 manat pulu qaytarmamışdır. 2.3. Eyni zamanda adıçəkilən müqavilənin 4.1-ci bəndində göstərilir ki, aylıq icarə haqqı vergisiz 500 manat təşkil edir. İcarə haqqından ödəmə mənbəyində tutulan vergi məbləği olan 70 manat icarə vergisi icarəyə verən tərəfdən hesablanıb dövlət büdcəsinə ödənilir. Göründüyü kimi, müqavilə üzrə vergi cavabdeh tərəfindən ödənilməli olduğu halda, iddiaçı tərəfindən "xxxx" ASC-dən ödəniş tapşırığı əsasında dövlət büdcəsinə ödənilmişdir. Həmçinin müqavilədə 70 manat nəzərdə tutulsa da, vergi orqanı tərəfindən 81,39 manat ödənilməsi bildirilmiş və hər ay 81,39 manat olmaqla 13 ay müddətinə cəmi 1058,07 manat vergi ödənişi iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və cavabdeh həmin pulun əvəzini iddiaçıya ödəməkdən imtina etmişdir. 2.4. Bundan başqa, cavabdeh özünə məxsus dörd mərtəbəli qeyri-yaşayış sahəsinin dördüncü mərtəbəsinin təmiri üçün iddiaçıdan müxtəlif vaxtlarda kassa məxaric orderinə əsasən cəmi 50 000 manat borc almışdır. Tərəflər razılaşmışlar ki, cavabdeh iddiaçıya icarəyə götürülən sahədən əlavə olaraq xx.xx.2022-ci il tarixdə 155 kv.m sahə versin və gələcəkdə öz şəxsi vəsaiti hesabına iddiaçı həmin sahədə aptek işlətsin. Bu işin müqabilində hissəli şəkildə cavabdeh 4-cü mərtəbənin təmiri üçün 50 000 manat pul almışdır. İddiaçı aptek işlətmək üçün verilən sahədə dərhal təmirə başlamış və həmin sahəyə avadanlıqlarla birlikdə 22000 manat xərc çəkmişdir. Lakin apteki işlətmək üçün lisenziya tələb olunurdu və baxmayaraq ki 4 mərtəbəli obyektin 3-cü mərtəbəsində klinika fəaliyyət göstərirdi, lisenziya üçün daşınmaz əmlakın çıxarışı tələb olundu. Obyektin çıxarışı olmadığından lisenziya verilmədi. Ona görə də 22025,35 manat xərc çəkilməsinə baxmayaraq, 1 il müddətinə aptekin sənədləşməsi edilə bilmədiyi üçün iddiaçı fəaliyyət göstərə bilmədi. İddiaçı ilə cavabdeh arasında olan mübahisə zamanı həmin sahəyə xərclənən 22000 manat puldan sonuncu polis vasitəsi ilə 5000 manat pulu qaytarmış, həmin sahədə olan 7975,20 manat dəyərində avadanlıqlar iddiaçı tərəfindən çıxarılmış, beləliklə, cavabdehin iddiaçıya 9050,15 manat borcu qalmışdır. Eyni zamanda cavabdeh kassa məxaric orderi üzrə aldığı 50000 manat pulu da qaytarmaqdan imtina edir. 2.5. Cavabdehin icarə müqaviləsi üzrə verdiyi sahədən iddiaçı mebel salonu kimi istifadə etmiş və həmin sahədə mebellər quraşdırılmışdır. Cavabdeh heç bir məlumat və xəbərdarlıq etmədən bir gün ərzində iddiaçını həmin sahədən çıxartmışdır. Həmin vaxt salonda olan quraşdırılmış mebellər sökülmüş və mebel salonunda olan mebellər daşınmışdır. Mebellərin sökülməsi və daşınması zamanı iddiaçıya 5000 manat dəyərində maddi ziyan dəymişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 1115-ci maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasların iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.

6. İddiaçı məhkəmə iclaslarında iştirak edərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında 01 mart 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı icarə obyektindən istifadə etmiş, icarə sahəsi müqavilədə göstərilən sahədən faktiki çox olmuşdur. İcarə haqqı aylıq 500 manat razılaşdırılmış, ödəmə mənbəyində tutulan verginin cavabdeh (icarəyə verən) tərəfindən ödənilməsi razılaşdırılmışdır. Müqavilə 10 ay üçün bağlanmış, daha sonra tərəflər arasında müqavilənin müddətinin uzadılmasına etiraz olmadığından müqavilə növbəti 10 ay üçün uzadılmışdır. İddiaçı tərəfindən 20 ay üçün 10000 manat icarə haqqı köçürmə qaydasında cavabdehə ödənilmişdir. İddiaçı birinci mərtəbədə mebel mağazası işlətmişdir. İcarəyə verilən sahə böyük olduğundan və onun yuxarı mərtəbəsində klinika fəaliyyət göstərdiyindən sahənin bir hissəsinin aptek kimi işlətmək istəyən iddiaçı bu barədə cavabdehlə şifahi razılığa gəlmişdir. İddiaçı aptek üçün sahəni təmir etdirmiş, “Zeytun” apteki ilə razılığa gəlmiş, 22025,35 manat təmir-tikinti xərci çəkmişdir. Bundan sonra lisenziya almaq üçün aidiyyəti quruma müraciət etmiş, lakin ona aptek kimi fəaliyyət göstərməsi nəzərdə tutulan daşınmaz əmlakın çıxarışının olmadığı bildirilərək imtina cavabı verilmişdir. Bundan sonra cavabdeh çıxarış alınacağına kömək edəcəyini bildirərək məsələni yubatmış, apteki özü işləmək və iddiaçının icarəyə götürdüyü sahəni də klinikaya çevirmək niyyəti ilə iddiaçıdan obyekti boşaltmağı tələb etmişdir. İddiaçı aptek üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etdikdə isə cavabdeh polisə müraciət etmiş, polis şöbəsində təzyiq altında çıxmağa razılıq vermiş, təmir-tikinti xərclərindən cəmi 5000 manat verilmiş və məcburiyyət altında mebel mağazasını bir neçə saata boşaltmışdır.

7. Məhkəmənin artıq ödənilmiş icarə haqqı ilə bağlı suallarına münasibətdə iddiaçı göstərdi ki, iddiaçı hədə-qorxu nəticəsində icarəyə götürdüyü obyekti 2023-cü ilin mart ayında boşaltmışdır. Halbuki 01 mart 2022-ci il tarixli icarə müqaviləsinin 10 aylıq müddəti 2022-ci ilin dekabr ayında bitdikdən sonra növbəti 10 ay üçün icarə haqqı ödənilmiş, 2023-cü ilin mart ayından sonra 7 ay üçün artıq ödənilmiş icarə haqqı olan 3500 manat hazırda tələb edilir.

8. Məhkəmənin iddia tələbinin 50000 manat borcun tutulması hissəsində sualları ilə bağlı iddiaçı qeyd etdi ki, cavabdeh ondan qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsinin təmiri üçün borc pul istəmiş, o da hissə-hissə həmin məbləği borca vermişdir. Təqdim etdiyi kassa məxaric orderlərində və əlyazma sənədlərdə həmin məbləğlərin icarə haqqı kimi verildiyi göstərilsə də, iddiaçının sistemində cavabdehlə olan münasibət icarə münasibəti kimi rəsmiləşdirildiyindən həmin sənədlərdə pulun icarə haqqı kimi ödənildiyi əks olunmuşdur. Əslində, həmin məbləğlər borc kimi cavabdehə verilmişdir. Həmin sənədlərdə imzası olan Akif Feyzullayev cavabdehin işçisi olmuşdur.

9. Məhkəmənin 5000 manat maddi zərərin ödənilməsi tələbi ilə bağlı suallarına münasibətdə iddiaçı bildirdi ki, cavabdeh polis vasitəsilə onu obyektdən çıxardığından məcburiyyət altında bir neçə saata çıxmışdır. Belə olan halda, mebelləri lazımi qaydada demontaj edə bilmədiyindən həmin mebellər yararsız vəziyyətə düşmüşdür. 5000 manat da mebellərə dəymiş zərərin məbləğidir.

10. Məhkəmənin 9050,15 manat təmir-xərcinin tutulması hissəsində suallarına cavab olaraq iddiaçı izahat verdi ki, iddiaçı tərəfindən aptek üçün 22025,35 manat təmirtikinti xərci çəkilmişdir. Həmin xərcdən 5000 manat cavabdeh tərəfindən polis şöbəsində iddiaçıya verilmiş, 7975,2 manat dəyərində avadanlıqlar iddiaçı tərəfindən çıxarılmışdır. Lakin 9050,15 manat ayrıla bilməyən, bilavasitə tikinti ilə bağlı xərclər üçün tələb edilir.

11. Məhkəmənin tələb edilən ödəmə mənbəyində tutulan vergi ilə bağlı suallarına cavab olaraq iddiaçı göstərdi ki, 01 mart 2022-ci il tarixli icarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin icarəyə verən, yəni cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmışdır. Lakin vergi borcu bir neçə gün gecikdirildikdə iddiaçının bank hesabları dondurulduğundan və məbləğ cüzi olduğundan həmin vergi iddiaçı tərəfindən ödənilmişdir.

12. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz etdi və bildirdi ki, iddiaçı ilə cavabdeh arasında 01 mart 2022-ci il tarixli icarə müqaviləsi bağlanarkən iddiaçının vergi məbləği ilə bağlı müraciəti əsasında müqavilədə icarə haqqı 500 manat razılaşdırılmışdır. Halbuki faktiki icarə haqqı 3500 manat olmuşdur. Onun 500 manatı köçürmə yolu ilə ödənilir, qalan 3000 manat isə hissəhissə cavabdehin gözətçisi Akif Feyzullayevə verilirdi. İddiaçının qeyd etdiyi apteklə bağlı məsələyə cavabdehin hər hansı aidiyyəti olmamışdır. İddiaçı ilə mübahisə 2023-cü il tarixdən sonuncunun icarə haqqını ödəməkdən yayınması ilə bağlı yaranmışdır. Bundan sonra polisə müraciət edilmiş, polisdə iddiaçının tələbi əsasında aptekə çəkilən xərc cavabdeh tərəfindən hesablanmış və 5000 manat ödəniş edilmişdir. Bundan sonra iddiaçı polisə izahat verərək, heç bir tələbinin olmadığını bildirmişdir. Əksinə, hazırda iddiaçının cavabdehə borcu mövcuddur. Bununla yanaşı, tərəflər arasında bağlanmış 01 mart 2022ci il tarixli icarə müqaviləsində ödəmə mənbəyində tutulan verginin icarəçi tərəfindən icarəyə verənə, icarəyə verən tərəfindən dövlət büdcəsinə ödənilməsi razılaşdırılmışdır. İddiaçının vergi məbləğini birbaşa dövlət büdcəsinə ödəməsi də mahiyyət etibarilə eyni nəticəyə səbəb olduğundan həmin hissədə iddia təmin edilə bilməz.

13. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili göstərdi ki, iddiaçı icarə sahəsini özü boşaltmışdır, sahənin boşaldılmasında cavabdeh iştirak etməmişdir. Belə olan halda, iddiaçının öz mebellərini lazımi qaydada demontaj etməməsinin məsuliyyətini cavabdeh daşıya bilməz. Bundan başqa, hal-hazırda iddiaçıdan təhvil alınan icarə obyektində təmir işləri gedir, iddiaçının istinad etdiyi aptek üçün nəzərdə tutulan sahə də yenidən təmir edilib.

III. Məhkəmə baxışının hədləri:

14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

15. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

16. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

17. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı (icarəçi qismində) ilə cavabdeh (icarəyə verən qismində) arasında 01 mart 2022-ci il tarixdə İ/01/03-22 nömrəli icarə müqaviləsi bağlanaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, 139 nömrəli sahədə yerləşən qeyri-yaşayış sahəsinin 300 kv.m-lik hissəsinin cavabdeh tərəfindən iddiaçıya icarəyə verilməsi razılaşdırılmış, müqavilədə aylıq icarə haqqı vergisiz 500 manat qeyd olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə köçürmə yolu ilə cavabdehə xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 4500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat olmaqla ümumilikdə 10000 manat ödəniş edilmişdir. İddiaçı 2023-cü ilin mart ayında icarə obyektini tərk etmişdir.

18. İşin mübahisəli halları ondan ibarətdir ki: – iddiaçı 01 mart 2022-ci il tarixli İ/01/03-22 nömrəli icarə müqaviləsinə istinadla aylıq 500 manat icarə haqqının razılaşdırıldığını, iddiaçı tərəfindən 2022-ci ilin mart ayından 2023-cü ilin noyabr ayınadək 20 ay üçün 10000 manat icarə haqqının ödənildiyini, lakin 2023-cü ilin mart ayında icarə sahəsini tərk etdiyini, bu səbəbdən 7 ay üçün 3500 manat icarə haqqının geri ödənilməsini tələb edir; – iddiaçı kassa məxaric orderləri və qəbzlər əsasında cavabdehə 50000 manat məbləğində borc verdiyini bildirir; – cavabdeh tərəflər arasında icarə müqaviləsində 500 manat icarə haqqı razılaşdırılsa da, faktiki icarə haqqının 3500 manat olduğunu bildirir və həmin məbləğin 500 manat hissəsinin köçürmə yolu ilə ödənildiyini, 3000 manatının isə cavabdehin gözətçisi Akif Feyzullayev tərəfindən toplanıldığını, iddiaçının isə həmin 3000 manata borc məbləği kimi istinad etdiyini bildirir; – iddiaçı icarə obyektinə aptek işlətmək üçün 22025,35 manat xərc çəkdiyini, həmin xərcdən 5000 manatın cavabdeh tərəfindən ödənildiyini, 7975,2 manat dəyərində avadanlığın götürüldüyünü, beləliklə, sözügedən xərcdən 9050,15 manatın ödənilmədiyini bildirir; – cavabdeh aptekin fəaliyyət göstərməsi üçün çəkilən xərcin tam olaraq ödənildiyini və bu barədə iddiaçının polisə izahat verdiyini göstərir; – iddiaçı cavabdehin polis vasitəsilə ona təzyiq etdiyini, bu səbəbdən də icarəyə götürüb mebel mağazası kimi istifadə etdiyi sahəni bir gün içində boşaltdığını, bu səbəbdən də mebelləri lazımi qaydada demontaj edə bilmədiyini və 5000 manat maddi ziyana uğradığını göstərir; – cavabdeh iddiaçının demontajı lazımi qaydada edə bilməməsi, öz mebellərinə öz işçiləri tərəfindən zərər vurulmasının məsuliyyətini daşımadığını qeyd edir; – iddiaçı icarə haqqından ödəmə mənbəyində tutulan verginin icarə müqaviləsinə əsasən cavabdeh tərəfindən ödənilməli olduğu halda, iddiaçı tərəfindən ödənildiyini və 13 ay üçün ödənilmiş 1058,07 manat verginin tutulmasını tələb edir; – cavabdeh 01 mart 2022-ci il tarixli icarə müqaviləsində icarə haqqından ödəmə mənbəyində tutulan verginin iddiaçı tərəfindən cavabdehə, cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməsinin şərtləşdirildiyini, iddiaçının isə vergi məbləğlərini birbaşa dövlət büdcəsinə ödədiyini qeyd edir.

19. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

20. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

21. Lakin Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

22. Eyni zamanda Konstitusiya Məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir (T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2020-ci il tarixli qərar)

23. 01 mart 2022-ci il tarixli İ/01/03-22 nömrəli icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən, aylıq icarə haqqı vergilərsiz 500 (beş yüz) manat (vergi xaric) təşkil edir.

24. Məhkəmə qeyd edir ki, iddiaçının borc tələbinin faktiki əsası kimi təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı bütün kassa məxaric orderlərində ödənişlərin səbəbi kimi “icarə haqqı ödənildi”, “icarə borcu bağlandı”, “icarə pulu (mart)”, “icarəyə verildi” və s. göstərmiş, hətta cavabdehin gözətçisi Akif Feyzullayev tərəfindən imza edilməyən sənədlərdə də məbləğlərin icarə üçün ödənildiyini göstərmişdir. İddiaçı bu halı satış sisteminin məxaric orderini belə verməsi ilə əlaqələndirsə də, iddiaçı nümayəndəsi tərəfindən əl yazısı ilə tərtib edilən (yəni satış sistemi tərəfindən verilməyən) və cavabdehin nümayəndəsi tərəfindən imzalanan aktlarda (qəbzlərdə) də ödənişlərin icarə ödənişləri kimi göstərilməsinin səbəblərini izah edə bilməmişdir. Halbuki iddiaçı tərəfindən əl yazısı ilə tərtib edilən xx.xx.2022-ci il tarixli aktda “Akif dayıya icarə pulundan 2000 AZN verildi”, xx.xx.2022-ci il tarixli aktda “icarə pulundan 500 AZN verildi Akif dayıya”, xx.xx.2022-ci il tarixli aktlarda “İcarə haqqı. 500 AZN də verildi, qalıq 4500 AZN”, “1500 AZN icarə haqqı verildi, qalıq 3000 AZN”, xx.xx.2021-ci il tarixli aktda “icarə pulundan 1300 AZN Akif dayıya verildi, qalıq borc 1700 AZN”, xx.xx.2022-ci il tarixli aktda “icarə haqqından Akif dayıya verildi 3000 AZN” kimi ifadələr əks olunmuşdur.

25. Həmçinin iddiaçı nümayəndəsi tərəfindən əl yazısı ilə tərtib edilən aktlardan (qəbzlərdən) göründüyü kimi müxtəlif tarixlərdə edilən icarə haqqı ödənişlərindən sonra qalıq borc məbləğləri də qeyd olunmuşdur. Məhkəmənin dəqiqləşdirici suallarına cavab olaraq iddiaçı istinad etdiyi faktiki əsaslar baxımından bu aktlarda qalıq borc məbləğlərinin qeyd olunmasının səbəbini göstərə bilməmişdir.

26. Məhkəmənin baxış iclasında şahid kimi dindirilən X1 da məhkəməyə ifadə verərək göstərmişdir ki, o, cavabdehin qeyri-yaşayış binasının gözətçisi işləyir. İddiaçı tərəfindən icarə haqqı paketlərdə ayda bir neçə dəfə ona verilir, o da bu barədə imza edirdi. Belə ki, cavabdeh adətən obyektə gecələr gəldiyindən və bu zaman iddiaçı artıq mağazasını bağladığından ödənişləri o toplayırdı. Lakin onun icarə haqqının məbləğindən xəbəri yoxdur.

27. X1 məhkəmə tərəfindən təqdim olunan aktlarda (qəbzlərdə) olan imzanın onun tərəfindən icra edildiyini təsdiq etmişdir.

28. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlərdən nəinki borc münasibətlərinin olduğu təsdiqlənmir, əksinə ödənişlərin məhz icarə haqqı kimi ödənildiyi görünür.

29. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

30. Sübutetmə vəzifəsi və yükünün bölüşdürülməsi qaydasına dair yuxarıda göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitinin borca verilməsi cavabdeh tərəfindən inkar olunduğundan (Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir), qeyd edilən məbləğin məhz borc münasibətlərindən irəli gələrək öz vəsaiti hesabına verildiyini sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbinə uyğun olaraq onun tərəfindən cavabdehə borc pul verilməsi faktının mövcud olduğunu sübut etməlidir. Çünki işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Bu baxımdan hazırkı mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü tələb edilən 50000 manat pul vəsaitinin cavabdehə borc verilməsi faktının sübut edilməsidir.

31. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilənin bağlanmasını sübut etmək vəzifəsi sübutetmənin predmeti və vasitələri baxımından Mülki Prosessual Məcəllənin 81, 82 və 106.3-cü maddəsi ilə tənzimləndiyi kimi, həm də maddi hüquq normaları ilə əhatə olunmuşdur. İddia tələbinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 739.1-ci maddəsi çıxış edir.

32. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə (Mülki Məcəllənin iddia olunan məbləğlər verilən zaman qüvvədə olan redaksiyası) əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

33. Məhkəmə qeyd edir ki, sübutların mümkünlüyü qaydalarına uyğun olaraq, predmeti 3000 manatdan artıq olan borc müqaviləsinin bağlanması məhz yazılı müqavilənin təqdim olunması ilə təsdiq oluna bilər. Lakin iddiaçı cavabdehə 50000 manat məbləğində borc pul verdiyini təsdiq edən yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə iddiaçıdan 50000 manat aldığını və həmin məbləği borc kimi aldığı faktını da qəbul etməmişdir.

34. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə edilən ödənişlərin dövriliyi, hər bir ödənişin kassa məxaric orderi ilə icarə haqqı kimi rəsmiləşdirilməsi də tərəflər arasında hər hansı borc münasibətinin olduğunu istisna edir.

35. Məhkəmə tərəflər arasında icarə haqqı ilə bağlı son haqq-hesabın aparılmasına münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən 50000 manat məbləğində pulun tam olaraq ödənildiyi yalnız birtərəfli qaydada kassa məxaric orderləri ilə təsdiq edilir. Hər iki tərəfin nümayəndəsi tərəfindən təsdiq edilən məxaric orderləri və əl yazısı ilə tərtib edilən aktlardan isə görünür ki, xx.xx.2022-ci il tarixdə 580 manat, xx.xx.2022-ci il tarixdə 180 manat və 200 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat və 500 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 1010 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat və 500 manat, xx.xx.2022-cü il tarixdə 1300 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 400 manat və 1600 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, 09.02.XXXX-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 120 manat olmaqla ümumilikdə 25490 manat icarə haqqı ödənilmişdir.

36. Tərəflər arasında faktiki icarə haqqı məbləğinin müəyyənləşdirilməsi üçün hər iki tərəfin nümayəndəsinin təsdiq etdiyi yuxarıda göstərilən sənədlərə nəzər saldıqda görünür ki, xx.xx.2022-ci il tarixli məxaric orderində 3000 manatın ödənildiyi, 2500 manat borcun qaldığı, xx.xx.2022-ci il tarixli aktda 500 manatın verildiyi, “3060+500=3560; 5500- 3560=1940 AZN”, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli aktlarda 500 manatın verildiyi, 4500 manatın qaldığı, 1500 manat icarə haqqının verildiyi, 3000 manatın qaldığı, 1300 manatın verildiyi 1700 manatın qaldığı qeyd olunmuşdur. Cavabdehin nümayəndəsi və vəkili məhkəmənin suallarına cavab olaraq icarə haqqının məhz 3500 manat olduğunu, qalıq borc kimi qeyd olunan həmin məbləğlərin aktın tərtib olunduğu ayın icarə haqqından qalan borcu deyil, akt tərtib olunan tarixə ümumilikdə icarə haqqından qalan borcu ifadə etdiyini bildirdi.

37. Belə olan halda məhkəmə tərəflərin işgüzar münasibətlərinə əsasən qeyd edir ki, müqavilədə aylıq icarə haqqı 500 manat göstərilsə də, faktiki icarə haqqı məbləğinin müqavilədə göstərilən məbləğdən artıq olduğu işdə olan sübutlarla təsdiq olunur. Yuxarıda istinad olunan əl yazısı ilə tərtib edilən aktlarda (qəbzlərdə) qeyd olunan məbləğlər icarə haqqının 5000 manatdan yuxarı olması fikrini formalaşdırsa da (məsələn xx.xx.2022-ci il tarixli məxaric orderində 3000 manatın ödənildiyi, 2500 manat borcun qaldığı, xx.xx.2022-ci il tarixli aktda 500 manatın verildiyi, “3060+500=3560; 5500- 3560=1940 AZN), cavabdeh aylıq icarə haqqının 3500 manat olmasını etiraf edir. Ona görə də məhkəmə icarə münasibətləri üzrə son haqq-hesabın aylıq 3500 manat icarə haqqı əsasında aparılmasını məqsədəuyğun hesab edir.

38. 50000 manat məbləğində pulun cavabdehə borc verildiyinin sübuta yetirilmədiyini, 2022-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək (sonuncu da daxil olmaqla) 13 ay ərzində icarə münasibətlərinin davam etdiyinin işin mübahisəsiz hal olduğunu, iddiaçı tərəfindən 25490 manatın əlbəəl, 10000 manatın köçürmə yolu ilə ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehə artıq ödənilmiş icarə haqqı (13 x 3500 manat = 45500 manat; 45500 – 10000 – 25490 = 10010 manat) mövcud deyildir və 3500 manat artıq ödənilmiş icarə haqqının, 50000 manat borcun tutulması hissəsində iddia rədd edilməlidir.

39. Məhkəmə iddiaçı tərəfindən ödənilən 1058,07 manat ödəmə mənbəyində tutulan vergi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

40. Göründüyü kimi, vergi qanunvericiliyinə əsasən icarə haqqını ödəyən fiziki şəxs vergi uçotuna alınmadıqda icarəyə verən 14 faiz dərəcə ilə vergini özü ödəyir. Digər hallarda, həmin vergi icarəçi tərəfindən dövlət büdcəsinə ödənilir.

41. Məhkəmə qeyd edir ki, vergi qanunvericiliyində ödəmə mənbəyində icarə haqlarından vergi tutulması ilə bağlı tənzimləməyə nəzər salarkən Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunan anlayışlar və qaydaların vergitutma məqsədi ilə müəyyən edildiyi və müstəsna olaraq həmin Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunduğu diqqətdən qaçmamalıdır.

42. Bu mənada ödəmə mənbəyində icarə haqlarından tutulan vergini dövlət büdcəsinə ödəyən şəxslə, həmin vergini faktiki ödəyən şəxs fərqləndirilməlidir. 01 mart 2022-ci il tarixli İ/01/03-22 nömrəli icarə müqaviləsinin 5.1-ci bəndinə əsasən, vergilər və digər ödənişlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir, icarə haqqından ödəmə mənbəyində tutulan vergi dərəcəsinin hesablanmış məbləği 70 manat icarə vergisi İcarəyə verən tərəfdən hesablanıb dövlət büdcəsinə ödənilir.

43. İstinad olunan müqavilə bəndində söhbət məhz icarə haqlarından tutulan vergini dövlət büdcəsinə ödəyən şəxsdən gedir. Lakin həmin müqavilənin 4.2-ci bəndinə əsasən, icarə haqqı və vergilər hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə İcarəçi tərəfindən İcarəyə verənə ödənilməlidir.

44. Məhkəmə tərəflər arasındakı razılaşmaya əsasən qeyd edir ki, adıçəkilən icarə müqaviləsində ödəmə mənbəyində tutulan verginin icarəçi tərəfindən icarəyə verənə, icarəyə verən tərəfindən dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən razılaşma mülki qanunvericiliyin şərtlərinə də zidd deyildir. Belə ki, Mülki Məcəllənin 679cu maddəsinə əsasən, kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. Lakin iddiaçı tərəfindən həmin məbləğlər birbaşa dövlət büdcəsinə ödənilmişdir. Bu isə vergi məbləğinin faktiki ödəyicisinin razılaşmaya əsasən icarəçi kimi iddiaçının olması reallığına hər hansı təsir etmir.

45. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icarə haqlarından tutulan verginin məhz iddiaçı tərəfindən ödənilməsi vəzifəsi müqavilə şərtlərindən irəli gəldiyindən və iddiaçının da bu şərtlərə uyğun davranaraq vergini ödədiyindən 13 ay üçün ödənilmiş 1058,07 manat məbləğində verginin cavabdehdən tutulması hissəsində iddia təmin edilə bilməz.

46. Məhkəmə icarə obyektində aptekin fəaliyyətə başlaması üçün çəkilən xərclərin əvəzinin ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

47. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

48. Həmin Məcəllənin 697.4-cü maddəsinə əsasən, ... kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. ... Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır.

49. Göründüyü kimi, kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları kirayə hüquq münasibətlərinə xitam verildiyi andan altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür.

50. Tərəflər arasında icarə hüquq münasibətlərinə 2023-cü ilin mart ayından xitam verildiyi və iddiaçının iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyi nəzərə alındığında iddiaçı qeyd edilən 6 aylıq müddəti ötürmüşdür.

51. Mülki Məcəllənin 697.4-cü maddəsində təsbit edilmiş 6 aylıq müddət isə vahid məhkəmə təcrübəsinə əsasən kəsici müddət hesab edilir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur (T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2020-ci il tarixli qərar).

52. Məhkəmə iddiaçı tərəfindən xərclərin əvəzinin ödənilməsi iddiası ilə bağlı 6 aylıq kəsici müddətin keçdiyini nəzərə alaraq hesab edir ki, əlavə araşdırmaya ehtiyac olmadan 9050,15 manat xərcin tutulması hissəsində iddia rədd edilməlidir.

53. İddiaçının 5000 manat maddi zərərin ödənilməsi tələbinə münasibətdə göstərilməlidir ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

54. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4).

55. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

56. Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə öhdəliyin icra edilməməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

57. Məhkəmə qeyd edir ki, iddiaçı ona maddi zərərin dəyməsi ilə bağlı məhkəməyə sadəcə izahlar vermiş, hər hansı sübut təqdim etməmişdir. Halbuki nəzərə alınmalıdır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

58. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 5000 manat maddi zərərin ödənilməsi hissəsində də iddia rədd edilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

59. İddiaçı eləcə də ödənilmiş 300 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

60. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzinə əsasən 300 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.

61. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-729/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə artıq ödənilmiş 300 manat məbləğində dövlət rüsumunun İddiaçı qaytarılması qərara alınmışdır.

62. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

63. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

64. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri qalan hissədə iddiaçıya aid edilməlidir.

V. Nəticə:

65. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar