Məhkəmə qərarları › İş №e-2-2(113)-73/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-73/2021

09.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-73/2021 09.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı İB) Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (Cavabdeh MMMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 81408,30 manat borc və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ72İBAZ******************** hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli Akx-2/640 saylı müqavilə əsasında Cavabdeh MMMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə ğhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2019-cu il tarixə 81408,30 manat borc yaranmışdır. Mübahisənin Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə tərəflərindən xx.xx.2019-cu il tarixli, SOCAR **********30490075X00740 saylı məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, nəticəsi olmamışdır. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli, Akx-2/640 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 54955,40 manat debitor borc və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ72İBAZ******************** hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 49458,80 manat debitor borcu və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddia tələbində qeyd olunan borc məbləği ilə razılaşmır. Həmin borcun hamısı Cavabdeh MMMC-nin borcu deyildir. Hazırkı vəziyyətlə müvafiq ekspert rəyi verilmədən borc məbləğinin hansı hissəsinin Cavabdeh MMMC-yə aid olduğunu müəyyənləşdirmək qeyri-mümkündür. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - "Azəriqaz" İB ilə istehlakçı Cavabdeh MMMC arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli, AKX-2 /640 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh MMMC-nin abonent saldosuna əsasən təbii qazdan istifadəyə görə ödənilməmiş borcu 137368,10 manat təşkil edir. - İddiaçı xx.xx.2019-cu il tarixli, pretenziya məktubu ilə Cavabdeh MMMC-yə müraciət edərək, istehlak olunmuş təbii qazdan istifadəyə görə yaranmış və ödənilməmiş debitor borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/3684 saylı ekspert rəyində qeyd olunur ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş abonentin saldosu cədvəlində Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə təbii qazdan istifadəyə görə 2020-ci ilin mart ayına hesablanmış 88287,10 manat məbləğində borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməlidir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "Azəriqaz" İB ilə istehlakçı Cavabdeh MMMC arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehi qazla təmin etsə də, cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə iddiaçıya 49458,80 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə göstərilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən iddia tələbi təmin edilməli, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 49458,80 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən ekspertiza tədqiqatının dəyəri olan 100 manat tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən təbii qazdan istifadəyə görə yaranmış 49458,80 manat (qırx doqquz min dörd yüz əlli səkkiz manat səksən qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 49488,80 manat (qırx doqquz min dörd yüz səksən səkkiz manat səksən qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar